6 ayda Dövlət Sosial Müdafiə Fonduna 742 elektron sorğu göndərilib
01 iyul 2009 13:45 (UTC +04:00)

6 ayda Dövlət Sosial Müdafiə Fonduna 742 elektron sorğu göndərilib

Fondun internet saytına göndərilən sualların böyük əksəriyyəti əmək pensiyaları ilə bağlı olub

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) ictimaiyyətlə əlaqələrin mühüm həlqəsi kimi özünün internet saytı (www.sspf.gov.az) vasitəsilə əhalini maraqlandıran sualları cavablandırmaqda davam edir.

Bu ilin ilk 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytının (www.sspf.gov.az) “Sual-cavab” altqrupuna vətəndaşlar tərəfindən sığorta-pensiya sisteminə dair 742 elektron sual ünvanlanıb. Elektron poçt vasitəsilə göndərilən suallarda toxunulan məsələlər ümumilikdə maarifləndirici xarakter daşıyıb.

Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, göndərilən hər bir sual qurumun müvafiq şöbələri tərəfindən cavablandırılıb və həmin cavablar saytın “Sual-cavab” altqrupundakı müvafiq bölmələrdə yerləşdirilib. Onun sözlərinə görə, ilin ilk yarısında sayta göndərilən sualların böyük əksəriyyəti əmək pensiyaları ilə bağlı olub -254. Sosial sığorta haqları ilə əlaqədar sualların sayı isə 188-dir. Bundan başqa, “Sual-cavab” altqrupunun “fərdi uçot” böliməsinə 48 sual, “hərbi qulluqçulara dair pensiya və müavinətlər” bölməsinə isə 18 sual daxil olub.

Elman Babayev bildirib ki, sualların 221-i altqrupun “digər” bölməsinə ünvanlanıb. Həmin sualların müəyyən hissəsi DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bununla bağlı vətəndaşlara müvafiq cavablar göndərilib. Saytın “qonaq” bölməsinə isə 13 elektron məktub daxil olub.

Xatırladaq ki, DSMF-in saytında əhalinin maarifləndirilməsi məqsədi ilə “Sual-cavab” altqrupu yerləşdirilib. Altqrupda vətəndaşların öz suallarını çətinlik çəkmədən elektron formada göndərmək üçün 5 (əmək pensiyaları və müavinətlər, fərdi uçot, sosial sığorta haqları, hərbi qulluqçulara dair pensiya və müavinətlər, digər) bölmə yaradılıb. Hər bir bölmədə tez-tez verilən suallara ətraflı cavablar yerləşdirilib.

Mətbuat xidmətinin rəhbəri deyib ki, vətəndaşların suallarının cavablandırılması həm də Fondun “190” nömrəli mərkəzi çağrı sistemi vasitəsilə də həyata keçirilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104

Oxşar yazılar