Peyğəmbəri qarnında saxlayan balıqlar niyə ağlayır?
24 noyabr 2010 16:57 (UTC +04:00)

Peyğəmbəri qarnında saxlayan balıqlar niyə ağlayır?

...33 il boyunca hər kəsə doğru yolu göstərməyə çalışan, ancaq buna nail ola bilməyən Həzrəti Yunus Allahın izni olmadan başına peyğəmbər təyin olunduğu qövmdən ayrılır və Dəclə sahilində bir gəmiyə minir. Açıq dənizdə Həzrəti Yunusun çoxdan bəri müjdələdiyi fəlakət baş tutur. Günün günortasında gün batır. Hər yerə qorxunc bir qaranlıq çökür və gəmi səbəbsiz yerə dayanır. Bu zaman gəmi sahibindən qəribə bir təklif gəlir: “İçimizdə bir günahkar var, ona görə də gəmi hərəkət etmir. Püşk ataq, püşkdə kimin adı çıxarsa, həmin adamı dənizə ataq”. Püşkdən Həzrəti Yunusun adı çıxır. Allahın icazəsi olmadan qövmündən ayrılan Yunus, öz günahını qəbul edir və “günahkar mənəm” deyərək özünü dərin dənizin sularına qərq edir. Dənizin dibinə çatdığı zaman bir balıq onu udur və öz qarnında mühafizə edir. Uzun müddət Həzrəti Yunusu qarnında saxlayan balıq, nəhayət bir gün sahilə yaxınlaşaraq qarnındakı adamı çölə buraxaraq uzaqlaşır. O gün bu gündür, Həzrəti Yunusu udan və qoruyan balıq “Yunus balığı” adlanır. Biz isə onlara “delfin” deyirik: maraqlı, maraqlı olduğu qədər ağıllı, ağıllı olduğu qədər də şirin...

Həmişə gülən delfinlər...

Yaradılmışlar içərisində davamlı şəkildə, demək olar ki, həmişə üzündə təbəssüm olan tək canlı var - delfinlər. Tam mənasıyla pozitiv enerji qaynağı olan bu heyvanın üz cizgiləri o dərəcədə xoşagəlimlidir ki, nə cür sıxıntı içərisində olursunuz-olun, bir delfinin üzünə və ya sadəcə rəsminə baxdığınız zaman bütün vücudunuza qəribə bir rahatlıq yayılacaq. İnanın, bütün problemlərdən sıyrılaraq hipnoz olunmuş kimi delfinin möcüzəvi baxışlarına qapılıb gedəcəksiniz.
Delfinlər elə bir gözəlliyə sahibdirlər ki, onları izləməklə doymaq olmur, mütləq ona toxunmaq istəyirsən. Bu bənzərsiz gözəlliyə sahib canlıların xüsusiyyətləri uzun illərdir insanların ən maraqlı araşdırma sahəsinə çevrilib və bu sahədə xeyli nəticələr əldə edilib. Ancaq bu nəticələri qətiyyən son saymaq olmaz. Çünki delfinlər həqiqətən də sirli varlıqlardır...
Delfinlər əsla su içməzlər. Suyu əksər hallarda qidalardan (adətən, balıq və kalmardan) və mayeni xaricə çıxaran bədən yağlarını yandıraraq əldə edərlər. Delfinlər əslində balinakimilərə aiddirlər, ancaq digər suda yaşayan məməlilərdən daha artıq – 260-a qədər dişləri ola bilir. Buna rəğmən balıqları bütöv halda udurlar. Dişləri isə onlara sadəcə ovu tutmaq üçün gərəklidir. Maraqlıdır, bu heyvanın elə bil qan tökməkdən zəhləsi gedir. Burunlarının dimdikli, bellərinin üzgəcli olması və üzərkən havaya tullana bilmələri delfinləri digər balinakimilərdən ciddi şəkildə fərqləndirən özəllikləridir. Bu gözəl varlıqların ömrü 25-35 ildir.

Delfinlər təbii sualtı radar sisteminə sahibdirlər. Gözü qapadılan bir delfin dənizin dibindəki balıqları özü qoyubmuş kimi çətinlik çəkmədən tapır. Bunun səbəbi araşdırılıb və məlum olub ki, delfinlər nəyisə tapmaq üçün siqnallar yayırlar. Məhz bu siqnal sayəsində dənizin dibində istənilən şeyi tapa bilirlər. Araşdırmalar nəticəsində o da məlum olub ki, delfinlər yüksək tezlikli səslər çıxararaq balıqları keyləşdirirlər və bununla da özlərinə qida əldə eləmiş olurlar. Delfinlər yatanda da xeyli maraqlı olurlar. Məsələn, onlar gözlərinin birini yumub, o birini açıq qoyaraq yuxuya gedirlər. Bu zaman onların beyinlərinin bir yarımkürəsi də oyaq olur. Bunun nəticəsidir ki, yuxuda olarkən də yırtıcı heyvanları izləyə, hətta 2 saatdan bir suyun üzünə çıxıb nəfəs ala bilirlər. Yəni, onların bütün hərəkətləri, hətta nəfəs almaları belə məntiqlidir.

İnsandan etibarlı canlılar

Delfinlər adətən ailəni xatırladan qruplar halında yaşayırlar. Qrupun yaşca böyük və “ailə başçısı” statusunda olanları etibarlı qoruma üçün dişiləri və balaları qrupun ortasına alar və onları hər cür təhlükədən qoruyaraq himayə edərlər. Bu heyvanların hətta bir çox ruhsuz insanlara nümunə ola biləcək örnək davranışları da var. Belə ki, xəstə olan bir delfin qrupun digər üzvləri tərəfindən tək buraxılmaz, mühafizə edilərək ölənə qədər qrupun içində saxlanılar. Bu güclü həmrəylik bağı yeni bir bala qrupa qatıldığı ilk gündən etibarən başlayır. Delfinlər eyni zamanda çox duyğusal və həssas canlılardır. Onlardan bəziləri ailə üzvü içərisində çox sevdiyi birini ömrünün sonunacan tərk etməz. Təsəvvür edin ki, 30 il boyunca çox sevdiyi qardaşının arxasınca üzən, ondan heç ayrılmayan delfinlər var...

Bu qeyri-adi heyvanların balalarını dünyaya gətirmələri də onların nə qədər məntiqli olduqlarından xəbər verir. Deməli, doğuşa dəqiqələr qalmış hamilə delfin suyun altında sürətlə dönməyə başlayır. Bunu görən digər dişi delfinlər hamilə delfinin doğuşa hazırlaşdığını anlayır və kömək məqsədilə onun ətrafına toplaşmağa başlayırlar. Ana delfin bir-iki sərt dönüşdən sonra doğuşu gerçəkləşdirir. Əvvəlcə balaların quyruqları çıxır, sonda başları. Və doğuş başa çatan kimi balanın ilk nəfəsini alması üçün ana onu sürətlə suyun səthinə çıxarır. Delfinlərin doğuşunda ən maraqlı, hətta deyərdim ki, heyrət doğuran məqamlardan biri də yeni doğulmuş delfin balasının yeni doğulmuş insan övladına bənzəməsidir...

32 hərf əvəzinə 32 fit...

Delfinlərin özlərinə xas “xitab” formaları mövcuddur. Onlar öz aralarında fitlərlə ünsiyyət qururlar. Fitlər bir-birindən melodiyası ilə fərqlənir. Məsələn, narahatlıq, ağrı ifadə edən fitlər daha qısa və ağır səslənir. Sevinc, salamlama kimi xoş duyğularını ifadə edən fitlər isə uzun və yüksək səslə çalınır. Elm adamlarının dediklərinə görə, delfinlərin ünsiyyət üçün istifadə etdikləri 32 fit növü var. Hər fit də əsaslı şəkildə bir duyğunu ifadə edir. Delfinlər arasında səsli ünsiyyət sistemi araşdırma mövzusu olmasına baxmayaraq, hələ də tam olaraq çözülə bilməyib. Bu heyvanların zəkaları insana yaxın olan meymundan, itdən və siçandan daha üstündür. Hətta delfinlərin beyin həcmi insanın beyin həcmindən daha ağır, beyindəki hüceyrə və qırışları insanınkından daha çoxdur. Bu səbəblə insanlar tərəfindən tez öyrədilib, əhliləşdirilə bilirlər.

Qan tökməyən “əsgər delfin”

Dəniz heyvanları içərisində insana ən çox yaxınlıq göstərən də məhz delfinlərdir. Ümumiyyətlə, insanlarla delfinlərin ünsiyyətinin 2500 illik yaşı var. Bu müddət ərzində delfinlərin insanlara qarşı aqressiv davranışına heç vaxt rast gəlinməyib. Hətta onlardan hərbi məqsədlər üçün istifadə edəndə belə... Bu sahədə isə təbii ki, ilkə imza atan Amerika ordusu olub. Günü bu gün Amerika Donanmasında yüzə qədər delfindən və otuza yaxın digər dəniz məməlilərindən yararlanılır. Ancaq o da maraqlıdır ki, hətta «əsgər delfinlər» belə öldürmək, qətl eləmək üçün yox, yalnız və yalnız nəyisə tapmaq üçün «xidmətə girirlər».

Bu heyvanların malik olduqları zəka və su altında çıxardıqları əcaib səslərlə bağlı geniş araşdırmalar hələ də aparılmaqdadır. Hətta bəzi ölkələrdə alimlər o qədər qabağa gediblər ki, delfinlərin vasitəsilə batmış gəmiləri tapırlar. Delfinlər xalq arasında da sevilən bir heyvandır. Onlardan, yaxşı mənada, nə desən gözləmək olar: kompası xarab olan gəmilərə yol göstərər, boğulmaqda olan insanları kürəklərinə alıb sahilə çıxararlar. Prinsipcə, bəzi ölkələr bu sevimli heyvanın xidmətlərini nəzərə alıb. Məsələn, Yeni Zelandiya hökuməti məhz bu xeyirxah xüsusiyyətlərinə görə delfinlərin ovlanmasını qadağan edib. Ancaq təəssüf ki, bir çox ölkələrdə acgöz ovçular tərəfindən bol ovlandıqları üçün həmin yerlərdə delfinlərin nəsilləri tükənmək üzrədir.

Onlara da qıyırlar...

Hər il Danimarkanın Fero adalarında yüzlərlə delfin vəhşicəsinə qətl edilir. Bu qətliamın əsl “qəhrəmanları” isə 18 yaşdan aşağı olan gənclərdir. Onlar bu aksiyanı gənclərin yetkin olmaq, formalaşmaq nümayişinin şərəfinə keçirirlər və adına da “qeyd etmə” deyirlər. Gənclərin törətdiyi bu vəhşəti canlı-canlı izləmək istəyənlər isə sahillərə axışırlar. Beləliklə, mərasim başlanılır və böyüdüyünü, gücləndiyini nümayiş etdirən gənc “qəhrəmanlar” yüzlərcə seyrçinin önündə böyük bir “ustalıqla” Calderon delfinlərini qanına qəltan etməyə başlayırlar. Elə bil heç kim bilmir ki, Calderon delfinləri bütün digər delfinlər kimi insanlarla ünsiyyət qurmağı bacaran, oyun oynaya bilən, insana ən yaxın sayılan canlılardan biridir. Bu canlıların ölümü isə qətiyyən asan olmur. Xəncərlərlə 1, 2 və ya 3 dəfə vurulduqdan sonra zavallı delfinlər yeni doğulmuş uşaq kimi qorxu qarışıq bir ağlama səsi çıxarırlar... Və ağlaya-ağlaya da ölürlər...

Yaponlar isə delfinlərin qətli üçün daha “orijinal” üsul tapıblar. Gündoğar ölkənin balıqçıları ovlamağı hədəflədikləri delfinlərlə ilk olaraq oyun oynamağa başlayırlar. Delfinlər də sevincək şəkildə balıqçılara təbəssüm edərək dənizin sularında sıçramağa davam edirlər. Balıqçıların onlarla insanca oyun oynadığını zənn edən zavallı delfinlər, qayıqların önündə cəm halında toplanmağa və yarışmağa başlayırlar. Elə bu məqamda gözlədiyi şəraitin yarandığını görən balıqçılar tələyə düşürdükləri delfinləri sürətlə ovlamağa başlayırlar. İlk olaraq iri oxlarla delfinlər gücdən düşənə qədər dəlik-deşik edilir, ardından hələ can vermədən tırlara yüklənir, yaxud da maşınların arxasına bağlanılaraq sürüdülür. Daha sonra ovların toplandığı yerə gətirilən delfinlər, burda can çəkişərkən ardı-ardına gələn bıçaq zərbələriylə doğranılırlar. Ağrı ilə inləyən delfinlər bədənlərindəki qanın hamısı axıb qurtarana qədər can verirlər. Bütün bu proseduradan geriyə isə qan içində bir meydan və qıpqırmızı dəniz qalır...

İntihar son yoldur?

Delfinləri digər heyvanlardan fərqləndirən ən üstün xüsusiyyətlərdən biri də onların qürurlarının olmasıdır. Dənizi yaxşı bilən hər bir dənizçi söyləyir ki, delfinlər gəmilərlə, qayıqlarla yarışırlar. Gəmi ilə bərabər üzən delfin hər hansı səbəbdən yarışı uduzarsa, bu məğlubiyyəti qüruruna sığışdıra bilmir və intihar edir. Belə hallarda onlar özlərini quruya vurur və nəfəslərini saxlayaraq havasızlıqdan boğularaq ölürlər. Delfinlərin intiharına səbəb olan başqa amillərdən biri də onların azadlıqlarının məhdudlaşdırılmasıdır. Əyləncə niyyətilə hovuzlara qapadılan delfinlər çox zaman qarşılaşdıqları rəftardan bezərək intihar edirlər. Və yaxud bir delfinə qarşı zülmkarlıq edildiyini görən digər delfin bu hadisəni baykot etmək məqsədilə özünü sudan (hovuzdan) kənara ataraq intihar edir. Son zamanlarda tez-tez rast gəlinən kütləvi delfin intiharlarlarının səbəbi araşdırılsa da, konkret bir nəticəyə gəlinə bilinməyib...

...Peyğəmbər Yunusu qarnında sağ saxlayıb sonunda sağ-salamat sahilə çıxaran Yunus balıqları – delfinlər haqda yazımızı bununla bitirə bilərdik. Ancaq əgər delfinlərin intiharından söz düşübsə, bu sevimli canlıların intihar eləmə səbəblərindən danışdıqsa, o zaman türk yazarı Əhməd Yenilməzin «Yunusları bilirmisən, Can» şeirini mütləq xatırlamalıyıq. Ən azından bu şeirdə delfinlərin intiharlarının daha bir səbəbi haqda danışılır…

Delfinləri bilirsənmi, Can?!
Okeanlarda sonsuzlaradək üzən delfinləri.
Nə qədər də güclüdür onlar.
Zənn edərsən ki, heç bir şey yıxmaz onları!
Dara düşən insanlara yol göstərən delfinləri!
Bir də akulalar var.
Onlar da iridir.
Dara düşən insanları parçalayan akulalar.
Dənizlərdə delfinlər az, akulalar çoxdur!
Delfinlər nədən intihar edər bilirsənmi, Can?
Bir gün delfinlərdən biri bir insanı qurtarmağa çalışmış
akulalardan...
Və qurtarmış da.
Akula delfinə demiş ki,
vay, xain delfin, sən mənim ovumu əlimdən aldın!
Sən xainsən!
Delfin məhəl qoymamış bu təhqirə.
Gülərək baxmış qurtardığı insanın üzünə.
Bir təşəkkür, şirin bir təbəssüm üçün.
Amma nə olmuş, bilirsənmi, Can?
Qurtardığı insan delfini öldürüb,
Ürəyini söküb, çıxıb getmiş.
Bu halı görən akula, qəh-qəhəyə boğulmuş.
Və ordan başlamış delfinlərin intiharı.
Nədən bilirsənmi, Can?
Delfinlər də bilirmiş insan övladının çiy süd əmdiyini,
Bir gün arxadan vuracağını!
İnsanın xəyanəti deyil,
Akulanın qəhqəhəsi qəhr etmiş delfinləri.
O gündən sonra,
Delfinlərin arasında bir ağı dolaşmağa başlamış.
“Neçə dalğalar gördüm azğın,
Neçə dərin yarası var belimdə!
Sığınacaq bir liman axtarmadım heç.
Elə hey sığınılacaq liman oldum!
Fırtınalardan qorxmadım.
Xəyanətdən qorxduğum qədər!
Amma düşünməzdim
İnsanlar
Akulalar kimi vəfasız olacaqlar!



Aysel Əliyeva
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4330

Oxşar yazılar