Uşaq bağçalarında böyük xəyallar - ARAŞDIRMA
27 noyabr 2008 13:38 (UTC +04:00)

Uşaq bağçalarında böyük xəyallar - ARAŞDIRMA

“Mən getmirəm bağçaya, orda üstümə qışqırırlar, sup yedizdirirlər, müəllimə bizi zorla yatızdırır...” Övladlarını uşaq bağçalarına göndərən valideynlərin əksəriyyəti demək olar ki, hər gün bu şəraitdə körpələrin əlindən tutub zorla dartmalı olurlar. Bu vəziyyətdən, hələ uşaqları bir kənara qoyaq, valideyn də məmnun qalmır...

Nədir bizdə uşaqları bağçadan itələyən səbəblər - ərköyünlük, psixoloji yüklənmə, bağçalardakı şəraitsizlik, qeyri-peşəkar müəllim heyəti, köhnə oyuncaqlar, yoxsa təzə problemlər?

Lent.az bu yazıda uşaqlarımızın, eləcə də özümüzün uşaq bağçalarından axıracan məmnun qala bilməməyimizin səbəblərini araşdırmağa, vəziyyətdən mümkün çıxış yollarına baş vurmağa çalışacaq.

Əvvəlcə onu aydınlaşdıraq ki, biz bağçalardan nə gözləyirik?

Minimumlar...

Əvvəlcə, təbii ki, etibarlılıq. İşə gedən valideyn uşağının güvənli bir yerdə olmasını istəyir. Hazırkı vəziyyətdə bu istək təmin olunur. Yəni səhər başçaya qoyduğumuz uşaqları axşam sağ-salamat oradan götürə bilərik. Buna da şükür, amma bu, minimumdur.

Minimumlar sırasında uşaqlarımızın yaxşı qidalanması, təmiz, isti otaqlarda yatızdırılması tələbləri də var. Bax bu isə hələlik bütün bağçalarda tam şəkildə ödənilməyən bir istəkdir.

Bir az dairəni genişləndirək. Valideyn, həm də onu istəyər ki, uşağı bağçada kollektivçiliyə öyrənsin, cəmiyyətə hazırlansın, məktəbə qədər hazırlıq kursu keçsin, digər uşaqlardan fərqli xüsusiyyətinin nə olduğu, hər hansı bir özəlliyi, istedadı ortaya çıxsın. Bunları necə, ala bilirikmi?

Şəxsən mən bir valideyn kimi istədiklərimi Bakı bağçalarında tapa bilmədim. Qızımın 3 yaşı olanda fikirləşdim ki, artıq onu nənə-baba baxımından ayırıb, bağçaya qoymaq vaxtıdır. Təbii ki, min bir xəyallarla, öz aləmimdə xeyli araşdırmadan sonra bir bağça seçdim. Seçim də elə-belə olmadı – geniş həyəti, əyləncə imkanları, təmiz otaqlar, musiqi tədrisi və sair məsələlərə önəm verdim. Sadaladıqlarımın hamısının olduğu bir məkan seçdim. Hələ eşidəndə ki, bu bağça beynəlxalq donor təşkilat tərəfindən seçilərək pilot bağçalar siyahısına salınıb, lap sevindim. Amma...

Əvvəla, uşağın 3 yaşı olmasına baxmayaraq, onu 5 yaşlılar, yəni məktəbə hazırlıq qrupuna apardılar. Fikirləşdim ki, uşaq özündən böyüklərlə bacarmayacaq. Az sonra məlum oldu ki, həmin qrupda 2, hətta 1 yaşlarında uşaqlar da var. Sən demə, müəllimənin və ya texniki işçinin tanış valideynləri uşaqları hansı qrupa istəsələr, yazdıra bilirlərmiş. Hamı kimi, mən də uşaqlarımın pisliklərdən, tərbiyəsiz nümunələrdən, psixologiyasında xoşagəlməz iz buraxacaq mənzərələrdən uzaq tutmağa çalışıram. Bu səbəbdən də onun ümumiyyətlə, televiziyada gedən seriallara baxmamasına çalışıram. İlk günlərdə uşaq evə gələndə müəllimələrinin ən çox serial qəhrəmanlarından danışdığını söyləyirdi. Sonrakı günlərdə isə hiss etdim ki, müəllimə evdəki sosial, maddi, hətta özəl durumları öyrənmək üçün qızımı sorğu-sual edirmiş. Bundan başqa, müəllimələr evdən meyvə, şirniyyat gətirməyi tapşırırdı ki, bu da oradakı uşaqların maddi durumla bağlı nə qədər fərqli olmalarını ortaya çıxarırdı. Bir qədər imkanlı valideynlərin uşaqlarının zənbilləri zəngin, digərlərininki isə çox kasıb görsənirdi. Bağçada musiqi dərsləri verilsə də, bu dərslərdə iştirak etmək istəməyən uşaqlar musiqi müəlliməsini qətiyyən narahat etmir, onların bu dərslərə cəlb edilməsi üçün hər hansı bir səy göstərmirdilər. Hərdənbir evə bir bənd şer verib, səhəri gün onun əzbər söylənilməsini tələb edirdilər, bunu elə oradaca öyrətmək üçün isə hər hansı bir iş görülmürdü. Bu vəziyyətə düz iki aya kimi səbr edə bildim, amma qızım gəlib danışanda ki “texniçka”lar iş yoldaşlarının sevgi münasibətlərini müzakirə edirmiş və bunu uşaqlar belə duya biliblər, bağçadan birdəfəlik imtina etdim. İkinci övladımı bağçaya göndərmək barədə isə ümumiyyətlə, düşünmədim...

Bağçalardan bu və ya digər səbəblərdən imtina edən valideynlər çoxdur. Araşdırmalar göstərir ki, təkcə Bakı şəhərində uşaqların yalnız 17 faizi bağçalara gedirlər. Elə təkcə bu statistika düşünməyə, çözüm yolları axtarmağa kifayət edir. Digər işləyən valideynlər əsasən dayələrin xidmətindən istifadə etməyə üstünlük verirlər. Bu isə nə maddi cəhətdən, nə də uşağın hərtərəfli böyüməsi baxımından sərfəli deyil. Hələ uşağı məktəbə hazırlamaq məqamı çatanda dayədən əlavə pedaqoq də tutmalı oluruq ki, bu da xeyli xərc deməkdir.

Övladı üçün bağça seçməkdə xeyli əziyyət çəkən valideynlərdən biri də jurnalist həmkarımız Fərəh Sabirqızıdır. Fərəh xanım da bağça seçimində xeyli əziyyət çəkib. Əvvəlcə, Nərimanov rayonunda yerləşən lisey-bağçaya, sonra Əzizbəyov rayonunda daha iki dövlət bağçasına baş çəkir. Sonuncu iki bağça elə vəziyyətdə olub ki, o şəraitdə nəinki öyrənmək, heç dözmək mümkün deyildi. Bu qayda ilə, nəhayət, 5-ci bağçaya nisbi üstünlük verirlər. Fərəh bağçanı həm də uşağın məktəbə getmək ərəfəsində seçir ki, hazırlaşa bilsin.

30 uşağı eyni qrupda məktəbə hazırlamaq?

Fərəh deyir ki, əgər bağçalar üçün nəzərdə tutulan tədris proqramı axıracan uşaqlara keçilsə, məktəbə gedəndə heç olmasa minimum bazaya malik ola bilərlər. Amma bunu uşaqların hamısına keçə bilmirlər. Niyə? Valideynin fikrincə, birinci səbəb odur ki, bir qrupda 30 uşağın hamısı ilə keyfiyyətli şəkildə məşğul olmaq fiziki cəhətdən qeyri-mümkündür. Müəllimələrin özlərinin də qrupa çox uşaq yığılmasında marağı olduğu bildirilir.

F.Sabirqızı danışır: “Təsəvvür edin ki, 30 uşağın təkcə yatmaq vaxtı paltarlarını çıxarıb yatızdırmaq, sonra geyindirmək, yeməyə aparmaq, yeməklərinə nəzarət etmək... günün böyük bir hissəsini alır. Məşğələlərə həddən artıq az vaxt qalır. Hansı valideyn istəyirdisə, əlavə pul verib, uşağı məktəbə hazırlaşdırırdı. Məsələn, bağçaların birində o biri uşaqları oynamağa ötürüb, pul verən valideynlərin uşaqları ilə məşğul olurdular. Bu da 30 nəfərdən cəmi 4 və ya 5 uşaq deməkdir. Əslində heç bu hazırlığın özündən də tam razı qalmırıq. Hələ mən araşdırıb getmişdim. Həmin bağçada müəllimə cavan idi, uşaqlarla məşğul olmağa nisbətən həvəs göstərirdi. Yaşlı müəllimələri olan bağçalara da baş çəkmişdim, orada, ümumiyyətlə, uşağın məktəbə hazırlığından söhbət belə getmirdi. Yalnız uşaqların üstünə qışqırır, əlavə hansısa hərəkət etməkdən çəkindirir, yedizdirib, qorxudaraq yatızdırırdılar. Hətta məktəbə hazırlığı pul hesabına az-çox təşkil etmək mümkün olsa belə, uşağın həyata hazırlığı, psixoloji inkişafı məsələsindən heç danışmağa dəyməz. Bu cəhətdən vəziyyət olduqca pisdir. Bizim bağçalarda ən çox ona üstünlük verilir ki, uşağın başından vurub sakit etsinlər. Eyni tip qorxaq uşaqlar hazırlamaq istəyirlər. Həyətə oynamağa çıxarılanda belə onlara sərbəstlik verilmir, müəllimədən yalnız “qaçma”, “əlini vurma”, “onu etmə” kimi qadağalar eşitmək olar. Hansı ki, uşaqlara yeni oyunlar fikirləşib tapmaq, onların məntiqini, düşüncə və təcrübələrini inkişaf etdirmək mümkündür. Hər şey sovetlərdən qalan kimidir, hətta ondan da pis vəziyyətdə. Oyuncaqları, kitabları belə həddən artıq primitiv və köhnədir. Uşaqlar oynamaq üçün evdən oyuncaq aparırdılar ki, bu da düzgün deyil. Biri o birisinin oyuncağını istəyir, verilməyəndə isə ağlayırdı”.

Valideynlə söhbət əsasında onu da başa düşdük ki, uşaqların bağçalarda səhhəti də təhlükə altındadır. Məsələn, Fərəh xanımın övladının getdiyi bağçanın binası nəmişlik olub, hətta yağış yağanda damırmış. Valideynlər pul yığıb veriblər ki, onu təmirsiz pəncərələrə tutub, küləyin qarşısını alsınlar. Eyni zamanda o, bu cür bərbad bağça üçün ayda dövlət rüsumu kimi 7 manat ödəyirmiş. Bundan əlavə, uşaqla məktəbə hazırlıq kursu keçilməsinə görə, müəlliməyə hər ay 10 manat verib. İş bununla bitmir - bir texniki işçiyə, digər 4 müəllimə (onlardan biri də musiqi müəlliməsidir) hər ay 5 manatdan, yəni əlavə olaraq 20 manat da ödənilməlidir.

Bu, cəmiyyəti narahat etməlidir!

Uşaq hüquqları üzrə QHT-lərin alyansının rəhbəri Nabil Seyidov bildirir ki, əslində təhsilə qədər sistemin özündə də təhsil iki hissəyə bölünür. Bunlardan biri körpələr evi, ikinci isə bir qədər böyük uşaqların getdiyi məktəbəqədər hazırlıq qruplarıdır. Həmsöhbətim qeyd edir ki, hər bir pillə özündə müvafiq məqsədlər daşıyır: “Bu sistemin inkişaf etdirilməsi cəmiyyət üçün çox vacib məsələdir. Körpələri məktəbə yox, əvvəlcə həyata, yəni ətraf mühitə uyğunlaşmağa, tam potensiallarının üzə çıxarmasına kömək etmək lazımdır. Uşaqları orta məktəbə hazırlamaq da vacib məsələlər sırasındadır. Ümumiyyətlə uşaqların tam vətəndaşa çevrilməsində bu sistemin böyük rolu var. Ona görə də uşaq bağçalarının fəaliyyəti cəmiyyəti daima narahat etməlidir. Azərbaycanda bağçaya gedən uşaqların sayı 2004-cü ildə 30 faiz idisə, indi bu rəqəm 17 faizə düşüb”.

Səbəb nədir? N.Seyidovun sözlərinə görə, bağçada resurslar, kadrların səviyyəsi müasir dövrün tələblərinə o qədər də cavab vermir, bağçaların sosial funksiyaları bir qədər zəifləyib. Alyans rəhbəri bildirir ki, maddi-texniki baza gücləndirilməli, proqramlar tamamilə yenilənməlidir.

Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev də bu fikirdədir ki, uşaq bağçalarının cəmiyyətin inkişafında əvəzsiz rolu var. Amma bu sahədə xeyli çətinliklərin olmasını diqqətə çatdıran N.Quliyev vurğulayır ki, hazırda mövcud olan 315-ə yaxın bağçada problemin həll edilməsi o qədər də asan deyil.

N.Seyidov bu durum hakimiyyəti də narahat edib və bağçaların inkişafı ilə bağlı dövlət planı hazırlanır. Bu proqram Asiya İnkişaf Bankının dəstəyi ilə hazırlanır.

Bağça, yoxsa saxlanma yeri?

Əsas suallardan daha biri: bizdə bağçalar yurd yeri, yəni uşaqların sadəcə saxlanması üçün məkandır, yoxsa həm də təhsil ocağıdır? N.Seyidov deyir ki, əgər bağçalara 17 faiz uşaq cəlb edilirsə, demək buna heç yurd yeri də demək olmaz, çünki uşaqlar həmin məkanlarda demək olar ki, saxlanılmır.

Bu məsələ ilə bağlı N.Quliyevin də fikirlərini öyrəndik. Onun sözlərinə görə, çalışan valideynlərin əksəriyyəti uşaqları məcburiyyətdən bağçaya aparır və buraya bir yurd yeri kimi baxırlar: “Yalnız onu fikirləşirlər ki, səhər uşağı qoyub, axşam sağ-salamat götürə bilim. Hansı ki, bu kifayət deyil, uşaqlar bağçada şəxsiyyət kimi formalaşmağa başlamalıdır. Uşaq bağçalarında azyaşlılara qarşı zorakı hərəkətlər – təpinmək, döymək qəbul edilə bilməz. Uşaq yatmaq istəmirsə, onu yatmağa məcbur etmək olmaz. Hər bir uşağın fərdi psixologiyası var. İşdən yorğun gələn valideynin uşaqla əlavə məşğul olması çətindir. Bu iş əsasən bağçaların üzərinə düşür”.

Uşaq bağçalarının özəlləşdirilməsi ilə bağlı dövlət səviyyəsində qərar qəbul edilib. N.Seyidov isə bildirir ki, özəlləşdirilməyə çıxarılan bağçaların sayı o qədər də çox deyil. O, təəssüf edir ki, bu siyahıya yaxşı, yəni beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirildiyi, nisbətən inkişaf edən bağçalar da var: “Yaxşı bağçaları özəlləşdirməyə nə ehtiyac var, ən pis, uşaqların gəlmədiyi bağçaları özəlləşdirilməlidir”.

N.Quliyev bildirir ki, 315 bağçadan 113-ü özəlləşdirilməyə çıxarılıb. Təxminən 50-ə yaxın bağçada isə özəlləşmə prosesi başa çatıb. Amma bu prosesin də bəzi fəsadlara gətirib çıxardığını öyrənirik. Klinikanın rəhbəri deyir ki, özəlləşdirilməyə çıxarılan bağçaların fəaliyyət göstərməməsi həmin bağçalara gedən uşaqların digər bağçalara üz tutmasına səbəb oldu: “Bir çox bağçalarda sıxlıq yarandı. Normaya görə, qrupda 15 nəfərdən çox uşaq olmamalıdır. Amma hazırda 25-30 nəfərlik qruplar var. Burada isə artıq uşaqlara həm fiziki cəhətdən baxılmasından, həm də tədrisin keyfiyyətindən danışmaq çətindir”.

Ancaq N.Quliyev deyir ki, bağçaların özəlləşdirilməsi problemin həlli yolu deyil. Bağçanın yeni sahibi özünün müəyyənləşdirdiyi qiyməti qoyacaq. Buna isə hər valideynin gücü çatmaya bilər. N.Quliyev hesab edir ki, qiymətləndirmə məsələsində dövlət kənarda qalmamalı, bağçaların yerləşdiyi əraziyə, həmin ərazidə yaşayan insanların sosial durumuna əsasən bu qiymətlər hökumətlə razılaşdırılmalıdır: “Bağçaların özəlləşdirilməsindən gəlir götürmək ikinci planda olmalıdır”.

Bağça müəllimələri necə hazırlanır?

Ölkədə uşaq bağçalarında çalışmaq üçün mütəxəssislər əsasən pedaqoji universitetlərdə və bir sıra texnikumlarda hazırlanır. Ancaq ekspertlər deyirlər ki, hazırkı hazırlıq səviyyəsi beynəlxalq standartlara cavab vermir. Bu fikri həmsöhbətlərim N.Seyidov və N.Quliyev də təsdiqlədilər. Onlar hesab edirlər ki, hazırda bu sahədə yeni texnologiyaları, metodikanı mənimsəmiş kadrlara ciddi ehtiyacımız var.

Kadr potensialının arzuolunan səviyyədə olmamasını vurğulayan N.Quliyev deyir ki, bəzi təcrübəli kadrlar əməkhaqqının azlığı səbəindən başqa işlərə keçməli olublar. Pedaqoqların bu sahədən uzaqlaşmasına səbəb olan digər amil isə bağçalardakı şəraitin getdikcə pisləşməsidir. Klinika rəhbəri deyir ki, qış aylarında bağçalarda şərait daha dözülməz olur. Soyuq aylarda bağçaya gələn uşaqların sayı elə bu səbəbdən xeyli aşağı düşür. N.Quliyev uşaqların qidalanması məsələsinə də toxunur: “Bu sahədə də vəziyyət ürəkaçan deyil. Uşaqların əksəriyyəti evdən yemək gətirirlər. Hətta bəzi uşaq bağçalarında soyuducu da yoxdur. Belə vəziyyətdə yay aylarında qida zəhərlənməsi də baş verə bilər. Başqa bir problem isə uşaq oyuncaqları ilə bağlıdır. Son dövrlərdə bu məsələnin üzərinə daha çox gəlinir. Oyuncaqların əksəriyyəti sovetlər dövründən qalıb. Yeniləri isə Çin istehsalıdır ki, bu da uşağın sağlamlığı üçün təhlükəlidir”.

Bu vəziyyətin aradan qaldırılması üçün QHT alyansı cəmiyyətin diqqətini bağçalara yönəltməyə, beynəlxalq təşkilatlarla birgə layihələrin işlənməsinə səy göstərir.

Nazir Quliyev isə bildirir ki, Klinika əsasən kadr potensialının artırılması istiqamətində çalışır, maarifləndirici materiallar hazırlayıb, bağçalara təqdim edir.

Dövlət Proqramına əməl edilsə...

Problemləri sadaladıq. Bunların birdən-birə həlli yəqin ki, mümkün olmayacaq. Amma Təhsil Nazirliyi ilə danışdıqdan sonra bəzi ümidlərimiz yarandı.

Nazirliyin Məktəbəqədər Təhsil sektorunun müdiri Nərminə Alnağıyeva bizimlə söhbətində əvvəlcə 2007-ci il 12 aprel tarixində imzalanan 289 saylı sərəncamdan söz açdı: “Bu sərəncamla ölkə prezidenti məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramını təsdiq etdi. İndiyə qədər məktəbəqədər təhsil sahəsində belə böyük proqram hazırlanıb təsdiqlənməmişdi. Bu proqram sözü gedən sektorunun optimallaşması, maddi-texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin müasir sosial şəraitə uyğunlaşdırılması, yeni iqtisadi zəmində təkmilləşdirilməsi, təhsilin əhatə dairəsinin genişləndirilməsi, tədrisin məzmunca yeniləşdirilməsi, təhsil sisteminin ictimai statusunun yüksəldilməsini, peşəkar kadrların təmin olunması və məsələləri əhatə edir. Bu çox geniş əhatəli bir proqramdır, iki-üç kəlmə ilə tam izah etmək mümkün deyil”.

Mövcud problemləri də məhz bu proqramla həll etməyi nəzərdə tuturlar. Nərminə xanım inanır ki, vəziyyət yaxşılığa doğru gedəcək. Artıq proqramın icrası ilə bağlı işlər görülməyə başlayıb. 11 yeni uşaq bağçası inşa edilib. 9-u artıq istifadəyə verilib, ikisinin də bu yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir. Bu il 21 uşaq bağçasında təmir işləri də aparılıb. Yeni tikilən və təmir edilən bağçalarımüasir inventar, yumşaq mebel, oyuncaq və tədris vəsaitləri ilə təmin edilib. Nərminə xanımın sözlərinə görə, Təhsil Nazirliyinin sifarişi ilə 24 adda müxtəlif təlim vəsaitləri, ədəbiyyat, uşaqlar üçün nağıllar, test kitabları da nəşr olunub hazırlanıb və artıq yerlərə göndərilir.

Uşaqların nədən bağçalara getmək istəməmsi məsələsinə gəlincə, N.Alnağıyeva deyir ki, bu cür hallar çox vaxt individual xarakter daşıyır. Bağçada çalışan mütəxəssislər hələ ki atestasiyadan keçirilmir. Amma onların təkmilləşdirilməsi istiqamətində bəzi işlər görülür. Sektor müdirinin sözlərinə əsasən, onlar ixtisasartırma kurslarına göndərilir, seminarlar keçirilir. Sektor müdiri 175 və 257 saylı bağçaların nümunəvi olduğundan da söhbət açdı. Dedi ki, onların təcrübəsi bütün respublikaya yayılır. Bundan başqa, Dünya Bankının dəstəyi ilə bir layihə həyata keçirilir ki, burada məktəbəqədər sektorun inkişaf etdirilməsi də nəzərdə tutulur. Bunun üçün də 1,9 milyon ABŞ dolları ayrılacaq. Əsas məsələ isə 5 yaşlı uşaqların bağçalara, məktəbə hazırlıq qruplarına cəlb olunması və valideynlərin maarifləndirilməsidir. Bu istiqamətdə işin aparılması üçün artıq pilot rayonlar da seçilib. Yaxşı nəticələr əldə edilərsə, bu işi bütün respublika üzrə yaymaq niyyəti də var.

Ən böyük yatırım uşaqların təhsilinə, gələcəyinə qoyulan yatırım hesab edilir. Bunun qarşılığını təkcə ailələr deyil, cəmiyyətlər, dövlətlər və ümumiyyətlə, dünya alır. Uşaqları damı daman binalara, əlindən çubuq düşməyən, daim yüksək tonla danışan müəllimələrin olduğu bağçalara göndərməklə biz bir millət olaraq da gələcəyimizə təhlükə yaradırıq. Ümid edirik ki, prezidentin imzaladığı sərəncam bütün gücü ilə işləyib, bu sahəni indiki çətin vəziyyətdən çıxara biləcək.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8312
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar