“Məscidin sökülmə xəbərini eşidəndə Şeyxin rəngi ağardı”
22 iyun 2009 19:45 (UTC +04:00)

“Məscidin sökülmə xəbərini eşidəndə Şeyxin rəngi ağardı”

Sabir Həsənli: “İbadət ocaqları sökülən zaman Şeyx ölkədə olmayıb”

“Son vaxtlar Azərbaycandakı bir sıra məscidlər ətrafında çoxlu söz-söhbət var. Bunlara həm uçurulmuş, həm də mətbuatda “sökülmə ehtimalı olan məscidlər” kimi təqdim olunan ibadət ocaqları aiddir. Biz Qafqaz Müsəlmanları İdarəsi olaraq xüsusən uçurulan məscidlərlə əlaqədar çox böyük təəssüfümüzü bildiririk. Həmin məscidlər dağıdılmaya da bilərdi. Onları dağıtmağa yəqin ki, ehtiyac yox idi. Ancaq yəqin burada başqa məsələlər də var ki, onlar dövlət işidir”. Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Qafqaz müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Sabir Həsənli deyib. “Bizim mövqeyimiz əzəldən məscidlərin dağıdılmaması olub. Hətta “Əbu-Bəkr” məscidinin guya söküləcəyi barədə xəbərlər yayılanda da Şeyx öz qəti mövqeyini ortaya qoydu ki, Allah evləri sökülə bilməz. Əgər hansısa təbii əsas yoxdursa, insan əli ilə qurulanın günün birində insan əli ilə sökülməsinə çox təəssüf edirik” – deyə, o bildirib.

Hacı Sabir Bakının Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeyi Zəhra” məscidinin söküləcəyi barədə söhbətlərin olduğunu da vurğulayıb: “Biz bir neçə gün əvvəl Moskvada olarkən bu barədə xəbər eşitdik. Bizə dedilər ki, “məscid bu gecə söküləcək”. Bunu eşidərkən hamımız kədərləndik. Şeyxin rəngi isə ağappağ oldu. Axı niyə sökülməlidir? Hər şeydən çıxış yolu var. Sökmək doğrudanmı çıxış yoludur? Çox şükür ki, hələlik “Fatimeyi Zəhra” sökülməyib. Bizim bildiyimizə görə, təklif olunub ki, həmin məscidin sənədləri qaydaya salınsın“.

S.Həsənli deyib ki, son vaxtlarda paytaxtda və Goranboyda (Dəliməmmədli ərazisində) yerləşən məscidlər sökülən zaman Şeyx Allahşükür Paşazadə Azərbaycanda olmayıb: “Ancaq Şeyxin özünün də səlahiyyət hüdudları var. Əgər dövlət bu gün sərəncam verirsə ki, filan yer sökülsün, buna heç kimin, o cümlədən hörmətli Şeyxin də qarışmağa ixtiyarı yoxdur. Çünki Şeyxülislamın özünün də Əsasnaməsi, orada göstərilən səlahiyyət hüdudları var. Qafqaz Müsəlmanları İdarəsi hələlik dövlət demək deyil”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar