“Çudo Peçka”: “Tezliklə dönər satışı bərpa olunacaq”
03 oktyabr 2012 16:56 (UTC +04:00)

“Çudo Peçka”: “Tezliklə dönər satışı bərpa olunacaq”

Lent.az-ın verdiyi məlumata görə, şirkətin mətbuat üçün yaydığı məlumatda qeyd olunur ki, bir neçə müddətdir ki, “Çudo Peçka”da böyük yenidənqurma işləri gedir.

Xüsusi dəvət olunmuş xarici ekspertlərin iştirakı ilə şirkətin mağaza-kafeləri təmir olunaraq yeni görkəm qazanır, orada olan sexlərdə müasir sanitar standartlara cavab verən təmir işləri aparılır və yeni avadanlıqlarla təchiz olunur. Şirkət müştərilərə təqdim olunan məhsulun keyfiyyətli olmasına daim diqqət yetirib. Yenidənqurma ilə bərabər isə bu diqqət daha da artırılıb. Məhsulların hazırlanmasında istifadə olunan xammalın keyfiyyətinə əmin olmaq üçün həm xammalı təqdim edən tərəfdən bu məhsulla bağlı müvafiq sertifikatlar tələb olunur, həm də qəbul olunan bütün xammal şirkət tərəfindən də yoxlanılır. Satılan məhsulların istifadə müddətinə nəzarət etmək üçün şirkətdə daxili komissiya fəaliyyət göstərir. Yararlılıq müddəti keçmiş məhsullar mərkəzdə toplanaraq bu məqsəd üçün nəzərdə tutulmuş ərazidə komissiyanın iştirakı ilə məhv edilir: “Son zamanlar mediada yayılmış məlumatlarla bağlı şirkət tərəfindən araşdırmalar aparılıb. Nəticələr üzrə cavabdeh əməkdaşlar məsuliyyətə cəlb edilərək ciddi cəzalandırılıb. Bir müddətdir ki, bəzi məhsulların istehsalı müvəqqəti olaraq dayandırılıb. Bunun səbəbi həmin məhsullar üçün müvafiq sənədlərin tam qaydasında olmamasıdır. Artıq həmin məhsulların da sənədləşdirilməsi işinə başlanılıb. Bu proseslər tam yekunlaşdıqdan sonra “Çudo Peçka” həmin məhsulları da tezliklə yenidən satışa çıxarmağı planlaşdırır. Eləcə də dönər məhsulu ilə bağlı sənədlərdə bəzi çatışmazlıqlar var idi. Artıq həmin sənədləşmələr də tam qaydasına salınıb. Tezliklə dönərin satışı bərpa olunacaq”.

Qeyd edək ki, bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Çudo Peçka” MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində aparılan araşdırmaların yekunu olaraq bir sıra məhsulun istehsalı və satışı qadağan edilməsi barədə rəsmi məlumat yayılıb. Bir sıra kulinariya məmulatları-ət və ciyər peraşkisi, mimoza, şuba salatı, ət qiyməsi ilə blinçik, o cümlədən dönər və biskvitli kremli ballı xamalı tortun istehsalı və satışı qadağan edilib. Eyni zamanda aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.3, 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib və cərimə tətbiq edilib.

Xatırladaq ki, “Çudo Peçka” şirkəti 2001-ci ildə qurulub. Mağaza-kafe tipli fəaliyyət göstərir. Öz sahəsində Azərbaycandakı ilk şəbəkədir. Hazırda isə ölkənin ən geniş mağaza-kafe şəbəkəsidir. Müxtəlif illərdə ABŞ, İngiltərə, Fransa, Hollandiya, İsveçrə kimi ölkələrdə yüksək keyfiyyət və biznes prestiji kriteriyalarına görə mükafatlar alıb.
# 1384

Oxşar yazılar