“Dövlət başçımızın genişmiqyaslı islahat platforması 2020-ci ildə tamamilə yeni bir Azərbaycan görəcəyimizin müstəsna təminatıdır”.
Lent.az xəbər verir ki, bu sözləri keçmiş deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib.
O bildirib ki, artıq ötən müddətə yekun vurmağın zamanıdır:
“2019-cu ilin son günlərini yaşayırıq. Başa çatmaqda olan ildə ölkəmiz indiyədək əldə etdiyi uğur və nailiyyətləri möhkəmləndirdi. Heç şübhəsiz, dönməz inkişaf yolunda böyük məsafələr qət etdi. Ən əsası isə 2019-cu il həyatın müxtəlif sahələrini əhatə edən inkişafımızın daha geniş vüsət alacağına, tamamilə yeni forma və məzmun qazanacağına əminlik ili kimi yadda qaldı. Bu əminliyi hər zaman olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev verdi”.
Ə. Amaşovun sözlərinə görə, bütün problem və çatışmazlıqlarına baxmayaraq, Azərbaycan mediası da 2019-cu ildə inkişaf edib:
“Mediamız cəmiyyətin aparıcı, avanqard qüvvəsi statusunu təsdiqlədi. Bir daha sübut etdi ki, o dövlətçilik prinsiplərinə, ölkədə həyata keçirilən idarəçilik xəttinə sadiqdir. Qətiyyətlə deyə bilərik ki, jurnalistikamızın baş verən ayrı-ayrı proseslərə münasibətdə seçdiyi ən sərt tənqidçi mövqe belə dövlətçilik xəttinə sadəqət ruhuna köklənib. Medianın özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası üçün də 2019-cu ilin uğurlu keçdiyini düşünürəm. Ötən müddətdə Şura Nizamnamə tələblərinə uyğun olaraq cəmiyyətin ayrı-ayrı təbəqələrinin kütləvi informasiya vasitələri ilə bağlı çoxsaylı şikayətlərini araşdırdı, həmçinin jurnalistikamızla, ictimai həyatımızla əlaqədar məsələlərə dair müxtəlif miqyaslı tədbirlər reallaşdırdı. Mətbuat Şurası hər zamankı kimi, həm özünün təməl prinsiplərini, həm də Azərbaycan dövlətinin media siyasətinə dəstək prinsipini rəhbər tutdu. İşini bu siyasətin aliliyinə dərin əminliklə qurdu. Prezident İlham Əliyevin Şuranın demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesindəki missiyasına verdiyi yüksək dəyər, mövcud xüsusda dəfələrlə səsləndirdiyi fikirlər bizim üçün etimad göstəricisi, fəaliyyət stimuludur. 2019-cu ildə də etimadı doğrultmaq üçün çalışdıq. 2020-ci ilin də bu baxımdan əlamətdar, ümumən mediamız üçün düşərli olacağına inanıram”.
Ə. Amaşov kütləvi informasiya vasitələrinin əməksevər təmsilçilərini, jurnalist peşəsinin prinsip və dəyərlərinə sadiq bütün həmkarlarını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.