O gecə onların başına göydən od yağdı... - REPORTAJ  - VİDEO
26 sentyabr 2012 12:30 (UTC +04:00)

O gecə onların başına göydən od yağdı... - REPORTAJ - VİDEO

“Nə olar, əmi, xahiş edirəm, elə et ki, bizə ev versinlər.... Köçək gedək buradan, canımız qurtarsın... Evimiz elə vəziyyətdədir ki, yanımızdakı xətdən hər dəfə qatar keçəndə elə bil az qala uçacaq. Hələ mən o vulkanı demirəm. Hər püskürəndə onun palçıqları evimizin üstünü darmadağın edir. Sonuncu dəfə oradan alov püskürəndə palçıqları başımıza elə tökülürdü ki, dedim daha evimiz birdəfəlik palçıq altında qalacaq...”

Bu kiçik, yaşına və boyuna uyğun olmayan bir təmkinlə söhbət edən oğlanın adı Sultandır. Boyu balaca olsa da, 13 yaşı var. Onunla yaşadıqları evin yanında - Qaradağ rayonu, Lökbatan qəsəbəsinin kənarındakı dəmir yol stansiyasının yaxınlığında yerləşən 5-6 evdən ibarət məhəllədə, daha doğrusu, dəmir yol xəttinin üstündə söhbətləşirdik. Çünki xətt elə həyətlərindən keçir...

Sultanla tanışlığımızın səbəbi isə dəmiryol xətti deyil, bayaq haqqında danışdığı vulkandır.

Sultangilin evindən təxminən 500 metr hündürlükdə bir neçə gün əvvəl ölkəyə səs salan vulkan püskürməsi onlar üçün - vulkan təpəsinin dibində, dəmir yol xəttinin kənarındakı bu kiçik məhəllə üçün Əzrayıla çevrilib.

Ötən həftə - sentyabrın 20-də gecə saat 4 radələrində Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində palçıq vulkanı püskürməsi və yanğın baş verməsi xəbərini eşitdik. Şahidlərin və mütəxəssislərin dediyinə görə, vulkan zamanı püskürən alovun hündürlüyü 150 metrə yaxın olub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin həmin gün verdiyi məlumata görə, dərhal hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadası göndərilib və təhlükə sovuşdurulub.

Mütəxəssislər onu da bildirdilər ki, bu, həmin yerdə baş verən sayca 24-cü vulkan püskürməsidir. Sonuncu dəfə burada vulkan 2010-cu ildə püskürüb. Hətta onu da qeyd etdilər ki, Lökbatan palçıq vulkanının ətrafında yaşayış evləri olmasa da, orada ancaq neft buruqları var. Yəni yaşayış məskənləri o qədər zərər görə bilməz...

Lakin ərazidəki müşahidələr bir qədər fərqli mənzərə yaradır. Əvvəla, vulkan təpəsi ilə qəsəbə arasında kiçik göl olmasına baxmayaraq, sakinlərin deməyinə görə, alov püskürən zaman onun palçıqları qəsəbənin gölə yaxın evlərinin üstünə yağırmış...

Vulkan püskürən təpənin yanına qədər getdim. Püskürmənin mərkəzinin 50-100 metrliyində ARDNŞ-nin müvafiq idarəsinin işçiləri tikinti aparır. Təhlükə mərkəzinin yaxınlığında mühafizə sistemi yoxdur. Kiçik xəbərdarlıq plakatlarından başqa ora yaxınlaşan istənilən adama heç kim mane ola bilməz...

Vulkanın mərkəzindən təxminən 100 metr aşağıda neft buruqlarında çalışan işçilər bu təhlükə mənbəyinə yaxın ərazidə mühafizəsiz işləmələrini xatırladarkən bunu çox təbii qəbul elədilər.

Fəhlələr deyirlər ki, həmin gecə vulkan o qədər güclü alov saçırmış ki, parçaları bir neçə kilometr uzağa vururmuş...

“Gördüklərim məni dəhşətə gətirdi...”

Oradan ayrılandan sonra yenidən yüksəkliyin dibində, Sultangilin məhəlləsindəki sakinlərlə söhbət elədim. Qəsəbədən kənarda, düz vulkan dağının dibində, dəmir yol xətti boyunca Sultangilin məhəlləsi yerləşir. Onlar deyir ki, 1-2 ildən bir baş verən iri püskürmələrdən başqa, ara-sıra xırda püskürmələr də olur. Belə püskürmələr zamanı da isti lavanın parçaları bu evlərin üstünə yağır.

Bu evlər kifayət qədər yararsız vəziyyətdə görünür. İlk baxışdan qəsəbədən kənar gecəqondulara bənzəsələr də, sakinlərlə söhbətdən məlum oldu ki, 25 ailənin məskunlaşdığı bu evlərin hamısının “kupça”sı belə var...

Sakinlərdən Məlahət Sultani deyir ki, onsuz da yararsız vəziyyətdə olan evlərini son vulkan püskürməsi daha qorxunc vəziyyətə salıb.

Onların evləri vulkan püskürən yüksəkliyin düz dibində yerləşir...

M.Sultani deyir ki, həmin gecə axşamdan hava sərinləşməyə başlasa da gecə anidən evi bürüyən bürkü onları yuxudan oyadıb: “Səhərə yaxın idi. Yuxuda hiss etdim ki, boğuluram, hava çatmır... Hövlnak oyanıb cəld qapıları açdım ki, hava gəlsin. Amma qapını açan kimi içəri sanki alov doldu, bürkü çoxaldı və bayıra çıxan kimi həyətdə gördüklərim məni dəhşətə gətirdi: Həyət-baca, bizimlə bərabər qonşuların evinin üstü, bütün yol sanki göydən yağan isti qırın altında qalmışdı. Baxdım ki, dağın başında alov ərşə qalxıb, anladım ki, vulkan püskürüb...”

Şövkət Ağayeva da eyni təəssüratları bölüşür: “Gecə evin üstündən eşidilən şaqqıltılara ayıldıq, çıxıb gördük ki, başımıza göydən qara palçıq yağır. Oğlum tez anlayıb bizi xəbərdar etdi ki, vulkan yenə püskürür, gizlənək...”

Əvvəldən onsuz da yararsız vəziyyətdə olan evlərini göstərən sakinlər deyirlər ki, 30 ildən çoxdur, burada yaşayırlar. Onların evlərini o vaxt dəmiryol idarəsi verib, çünki ev sahibləri keçmiş dəmiryol işçiləridir. Yüksəkliyin dibindən keçən dəmiryol xətinin hər iki tərəfinə düzülən bu evlərin bir hissəsi xüsusi ev kimi, digərləri isə üç-beş ailənin birgə məskunlaşdığı kiçik köhnə binalardan ibarətdir: “Köhnə evlərdir, vulkan da bir-iki ildən bir daha pis edir. Dəfələrlə icra hakimiyyətinə, dəmiryol idarəsinə müraciət etmişik. İkisi də bir-birinin üstünə atır. İcra hakimiyyəti deyir dəmir yol idarəsi baxmalıdır, dəmiryol da deyir icra hakimiyyəti...”

Vulkanın zərərləri tək bu yaxınlıqdakı kiçik məhəlləyə dəyməyib. Bayaq qeyd elədiyim kimi, gölün o tərəfindəki qəsəbənin yaxın evlərinə də təsiri olub. Qəsəbə sakini, gölün kənarındakı yoldan keçən dəmiryol xəttinin keçid növbətçisi Şahin kişi deyir ki, vulkan püskürən zaman onun qaynar palçıqları göl kənarındakı qəsəbənin evlərinin bacasını, çardağını zədələyib: “Həmin gün də növbədə idim, gecə maşınımı oturduğum budkanın qarşısında saxlayıb, içəri keçmişdim. Səhərə yaxın səsə durub çıxanda maşınımı tanımadım, palçığın altında qalmışdı...”

Sakinlər onu da bildirdilər ki, vulkan püskürəndən sonra onların vəziyyəti ilə maraqlanan olmayıb...

***
Qaradağ rayonu icra hakimiyyətinin baş arxitektoru Nahid Səmədov Lent.az-a bildirib ki, həmin ərazi onların yox, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır: “Ona görə də oradakı evlərə, yaxud da tikililərə biz məsuliyyət daşımırıq. Ərazi bizim olsa da oradakı dəmiryol xətti kənarı, stansiya yaxınlığındakı tikililər “Azərbaycan Dəmir Yolları”a məxsusdur”.

Baş arxitektor onu da deyib ki, istənilən halda ev sahibləri ilk növbədə evlərin yararsız, yaxud da qəzalı olması barədə Fövqəladə Hallar Komissiyasına da müraciət etməlidirlər: “O zaman komissiya tərəfindən həmin evlərə baxış keçirilir və həqiqətən evlər qəzalı vəziyyətdədirsə dövlət tərəfindən məsələnin həllinə müvafiq vəsait ayrılır”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat aktibi Nadir Əzməmmədov isə deyir ki, həmin ərazidəki evlər həqiqətən onların balansındadır: “O evlər vaxtilə bizim əməkdaşlara yataqxana kimi istifadəyə verilən evlər olub. Sonradan uzun müddət yaşadıqdan sonra həmin evlər orada yaşayanların adına keçirilib. İndi də həmin tikililər bizim balansımızdadır. Biz də bilirik ki, o evlərin müddəti çoxdan bitib və qəza ehtimalı ola bilər. Lakin hələ indiyə kimi oranın sakinləri tərəfindən bizə heç bir müraciət olmayıb”.

N.Əzməmmədov onu da deyir ki, sakinlər müraciət etdiyi halda yəqin ki rəhbərlik müvafiq tədbirlər görə bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin əməkdaşı Arif Hüseynov isə mətbuata açıqlamasında bildirib ki, gələn ay Azərbaycan ərazisində yerləşən palçıq vulkanlarında monitorinqlərə başlayacaqlar. A.Hüseynov qeyd edib ki, sentyabrın 20-də püskürən Lökbatan palçıq vulkanında hazırda sabitlikdir: “Vulkanda heç bir aktivlik müşahidə olunmur. Ərazidə müşahidələr davam edəcək. Vulkandakı palçıq tullantılarından götürülən nümunələr araşdırılacaq və bu tullantıların hansı dərinlikdən atıldığı, vulkanın nə qədər sahəni əhatə etdiyi müəyyənləşəcək”.

***

Belə... Hamı müraciət gözləyir. Bircə vulkandan başqa. O, gələndə müraciətsiz-filansız gəlir...

Mübariz Aslanov

mubariz1982@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4779

Oxşar yazılar

Zəlzələ ilə bağlı ƏHALİYƏ MÜRACİƏT

Zəlzələ ilə bağlı ƏHALİYƏ MÜRACİƏT

28 iyun 2024 , 10:01
Bakıda bu yollarda sıxlıq var - Siyahı

Bakıda bu yollarda sıxlıq var - Siyahı

28 iyun 2024 , 08:22
Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir

Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir

28 iyun 2024 , 05:25
Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21