Əvvəli - http://www.lent.az/news.php?id=11022
“Əgər eyni sürətli templə və eyni hərəkətlərlə bədəninin bütün üzvlərini oynadaraq rəqs edən birini görsəniz, bilin ki, o, məhz ekstazi qəbul edib...”
Bu iddianın nə qədər doğru olduğunu onu söyləyən həkim bilir. Həmsöhbətimiz olan həkim-ekspert deyir ki, Bakının diskoteka və barlarında anormal enerji ilə rəqs edən gənclərə diqqət yetirməklə, ekstazi qəbul edən kifayət qədər adamı elə oradaca müəyyənləşdirmək olar.
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə bu narkotik vasitənin əsarətinə düşən gənclərlə bağlı aparılan prosesdən çoxları nəticə çıxarmalıdır.
Söhbət Əzizbəyov rayonunun sabiq prokuroru (Ali Məhkəmənin keçmiş sədri Südabə Həsənovanın qardaşı) Rəşid Həsənovun oğlu Yalçın Həsənovun Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlının, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun, polis zabiti Vüqar Əliyevin və başqalarının mühakimə edildiyi məhkəmə prosesindən gedir. Ötən həftənin cümə günü sizin diqqətinizə Yalçın Həsənovun istintaqa verdiyi ifadənin bir qismini çatdırdıq. Həmin ifadənin davamında nələr deyilir?
Prokuror oğlu bir gündə 3 həbi birdən qəbul edir
Yalçın Həsənov istintaqa ifadəsini davam etdirərək bildirir ki, Həsənin ona gətirdiyi son ekstazi həblərini dəqiq saymayıb. Sadəcə, onların 10 dənəsini özü ilə götürüb. Elə həmin gün (2008-ci il aprelin 20-də, həbs ediləndən 10 gün əvvəl - müəll.) 3-nü qəbul edib, özü də “Redbul” içkisi ilə. Amma dərmanları qəbul etdikdən sonra həblərin keyfiyyətsiz olduğunu anlayıb. O, əvvəl də ekstazi qəbul etdiyindən bunların əvvəlki kimi təsir etmədiyini görüb. Elə buna görə də geri, ofisə qayıdır və həbləri saymağa başlayır. Bu zaman Həsənin gətirdiyi həblərin içərisində qeyri-orijinal olanları görür. Qeyri-orijinallığı isə elə xarici görünüşdən hiss edə bilir. Bundan başqa, həblərin bəzilərinin hətta qaraldığı məlum olur. Y.Həsənov ehtiyat edir ki, bu həblər zəhərləyici də ola bilər. Təxminən 30-40 ədəd qaralmış həbləri seçib tullayır. Həmin ekstazi həblərin 20-ni Həsənin vasitəsilə Mahir Mirsalamlıya göndərir. 3-4 gün sonra isə Mahir həblərin pulunu – 400 dolları ona göndərir. Əslində, 20 həbin pulu 800 dollar edir. Lakin özünün əvvəlcədən Mahirə 400 dollar borcunu nəzərə alıb, pulların yarısını istəyir.
Polis İdarəsinin qarşısında “ekstazi bazarı”
Y.Həsənov istintaqa bildirir ki, həbs edilməmişdən 15-20 gün əvvəl Mirəli Əliyev, ya da Elşən Budaqov ona zəng edib Elşənin həmin gün uşağı olduğunu deyir və təşkil edilən tədbirə dəvət edirlər. Y.Həsənov gedə bilməyəcəyini deyir. Sonra isə onlara zəng edib, ofisinin qarşısına dəvət edir. Y.Həsənovun ofisi Nəsimi Rayon Polis İdarəsinin yaxınlığında yerləşir. Elə tanışları ilə də idarənin qarşısında görüşür. Və hədiyyə olaraq 4 ədəd ekstazini onlara təqdim edir ki, məclisdə qəbul edib, şənlənsinlər.
Elə həmin gün Y.Həsənov tanışı Ramin Həsənova 2 ədəd ekstazi həbini, biri 50 dollardan satır. Ümumiyyətlə, 2008-ci il fevral və aprel ayında 1 ədədi 40 dollar olmaqla ümumilikdə 23 ədəd ekstazi həblərini sürücüsü Həsənin vasitəsilə valyuta dəyişmə məntəqəsində işləyən dostu Ruslan Zalıyevə satıb. Ruslanın həmin həblərə görə Y.Həsənova 500 dollar borcu qalıb. Həbslərdən 1-2 gün əvvəl Ruslan borcunun 300 dollarını keçmiş Lenin muzeyinin qarşısında Həsənə təqdim edir, lakin 200 dollar borc qalır. Elə həmin gün axşam Ruslan “Lider” telekanalının yaxınlığında borcunun qalanını da Həsənə verir. Y.Həsənov Həsən vasitəsilə Ruslana 2 ədəd də pay həb göndərir. Amma nədənsə Ruslan bu hədiyyəni qəbul etmir.
Ruslan Rüstəmov işə necə cəlb olunur?
Bu cinayət işində başqa bir Ruslandan da söhbət gedir. Onun soyadı isə Rüstəmovdur. R.Rüstəmov özünü bu cinayət hadisəsində qətiyyən günahkar bilmir. Amma ifadəsində çox diqqət çəkən məqamlar var. Belə ki, R.Rüstəmov M.Mirsalamlının Bakı Dövlət Universitetindən tələbə yoldaşıdır. Onlar birinci kursdan dostluq ediblər. 2007-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə dostların görüşlərinin sayı azalıbmış. 2008-ci ilin yanvarında dostlar bir daha görüşürlər. Bu zaman Mahir ekstazi barədə danışır. Həbləri xeyli tərifləyir və tapşırır ki, istəyən olsa, ona müraciət etsinlər. Ruslan narkotikdən uzaq olduğunu bildirib və bundan sonra hətta bir müddət görüşməyiblər.
2008-ci ilin fevral ayında Mahir bir daha ona zəng edir. Onunla Malakan bağının yaxınlığında görüşüb, kafeyə gediblər. Söhbət zamanı Mahir deyir ki, xeyli borcu var və buna görə də ekstazi satıb, borcları bağlamaq istəyir. Mahirin israrlarından sonra Ruslan deyib ki, belə bir adam olsa, ona xəbər verər.
Həbs edilməzdən təxminən 1 ay əvvəl Mahirlə Ruslan bir daha görüşürlər. Və bu zaman Mahir ona deyir ki, ekstazi istəyən birini tapıb, lakin onu şəxsən tanımır, başqalarından öyrənib. Mahir Ruslana bildirir ki, şəhərdə onu çox adam tanıyır. Buna görə alıcı ilə görüşü Ruslana həvalə edir. Mahir Ruslana telefon nömrəsi verir və bildirir ki, alıcının adı Caviddir. Mahir onu da bildirir ki, danışıqlarda dərmanın birinin 45 manata olduğunu söyləsin. 2008-ci ilin mart ayında Ruslan Cavidlə telefon əlaqəsi saxlayır. Cavidlə Malakan bağının yaxınlığında yerləşən “Anadolu” restoranında görüşürlər. Ruslan Cavidə Mahirin adını vermir. Cavid isə elə ilk görüşdən 50-100 ədəd həb sifariş edir. Cavid bildirib ki, hər dəfə onlardan 50, hətta müştəri bol olarsa 100 ədəd həb ala biləcək, çünki onun ekstazi qəbul edən xeyli tanışı var. Cavid dərmanı satan adamla şəxsən tanış olmaq istədiyini bildirsə də Ruslan ad çəkmir və eyni zamanda qeyd edir ki, burada onun heç bir xeyri yoxdur, sadəcə satıcının sözünü ona çatdırır. Cavidə o da məlum olur ki, satıcı aşkarlanmasından narahatdır. Görüşdə danışılanlar Mahirə çatdırır.
Həblərin külli miqdarda satışı necə təşkil olundu?
Bu suala Ruslan Rüstəmovun ifadəsində cavab tapmaq olar. Növbəti yazıda.
(Davamı var)
Səbinə Əvəzqızı
İş № 585: Polis İdarəsinin qarşısında “ekstazi bazarı”
2187