Dəhşət: bir ildə 28 min qətl... - ARAŞDIRMA
10 dekabr 2012 18:04 (UTC +04:00)

Dəhşət: bir ildə 28 min qətl... - ARAŞDIRMA

Yaxın vaxtlarda Azərbaycanın demoqrafiya siyasətində ciddi dəyişikliklərin şahidi ola bilərik. Belə ki, müvafiq dövlət qurumları yeni demoqrafik hədəfləri özündə əks etdirən xüsusi konsepsiya hazırlayıb. Buraya ana və uşaq ölümünün azaldılmasından, çoxuşaqlı ailələrə dövlət qayğısının artırılmasından tutmuş, abortun qadağan edilməsinədək kompleks tədbirlər daxildir. Hətta sovet dövründə çoxuşaqlı analara verilən “Qəhrəman ana” adının bərpası da proqnozlaşdırılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanan konsepsiya artıq müvafiq qurumlar tərəfindən bəyənilib. Bir necə dövlət qurumunun normativ hüquqi aktlar əsasında hazırladığı layihənin əsas iştirakçılarından biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Çoxuşaqlı ailələrə üçün nəzərdə tutulan imtiyazlar, “Qəhrəman ana” adının bərpası, ana və uşaqların maddi təminatının yaxşılaşdırılmasına dair təklifləri də, məhz həmin qurum hazırlayıb. Komitənin hüquq şöbəsinin müdir müavini Elgün Səfərov bildirir ki, hələ sovet dövründə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə, digər ittifaq respublikalarından öndə olub. Onun sözlərinə görə, ötən əsrin 70-80-ci illərində əksər kənd rayonlarında 5-8 uşağı olan analar üstünlük təşkil edirdi. Hətta bəzi bölgələrdə 12-15 uşağın böyüdüyü ailələr də olub: “O dövrdə dövlət əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə avtomobil bağışlayır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verirdi. “Qəhrəman ana”lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından əvvəl təqaüdə çıxarılırdılar. Amma sonradan bu status ləğv olundu və nəticədə “çoxuşaqlı ailə” ifadəsi faktiki olaraq yoxa çıxdı. İndi əksər ailələrdə uşaqların sayı 2-dən artıq olmur. İkidən artıq uşağı olanlar maddi imkansızlıqdan daha çox şikayətlənir və uşaqların tələbatını qarşılamaqda çətinlik çəkirlər”.

Xatırladaq ki, Azərbaycanda ən böyük çoxuşaqlı ailə ötən əsrin 80-ci illərində Lənkəran, Lerik və Biləsuvarda qeyd alınıb. Bu rayonlardan olan 3 “Qəhrəman ana”nın hər biri 17 uşaq dünyaya gətirib. Son 20 ildə Azərbaycanda çoxuşaqlı analar qeydə alınmayıb. Əgər 20 il öncə yalnız 8-12 uşağı olan qadınlar çoxuşaqlı analar kateqoriyasına daxil edilirdisə, indi 4-5 uşaq dünyaya gətirənlər bu statusun qeyri-rəsmi daşıyıcısıdır. Üstəlik, ötən əsrin 80-ci illərində nəsilvermə qabiliyyətinə malik qadınlar 35, 40, bəzən hətta 50 yaşlarında da dünyaya uşaq gətirirdilərsə, indi 35 yaşı ötən qadınlar bundan imtina edirlər. Son 20 ildə Azərbaycanda qadınların nəsilvermə əmsalının aşağı düşdüyünü rəsmi statistika da təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə isə, hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür.

Dövlət Komitəsində hesab edirlər ki, Azərbaycanda demoqrafik vəziyyəti əvvəlki inkişaf səviyyəsinə gətirmək mümkündür. Bunun üçün hökumət yeni demoqrafik hədəflər müəyyən etməli və həmin hədəflərə çatmaqdan ötrü özünün inkişaf konsepsiyasını hazırlamalıdır. Elgün Səfərov bildirir ki, bu konsepsiyanın əsasını təşkil edən təkliflərin təkmilləşdirilməsi və daha konkret tədbirlərin həyata keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyi olmaqla Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Milli Məclis və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə çalışmalıdır: “Bizim hazırladığımız layihələr kompleks tədbirləri nəzərdə tutur. Bu tədbirlər İqtisadi İnkişaf Nazirliyinin, yaxud Səhiyyə Nazirliyinin ciddi dəstəyi olmadan həyata keçirilə bilməz. İqtisadi İnkişaf Nazirliyi regional inkişaf proqramlarında demoqrafik vəziyyəti nəzərə almalı, indiki kriteriyalarla çoxuşaqlı hesab olunan ailələrə yönəlik imtiyazlar tətbiq etməlidir. Yaxud, Səhiyyə Nazirliyi ana və uşaqların sağlamlığının yaxşılaşdırılması üçün ciddi təminat yaratmalıdır. Elə bir mexanizm olmalıdır ki, hər bir ana daha çox uşaq dünyaya gətirməkdə maraqlı olsun”.

Komitə rəsmisi sadaladığı təkliflər arasında abortun qarşısının alınması məsələsi üzərində xüsusi dayanır və qeyd edir ki, hökumət bu problemin həllinə ciddi yanaşmasa, ölkədə demoqrafik vəziyyəti sağlamlaşdırmaq xeyli çətin olacaq.

Abort üçün 13 səbəb

Abort dində günah, sağlamlıq baxımından isə ziyanlı olduğundan bu, bir çox ölkələrdə qadağan edilir. Görünür elə bu səbəbdəndir ki, hazırda islam ölkələrinin bir çoxunda, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çili, Əfqanıstan, İran, İraq, Yəmən, hətta ABŞ-ın bir çox ştatlarında abort tamamilə qadağandır. Bu ölkələrdə isə abort daxili orqanlara qarşı cinayət sayılır. Dünyada qəbul edilmiş qaydalar, sosial göstəricilərə görə, hamiləliyin dayandırılması üzrə əməliyyat 22 həftə müddətinəcən həyata keçirilir. Bu zaman hamiləliyin dayandırılması üçün 13 səbəb göstərilməlidir. Bunlar qadının həyat yoldaşının ölümü, xəstəliyi, işsizlik, valideyn hüquqlarından məhrum edilmə və ya bu hüquqların məhdudlaşdırılması haqqında məhkəmənin qərarının mövcudluğu, zorlama nəticəsində hamiləliyin baş verməsi, qadının azadlıqdan məhrum olması, qadının həyat yoldaşının I-II qrup əlil olması və ya hamiləlik dövründə həyat yoldaşının vəfat etməsidir.

Ancaq bu məsələ hələ də dünyada əsas problemlərdən olaraq qalır. Dünya Səhiyyə Təşkilatı da abortun fəsadları ilə bağlı həyəcan təbili çalır. Təşkilatın hesablamalarına görə, bu gedişlə 20-30 ildən sonra kişilər evlənməyə qız tapmayacaqlar. Səbəb, hələ doğulmamış qız uşaqlarının abort edilərək məhv edilməsidir. Uzun müddətdir Türkiyə mətbuatını zəbt edən bu məsələ Azərbaycanda da müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, BMT-nin insan hüquqları və sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi Azərbaycana səfərlərinin birində ölkəmizdə abortun çoxluğundan narahatlığını ifadə etmişdi. O, Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanda abortun dünyadakı ən yüksək göstəricilərdən olduğunu demişdi: “Azərbaycanda cinsi və reproduktiv sağlamlıq hüququnun yerinə yetirilməsinin sürəti də narahatlıq doğurur. Ölkədə abort dərəcəsi dünyada müşahidə edilən ən yüksək göstəricilərdəndir. Bu sahədəki problemlərin yaranmasının səbəbi həkimlərin aldıqları aşağı əmək haqqıdır. Azərbaycanda cinsi və reproduktiv sağlamlıq hüququnun yerinə yetirilməsi ciddi məsələdir. Xüsusilə, abortun yüksək dərəcədə olması qəbuledilməzdir”.

Bir ildə 27 min 790 abort?

Beləliklə, Azərbaycanda da abortun ağır nəticələrinin demoqrafik vəziyyətə mənfi təsir göstərdiyi göz qabağındadır. Beynəlxalq səviyyəli ekspertlərin araşdırmalarına görə, Azərbaycan doğulmamış qız uşaqları cinsinə görə abortun ən çox yayıldığı ölkələrdəndir. Dünyada isə hər il 70 mindən artıq qadın, məhz abortun qurbanı olur. Dünya Səhiyyə Təşkilatı (DST) ekspertləri qeyd edirlər ki, abortdan sonrakı ciddi fəsadlar uzunmüddətli, xroniki xəstəliklərlə müşahidə edilir və bu da daha 5 milyon qadının təhlükə altında olduğunu deməyə əsas verir.

Xatırladaq ki, təkcə ötən il Azərbaycanda 27 min 790 qadın hamiləliyini süni şəkildə ləğv etdirib. Dövlət Statistika Komitəsinin hesablamaları da göstərir ki, ölkədə abortların sayı ildən ilə artır. Məsələn, 2003-cü ildə 16 min 912 abort qeydə alınmışdısa, 2010-da bu rəqəm 26 min 801 olub. Bir il ərzində daha min nəfər abort etdirməklə arzuolunmaz hamiləlikdən yaxa qurtarıb və bununla da analoji göstərici 28 minə çatıb. Bakı şəhəri üzrə bu rəqəm 9 il ərzində 4353-dən 11 min 434-ə yüksəlib.

Mövcud qanunvericiliyə görə, Azərbaycanda abort cinayət sayılmır. Belə ki, qanun abortun 6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionarda aparılmasına icazə verir. Amma ekspertlər hesab edirlər ki, bu qanun sovet dövründən qalma qanundur. “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” yeni qanun da hələlik Milli Məclisdə qəbul olunmayıb. Lakin son vaxtlar abortun Azərbaycanda da qadağan olunması məsələsi tez-tez ictimai müzakirəyə çıxarılır. Belə ki, ayrı-ayrı ekspertlər, millət vəkilləri hökuməti abortu qanunla qadağan etməyə çağırır. Elə Milli Məclisin sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli aborta qarşı qadağanın tərəfdarıdır. Onun fikrincə, aborta yalnız istisna hallarda, məsələn, dünyaya gələcək uşağın, yaxud da ananın hansısa ciddi xəstəliyi olduqda icazə verilməlidir: “Uşağın cinsinə görə abort edilməsi ciddi fəsadlarla müşahidə olunur. Dünyanın bir sıra ölkələrində, Çində, İranda abort qadağan olunub. Abort vəhşilik, insanın öldürülməsi, eyni zamanda insanların seksual tərbiyəsinin aşağı olmasıdır”.

Hadı Rəcəbli hesab edir ki, Azərbaycanda abortun qadağan edilməsi üçün hər şeydən əvvəl cəmiyyət buna hazır olmalıdır. Onun sözlərinə görə, abortun qadağan olunduğu bir çox ölkələrdə, məsələn, İranda “sterilizasiya” deyilən bir metod var və o metodun yerinə yetirilməsi ilə abortun qarşısı alınıb: “Azərbaycan cəmiyyəti buna hazır olmasa da, bu istiqamətdə müəyyən addımlar atmağa ehtiyac var. Gələcəkdə isə abortun qadağan olunması qanunvericilikdə öz əksini tapmalıdır”.

Doğum evləri və qadın məsləhətxanalarına tapşırıq

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə abortun Azərbaycanda qadağan edilməsinin gözlənilmədiyini bildirir. Onun sözlərinə görə, belə bir məsələ hələ ki müzakirə mövzusu deyil: “Türkiyədə hazırda da böyük qalmaqala səbəb olan abort qadağasından məlumatlıyıq. Ancaq nazirlikdə bununla bağlı heç bir müzakirə aparılmır. Abortun qadağan edilməsi Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olan məsələ deyil. Bu işlə məşğul olan təşkilatların öz aralarında belə müzakirələr aparması normal haldır və biz çoxluğun bəyəndiyi təklifləri dəstəkləyirik”.

O ki, qaldı son illər Azərbaycanda abortun kütləvi xarakter almasına, nazirlik rəsmisi deyir ki, onların əlində belə bir hesabat yoxdur. Səfayə Əhmədovanın fikrincə, vəziyyətin bu həddə çatacağı təqdirdə Səhiyyə Nazirliyi öz səlahiyyətləri çərçivəsində lazım olan tədbirləri görəcək: “Əvvəlki illərlə müqayisədə indi Azərbaycanda abortların sayı nisbətən azalıb. Nazirliyin tapşırıqlarına əsasən, abortların sayının azaldılması üçün doğum evləri və qadın məsləhətxanalarında maarifləndirmə işləri aparılır”.

Eltac İsazadə
# 1462

Oxşar yazılar