Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzi fəaliyyətə başlayacaq
03 oktyabr 2012 19:28 (UTC +04:00)

Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzi fəaliyyətə başlayacaq

Bu gün təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer ilə görüşüb. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Misir Mərdanov Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsi çərçivəsində görülmüş işlərdən söhbət açıb.

Təhsil naziri bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin icrası istiqamətində İqtisadi İnkişaf Nazirliyi ilə birgə müvafiq müzakirələr aparılıb və hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Gələn il Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu söyləyən Misir Mərdanov bunun üçün həyata keçiriləcək hazırlıq tədbirlərinin dəqiq şəkildə müəyyənləşdirilməsinin və müvafiq işçi qrupunun yaradılmasının zəruriliyinə toxunub.

Otto Hauzer səmimi qəbula görə təşəkkürünü bildirib və təhsil sahəsindəki qarşılıqlı əlaqələrin əhəmiyyətindən bəhs edib. O, peşə təhsili sisteminin yüksək səviyyədə inkişafının sosial-iqtisadi tərəqqi baxımından oynadığı rola toxunub və ölkələrimiz arasındakı əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə peşə təhsili sahəsində ən çox ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanmasını zəruri sayıb. Otto Hauzer Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin icrası istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verib, layihənin işçi qrupunun yaradılmasından sonra prosesin daha da sürətlənəcəyinə əmin olduğunu söyləyib. Daha sonra layihənin icrası ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin vaxtında fəaliyyətə başlaması üçün dərsliklərin, tədris proqramlarının hazırlanması, həmin təhsil ocağında çalışacaq müəllimlərin təkmilləşmə kurslarına cəlb olunması ilə bağlı təkliflər səsləndirilib.
# 1365

Oxşar yazılar