Əmək hüquqlarının qorunması sahəsində ciddi problemlər var
24 iyun 2009 12:30 (UTC +04:00)

Əmək hüquqlarının qorunması sahəsində ciddi problemlər var

JuHİ bu mövzuya həsr edilmiş dəyirmi masa keçirdi

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan Respublikasının Prezidenti yaninda QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Vətəndaşların əmək hüquqlarının qorunmasına dəstək” adlı layihə çərçivəsində 24 iyun 2009-cu il tarixdə Mətbuat Şurasının Konfrans zalında dəyirmi masa keçirilib.

Lent.az-ın məlumatına görə, layihənin direktoru, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, layihənin əsas məqsədi vətəndaşların müəssisələrdə rastlaşdıqları əmək mübahisələrinin tipik səbəblərini araşdırmaq, problemlərin həllində onlara yardımçı olmaq və gələcəkdə bu kimi halların baş verməməsinə nail olmaqdan ibarətdir: “Azərbaycan Respublikasının iqtisadi-sosial inkişaf konsepsiyasına uyğun olaraq, 2004-cü ildən etibarən sistemli şəkildə həyata keçirilən proqramlarda, həmçinin, Azərbaycan Respublikasının 2008-2011-ci illərdə iqtisadi-sosial inkişafını ehtiva edən rəsmi sənədlərdə, proqnoz göstəricilərində əsas istiqamətlərdən biri də mövcud iş yerlərinin tam istifadəsi, yeni iş yerlərinin açılmasından ibarətdir. Artıq bu siyasətə uyğun olaraq Azərbaycanda 500000-ə yaxın daimi, 200000-ə yaxın mövsümi iş yerinin açılmasına dair raport verilib.

Bu proses, öz növbəsində, əmək hüquqlarının qorunması kimi zəruri bir məqamı da gündəmə gətirir. Belə ki, müvafiq dövlət qurumları da daxil olmaqla bu sahədə ixtisaslaşmış QHT-lərin açıqlamalarından məlum olur ki, subyektiv amillər səbəbindən əmək bazarında sabitlik yaradılmasına tam nail olunmayıb, əmək münasibətlərində qanunsuz hallar mövcuddur. Araşdırmalar göstərir ki, qeyd edilən problemin təzahür etməsinin bir səbəbi bəzi müəssisə rəhbərlərinin qanunlara sayğısız yanaşmaları ilə bağlıdırsa, digər mühüm səbəb işçilərin əmək hüquqlarını bilməməsi, əmək hüquqları pozulan anda hansı ünvana üz tutmalı olduqları barədə məlumatsızlıqları ilə əlaqadardır.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) həyata keçirdiyi bu proqram ölkə vətəndaşlarına əmək hüquqlarının qorunması yollarını öyrənməyə kömək etməkdən, vətəndaşlara əmək hüquqları pozulan zaman üz tutmalı olduqları ünvanı göstərməkdən, əməyin qorunmasına cavabdeh olan dövlət qurumları (və digər orqanlar) ilə əmək hüququ pozulan vətəndaşlar arasında canlı debatlar yaratmaqdan ibarətdir”.

Ələsgərli deyib ki, qeyd edilən problemlərin həllinə yardım göstərmək üçün proqram çərçivəsində internet forum keçirilir: “İstənilən vətəndaş qarşılaşdığı və həll edə bilmədiyi, həll olunması üçün köməyə ehtiyacı olan suallarla www.lent.az/forum/ -a müraciət edə, bu yolla suallarına cavab tapa bilər. Həmçinin, bu problemi ictimailəşdirməklə gələcəkdə başqa vətəndaşların da eyni formalı suallarla rastlaşmamalarına kömək etmiş olar. Sevindirici haldır ki, forum uğurlu alınıb. Bir ay tamam olmamış, artıq 1700 nəfərdən çox vətəndaş foruma qatılıb və suallarına cavab tapıblar”. Layihə çərçivəsində 3 dəyirmi masanın keçirilməsi nəzərdə tutulub ki, bu tədbirlərdə də forumda səslənmiş və əmək mübahisələri ilə bağlı tipik halları ehdiva edən məqamlar müzakirə olunaraq həllinə yardım göstərilir.

Dəyirmi Masada Dövlət Əmək Müfəttişliyinin məsul əməkdaşı Tahir Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Azər Quliyev, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Fəxrəddin Mehdiyev, Həmkarlar ittifaqı qurucularından Akif Cabbarlı, həmçinin, əmək mübahisəsi ilə rastlaşmış vətəndaşlar, QHT və KİV təmsilçilərin iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1052

Oxşar yazılar