Cəsarət simvolu!
31 avqust 2010 11:54 (UTC +04:00)

Cəsarət simvolu!

Cənnətlə Müjdələnən QADIN!

“Cənnət qadınlarının ən üstünləri Xədicə bint Hüveylid, Fatimə bint Məhəmməd, Məryəm bint İmran, Fironun zövcəsi Asiyə bint Məzahimdir.”

Hədisi-şərif


Millət vəkili Qənirə Paşayeva

Dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bu müqəddəs qadın haqqında böyük hörmətlə danışır!

İnsanların neçə əsrlərdir hörmətlə yad etdiyi Hz. Asiyə kim idi və nə üçün o bu gün də hörmət və məhəbbətlə yad edilir?


Asiyə, Allahın lənətlədiyi Fironun sarayında Hz. Musanı yetişdirən, onu göz bəbəyi kimi qoruyaraq, zalımların şahı olan ərinin (Fironun) bəlalarından mühafizə edən bir sevimli Allah bəndəsi idi. Hz. Musaya peyğəmbərlik verilən kimi, ona iman edən ilk insan da o oldu, Peyğəmbərə gizlincə iman etdi və Fironu qəlbində lənətlədi, iman etdiyi aşkar olanda isə canından keçdi, ancaq imanından dönmədi!.. O, İslam Peyğəmbərinin – Allahın sonuncu elçisinin Cənnətlə müjdələdiyi, “Quran”da da təriflənən, ismət və səbr timsalı olan çox dəyərli qadındır! O adı, cəsarəti, iman eşqi min illərin o üzündən günümüzə gələn, Sabaha gedən Hz. Asiyədir!..

O, bir Peyğəmbəri qorudu,
bir Peyğəmbər tərəfindən isə müjdələndi


Asiyə, öz qövmünün seçilmiş və ən ləyaqətli qadınlarından biriydi. Yusif əleyhissalamın vaxtında Misir Sultanı olan və Hz. Yusifə iman edən Reyyan ibni-Vəlidin nəslindən idi.

Yaşadığı dövrdə Misirin ən məşhur qadını olan Hz. Asiyə bu tarixi ölkənin zalım və qan içən imperatoru, zülm və ədalətsizlikləri bü günə qədər də lənətlənən Fironun həyat yoldaşı idi. Firon da Babil hökmdarı Nəmrud kimi Tanrılıq iddiasında idi. Fironun mənfur, xeyirsiz və yaramaz adam olmasının əksinə Hz. Asiyə təmizlik, dürüstlük, iffət və əsilət timsalı idi.

Dinlər tarixi baxımından böyük önəm daşıyan Hz. Asiyənin həyatının ilk dövrləri haqqında kifayət qədər yazılı qaynaq yoxdur. Buna baxmayaraq, müqəddəs mətnləri tədqiq edərkən, bu dəyərli qadının həyatı haqqında bəzi məlumatlar əldə etmək mümkün olmuşdur.

“Quran”da “Fironun zövcəsi” kimi yad edilən Hz. Asiyənin adı hədislərdə açıqca bildirilmişdir. Tarix və təfsir qaynaqlarında isə onun adı “Asiyə bint Məzahim ibni-Übeyd ibni-Reyyan ibni-Vəlid” kimi çəkilir. Asiyənin ulu babalarından olan Vəlid Hz. Yusifin dövründə Misir sultanı idi.

Misir zalım Fironun zülmü altında əzilərkən, Asiyənin qismətinə Fironun zövcəsi olmaq kimi bir bəxtsizlik düşmüşdü. Firon, özündən əvvəlki zalımlar kimi, tanrı olduğunu iddia edir və bütpərəstliyi himayə edirdi. “Quran”da bu həqiqətə belə işarə edilir: “Dedi ki: Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!” (“Naziat” surəsi, 24). Bunun müqabilində Asiyə, əsaləti və mərhəməti ilə diqqəti cəlb edirdi. Əri insanlara zülm edərkən, Asiyə ürəklərə su səpirdi. O, heç zaman ərinin etdiyi zülm və haqsızlıqları müdafiə etmir, onun tərəfində dayanmırdı. Xalq tərəfindən “Nil Kraliçası” adlandırılan Asiyə, ərinin pisliklərinə baxmayaraq, iman etmiş bir qadın idi.

Firon xüsusən İsrail oğullarına çox əziyyət verirdi. Allah, onları bu zülmdən xilas etmək üçün Hz. Musanı göndərəcəkdi – Firon bunu yuxuda görmüşdü. Yuxuda görmüşdü ki, Qüds istiqamətindən gələn alovlar Misirə çatır və Fironun sarayını yandırıb külə döndərir. Fəqət bu alovlar ancaq Fironun soyundan olan qibtilərə zərər verirdi, İsrail oğulları isə xilas olurdular. Qan-tər içində yuxudan oyanan Firon, münəccimləri çağırıb əmr edir ki, onun yuxusunu yozsunlar. Yuxunun yozumu Firon üçün çox qorxunc idi: “Yaxın zamanda İsrail oğullarından bir uşaq doğulacaq. O uşaq misirlilərin həlak olmasına, sənin taxt-tacının da yerlə yeksan olmasına səbəb olacaq.”

Bunu eşidən Fironun gözünə yuxu getmir. O, qorxu və hiddət içində ağlasığmaz bir qərara gəlir: əmr edir ki, İsrail oğullarının soyundan doğulan bütün oğlan uşaqları öldürülsün. Bu hadisə “Quran”da belə ifadə olunur: “Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. Onların arasından olan bir tayfanı gücsüz görüb onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi!” (“əl-Qəsəs” surəsi, 4).

Ancaq Hz. Asiyə həyat yoldaşının bu vəhşiliklərinə biganə qalmır və onu dəstəkləmirdi. Musa bax belə bir şəraitdə doğulmuşdu. Oğlunun, Fironun qurbanı olacağından qorxan ana nə edəcəyini bilmirdi. Fəqət Allah, onun qəlbinə rahatlıq verdi, vəhy vasitəsilə, onu qorxudan uzaqlaşdırdı. Bu hadisə “Quran”da belə nəql edilir: “Biz Musanın anasına ‘Onu əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik!’ – deyə bildirdik.” (“əl-Qəsəs” surəsi, 7).

Qadın deyiləni elədi. Ərinin zalımlığına daxilən lənətlər yağdıran Asiyə tam o aralarda sarayda öz otağında oturub Nili seyr edirdi. Nil çayının ortasında batıb-çıxaraq özbaşına üzən sandığa oxşar bir əşya onun diqqətini cəlb edir. Asiyə keşikçilərinə və qulluqçularına əmr edir ki, sandığı tutub onun yanına gətirsinlər. Sandıqdan çox şirin bir oğlan uşağı çıxır. Bu uşaq, gələcəkdə peyğəmbərliklə şərəflənəcək və Fironun zülm imperiyasını yerlə-yeksan edəcək Musa idi…

Uşağı Asiyənin yanına gətirirlər. Asiyə, bunun, övladını Fironun cəlladlarından xilas etməyə çalışan bir ananın işi olduğunu başa düşür. O, uşağı himayə etmək qərarına gəlir və bunun üçün bütün çətinliklərlə üzləşməyi göz önündə tutur. Firon hiddətdən dəli olmaq həddinə gəlib, uşağı öldürməyi əmr etsə də, Hz. Asiyə var gücü ilə ona qarşı çıxıb, onu fikrindən daşındırmağa nail olur.

“Bu uşaq həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” (“əl-Qəsəs” surəsi, 9) deyən Hz.Asiyə, ərini razı salır.

Beləliklə, Asiyə səhrada bir qızılgül yetişdirməyə başladı. Digər tərəfdən, Musanın böyük bacısı Məryəm, sahil boyunca sandığı izləmiş və hər şeyə şahid olmuşdu. O, gördüklərini anasına danışdı. Uşağın həyatı xilas olmuşdu, ancaq indi də ona bir süd anası tapmaq lazım idi. Çünki uşaq heç kimin südünü əmmirdi. Məryəm, Asiyənin hüzuruna çıxaraq belə dedi: “Sizin üçün o uşağa süd verməyi təmin edəcək, həm də ona qarşı xeyirxah olacaq bir ailəni nişan verimmi?” (“əl-Qəsəs” surəsi, 12). Beləliklə, Məryəm, qardaşının anasının südünü əmərək, onun yanında böyüməsinə nail oldu. Bu da bir möcüzə idi. Hz. Musa, Asiyənin himayəsində, öz anasının südünü əmərək böyüdü, gücləndi.

Hz. Asiyə özünü “tanrıların tanrısı” elan edən Fironun zövcəsi olsa da, bir olan Allaha iman edirdi. Bir peyğəmbəri (Hz. Musanı) qoruyub saxlayan Asiyə, başqa bir peyğəmbər (İslam Peyğəmbəri) tərəfindən təriflənmiş, sonuncu müqəddəs kitabda (“Quran”da) isə mədh edilmişdir.

Cəsarət simvolu

Artıq yuxarıda qeyd etdiyimiz kimi Hz. Musaya peyğəmbərlik veriləndə, ona iman edən ilk şəxs şərəfli qadın Hz. Asiyə oldu. İman etdi, ancaq imanını qəlbində saxladı, ərindən gizlətdi. Fəqət elə bir vaxt gəlib çatdı ki, onun qəlbində saxladığı imanı gizlətmək artıq mümkün olmadı. Bir dəfə Firon iman edənlərə necə işgəncələr verdiyini böyük zövqlə danışarkən, Asiyənin verdiyi mənfi reaksiyadan hər şeyi başa düşdü.

O, Fironun qarşısında durub qətiyyətlə dedi: “Ey Firon! Nə vaxta qədər qəflət yuxusunda qalacaq və Allahın həqiqi bəndələrini yandıracaqsan?” Firon dedi: “Mənim allahlığıma səndəmi şəkk edirsən?!”

Asiyə dedi: “Bəyəm mənim sənin allahlığına etiqadım var idi ki, bu gün də şəkk edəm? Mən Musanı Nil çayından götürdüyüm gündən onun peyğəmbərliyinə etiqadlı olmuşam. Buna görə də bacardığım qədər onu qorudum”. Firon Asiyənin ağır cavabından elə narahat oldu ki, qəzəblə qışqırdı: “Ey Asiyə! Səni elə öldürəcəm ki, indiyə kimi heç kəsi belə öldürməmişəm”.

Firon qəzəbdən titrəyirdi. O özü “tanrılar tanrısı” “ola-ola”, arvadının Allaha iman etməsini qəbul eləyə bilmirdi! Asiyəni yolundan döndərmək üçün dil tökdü, müxtəlif hiylələrə əl atdı, təhdid etdi. Ancaq bunların heç bir təsiri olmadı. Asiyə bütün varlığı ilə Allaha inanmışdı!..

Asiyənin varlığında kainatı yaradan, dağları, ovaları, dənizləri, dərələri, təpələri, ormanları… bir sözlə, hər şeyi yoxdan var edən, yerin və göyün sahibi Allaha iman və Musanın söylədiklərinə tam inamdan başqa bir şey yox idi. Nə Firondan zərrə qədər qorxurdu, nə də bir cəllad ruhlu dinsiz qatilin həyat yoldaşı olduğuna görə, böyük Nilin yeganə kraliçası olmasına sevinirdi...

Onun düşüncəsi sadəcə bir şeylə məşğul idi: Fironun da onun kimi Allah Təalaya inanması və xalqa zülm, işgəncə verməkdən əl çəkməsi. Ancaq Firon artıq dönüşü olmayan yolda idi…

İlahilik iddiasında olan və özündən üstün heç bir varlığı, ünvanı qəbul etməyən Firon isə təhdidlərini daha da artırırdı. Buna baxmayaraq Asiyə Firona güzəştə getmir, əksinə, ərinin təzyiqləri qarşısında Allaha imanı daha da artır; oğulluğa götürdüyü Hz. Musanın arxasınca getmək arzusu daha da qüvvətlənirdi.

Asiyə üçün son qərar anı gəlib çatmışdı. Firon, bütün Misir xalqını özünə tapınmağa məcbur etdiyi halda, arvadının “başqa birinə” tapınmasına dözə bilmirdi. O Asiyənin qarşısına belə bir şərt qoydu: “Ya ərinə tapınaraq öncəki kimi ‘Nil kraliçası’ olacaq, dəbdəbəli həyat sürəcəksən, ya da Allaha iman etməyin cəzasını görəcəksən.”

Asiyə heç tərəddüd eləmədi. O, çoxdan öz qərarını müəyyənləşdirmişdi. Onun gözəl qəlbində ancaq Allaha və Allahın müqəddəs peyğəmbəri Hz. Musaya yer var idi.

Allaha təslim olmuş könül

Düz yoldan çıxmış Firon, Asiyənin Yer üzünün cəh-cəlalı ilə təmin etsə də, onun qəlbində özünə yer tapa bilməmişdi. Asiyəni yolundan döndərməyin mümkün olmadığını görən Firon, nəhayət onun öldürülməsini əmr etdi.

Fironun əmri ilə Asiyəni yerə uzadıb əl-ayağını dörd mıxa bağladılar və sinəsinə böyük daş parçası qoydular (bəzi qaynaqlara görə, Firon Asiyənin yerə çaxılan payalara əllərindən və ayaqlarından bağlanmağını əmr edir). Firon Asiyənin belə bir dözülməz duruma saldıqdan sonra ona dedi: “Ey Asiyə, Musanın Allahına de ki, səni bu işgəncələrdən qurtarsın”. Asiyə işgəncə altında çox narahat idi. Bu xəbər Musaya (ə) çatdı. Musa (ə) Allaha ərz etdi: “Ya, Rəbbim! Asiyə üçün can verməyi asanlaşdır”. “Quran”ın (“ət-Təhrim” surəsi, ayə 11) buyurduğuna görə, Asiyə deyirdi: “Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Firondan və onun zalım qövmündən xilas et”.

Allah Asiyənin məqamını ona göstərdi və ruhunu gücləndirdi. O, behişt nemətlərindən yeyir və içirdi. Asiyə bunları gördükdən sonra sevindi və göz yaşı təbəssümə döndü. Firon təəccüblə dedi: “Həyat yoldaşım dəli olub. O belə bir vəziyyətdə gülür və boş yerə özünü ölümə verib!” Cəsur və imanlı qadın dedi: “And olsun Allaha! Dəli olmamışam. Əksinə, öz yerimi Cənnətdə görürəm”.

...O, elə həmin halda Allahının görüşünə tələsdi və şəhid oldu. Asiyəyə qızmar günəş altında işgəncə veriləndə, mələklər sıraya düzülüb günəşin qabağında duraraq ona kölgə saldılar. O, Cənnətin ən yaxşı qadınları və tarixin dörd ən yaxşı nümunəvi xanımından (Asiyə, Məryəm (ə), Xədicə (ə) və Fatimə (ə)) birinə çevrildi.

Uzun müddət işgəncələrə məruz qalan müqəddəs qadın, nəhayət, başı böyük bir daşla əzilərək şəhid edildi. O iztirablı anlarda Asiyə, Allahı zikr etməkdən əl çəkmədi.

Hz. Asiyə dəbdəbəli həyatı və şirki seçərək canını qurtara bilərdi, fəqət o, imanı uğrunda ölümdən çəkinmədi. Firon isə, özündən sonra lənətli bir ad qoyaraq zəlil olub getdi.

Cənnətlə müjdələnən Hz. Asiyənin adı dünya durduqca imanlıların (inanclıların!) dilindən düşməyəcək.

Bəli,

- Hz. Asiyə azadlığın bir simvoludur.
- Hz. Asiyə cəsarətin, qorxusuzluğun örnəyidir.
- Hz. Asiyə zalımların zülmünü üzlərinə hayqıra bilmənin adıdır.
- Hz. Asiyə bir sevdadır, eşqdir. O bir dəyərdir. – Bir qulun Yaradanına olan sevdası, Yer üzündəki bəndənin Rəbbinə olan sonsuz məhəbbətidir.

Bəli,

Hz. Asiyə yüzillərin keçməsinə baxmayaraq bu gün də bütün qadınlıq üçün ən gözəl örnəklərdən biridir!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359

Oxşar yazılar