““Əbu Bəkr”də baş verən faciəni unutmamalıyıq”
12 iyun 2009 12:15 (UTC +04:00)

““Əbu Bəkr”də baş verən faciəni unutmamalıyıq”

Hidayət Orucov: ““İlahiyyat fakültəsi” məscidi ilə bağlı vəziyyətdən çox narahatam”

““İlahiyyat fakültəsi” məscidi ilə bağlı vəziyyətdən çox narahatam. Bu, çox ciddi məsələdir. Ötən il “Əbu Bəkr” kimi tanınan “Cümə” məscidində baş verən faciəni unutmamalıyıq”.

APA-nın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov deyib. Komitə sədri “İlahiyyat fakültəsi” məscidinə böyük sayda insannın toplaşmasının təhlükəsizlik baxımından yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, hazırda bu məsələnin tənzimlənməsi üçün tədbirlər görülür. H. Orucov bu məscidə gələn insanların bir hissəsinin Cümə namazlarında başqa ibadət ocaqlarına getməsi üçün iş aparıldığını söyləyib.

Qeyd edək ki, “İlahiyyat fakültəsi” məscidi Bakı Dövlət universitetinin “Tələbə şəhərciyi”nin ərazisində yerləşir. “Əbu Bəkr” məscidi bağlandığından və “Şəhidlər” camesi təmirə dayandığından bura gələnlərin sayı son vaxtlar kəskin artıb.

Hazırda Azərbaycan 1750 məscidin mövcud olduğunu deyən H. Orucov onlardan 24-nün Türkiyə, 63-nün Küveyt, 3-nün Səudiyyə Ərəbistanı Krallığı, 1-nin isə Qətər dövləti tərəfindən tikildiyini diqqətə çatdırıb.

H. Orucov zərərli fəaliyyətlə məşğul olan dini icmaların məsələsinə yenidən qeydiyyat aparılan zaman diqqətlə baxılacağını deyib: “Yeni qeydiyyat zamanı bir çox əlavə sənəd tələb olunacaq. Qeydiyyatsız fəaliyyət göstərən icmalar barəsində isə qanunla ölçü götürüləcək”.
# 835

Oxşar yazılar