“Azəriqaz” əhaliyə müraciət etdi - TƏLİMAT
23 oktyabr 2012 16:41 (UTC +04:00)

“Azəriqaz” əhaliyə müraciət etdi - TƏLİMAT

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi ölkə əhalisinə müraciət edib. Birliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Araz Ağayev Lent.az-a bildirib ki, qarşıda soyuq payız və qış ayları gəlir və bu aylarda əhali təbii qazla davranışda daha ehtiyatlı olmalıdır: “Abonentlərin təbii qazdan düzgün istifadə etməsi, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərinə riayət etməsi, arzuolunmaz halların baş verməməsi məqsədi ilə mütəmadi olaraq maarifləndirilmə tədbirləri həyata keçirilir. Buna baxmayaraq, təəssüf ki, hələ də dəm qazından zəhərlənmə halları qeydə alınır. Bu məsələdə əhali daha diqqətli olmalıdır.

Qeyd edək ki, bu il payız fəsli artıq 1 aydır ki, daxil olsa da hava şəraiti mülayim keçir. Qarşıdakı ayların isə daha soyuq keçəcəyi gözlənilir. Bu isə dəm qazından zəhərlənmə, yanğın, partlayış və digər bədbəxt hadisə risklərini artırır. Son aylarda ölkə ərazisində dəm qazından zəhərlənmə faktları qeydə alınsa da, ölüm hadisəsi baş verməyib.

Onu da qeyd edək ki, hər il ölkədə dəm qazından və ya qazla ehtiyatsız davranma nəticəsində baş vermiş digər hadisələrdə onlarla insan həyatını itirir.

TƏLİMAT: Dəm qazı (kimyəvi işarəsi – CO) natamam yanma prosesində əmələ gələn rəngsiz, iysiz, dadsız, havadan yüngül qazdır. Onunla nəfəs aldıqda qanın hemoqlobini ilə birləşib nəfəsalmanı çətinləşdirir və kəskin zəhərlənməyə səbəb olur. Mütəxəssislər dəm qazını “sakit qatil” adlandırırlar. Təhlillər göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin təxminən 40 faizi yeni təmir olunan, qapıları və nəfəslikləri plastik-paket tipli hazırlanaraq kip bağlanan, havadəyişmə üçün yer saxlanılmayan hamam otaqlarında baş verir. Qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq, hamam otaqlarının qapılarında havadəyişmə üçün 0,02 kvadrat metr sahədə dəlik və yaxud jalüz olmalıdır ki, otaqdan işlənmiş hava və ona qatışıq olan dəm qazının tam şəkildə çölə çıxması təmin edilsin. Otağa təmiz havanın daxil olmasına imkan yaradılmadıqda yanma prosesi də natamam olur və qazın tərkibində olan maddələrin (ammiak, sian birləşmələri, hidrogen-sulfid və s.) bir qismi otaqda qalır. Bu isə insan həyatı üçün çox böyük təhlükə yaradır. Baş verən hadisələrin 25 faizi hamam otaqlarında tüstü bacalarının olmaması ilə bağlıdır. Tikinti layihəsində nəzərdə tutulmayan su qızdırıcılarının tüstüsü vətəndaşlar tərəfindən tüstü bacası əvəzinə havadəyişmə (ventilyasiya) kanallarına və mərtəbələrarası şaxtalara çıxarılır. Həmin kanallar və şaxtalar isə tüstünü xaric etməkdən ötrü quraşdırılmadığı üçün bunun öhdəsindən gələ bilmir. Qeyd edək ki, təbii qazla işləyən su qızdırıcıları quraşdırılan hamam otaqlarının həcmi 7,5 kubmetr, hündürlüyü isə 2,5 metrdən az olmamalıdır. Hamam otaqlarında baş vermiş hadisələrin 15 faizi vətəndaşlar tərəfindən istifadə olunan su qızdırıcılarının nasaz və yaxud tamam yararsız vəziyyətdə istismar olunması ilə bilavasitə bağlıdır. Hamam otağında təbii qazla işləyən su qızdırıcıları quraşdırılan zaman otaq mütləq müstəqil havadəyişmə sistemi, tüstü bacası, eləcə də nəfəslik ilə təchiz olunmalıdır. Hamam otağının daxili qaz xətləri gözəgörünən, texniki baxış və qulluq üçün əlçatan yerdə quraşdırılmalıdır. Düz axımlı su qızdırıcısının qaz xəttində 1 ədəd, tutumlu su qızdırıcısının qaz xəttində isə 2 ədəd qaz kranı olmalıdır. Hamam otağında bütün qaz xətləri və birləşmələr polad boru ilə çəkilməlidir.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3293

Oxşar yazılar