Yarımçıq qalan bal yarmarkasının pərdəarxası sirri – ARAŞDIRMA
08 noyabr 2012 18:24 (UTC +04:00)

Yarımçıq qalan bal yarmarkasının pərdəarxası sirri – ARAŞDIRMA

Kənd Təsərrüfatı Nazirliyinin Bakıda təşkil etdiyi ənənəvi bal yarmarkası bu il çoxlu söz-söhbətlərlə yekunlaşdı. Hətta vəziyyət o yerə çatdı ki, bu il ilk dəfə olaraq yarmarkada bal satışı nəzərdə tutulduğu vaxtdan 6 gün əvvəl dayandırıldı. Belə ki, oktyabrın 17-dən başlayan yarmarka noyabrın 5-dək davam etməli olduğu halda, oktyabrın 29-da axşam saatlarında sahibkarlara məhsullarını yığışdırmaq tapşırığı verilib. Ertəsi gün isə yarmarkanın keçirildiyi “Laləndə” şadlıq sarayının qapıları bağlanıb, ərazidə polis nəzarəti gücləndirilib. Bununla da oktyabrın 30-dan bir nəfər də olsun, arıçı yarmarkanın keçirildiyi ünvana buraxılmayıb.

Nazirliyin rəsmi dəvəti əsasında yarmarkaya məhsul gətirən arıçılarla təşkilatçı tərəf arasında əsil qalmaqal da bundan sonra baş verib. Yarmarkanın yarımçıq dayandırılması ilə barışmaq istəməyən arıçılar böyük xərclər və əziyyətlər hesabına Bakıya gətirdikləri yüklə yenidən rayona qaytarmaqdansa, paytaxt küçələrində müştəri gəzib məhsulu dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, metronun “Gənclik” stansiyası yaxınlığında, “Laləndə” şadlıq sarayında təşkil olunan yarmarka oktyabrın 30-da səhər saatlarından yarımçıq dayandırılsa da, sahibkarların bir qismi əvvəlcədən elan edilmiş vaxtadək, noyabrın 5-dək elə yarmarkanın ətrafındakı küçələrdə gizli də olsa, bal satışını davam etdirib. Onlar ətrafda keşik çəkən polis əməkdaşlarından gözündən yayınaraq şəxsi avtomobillərinin yük yerindəki xüsusi qablarda saxladıqları bal üçün müştəri axtarıblar. Ötən bazar Lent.az-ın əməkdaşı yarmarkanın keçirildiyi ünvanda olarkən metronun “Gənclik” stansiyasından “Laləndə” şadlıq sarayına gedən küçədə yolboyu arıçıların açıq havada bal satdığının şahidi olub. Küçə ticarəti meydanında böyük bir ərazidə bal almaq istəyən müştərilərin isə ardı-arası kəsilmirdi. Hətta bəzi müştərilər yarmarkanın hələ də davam etdiyini güman edərək “Laləndə” şadlıq sarayına daxil olmaq üçün polis əməkdaşları ilə mübahisə etməkdən də çəkinmirdi.

Gözlənilməz bağlanış

Burada həmsöhbət olduğumuz arıçıların dediyinə görə, noyabrın 5-dək davam edən yarmarkanın yarımçıq dayandırılması barədə onlara oktyabrın 30-da rəsmi xəbərdarlıq olunub. Belə ki, həmin gün səhər saat 10.00-da Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov yarmarkanın keçirildiyi zala daxil olaraq mikrofonla arıçılara məhsullarını yığışdırıb getmələri barədə xəbərdarlıq edib. O, yarmarkanın yarımçıq dayandırılmasına səbəb ki, tədbirin təşkil edildiyi ünvanın prezidentin iqamətgahına yaxın olması ilə əlaqələndiriblər. Nazirlik rəsmisi deyib ki, yarmarkaya axının çox olması burada səs-küy yaratdığından “yuxarıdan gələn göstəriş” əsasında tədbiri yarımçıq dayandırmaq məcburiyyətindədir. Şöbə müdiri yarmarkanın nəzərdə tutulduğu vaxtdan tez yığışdırılmasının bir səbəbini də nazirliyin dəvəti əsasında sahibkarların Bakıya gətirdiyi balın satılıb qurtarması və keyfiyyətsiz, nəzarətdən kənar məhsulların gizli yollarla buraya daxil olması ilə izah edib.

Arıçılar deyirlər ki, Çingiz Fərəcovun bu xəbərdarlığından sonra “Laləndə” şadlıq sarayının rəhbərliyi və mühafizə məqsədilə əraziyə cəlb olunmuş polis əməkdaşlarının nəzarəti altında zal boşaldılıb. Bundan sonra məhsulunun bir hissəsini sata bilməyən arıçılar minik avtomobillərinin yük yerinə yığdıqları məhsulu ətraf küçələrdə satmaq istəyiblər. Ancaq polis əməkdaşları buna imkan vermədiyindən kimisi öz məhsulunu sizli şəkildə binaların tinində, kol dibində, ətraf məhəllələrdə satmaq məcburiyyətində qalıb.

Yarmarkadan küçə ticarətinə

Bal dolu bidonları avtomobillərin yük yerində, küçələrdə ağacların altında qoyub alıcı axtaran arıçılar deyirlər ki, oktyabrın 17-dən 30-dək hər gün “Laləndə” şadlıq sarayının sahibinə 55 manat icarə haqqı ödəyiblər. Şadlıq sarayından çıxarıldıqdan sonra isə küçə ticarəti vasitəsilə alış-verişi davam etdirmək üçün həmin icarə haqqını qeyri-rəsmi şəkildə polis əməkdaşlarına ödəyirlər. Məcid Müsayev adlı arıçı deyir ki, əvvəlcə yarmarkanın noyabrın 5-dək davam edəcəyi barədə ictimaiyyətə məlumatlar verildiyindən müştərilərin çoxu tədbirin yarımçıq dayandırılmasından xəbərsizdir. Bu səbəbdən də arıçıların çoxu nə qədər çətin olsa da, son günədək gözləmək məcburiyyətindədir: “Mənim özümün çoxlu müştərilərim var ki, əvvəlcədən zəng eləmişdilər ki, gəlib bal alacaqlar. Çünki şəhər həyatıdır, hamı öz işində-gücündə olur, müştərilərin çoxu yarmarkaya yalnız şənbə və bazar günləri gəlir. Ona görə də biz buralarda dayanıb öz müştərilərimizi gözləyirik”.

Bölgələrdən gətirdikləri balı küçələrdə satan arıçılarla söhbətdən məlum olur ki, əslində yarmarkanın yarımçıq dayandırılmasının səbəbi başqadır. Belə ki, satıcıların dediyinə görə, “Laləndə” şadlıq sarayının anbarında arıçıların balını oğurlayıblar. Bu isə sahibkarlarla şadlıq sarayının rəhbərliyi, eləcə də təşkilatçı tərəf arasında ciddi narazılıqlar olub. Hətta vəziyyət o yerə çatıb ki, oktyabrın 29-da axşam saatlarında yarmarka bağlanan ərəfədə “Laləndə” şadlıq sarayının əməkdaşları ilə arıçılar arasında dava düşüb. Arıçılar deyirlər ki, həmin gün hadisədən xəbər tutan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri dərhal məsələni araşdırıblar. Nəticə yarmarkaya dəvət olunmuş 200-ə yaxın arıçının hər birindən 2 kiloqrama qədər balın oğurlandığı təsdiqini tapıb. Bundan sonra sabahdan, yəni oktyabrın 30-dan zala girişin qadağan edildiyi və yarmarkanın yarımçıq dayandırılması barədə göstəriş verilib. Oktyabrın 30-da isə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin rəsmi xəbərdarlığı ilə yarmarkanın vaxtından əvvəl başa çatdığı elan edilib.

Yarım kiloqram analizə, bir kiloqram “pay”

Xatırladaq ki, builki yarmarkada 51 rayondan 197 arıçılıq təsərrüfatının məhsulları satışa çıxarılmışdı. Yarmarkaya Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyasında yoxlanılmaqla 107 ton bal, 45 kiloqram çiçək tozu, 1,5 kiloqram arı südü, təxminən 20 kiloqrama yaxın vərəmum gətirilmişdi. Balın 1 kiloqramının qiyməti isə 15 manata satılırdı. Yarmarkada iştirak edən hər bir arıçıdan 2 kiloqram bal oğurlandığı doğrudursa, bu, 400 kiloqram məhsul deməkdir. Bunu isə 15 manata vurduqda 3000 manat edir.

Bundan başqa, arıçılar deyirlər ki, balın analizi üçün hər sahibkardan 0,5 kiloqram bal götürülüb, 1 kiloqram məhsulu isə laboratoriyada analiz edən mütəxəssislər “pay” kimi alıb. Bunu sərgi-yarmarkada iştirak edənlərin sayına vursaq, təxminən 300 kiloqram bal edir. Belə çıxır ki, şadlıq sarayının anbarında oğurlanan, laborator analiz üçün götürülən və məhsulun tərkibini yoxlayanlara “pay” şəklində verilən balın ümumi həcmi 700 kiloqrama yaxın olub.

Əslində məsələni araşdıranda məlum olur ki, yarmarkanın vaxtından tez bağlanmasına səbəb kimi göstərilən iki amildən biri, əvvəlcədən yoxlanılaraq satışa çıxarılan balın qurtarması versiyası həqiqətə daha çox yaxındır. Bununla həm də belə demək mümkünsə, nazirlik rəsmisi fermerlərin yarmarkaya gətirdiyi balın bir hissəsinin oğurlandığını dolayısı ilə təsdiqləyib.

Arıçılıq məhsullarını yarmarkaya çıxaran sahibkarların ziyanı bununla yekunlaşmır. Arıçılar deyirlər ki, hələ yarmarkada iştirak üçün dəvətnamələrin təşkilindən tutmuş məhsulun Bakıya gətirilib burada yoxlamadan keçməsinədək olan mərhələlərin hamısında kimlərəsə “şirinlik” veriblər. Məsələn, Daşkəsən rayonunu Qaratəpə kəndində olan arıçılardan birinin dediyinə görə, o, yarmarkada iştirak üçün dəvətnamənin alınmasına 50 manat, kənd icra nümayəndəliyinə 20 manat, balın keyfiyyətini yoxlayan baytar-mütəxəssisə 20 manat “şirinlik” verib. Bundan başqa, rayonda yarmarkada iştirak edəcək arıçıların Bakıya yola salınmasını təşkil edən iki nəfər kiçik rütbəli məmura da 50 manatlıq “qonaqlığın” xərcini çəkib. Məhsulun Daşkəsəndən Bakıya gətirilməsi xərci isə 100 manatdan çox çıxıb.

Şöbə müdiri təkzib edir

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov isə Lent.az-a açıqlamasında yarmarkada arıçıların balının oğurlanması barədə məlumatları qətiyyətlə təkzib edir. Onun sözlərinə görə, arıçıların yarmarkaya gətirdiyi bal şadlıq sarayının “podvalında” saxlanılırdı və qapılar bağlanaraq möhürlənirdi. Oraya giriş-çıxış isə nazirlik rəsmilərinin və polis əməkdaşlarının nəzarətində olub: “Əvvəla, ora hər adam girə bilməzdi. Çünki qapılar möhürlü olurdu, açarlar isə yalnız bizim işçilərdə idi. Bal götürmək üçün içəri girən arıçılara da, orada təmizlik işləri aparan şadlıq evinin süpürgəçiləri də xüsusi nəzarət altında idi. Ona görə də yarmarkada kiminsə bal oğurlaması mümkün deyildi. Mən bu barədə heç nə eşitməmişəm. Əgər elə şey var idisə niyə mənə deməyiblər? Mən imkan vermərəm ki, kasıb kəndlinin balını oğurlasınlar. Bunlar hamısı boş söhbətlərdir”.

Bu cür məlumatların yarmarkaya saxta bal keçirmək istəyənlər tərəfindən yayıldığını deyən Çingiz Fərəcov bildirir ki, nazirlik bu tədbirdə iştirak etmək üçün 200-ə qədər arıçıya dəvətnamə göndərib və onların hamısının məhsulu yoxlanılaraq satışa buraxılıb. Daha 80 nəfər isə şadlıq sarayının ətrafında saxta bal satmağa cəhd göstərib: “Amma biz onlara imkan vermədik. Çünki onların əksəriyyəti Astara və Daşkəsəndən gələn saxta arıçılar idi. Biz onlara dəvətnamə göndərməmişdik, satdıqları bal da yoxlamadan keçməmişdi. Lakin araşdırdıq ki, həmin adamların satdığı balın hamısı saxtadır”.

O ki qaldı yarmarkanın gözlənilmədən vaxtından əvvəl yığışdırılmasına, nazirlik rəsmisi bunu saxta bal satanların ərazidə yaratdığı qarışıqlıqla əlaqələndirir. Onun sözlərinə görə, saxta bal satanlar metronun “Gənclik” stansiyasından “Laləndə” şadlıq sarayına qədər yol qırağı ərazilərdə yarmarkaya gəlib-gedənlərin qarşısını kəsib özlərinə alıcı axtarması basırıq yaradırdı: “Ona görə də məsləhət gördülər ki, yarmarkanı bağlamaq lazımdır. Onsuz da 15 manata keyfiyyətli bal almaq istəyən əhalinin çoxu iki həftə ərzində bu yarmarkadan bəhrələnmişdi. Ona görə də oktyabrın 30-da yarmarkanı bağladıq”.

Elxan Salahov
# 2661

Oxşar yazılar