Əvvəli - http://www.lent.az/news.php?id=12274
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə “Ekstazi işi” ilə bağlı məhkəmə prosesində fasilə yaranıb. Lent.az bu cinayət işinin istintaq materialları ilə sizi tanış etməkdə davam edir. Bir daha xatırladaq ki, Ali Məhkəmənin sabiq sədri Südabə Həsənovanın qardaşı, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və başqaları mühakimə olunurlar.
Bu dəfə diqqətinizə polis kapitanı Vüqar Əliyevin ifadəsini çatdıracağıq. İfadəyə keçməzdən əvvəl qeyd edək ki, polis kapitanının ifadəsini oxuyarkən təəssüflənməmək olmur. Əvvəllər də qeyd etdiyimiz kimi, narkotikə meyl yaranması və bunun yayılması bir sosial bəladır. Bu sosial bəlaya çoxları bulaşa bilər. Onların arasında həkim, müəllim, polis, vəzifəli şəxs və ya vəzifəli şəxsin ailə üzvlərinin olması halları ilə dəfələrlə rastlaşmışıq. Amma hər dəfə də hüquq-mühafizə orqanları (HMO) əməkdaşlarının adlarının bu cür işlərdə hallanması təəssüf doğurur. Polis kapitanı ifadəsində etiraf edir ki, bu həbləri alsa da onları özü qəbul etməyib, tanış qızlara içirdib. Bir polis kapitanının hələ etiraf etdiyi iki qıza narkotik maddə içirməsi adi bir insanın oxşar əməli törətməsindən yəqin ki, xeyli fərqlidir.
Vüqar Əliyev qızlara narkotik maddə içirdib
Polis kapitanı istintaq zamanı dindirilərkən özünü təqsirli bilib. Vüqar Əliyev 2001-2004-cü illərdə DİN Bakı şəhər Yol Polis İdarəsində kadrlar şöbəsində inspektor, 2004-cü ildən həbs edilənə kimi isə Səbayel Rayon Polis İdarəsinin DYP şöbəsində inzibati təcrübə üzrə inspektor vəzifəsində işləyib.
V.Əliyev istintaqa ifadəsində bildirir ki, Mahir Mirsalamlını 2 ildir tanıyır və hərdən yolda rastlaşarkən görüşürlərmiş. Polis kapitanının bildirdiyinə görə, həbs edilməzdən təxminən 3 ay əvvəl Mahirlə görüşdükdə prokuror oğlu deyib ki, onda elə bir dərman var ki, qızlarda ehtiras əmələ gətirir, qiyməti də 50 manatdır. V.Əliyev bu danışıqdan bir neçə gün sonra M.Mirsalamlıya zəng edərək dərman istəyib. Beləliklə, “Sovetski” məhəlləsində Mahir V.Əliyevin “BMW 745” markalı avtomobilində bir həbi ona 50 manata satır. Polis kapitanı həmin dərmanı tanışı Ayka adlı qıza içirmək niyyətinə düşür. Qızı Şıxov qəsəbəsində olan “Crescent Beach” otelinə aparır. Orada 100 dollara kirayə otaq götürür. V.Əliyev Aykaya izah edir ki, bu dərman adamı cuşa gətirir və onu içməyi xahiş edir. Ayka kapitanın sözünü yerə salmır.
V.Əliyevin ifadəsində ekstazini “vozbuditel” dərman kimi qeyd edir. Hiss olunur ki, dərmanın bu cür təsiri onun daha çox diqqətini çəkib. Bir müddət sonra o, Mahiri axtarıb, bu dəfə iki “vozbuditel” dərman istəyir. O, eyni zamanda, əvvəlcə satdığı “vozbuditel”in keyfiyyətsiz olması barədə Mahirə iradını bildirir. Deyir ki, Ayka həbi içsə də, heç bir təsiri olmayıb. M.Mirsalamlı isə ona izah edir ki, həb hər orqanizmə müxtəlif cür təsir edir. Bu görüşdən bir neçə gün sonra Mahir yenə köhnə məkanda və şəraitdə ona iki dərman satır. Bu dəfə polis kapitanı dərmanları başqa bir qıza içirdir. İfadəsində dediyinə görə, qızın adını xatırlamır, amma həmin qızla istirahət etdiyi “Legend Otel”in adını unutmayıb.
Çempionun ekstazi marağı
İndiyə qədər tanış olduğumuz materiallarda külli miqdarda ekstazi sifarişçisi kimi tanıdığımız Cavidan Əliyevin də ifadəsi diqqət çəkəndir. Ancaq o, istintaq zamanı özünü qətiyyən günahkar bilməyib. 2001-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin idman fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən “Aransiya Rezor”, “Macik Seven”, “Coridella” otellərində anomator – otelə gələn müştəriləri əyləndirən işləyib. C.Əliyev güləş üzrə Azərbaycan çempionudur. Almaniyanın bir neçə şəhərində idman klublarında çalışıb.
2007-ci ildə artıq Azərbaycanda olan C.Əliyev maşın ustası Əli İsmayılovla tanış olur. Bu zaman tanışı ona deyir ki, Bakıda qızlarla əla istirahət edir, ekstazi həbləri qəbul edərək, günlərini xoş keçirirlər. C.Əliyevin sözlərinə görə, bu söhbət onda ekstaziyə maraq oyadıb və beləliklə, Ə.İsmayılov vasitəsilə bir ədəd ekstazi həbi sifariş edib. Həbi almaq üçün Əli ilə Amerika səfirliyinin arxasında görüşürlər. C.Əliyevin ifadəsinə əsasən, görüş yerini Əli təyin edib və sonradan ona məlum olub ki, orada Mahirgilin evi var. Güləşçi qeyd edir ki, Əli görüşə Mahirlə gəlir və onlar tanış olurlar. Mahir C.Əliyevə bildirir ki, həbin biri 60 manatdır. İdmançı isə ona bir həb üçün 50 manat verib, 10 manat borclu qalır.
Çempion ekstazini qəbul etdikdən sonra nələr hiss edib? Onun külli miqdarda ekstazi sifariş etməsinə gətirib çıxaran səbəb nə idi?
Bu sualların cavabı növbəti yazımızda...
(Davamı var)
Səbinə Əvəzqızı
İş № 585: Polis kapitanı ekstazini “vozbuditel” hesab edirmiş
2449