“QHT-lər haqqında” qanuna dəyişikliklərə həsr olunmuş debat keçirildi
24 iyun 2009 11:30 (UTC +04:00)

“QHT-lər haqqında” qanuna dəyişikliklərə həsr olunmuş debat keçirildi

Debatda QHT-lər haqqında qanuna edilən dəyişikliklərlə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasının təkliflər paketi müzakirə olundu

Azərbaycan Media Mərkəzində Media Hüquqları Mərkəzi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə növbəti debatını keçirib. Tədbirdə QHT-lər haqqında qanuna edilən əlavə və dəyişikliklərlə bağlı ictimaiyyətdə mövcud olan müxtəlif mövqelər və baxışlar müzakirə edilib.

Bu yöndə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən edilən təşəbbüslər, yanaşmalar QHT rəhbərləri və media mənsublarının iştirakı ilə müzakirə olunub. Spikerlər QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov və müstəqil hüquqşünas Erkin Qədirli olub.
Tədbirdə qeyd olunub ki, son günlər çox ciddi müzakirə mövzusu olan bu aktual məsələyə QHT-lərə Dövlət Dəstəyi Şurası artıq məlum olan geniş rəyilə münasibət bildirib. Qurumda ekspertlər tərəfindən işlənib hazırlanmış təkliflər paketi Milli Məclisə təqdim edilib. Sözügedən təkliflərdə vətəndaş cəmiyyətinin təkmilləşdirilməsi istiqamətində qanunvericiliyin inkişaf etdirilməsi, üçüncü sektor təmsilçilərinin fəaliyyətindəki boşluqların aradan qaldırılması xüsusi vurğulanır.

İlk olaraq debatda söz verilən Sahib Məmmədov qeyd etdi ki, Şura tərəfindən hazırlanan təkliflər paketi ilə bağlı artıq Milli Məclis təmsilçiləri ilə görüşlər keçirilib. O, təmsil etdiyi qurumun bu istiqamətdə işləri intensiv şəkildə davam etdirdiyini nəzərə çatdırdı: “Biz hesab edirik ki, hazırlanan və tərəfimizdən təqdim edilən təkliflər paketində QHT-ləri narahat edən bir çox məsələlər gündəmə gətirilib və nəzərinizə çatdırıram ki, bizim bu məsələlərlə bağlı fəaliyyətimiz intensiv şəkildə davam etdirilir. Şura bu məsələ ilə əlaqədar narahat olan bütün tərəflərlə görüşməyə, danışıqlar vasitəsilə verilmiş təklifləri daha da təkmilləşdirməyə hazırdır. Biz çalışırıq ki, maksimum halda müzakirələrdə, danışıqlarda müsbət nəticələrə nail olaq. Şuranın bütün fəaliyyəti bu məqsədi daşıyır. Biz bütün təklifləri analiz edərək, QHT-lərin bir struktur kimi formalaşmasına təkan verəcək amilləri önə çəkməyə çalışmışıq”.

Digər spiker Erkin Qədirli öz növbəsində bildirdi ki, danışıqlar aparılması üçün ilk növbədə predmet müəyyənləşdirilməlidir: “Qanunların təkmilləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Amma bu iş Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə uyğun şəkildə olmalıdır. İstər QHT-lərə Dövlət Dəstəyi Şurası, istərsə Milli Məclis, istərsə də digər rəsmi qurumların təmsilçiləri ilə danışıqlar aparılmalıdır, amma yenə də təkrar vurğulayıram ki, bütün yanaşmalarda məqsəd fəaliyyətlərin inkişaf etdirilməsinə yönəlməlidir.”

Çıxış edən Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov, Qadınlar Arasında Həmrəylik təşkilatının sədri Ruhəngiz Hüseynova, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, MSŞTKA-nın koordinatoru Azər Mehtiyev bildirdilər ki, bu məsələdə bütün tərəflərdən gələn təşəbbüslər dəstəklənməlidir və bu qurumlarla birgə müzakirələr keçirmək, danışıqlar aparmaq lazımdır.

Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov və mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı təmsil etdikləri quruma qarşı səslənmiş bəzi iradları ədalətsiz və əsassız saydılar. Onlar bildirdilər ki, Şuranın QHT qanunvericiliynə dəyişikliklərlə bağlı mövqeyi ondan ibarətdir ki, təklif edilən dəyişikliklər QHT-lərin fəaliyyətində hər hansı bir məhdudiyyəti yaratmasın və Azərbaycanda ictimai sektorun inkişafı təmin olunsun.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711

Oxşar yazılar