Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda içməli suya olan tələbatı ödəmək və əhalini saf, zərərli mikroorqanizmlərdən təmizlənmiş su ilə təmin etmək həyati əhəmiyyətli məqsədlərdən birinə çevrilib. Kür-Araz ovalığında içməli suya olan tələbatın təmin edilməsi məqsədilə Azərbaycanda son illər həm hökumət, həm də qeyri-hökumət təşkilatlarının xətti ilə müəyyən layihələrin həyata keçirilməsinə başlanıb. Mövzunu araşdırmaq məqsədilə Lent.az-ın əməkdaşı həmin bölgəyə səfər edib. Əvvəlcə “BP” kimi nəhəng neft şirkətinin Azərbaycan neftindən əldə etdiyi gəlir hesabına maliyyələşdirdiyi, “Ümid” Humanitar və Sosial Dayaq Mərkəzi tərəfindən bölgənin Kürdəmir, Ucar və Ağdaş rayonlarının bir neçə kəndində quraşdırılan su təmizləyici qurğulara baş çəkdik...
Pul ver, xəstəlik al...
Kürdəmirin Sığırlı kəndi rayonun böyük yaşayış məntəqələrindən biridir. “Ümid” Humanitar və Sosial Dayaq Mərkəzi əhalisi 8 mindən artıq olan bu kəndin içməli suya olan ehtiyacını ödəmək məqsədilə yaşayış məntəqəsinin kənarında “Çeşmə S” MMC adı ilə dövlət qeydiyyatından keçmiş su təmizləyici avadanlıq quraşdırıb. Amma kənd sakini Adil Məmmədov deyir ki, bu qurğu çoxdandır fəaliyyətini dayandırıb. Bu, məsələnin bir tərəfidir, digər dözülməzlik odur ki, ümumiyyətlə kənd sakinləri həmin qurğunun təmizlədiyi sudan içməyə üstünlük vermir. Sakinlərin sözlərinə görə, bir neçə dəfə bu qurğudan pulla su alıblar, lakin yetərincə təmiz olmadığından mal-heyvana veriblər: “Bir dəfə su alıb apardım. Sonra içərisində xırda həşəratların olduğunu gördüm. Ona görə də suyu mal-qaranın qabağına tökdüm”. Kənd sakini Adil Məmmədov belə deyir.
Əhalini narahat edən bir məqam da həmin qurğunun quraşdırıldığı yerdən suyun əhaliyə paylanması üçün sistemin olmamasıdır. Yəni, qurğuda təmizlənən su kəndin istənilən yerinə çatdırılmır, bu da kənd əhalisi üçün ciddi problemə çevrilir. Avtomobili olanlar iri çəlləklərlə 1 litrinə 2 qəpik pul verərək su ala bilirmişlər. Maddi imkanı olanlar da suyun 4 tonunu 10-15 manata almaqla vəziyyətdən çıxış yolu tapırmış. Lakin kənd sakinlərinin sözlərinə görə, əksəriyyət onlar üçün yaradılan bu dırnaqarası şəraitdən yararlana bilmir. Nə 4-5 kilometrlik yolu vedrələrlə qət etmək mümkündür, nə də bu çirkli suya pul verməyə imkanları çatır.
Kürdəmirin Karrar, Çöhranlı, Atakişili kəndləri və Karrar stansiyasında da demək olar ki, sakinlərdən eyni sözləri eşitdik. Karrar stansiyasında yaşayan Fariz kişi bildirir ki, bu qurğular yalnız kənddə görüntü üçündür. Sakinlər qurğuları işlədən şəxslərin aylarla yoxa çıxmasından da gileylənir. “Bir də görürsən, qurğu aylarla işləmir. Bir də ki, su yaxşı təmizlənmir. Vedrə ilə daşımaq da mümkün deyil. Çünki həmin qurğu çox uzaqdadır. Özünüz fikirləşin, vedrə ilə suyu 4 kilometrlik məsafədən necə daşıyasan?”
Sonradan öyrəndik ki, Karrar stansiyasında olan su təmizləyici qurğunu su ilə təmin edən mənbənin yerinin düzgün seçilməməsi artıq həmin qurğunun istismarının tam dayandırılması ilə nəticələnib. Yəni su mənbəyində su yoxdur.
Ucarın Bərgüşad, Quləbənd, Alpout, Qarabörk və Təzə Şilyan kəndlərində də analoji vəziyyətlə rastlaşdıq, yəni bu kəndlərdə də təmiz su arzusu sözün həqiqi mənasında puça çıxıb. Gördüklərimiz və sakinlərin söylədikləri bunu deməyə əsas verir.
İlan-qurbağanı kimdir təmizləyən...
Səfər zamanı “Ümid” təşkilatının mətbuata verdiyi məlumatdan göründüyü kimi, hər biri orta hesabla 89 000 manata başa gələn qurğuların əksəriyyətinin həqiqətən də işləmədiyinin şahidi olduq. Məsələn, Ağdaş rayonu Orta Ləki kəndində qurğunu işlədəni ümumiyyətlə tapa bilmədik. Kənd sakinləri dedilər ki, texniki nasazlıqdan qurğu 2 aydan çoxdur, işləmir. Ən acınacaqlı hal isə su saxlanan hovuzların içərisində müxtəlif növ heyvanlara - tısbağa, su ilanı, qurbağa, çömçəquyruq və digərlərinə rast gəlinməsidir. Ucarın Bərgüşad kəndində yerləşən qurğunun - “Gürşad B” MMC-nin direktoru Elman müəllimi bu vəziyyət heç də narahat etmir, hər halda onun “Bu ilan-qurbağanı kimdir təmizləyən?” ifadələri bunu söyləməyə əsas verir.
Araşdırmaları davam etdirmək məqsədi ilə olduğumuz kəndlərdə əhaliyə təmiz su adı ilə satılan sudan nümunə götürüb analiz edilməsi üçün Bakıda laboratoriyaya təqdim etməyi qərara aldıq.
Kimi aldadırlar?
Təəssüf ki, laboratoriyadan verilən su analizlərinin cavabları da gördüklərimiz və sakinlərin dedikləri ilə üst-üstə düşdü. Kürdəmir və Ucar rayonlarının su təmizləyici qurğularından götürülən su nümunələrinin analizlərinin nəticələri göstərir ki, qurğuların heç birində alınan su içməli su standartlarına cavab vermir. Belə ki, Ucar rayonu Qulabənd kəndi istisna olmaqla, bütün qurğuların çıxışında 1 litr suda bağırsaq çöpü bakteriyalarının sayı 113 000-dən 1 320 000-ə qədərdir. Hansı ki, mütəxəssislərin dediyinə görə, içməli suda bağırsaq çöpü bakteriyaları olmamalıdır. Onu da qeyd edək ki, kəndlərdə quraşdırılan su təmizləyici qurğuların hər biri MMC kimi dövlət qeydiyyatından keçib və bu işə görə MMC direktorları məsuliyyət daşıyır. Qurğular isə 2 ədəd çökdürücü hovuzdan, təmizləyici mexanizm yerləşdirilmiş 12 kvadrat metr sahəsi olan otaqdan və 3 metr hündürlükdə dirəklər üzərində quraşdırılan təqribən 5-8 tonluq alüminium çəndən ibarətdir.
Təmizlənməsi çox bəsit texnologiya ilə mümkün olsun deyə, qurğular bulanıqlığı aşağı olan su mənbələri üzərində quraşdırılıb və kəndlərin kənarında quraşdırılan içməli su mənbəyi əhaliyə çatdırılması üçün hansısa bir su-boru şəbəkəsi ilə təmin olunmayıb.
Təmizləndikdən sonra isə çənlərə yığılan suyu aylarla alan olmadığı üçün çəndə qalır və daha çox çirklənir. Belə ki, Kürdəmir rayonunun Karrar kəndində mənbədə 1 litr suda olan bakteriyaların sayı 461 000 olduğu halda, təmiz su çənindəki bakteriyaların sayı 1 320 000 ədəd, Kürdəmir rayonunun Atakişili kəndində su mənbəyində bakteriyaların sayı 700 000 ədəd təşkil etdiyi halda, təmiz su çənində bu rəqəm 1 150 000 ədəd olub. Maraqlıdır, bu sudan istifadə olunması hansı fəsadlara gətirib çıxara bilər?
Müraciət etdiyimiz laboratoriyadan aldığımız nəticələr belə olub:
Nümunə götürüldüyü | Bağırsaq çöpü bakteriya qrupu | |
Ucar rayonu | ||
| Giriş | Çıxış |
1. Qulabənd kəndi | 495 000 | normal |
2. Alpout kəndi | 1 050 000 | 355 000 |
3. Bərgüşad kəndi | 1 200 000 | 414 000 |
4. Təzə Şilyan kəndi | 490 000 | 113 000 |
Kürdəmir rayonu | ||
| 700 000 | 1 150 000 |
| 2 360 000 | 654 000 |
| 461 000 | 1 320 000 |
Gördüklərimizə əsasən deyə bilərik ki, “Ümid” Humanitar və Sosial Dayaq Mərkəzi tərəfindən quraşdırılan su təmizləyici qurğular 2 nasosdan 2-4 filtrdən ibarətdir və su ilkin mənbədən alındıqdan sonra günlərlə açıq havada saxlanılır. Mütəxəssislərin rəyinə görə, bunun da nəticəsində suda insan orqanizmi üçün zərərli maddələrin sayı 100 dəfələrlə artır. Qurğuların lazım olan prosesi istənilən şəkildə həyata keçirməməsi isə həmin sudan istifadə edən kənd sakinlərinin səhhətində problemlər yaradır. Müraciət etdiyimiz laboratoriyadan aldığımız nəticədən görünür ki, su nümunələri götürülən bütün su təmizləyici qurğuların çıxışında fiziki-kimyəvi göstəricilər də normadan artıqdır, hətta bu suyun tərkibində nitrit və ammonium ionlarının (yəni sidik qalıqlarının) aşkar edilməsi təmizləmə texnologiyasının primitiv olmasından xəbər verir.
Suda konkret nəyi təmizləmək lazımdır?
Mütəxəssislərin rəyinə görə, bu qurğularda ümumiyyətlə zəhərli maddələri təmizləyən filtrlər mövcud deyil. İçməli su standartlarına cavab verməyən filtrlərin ümidinə qalaraq, suyu təmizlədik deyə, adamlara içməli su vermək cəhdinin nəticəsidir ki, suda bu qədər mikrob və kanalizasiya qalıqları var. Bundan başqa, bu su həftələrlə satılmadan açıq havada qalır, belə şəraitdə bu çənlərdə ilan-qurbağa əmələ gəlir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə öyrəndik ki, “Ümid” Humanitar və Sosial Dayaq Mərkəzinin quraşdırdığı su təmizləyici qurğuların istismarı üçün müvafiq sənədlər, dövlət ekoloji ekspertizasından keçirilməsi məqsədi ilə nazirliyə təqdim olunmayıb.
Müqayisəsi sizdən...
Səfər zamanı hökumətin xətti ilə quraşdırılan su təmizləyici qurğular və bu avadanlıqlarda təmizlənən sulardan yararlanan kənd sakinlərinin də fikirlərini öyrəndik.
Yolumuzu Kürdəmirin iri yaşayış məskənlərindən biri olan Şıxımlı kəndindən saldıq. Əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün bu kənddə, Cənubi Koreyanın “Hyundai” şirkətinin istehsal etdiyi ən müasir osmos texnologiyalı su təmizləyici qurğu quraşdırılıb. Kilometrlərlə boru vasitəsilə şəbəkədə birləşdirilmiş 10 supaylayıcı məntəqədən ibarət şəbəkə kəndin yerləşmə sxemindən asılı olaraq qurulub və hər bulaqda 2 ədəd kran qoyulub. Demək olar ki, indi bu kənddə hər küçəyə içməli su gəlir və əhali həmin təmiz sudan istifadə edə bilir. Ən əsası isə odur ki, nazirlik tərəfindən qurulan qurğularda təmizlənən su əhaliyə pulsuz verilir.
Sonra Sabirabadın Həşimxanlı kəndində olduq. Bu kənd də tarixən içməli sudan əziyyət çəkən yaşayış məntəqələrindəndir. Burada da analoji vəziyyətlə qarşılaşırıq. Kənd sakini Hacı Zeynalov bildirir ki, əhalinin içməli suya olan tələbatı hökumət tərəfindən qəsəbədə quraşdırılmış su təmizləyici qurğunun köməkliyi ilə həllini tapıb. Su təmizləyici qurğudan çıxan su şəbəkə vasitəsilə kəndin bütün küçələrini əhatə edir.
Təxminən eyni istiqamətdə yerləşən Saatlının Qıraqlı kəndindəki vəziyyətlə də maraqlandıq. Yerli sakinlər arasında içməli su təchizatının qaneedici olub-olmaması barədə keçirdiyimiz sorğuda müsbət ifadələr eşitdik. Sakinlər “Bizdə quraşdırılan o bulaqlardan çox təmiz su gəlir, şikayətimiz yoxdur” söylədilər.
Qeyd edək ki, bu kənddə quraşdırılmış su təmizləyici qurğu İsrail istehsalıdır. Təmizlənmiş su kəndin müxtəlif yerlərində inşa edilmiş, kilometrlərlə boru vasitəsilə şəbəkədə birləşdirilmiş 14 supaylayıcı məntəqə vasitəsilə əhaliyə çatdırılır. Kənd sakinlərinin dediyinə görə, 2008-ci ildə istifadəyə verilən qurğu bir dəfə də olsun fəaliyyətini dayandırmayıb.
Mütəxəssislərdə öyrəndik ki, bu tipli su təmizləyici qurğularda suyun təmizlənməsi bir neçə mərhələdə həyata keçirilir. Çirkli su təmizlənməsi üçün çökdürmə, lil və qum, aktiv kömür, ionlaşdırıcı filtrlərdən, osmos membranlarından keçməklə kimyəvi və bioloji təmizləmə və ya ozonlaşdırıcı sistemdən ötürülür. Bundan sonra zərərsizləşdirmə mərhələlərindən keçir.
Qeyd edək ki, hökumət tərəfindən quraşdırılan su təmizləyici qurğulara nəzarət məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nəzdində “Kür və Araz boyu istifadə olunan içməli suyun ekoloji standartlarına nəzarət və təminat Mərkəzi” yaradılıb. Mərkəz tərəfindən su təmizləyici qurğuların normal fəaliyyətinin təmin olunmasına nəzarət olunur və qurğular müntəzəm olaraq ehtiyat hissələri və sərf materialları ilə (dezinfeksiyaedici, yuyucu və çökdürücü maddələr və s.) təchiz edilir, qurğularda yaranan problemlər operativ olaraq aradan qaldırılır, onların istismarına cəlb olunmuş işçilərə metodiki və texniki yardım göstərilir.
Öyrəndik ki, əvvəlcə bu su təmizləyici qurğular yerli bələdiyyələrin istismarında olub. Sonradan bələdiyyələr tərəfindən onların istismarında bir sıra problemlər yarandığını, yəni bələdiyyələr tərəfindən qurğuların istismarına cəlb edilmiş işçilərə əmək haqlarının verilməməsi, qurğularda istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməməsi və bu kimi digər problemlər nəzərə alınaraq, su təmizləyici qurğuların istismarı və onlara xidmət göstərilməsi Nazirlər Kabinetinin 30 iyul 239 s nömrəli sərəncamı ilə ETSN-ə verilib.
Olduğumuz bəzi kəndlərdə əhali daha çox bulağın olmasının və suyu evlərinə daha yaxın yerdən götürmək arzusunda olduqlarını bildiriblər.
Qurğuların işinə ictimai nəzarətin təmin olunması üçün qurğunun və bulaqların üzərində Nazirliyin qaynar xəttinin telefon nömrələri yazılıb. Amma nədənsə bəzi Kütləvi İnformasiya Vasitələrində bu məsələdə həqiqətə uyğun olmayan yazılar yer alıb. Həmin mətbuat orqanları yerində bu qurğularla tanış olmadan, yaxşını pisdən seçmədən mülahizələr irəli sürüb və görünür məqsəd əvvəlcədən elə dövlətin quraşdırdığı su təmizləyici qurğuları tənqid etmək olub.
Normativlərə uyğun su təmizləyici qurğular
ETSN-in quraşdırdığı qurğular gücündən asılı olaraq 7-18 mərhələdən ibarət sistemdə təmizlənir. Su mənbədən götürüləndən əhaliyə çatdırılana qədər qapalı sistemdə olur. Yəni su mənbədən dalğıc nasosla ilkin çökdürmə çəninə, sonra xam su çəninə, oradan filtrlərə və təmiz su çəninə, son olaraq su paylayıcı şəbəkə vasitəsilə bulaqlara verilənə qədər ətraf mühitlə əlaqəsi olmur. Yəni təmizləmə və paylama prosesində suya kənar müdaxilə və çirklənmə halları baş vermir. Çünki hökumətin quraşdırdığı qurğularda suyun təmizlənərək bulaqlara ötürülməsi 3 avtonom rejimdə həyata keçirilir. 1-ci, nasos vasitəsilə su xam su çəninə vurulur, 2-ci, xam su çənindən su ikinci nasos vasitəsilə filtrlərdən keçməklə təmiz su çəninə ötürülür və nəhayət, təmiz su hidrofor nasosla supaylayıcı məntəqələrə vurularaq çətin və mürəkkəb bir prosesdən keçir. Koreya qurğuları qurulmuş 67 kənddə əlavə olaraq 4-cü nasos vasitəsilə su osmos membran filtrlərinə vurulur.
Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Məhəmmədhüseyn Müslümov Lent.az-a açıqlamasında deyib ki, prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 2007-2009-cu illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 12 rayonun 122 kəndində modul tipli su təmizləyici qurğular quraşdırılıb və bu kəndlərdə yaşayan 220 mindən artıq əhali içməli su ilə təmin edilib. İndiyədək 141 kənddə quraşdırılmış su təmizləyici qurğunun 53 ədədi Almaniya, İtaliya, Belçika, ABŞ texnologiyaları əsasında Türkiyədə modulda yığılıb, 67 ədədi Cənubi Koreya istehsalı olan, osmos membranlı texnologiya ilə təchiz edilib, 21-i isə yerli şəraitdə etibarlılığı və dözümlülüyü ilə seçilən İsrail istehsalı olan qurğulardır. Hazırda bir çox rayonların 44 kəndində İsrail istehsalı olan qurğuların quraşdırılması işləri davam etdirilir.
Qurğular neçəyə başa gəlir?
Bəzi mətbuat orqanlarında “Ümid” şirkətinin quraşdırdığı qurğuları hökumət xətti ilə qoyulan qurğularla müqayisə edilir, “Ümid” şirkətinin qurğularının keyfiyyətli və ya 3-4 dəfə ucuz olması iddiaları irəli sürülür. Biz də həqiqəti ortaya çıxarma üçün müqayisə aparmağa qərar verdik.
Yazılır ki, “Ümid”in quraşdırdığı qurğu 89 min manata (“Ümid”in özünə istinadən), hökumətin quraşdırdığı qurğu isə mətbuatın yazdığına görə, orta hesabla 127 min manata başa gəlib. Nəzərə alsaq ki, “Ümid” təşkilatının quraşdırdığı qurğular çox sadə olan su təmizləyici məntəqədən ibarətdir, onda bu qurğulara 89 min manatın xərclənməsi də şübhə doğurur.
Çünki bu təmizləyicilərdə həm filtrlər azdır və standartlar səviyyəsində deyil, ən əsası isə qurğuların supaylayıcı şəbəkələri ümumiyyətlə yoxdur.
Hökumətin gördüyü işlərə baxsaq, 100 kilometrlərlə ölçülən borulama işləri və müvafiq həcmdə dəmir-beton özüllərin, subölüşdürücü məntəqələrin inşası, qapalı çökdürücü çənlərin quraşdırılması, elektrik xətlərinin çəkilməsi, qurğuların və subölüşdürücü məntəqələrin ətrafının hasarlanması və 1500-dən çox ərazinin abadlaşdırılması işləri aparılıb, yüzlərlə hidrofor nasoslar və elektrik tənzimləyiciləri alınıb.
Belə müqayisə göstərir ki, daha mükəmməl, öz işinin öhdəsindən yaxşı gələn, xaricdə hazırlanmış (bəziləri üçün konteynerlər yerində hazırlandığı barədə bizə məlumat verdilər, bunun da qiymətə ciddi təsir etmədiyi nəzərə alınaraq kompleks halında xaricdən gətirilməsi üzərində dayanılıb) və hökumət tərəfindən qurulan qurğuların orta qiyməti bizim hesablamamıza görə, 50-55 min manata başa gəlir. Qalan vəsait isə qurğular üçün dəmir beton özüllər, kəndlərdə gördüyümüz 100 kilometrlərlə su boru xətləri, 1500-dən çox bulaq komplekslərinin tikilməsi və s. infrastruktura yönəldilib.
Nəyi nə ilə müqayisə edirik?
Müqayisə obyektiv olsun deyə məhdud sistemi geniş sistemlə tutuşdurmayaq. Gəlin təmizləyici qurğunu təmizləyici qurğu ilə tutuşduraq. Onda görərik ki, “Umid”in qurduğu bəsit və buna görə də təbii ki, suyu təmizləmək vəzifəsinin öhdəsindən gələ bilməyən qurğu (sutkada 20-40 kubmetr su təmizləmək gücündə) təxminən 89 min manata başa gəlib, hökumətin qurduğu, gündə ən azı 20, ən çoxu isə 130 kubmetr su təmizləmək gücünə malik qurğular isə (yəni “Umid”in qurduğundan 3-4 dəfə böyük) 50-55 min manata başa gəlib. Qalan vəsait isə, yuxarıda qeyd olunduğu kimi, qurğular üçün dəmir beton özüllər, kəndlərdə gördüyümüz 100 kilometrlərlə su boru xətləri, 1500-dən çox bulaq komplekslərinin tikilməsi və s. infrastruktura yönəldilmişdir. Yerlərdə baxış göstərir ki, bu qurğular doğrudan da suyu keyfiyyətli təmizləyir.
Yeri gəlmişkən, belə təmizləyici qurğuların qiyməti ilə maraqlandıq, internetə baxdıq. Müxtəlif ölkələrdə (Türkiyə, Koreya, İsrail, Rusiya, Böyük Britaniya və digər) istehsal olunan müvafiq güc və keyfiyyətə malik qurğuların qiyməti 40-150 min manat arasında dəyişir. “Ümid” təşkilatının quraşdırdığı avadanlıq isə Azərbaycan bazarında kifayət qədər geniş təmsil olunub və onların maksimal qiyməti hər bir kənd üçün 3-5 min manatı keçmir. Görünür, qalan məbləğə də ilan-qurbağa üçün “qiymətli” hovuz tikilib.
Mətbuatda o fikir də səsləndirilib ki, “Ümid” şirkətinin qurğuları xaricdən gətirilib (görünür, belə yanlış fikrə gəlməyə BP şirkətinin adının sponsorlar siyahısında çəkilməsi olub, halbuki aydınlaşdırılıb ki, bu vəsait elə Azərbaycanın vəsaitidir), hökumətin quraşdırdığı qurğular isə guya Azərbaycanda yığılıb. Lakin araşdırma bunun tam əksini ortaya çıxardı. “Ümid” şirkətinin qurduğu qurğunun bütün elementləri, yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda mövcuddur. Hökumətin qurduğu qurğuların isə hamısının xaricdən hazır alındığı aydın görünür.
Bu da müqayisə. Nəticə göz qabağındadır: “Umid”in çox sadə və faktiki olaraq heç nə təmizləməyən qurğuları hökumətin quraşdırdığı qurğulardan dəfələrlə bahadır.
Qeyd: Kənd sakinlərindən eşitdiyimə görə, gələcəkdə hökumətin quraşdırdığı qurğuların istismar xərcləri müvafiq kəndlərin bələdiyyələrinin hesabına olarsa belə, onda bu qurğularda alınan su əhaliyə “Ümid” təşkilatının satdığı sudan 20-40 dəfə ucuz qiymətə çatdırılacaq.
Ramil Məmmədli