Vüqar Səfərli: “Müsabiqədə internet-saytların iştirakının da tərəfdarıyam”
29 iyun 2009 14:30 (UTC +04:00)

Vüqar Səfərli: “Müsabiqədə internet-saytların iştirakının da tərəfdarıyam”

Ceyhun Musaoğlu: “Agentlik və saytlar maliyyələşmədən qəzetlər maliyyələşməməlidir”

Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu təmsilçilərinin keçirdiyi mətbuat konfransından bir neçə gün ötməsinə baxmayaraq, dövlət yardımı ilə maliyyələşəcək media layihələri ilə bağlı müzakirələr davam edir. Mövzu ətrafında daha çox cavabsız suallara cavab axtarılır. Fondun elan etdiyi müsabiqənin qaydalarını kim(lər) müəyyənləşdirib? Bu qaydaların müəyyənləşdirilməsində jurnalist təşkilatları və sıravi jurnalistlərin iştirakı təmin edilibmi? Təmin edilməyibsə nə üçün? Nə üçün xəbər istehsalı ilə məşğul olan internet saytlar müsabiqədən kənarda qalır, və s.

“Ədalət” qəzetinin redaktoru Ceyhun Musaoğlu Lent.az-a deyib ki, hələ KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılarkən jurnalistlərin fikirlərinin nəzərə alınacağını düşünürmüş: “Çünki Fondda təmsil olunanların əksəriyyəti baş redaktorlardır. Onlar müxbir deyillər, jurnalistikanın içərisindəki problemlərdən bizim qədər xəbərdar olmayan şəxslərdir. Fond yaradılarkən qəzetlərə baxanda görürdüm ki, bizim jurnalistlərdən səs çıxmadı, yəni təklif-zad irəli sürən olmadı. Bu, jurnalistlərimizin tənbəlliyidir və heç də yaxşı hal deyil. Mən bir köşə yazısında da olsa 6 bənddən ibarət öz təkliflərimi irəli sürdüm. Düzdür, bunu hansısa layihə, yaxud konsepsiya halına salmamışdım. Ancaq hər halda təkliflərimi irəli sürdüm. Birinci təklifim beləydi ki, baş redaktorlara pul verilməsin. Çünki biz bunu Prezidentin keçən il hər qəzetə 5 min manat ayırması nümunəsindən görmüşdük. Təklif edirdim ki, mütləq fərdi jurnalistləri qabağa verin, yəni birinci onları nəzərə alın. Məsələn, mən gedirəm, layihədən udduğum 1500 manatla hansısa sahədən araşdırma hazırlayıram. 1200 manat xərcləyirəm, 300 manat da qazancım olur. Ortaya isə ciddi bir araşdırma yazısı qoyuram. Ancaq Fondun icraçı direktoru mətbuat konfransı keçirib açıqlama verəndə məlum oldu ki, fərdi jurnalist ümumiyyətlə bu müsabiqədə iştirak edə bilməz, yalnız redaksiyalar iştirak edə bilər. İndi təsəvvür edək ki, pul redaksiyaya gəlir, baş redaktor da həmin vəsaiti götürüb cibinə qoydu. Qalanını da kağız üzərində düzüb-qoşdular. Bu nəticəyə görə jurnalistlər həmin puldan bəhrələnə bilməyəcəklər. Bir sözlə, təkliflərimin demək olar heç biri nəzərə alınmadı. Hər halda Mətbuat Şurasının sədri həmin təklifləri nəzərə almaq üçün götürmüşdü”.

Əsas mübahisəli məqamlardan birinə – internet saytların müsabiqəyə layihə təqdim etməsinə, dolayısı ilə yardımdan kənarda qalmasına gəlincə C.Musaoğlu bunu da düzgün saymır: “Bu, çox anormal haldır. Bütün dünyada belədir ki, mətbuatı mövzu ilə xəbər agentlikləri və saytlar təmin edir. Mətbuat avtomobildirsə, agentlik və saytlar onun benzinidir. Mən hər gün Lent.az-a baxıb, sonra müxbiri oradakı xəbərin ardınca göndərirəm. Birinci əl agentlik və saytlardır. Onlar maliyyələşmədən qəzetlər maliyyələşməməlidir. Saytların maliyyələşməmə məntiqini qətiyyən qəbul edə bilmirəm. Həm də əgər axı söhbət yazılı mətbuatdan gedirsə, saytlar da yazılı mətbuatdır. Sayt televiziya deyil ki. Jurnalist yaxır, həmin yazı da saytda çıxır. Bu, çox məntiqsizdir”.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Lent.az-ın əməkdaşı ilə söhbətində layihələrin maliyyələşmə mexanizminin necə hazırlanmasından danışıb. Onun sözlərinə görə, qaydalar Fondun Müşahidə Şurası üzvlərinin iştirakı ilə müzakirələr nəticəsində qəbul edilib: “Biz bütün jurnalistləri ora yığası deyildik ki”.

İnternet saytların dövlət yardımından kənarda qalmasına gəlincə, V.Səfərli saytların maliyyələşməsinin bu ilki smetada nəzərdə tutulmadığını deyib: “Vəsait az olduğuna görə internet-saytlar hələlik prosesə cəlb olunmayıb. Bu, bizdən asılı olan vəziyyət deyil. Bizə təqdim olunan smetada hansı sahələrin müsabiqədə iştirak etməsi göstərilib. Yəqin ki, növbəti illərdə internet saytlar da müsabiqəyə layihə təqdim edə biləcək. Bu, ilkin addımdır. Yerinə Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmayan, hələlik yerinə yetirilməyən başqa müddəalar – subsidiyaların, kreditlərin verilməsi və s. – da var. Gələcəkdə qalan sahələrin maliyyələşməsi nəzərdə tutulacaq, və müddəalar da gerçəkləşdiriləcək”.

V.Səfərli müsabiqədə internet-saytların iştirakının da tərəfdarı olduğunu deyib: ”Biz aidiyyatı qurumlara təkliflər göndərərkən bu məsələ də yer alacaq”.

Xatırladaq ki, müsabiqəyə layihələr üzrə sənədlərin qəbulu iyulun 1-dən 30-dək aparılacaq.

2009-cu ildə fondun büdcəsi 1,3 milyon manatdır. Bu vəsaitin 1,1 milyon manatı qəzetlərin təqdim edəcəyi layihələrin maliyyələşməsinə, 200 min manatı isə fondun özünün xərclərinə sərf olunacaq. Bu il üçün medianın təqdim edəcəyi layihələr üzrə 11 istiqamət müəyyənləşdirilib. Hər bir media orqanı yalnız 1 layihə təqdim edə bilər.

Qaydalara görə, dövlət orqanlarının təsis etdikləri qəzetlər, internet saytları və televiziyalar bu müsabiqədə iştirak edə bilməz.

Təqdim olunacaq layihələrin qiymətləndirilməsi avqust ayı ərzində aparılacaq. Onun sözlərinə görə, bir layihəni 3 ekspert qiymətləndirəcək. Sentyabrın birinci həftəsində isə qaliblər ictimaiyyətə elan olunacaq.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689

Oxşar yazılar