Nuşirəvan Məhərrəmli cəzalandırılan radio və televiziyalardan danışdı
03 oktyabr 2012 18:47 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli cəzalandırılan radio və televiziyalardan danışdı

Lent.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli MTRŞ-ın 10 illik yubileyi ilə bağlı hesabat konfransında deyib.

Şura sədri bildirib ki, qanun pozuntularına yol vermiş yayımçılara ilkin olaraq xəbərdarlıq edilib, belə hallar təkrar olunduqda müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub. Onun sözlərinə görə, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq ümumrespublika yayımçısı “ANS” Müstəqil Yayım və Media Şirkəti xüsusi razılığın (lisenziyanın) qüvvədə olduğu müddətdə qanunvericiliyin tələblərini dəfələrlə pozması və Milli Televiziya və Radio Şurası tərəfindən barəsində dəfələrlə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq məsuliyyət tədbirlərinin tətbiq olunması ilə əlaqədar, 24 noyabr 2006-cı il tarixdə onun xüsusi razılıq (lisenziya) müddəti uzadılmayıb və fəaliyyət göstərmiş olduğu tezliyə müsabiqə elan edilib.

Qanunvericiliyin tələblərinə əməl etmədiyinə görə “Xaçmaz” TV və “Lənkəran” TV-nin fəaliyyəti dayandırılıb.

30 dekabr 2008-ci il tarixli qərarı ilə televiziya və radio yayımı sahəsində qanunvericiliyin tələblərini, ona verilmiş xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini mütəmadi pozduğuna və faktiki olaraq xarici radiostansiya kimi fəaliyyət göstərdiyinə görə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11.4.4-cü maddəsinə və “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.1, 9.4-cü bəndinə uyğun olaraq “Avropa+Bakı” radiosunun xüsusi razılığının (lisenziyasının) qüvvəsinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılıb.

Məhkəmənin qətnaməsinə əsasən “Avropa+Bakı” radiosunun xüsusi razılığının (lisenziyasının) qüvvəsinə xitam verilib.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə müxtəlif vaxtlarda “Lider”, “Space”, “Azad Azərbaycan” və “ANS” telekanallarına xəbərdarlıq elan olunub və cərimə sanksiyaları tətbiq edilib.

Jalə
# 810

Oxşar yazılar