Vətənpərvərlərin “Hərbi and”ı
12 noyabr 2012 17:16 (UTC +04:00)

Vətənpərvərlərin “Hərbi and”ı

Kütləvi informasiya vasitələrinin bolluğu dövründə yenilik etmək, yeni yol müəyyənləşdirmək, öz ətrafında oxucu kütləsi toplamaq, oxucuların sevimlisinə çevrilmək kifayət qədər çətin məsələdir. İnkişaf etməkdə olan Azərbaycan cəmiyyətində KİV-lər sanki bir-birlərini təkrarlayırlar, informasiya siyasətləri isə bir-birindən ciddi şəkildə fərqlənmir. Belə sürətli informasiya axını bir çox hallarda milli-mənəvi varlığımızla ilgili məsələlərə baş qaldırıb baxmağa imkan vermir. Daha doğrusu, qəzet səhifələrində, internet saytlarında və s. həyatın sürəti o qədər intensivləşir ki, bəzən minillərdən süzülüb gələn, tariximizlə, milli-mənəvi dəyərlərimizlə, milli adət-ənənələrimizlə və s. ilə bağlı məqamlara səhifə ayırmaq, diqqət yetirmək mümkün olmur. Cəmiyyət bu günün problemləri ilə başını qatır, gündəmlə yaşayır, qəzet səhifələri isə müxtəlif maraqların müstəvisində gündəmi izləməkdən başqa yol görmür. Halbuki, minillərdir formalaşan, təkmilləşən, dəyişməyən dəyərlərin həyatın bütün sahələrində olduğu kimi, mətbuat sahəsində də qəzet səhifələrində də qorunub saxlanılmasına, təbliğ olunmasına böyük ehtiyac var. Qəzet bu günü əks etdirməklə yanaşı, həm də tarixi, milli-mənəvi dəyərləri gündəmə gətirməlidir. Bunu isə hər mətbuat orqanı bacarmır və ya maraq göstərmir.

Azərbaycanda hansı qəzetin loqosunda vətənpərvərlik sözü qeyd olunub? Təəssüf ki, çox vaxt bu məqama diqqət yetirilmir. Bəziləri üçün bu məqam kiçik görünsə də, gənc nəslin tərbiyəsində hava-su kimi lazım olan VƏTƏNPƏRVƏRLİYİN önə çəkilməsi müasir Azərbaycanın reallıqları baxımından vacibdir. “Hərbi and” bəlkə də ölkəmizdə yeganə qəzetdir ki, loqosunda “hərbi, hüquq və vətənpərvərlik” sözlərini yazıb. Elə ilk sözlərdən bu qəzetin xoş məqsəd və məramı aydın şəkildə görünür…

On il əvvəl, noyabr ayının 15-də səhifələri oxucuların üzünə açılan “Hərbi and” qəzeti mühüm bir missiyanı öz üzərinə götürüb. İlk müstəqil hərbi mətbuat nümunəsi kimi bu qəzetin ən böyük missiyası VƏTƏNPƏRVƏRLİK tərbiyəsidir. Gənclərin vətənə məhəbbət, düşmənə nifrət hissi ruhunda tərbiyə edilməsi, keşməkeşlərlə dolu şərəfli tariximizin, ömürləri səngərlərdə keçən igidlərin, MÜBARİZ əsgər və zabitlərimizin qəhrəmanlıqlarının təbliği bu qəzetin əsas amalı olub. Bir oxucu kimi qeyd etmək istəyirəm ki, 10 ildir ki, bu qəzetin hər bir informasiyasında vətənpərvərliyi təbliğ etmək, gənc vətənpərvər yetişdirmək missiyası açıq-aydın görünür, dönə-dönə təsdiqlənir. Bu qəzet ümumilli lider Heydər Əliyevin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi amalının özünün fəaliyyətində əsas prinsip kimi seçib. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təsis etdiyi “Hərbi and” qəzeti gündəmi vətənpərvərlik ruhunda əks etdirdiyi kimi, vətənpərvərlik tariximizi də daim müasir dövrün gündəminə gətirib. Fikrimcə, ən əsas diqqət yetiriləsi məsələlərdən biri “Hərbi and”ın gələcək tariximizə, gələcək nəsillərə bu günki gəncliyin vətənpərvərlik duyğusunu, ruhunu çatdırmasını dəyərləndirməkdən ibarətdir. Yuxarıda qeyd etdiyim kimi, müasir dövrün problemlərlə dolu informasiya məkanında bəzən vətənpərvər gənclərin səsi eşidilmir, “Hərbi and” isə müasir dövrün vətənpərvərlik ruhunu, vətənpərvərlik məktəbini, vətənpərvərlik düşüncələrini indi təbliğ etməklə yanaşı, bu ruhu gələcək nəsillərin ünvanına çatdırır.

Ötən 10 il ərzində özünün rəqabət imkanlarını artıran, onlayn rejimdə saytı (herbiand.az) fəaliyyət göstərən “Hərbi and” qəzetinin ən böyük missiyasından biri Azərbaycan Silahlı Qüvvələrinin təbliğidir. Xüsusilə vurğulamaq istəyirəm ki, ordunun təbliği vətənpərvərlik tərbiyəsinin ən mühüm elementlərindən biridir. Müstəqil mətbuatı orqanının bu missiyanı öz üzərinə götürməsi, Azərbaycanın vətənpərvərlik simvolu olan ordunun təbliği ilə məşğul olması cəmiyyətdə kifayət qədər maraqla qarşılanmışdı. İnsanlarımız gördü ki, müstəqil mətbuat orqanı ordunun təbliği ilə məşğul olur, vətənpərvərlik ideyalarını, vətənpərvər oğul və qızlarımızı cəmiyyətimizə, gənclərimizə tanıdır. Bu işin ardıcıl surətdə, sistemli, məqsədyönlü şəkildə davam etməsi “Hərbi and”ın vətənpərvər mövqeyini cəmiyyətdə daha möhkəmləndirib.

Düşmən və Azərbaycanı özünə rəqib sayan qüvvələr cəmiyyətimizin döyüş ruhunu sarsıtmaq, gələcəyə inamını puça çıxarmaq üçün ordunu, təhsili və s. sahələri hədəfə alır. Çox təəssüf ki, bəzən Silahlı Qüvvələrlə bağlı faktlar təhrif edilir, qərəzli, qəzəbli şəkildə cəmiyyətə təqdim olunur, Azərbaycanda ordu quruculuğuna zərbə vurmağa çalışılır. Hərbi-hüquqi qəzet olan “Hərbi and”ın ən böyük işlərindən biri ordu-cəmiyyət münasibətlərinin inkişafına çalışan TOHGMİB ilə Ordunun Dostları Mətbuat Klubunun yaratması və bu fəaliyyəti sistemli şəkildə dəstəkləməsi olub. ASQ-dən tərxis olunmuş gənc jurnalistlərin (əsgər və zabitlərin) fəaliyyətini koordinasiya edən ODMK bir sıra ciddi işlər həyata keçirib. ODMK-nin sistemli fəaliyyəti Azərbaycan Silahlı Qüvvələri haqqında düzgün, obyektiv rəyin formalaşmasında, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında ilk və uğurlu addım idi. On il əvvəl başlanılan bu işə yəqin ki, gələcəkdə daha düzgün qiymət veriləcək. Yəqin ki, gələcək tədqiqatçılar-tarixçilər, sosioloqlar, potiloqlar və s. cəmiyyət-ordu münasibətlərinin yenidən qurulması, inkişafı sahəsində “Hərbi and” qəzetinin başladığı işi vətəndaş cəmiyyətinin aktivliyinin, problemlərdən milli maraqlara uyğun çözüm yolları axtarmasının nümunəsi kimi öyrənəcək, araşdıracaqlar. Bəlkə də on ildir ki, görülən işlərin obyektiv qiymətini indi vermək çətindir. Çünki “Hərbi and”ın apardığı iş günü-gündən genişlənməkdə yeni forma və məzmun kəsb etməkdədir. Əgər ASQ-nin NATO stantartlarına uyğunlaşdığını, demokratik proseslər müstəvisində ordu-cəmiyyət münasibətlərinin təkmilləşdirilməsinin zəruriliyini nəzərə alsaq, görülmüş və görülməkdə olan işlərin bu günlə yanaşı, gələcəyə hesablandığını müəyyənləşdirmək mmükündür. “Hərbi and” bəzi beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının müzakirəyə çıxardığı ordu-cəmiyyət münasibətləri ilə bağlı hələ 10 il əvvəldən uğurlu işlər görməyə başlamışdı. Təxminən 6-7 il əvvəl bu fəaliyyət çərçivəsində jurnalistlərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin, ziyalıların cəbhə xəttinə, hərbi hissələrə getməsi görünməmiş hadisə idi. Çox sevindiricidir ki, “Hərbi and”ın ordu-cəmiyyət münasibətlərində başlatdığı bu hərəkat geniş əks-səda yaratdı, sonrakı mərhələdə Azərbaycanın müxtəlif təbəqələrinin eyni addımlar atmasına həvəsləndirdi. Düşmən səngəri ilə yaxın mövqelərə gedib xəbər hazırlayan, hərbi hissələrin vəziyyətini əsgər valideyinlərinin diqqətinə çatdıran jurnalistlərin hazırladıqları reportajlar, yazdıqları yazılar cəmiyyətdə böyük marağa səbəb olmalıydı və oldu. ODMK jurnalistlərin vətəndaş mövqeyindən çıxış etməsi təcrübəsini ortaya qoydu, həqiqətləri geniş oxucu kütləsinin diqqətinə çatdırdı. Həqiqət odur ki, Azərbaycan Silahlı Qüvvələri möhkəmləndikcə, gücləndiqcə düşmən qüvvələrin təxribat xarakterli informasiyalarının intensivliyi artır və bu qərəzli, spekulyant informasiyaların mahiyyətini açıb ortaya qoymaq hər bir vətənpərvər azərbaycanlıdan ayıq-sayıqlıq tələb edir. ODMK-nin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi rəhbərliyinin hərbi hissələrə səfəri, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ziyalıların görüşünün təşkili, çoxsaylı tədbirlər ordu və cəmiyyət arasında təmas qurmaq, mətbuatda bu münasibətlərin düzgün əks olumasına nail olmaq baxımından ciddi addımlar idi və məqsədyönlü işlər indi davam etdirilir.

“Hərbi and” qəzetinin Azərbaycan-Türkiyə dostluğunun, hərbi inkişafına verdiyi mənəvi dəstək, 15 sentyabrın Bakının işğaldan azad olunması günü kimi qeyd edilməsi ilə bağlı görülən işlər, TOHGMİB-nin Türkiyə səfirliyilə birgə silsilə tədbirlər təşkil etməsi, mətbuatda müsabiqə, uşaqlar arasında rəsm sərgisi, elmi-praktik konfranslar, bayram konserti, mini futbol turniri və s. tədbirlər cəmiyyətimizdə müstəqil mətbuatın, qeyri-hökumət təşkilatının vətənpərvərlik ideyasının təbliği baxımından yüksək qiymətləndirməlidir. “Hərbi And”ın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Qarabağda əlil olmuş gənclərin fiziki və mənəvi inkişafına dəstək” layihəsini həyata keçirməsini, “Vətən sevgisi” kitabının nəşrini də xüsusi qeyd etmək lazımdır. Görülən işləri sadalamaqla qurtaran deyil. “Hərbi and” tez-tez oxucularının görüşünə müxtəlif əlamətdar günlərlə bağlı xüsusi buraxılışlarla gəlir. Qəzet əməkdaşlarının Yeni Azərbaycan Partiyasının keçirdiyi yazı müsabiqələrində, respublika üzrə keçirilən yazı müsabiqələrində uğurları, Gənclər və İdman Nazirliyinin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının fəxri fərmanla təltif edilmələri qəzetin nüfuzunun və burada vətənpərvər insanların fəaliyyət göstərməsinin bir sübutudur. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin milli mətbuatımızın 135 illiyi münasibətilə imzaladığı sərəncama əsasən, qəzetin əməkdaşı Elnurə Qarayevanı “Tərəqqi” medalına layiq görülməyi böyük uğurdur. Bu daim gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasına böyük önəm verən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Hərbi and” qəzetinin kolloektivinə, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimaiyi Birliyinə, Ordunun Dostları Mətbuat Klubuna göstərdiyi yüksək etimadın gözəl nümunəsidir.

“Hərbi and” qəzetinin uğurlarından danışarkən bu qəzetin təsisçisi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, politoloq Emin Həsənlinin fəaliyyəti qabarıq şəkildə diqqəti cəlb edir. Ötən 10 il ərzində yuxarıdan sadaladığımız işlərin həyata keçməsində onun rolu danılmazdır. Məhz bu fəaliyyətin nəticəsidir ki, ATƏT-in Bakı Ofisinin təşəbbüsü, Azərbaycanda fəaliyyət göstərən hərbiyönümlü QHT-lərin iştirakı ilə aparılan davamlı müzakirələrin, keçirilən tədbirlərin yekun nəticəsi olaraq təsis 2009-cu il oktyabrın 22-də Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi İctimai Birliyi yaradılmış və mərkəzin rəhbəri Emin Həsənli seçildi. Əsas məqsədi Silahlı Qüvvələrimizdə əsas insan hüquq və azadlıqlarının müdafiəsi, hərbçilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət hakimiyyət orqanları ilə əməkdaşlıq etmək olan İctimai Birlik ASQ-də insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində ictimai fəallığın artırılmasına çalışır, bu sahədə mövcud problemləri araşdırır və qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir, KİV-lə sıx əməkdaşlıq edir, müvafiq monitorinqlər keçirir, o cümlədən hərbi mövzulu fəaliyyətlə bağlı ictimai müzakirələr təşkil edir. Dünyada, regionda, ölkəmizdə baş verən prosesləri öz fəaliyyətləri müstəvisində politoloji baxımdan təhlil edən, intensiv şəkildə mətbuatda, radio və televiziyalarda çıxış edən Emin Həsənli müsahibələrinin birində maraqlı fikir söyləyib: «Ordu bizimdir, orduya müxalif gözü ilə baxmaq olmaz. Ordu nə müxalifətin, nə iqtidarındır. Ordu Azərbaycan dövlətinin, bizimdir. Biz orduda tənqidi məsələlərə də sevərək yanaşmalıyıq, nifrət edərək yox…Biz məsələlərə yanaşanda Azərbaycanın yerləşdiyi regionu, Azərbaycan ordusunun hansı düşmən ordusu ilə üz-üzə olduğunu, həmin düşməni hansı qüvvələrin himayə etdiyini, bu gün də onu təcavüzkar kimi tanımadığını, ikili standartlardan yanaşdığını unutmamalıyıq”. Bu fikirlər əslində “Hərbi and”ın vətənpərvərliyə söykənən fəaliyyət fəlsəfəsidir…

Bəhmən Əliyev,
Tarix üzrə fəlsəfə doktoru
# 1973

Oxşar yazılar