Siyasi partiyalar matəm elan olunmasını təklif edirlər
30 aprel 2009 17:00 (UTC +04:00)

Siyasi partiyalar matəm elan olunmasını təklif edirlər

Azərbaycanın siyasi partiyaları Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən hadisə ilə bağlı bəyanatlar veriblər. Ümid Partiyasının mətbuat xidmətindən Lent.az-a daxil olan bəyanatda partiya baş verən bu qanlı olayı dinc insanlara qarşı həyata keçirilən terror hadisəsi hesab edir, bununla bağlı narahatlığını və təəssüfləndiyini bildiririk: “Güman edirik ki ölkəmizin hüquq mühafizə orqanları hadisənin səbəblərini ətraflı araşdırıb, ictimaiyyətə obyektiv məlumat verəcəklər. Ümid Partiyası bu hadisə nəticəsində dünyasını dəyişənlərin doğmalarına və yaxınlarına dərin hüzünlə başsağlığı verir, onlara Allahdan səbr, yaralanlara isə şəfa diləyir”.

Dəhşətli faciə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) narahatlığına və hiddətinə səbəb olub. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat və informasiya xidmətinə verdiyi açıqlamasında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib. BAXCP sədri baş verən hadisədən ciddi nəticə çıxarılmasının vacibliyini vurğulayıb və bu tipli hadisələrin təkrarlanmaması üçün Azərbaycan hökumətini qəti və təxirəsalınmaz addımlar atmağa çağırıb: "Azərbaycan hökuməti orta və ali təhsil müəssisələrində təhlükəsizliyin təmin edilməsi üçün ciddi tədbirlər həyata keçirməli, təhsil ocaqlarının girişlərində təhlükəsizlik kameraları və xüsusi detektorlar quraşdırılmalıdır".

Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyəti (İH) bu gün Bakıda Neft Akademiyasında baş verən qanlı terror hadisəsi ilə əlaqədar partiyanın ilkin mövqeyini açıqlayıb və həlak olanların yaxınlarına başsağlığı verib. ADP İH üzvləri ağır nəticələr vermiş qanlı olayla əlaqədar sarsıldıqlarını bildirib. İH üzvləri həmçinin hadisənin obyektiv olaraq araşdırılacağına və günahkarların tezliklə tapılaraq cəzalandırılacağına da ümid etdiklərini bildirib.

ADP İH üzvləri hadisə nəticəsində həlak olanların yaxınlarına və bütün xalqımıza dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyir.

ADP İH müvafiq hakimiyyət qurumlarına müraciət edərək hadisə ilə əlaqədar həlak olanların xatirəsinin əziz tutulması üçün respublikada bir günlük matəm elan etməyə, ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirməyə, habelə xalqa televiziya vasitəsi ilə mütəmadi və dəqiq məlumat verilməsini təmin etməyə çağırıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991

Oxşar yazılar