1617 magistr yeri boş qalıb
27 iyun 2009 13:00 (UTC +04:00)

1617 magistr yeri boş qalıb

Ali məktəblərin magistraturasına qəbul imtahanlarının ilk dəfə olaraq iki mərhələdə keçməsi özünü doğrultmayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009/2010-cu tədris ili üçün Magistratura pilləsinə keçirilmiş tələbə qəbulu müsabiqəsindən sonra boş qalan plan yerləri haqqında məlumatı açıqlayıb.

Komissiyadan Lent.az-a bildiriblər ki, iyunun 21-də keçirilmiş imtahanların ikinci mərhələsindən sonra ali məktəblərin magistraturasına ayrılmış 5168 plan yerindən 1617-si boş qalıb. Bundan başqa, Türkiyə universitetlərinin magistratura pilləsinə nəzərdə tutulmuş yerlərin də hamısı dolmayıb. Belə ki, Türkiyə universitetlərinə ayrılmış yerlərdən 2-si boş qalıb.

Magistraturaya boş qalmış yerlərin siyahısına əsasən, ən çox vakant yerlər Azərbaycan Texniki Universiteti ilə Memarlıq və İnşaat Universitetindədir. Birincidə müxtəlif ixtisaslara boş yerlərin sayı 124, ikincidə isə 94-dür. Hər iki universitetlərdə boş qalmış yerlərin çoxu elektrik təchizatı, elektroenergetika, sənaye-istilik energetikası, maşınqayırma, nəqliyyatın idarə olunması, əlvan və nadir metalların metallurgiyası, meliorasiya, tətbiqi geodeziya, faydalı qazıntılar və digər ixtisasların payına düşür.

Xatırladaq ki, bu il Azərbaycanda magistraturaya qəbul imtahanları ilk dəfə olaraq iki mərhələdə keçirilib. Mayın 3-də birinci mərhələ üzrə keçirilən imtahanlarda 15179 bakalavr iştirak etmişdi və onlara məntiqi təfəkkürdən 50, xarici dildən 25 və informatikadan 25 test tapşırığı təqdim olunmuşdu. Bu imtahandan sonra ümumi bal göstəricisi 50-dən yuxarı olan 6383 bakalavr ikinci mərhələyə keçmək hüququ qazanmışdı. İyunun 21-də ixtisas üzrə keçirilmiş ikinci mərhələ imtahanların nəticələrinə uyğun olaraq, 3551 bakalavr magistratura pilləsinə qəbul olunub. Bu il ali məktəblərin magistratura pilləsinə qəbul planı isə 5168-dir.

Magistratura pilləsində boş yerlərin universitetlər və ixtisaslar üzrə siyahısı TQDK-nın internet saytında yerləşdirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518

Oxşar yazılar