Əliməmməd Nuriyev: “Problemi həll etmək istəyiriksə, hər şeyi açıq danışmalıyıq”
06 may 2009 15:00 (UTC +04:00)

Əliməmməd Nuriyev: “Problemi həll etmək istəyiriksə, hər şeyi açıq danışmalıyıq”

Elmina Kazımzadə: “İl ərzində təmir adı ilə şagirdlərdən 3-4 dəfə pul yığırlar”

Hazırda dünyada 2 trilyon dollara qədər vəsait korrupsiya şəklində dövriyyədədir. Bir sıra ölkələrdə isə həyata keçirilən infrastruktur layihələrinin maliyyələşməsinə ayrılan vəsaitin 20 faizə qədəri mənimsənilir. Bu ölkələr arasında Azərbaycan da var.

Lent.az-ın məlumatına görə, bu barədə QHT-lərin Antikorrupsiya Şəbəkəsinin kordinatoru, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Azərbaycan Pedaqoji Universitetində “Təhsildə korrupsiyaya qarşı mübarizə” mövzusunda keçirilən seminarda bildirib. Korrupsiya və rüşvətxorluğun Azərbaycanda müxtəlif sahələrdə yayıldığını xatırladan Əliməmməd Nuriyev belə hallara daha çox təhsil müəssisələrində rast gəlinir.

“Təhsil strateji sahədir, bu sistemdə rüşvətin və korrupsiyanın olması ölkəni fəlakətə doğru sürükləyir. Bunu həm hökumət orqanlarında, həm də ictimai təşkilatlarda başa düşürlər. Ona görə də biz təhsildə rüşvətin kökünün kəsilməsi üçün birgə mübarizə aparmalıyıq. Bu problemi həll etmək istəyiriksə, hər şeyi açıq danışmalıyıq” - deyə, Əliməmməd Nuriyev qeyd edib.

O, həmçinin vurğulayıb ki, “Təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirilib və sənəddə korrupsiyaya şərait yarada biləcək müddəaların dəyişdirilməsi ilə bağlı Milli Məclisə və müvafiq dövlət orqanlarına təkliflər göndərilib. Onun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə hazırlanmış təkliflər Milli Məclisin Elm və Təhsil Komissiyası tərəfindən də dəstəklənib.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri, Prezident yanında Təhsil Şurasının üzvü Elmina Kazımzadə isə ali və orta məktəblərdə rüşvətxorluğa şərait yaradan amillərdən, orta məktəblərdə repetitorluq problemlərindən danışıb. Rəhbərlik etdiyi təşkilatın “Valideynlərin qeyri-rəsmi ödənişləri” və “Ali Təhsildə korrupsiya” mövzusunda 2 böyük tədqiqat layihəsi apardıqlarını xatırladan Elmira Kazımzadə rüşvətin orta məktəblərdə daha geniş yayıldığını deyib.

“Apardığımız tədqiqatlarda məlum oldu ki, orta məktəblərdə təmir adı ilə şagirdlərdən pul yığılması halları daha çoxdur. Hətta il ərzində bu adla şagirdlərdən 3-4 dəfə pul yığırlar. İkinci yerdə isə bayramlarda yığılan pullardır. Hətta bizim monitorinq apardığımız məktəblərin birində direktor qadın müəllimləri saxlayıb, onlara şəkərbura bişirtdirmişdi” - deyə, Təhsil Şurasının üzvü bildirib.

Elmina Kazımzadə deyib ki, təhsil sahəsində rüşvətxorluq və korrupsiyanın geniş yayılması vətəndaşların bərabər təhsil almaq hüququnu da pozur. Onun sözlərinə görə, maddi imkanı zəif olan şagirdlər və tələbələr tələb olunan qeyri-rəsmi ödənişləri ödəyə bilmədiyindən müəllimlər tərəfindən psixoloji təsirlərə məruz qalır. Hətta belə hallarda müəllimlər həmin şagirdlərin öyrənməsinə, bilik əldə etməsinə diqqət göstərmir. Nəticədə onların təhsilə olan marağı azalır və şagirdin ayrı-ayrı fənlər üzrə qiymətlər aşağı düşür.

Daha sonra seminar müzakirələr şəklində davam etdirilib. Tədbirin təşkilatçıları universitet tələbələrinin rüşvətxorluqla mübarizə üsulları, belə hallarla üzləşərkən nə etməli olduqları, hüquqi qaydalarla bağlı suallarını cavablandırıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198

Oxşar yazılar