“Sən haradasan” rubrikasının budəfəki qonağı sabiq rabitə naziri Nadir Əhmədovdur.
...Bir dəfə hazırda dövlət vəzifəsində olan bir şəxsdən müsahibə almalıydım. Müsahibimin yaşadığı binanın blokunda qarşıma üzdən nazir Nadir Əhmədova bənzətdiyim bir nəfər çıxdı. Salam verdi, geri çəkilib yol göstərdi, təəccüblü baxışlarımı görüb gülümsədi də. Nadir Əhmədova oxşatsam da, tez fikrimdən daşındım - belə tək-tənha, mühafizəçisiz, jurnalistə qarşı həssas nazir təsəvvürümə gətirmirdim. Salamlaşıb, keçdim... Müsahibə vaxtı özümü saxlaya bilməyib, həmsöhbətimdən Nazir Əhmədova oxşayan qonşusunun olub-olmadığını soruşdum. Gülüb “özüdir ki, var, Nadir müəllimdir” - dedi. Düzü, belə sadə nazirlə rastlaşdığım üçün əməllicə sevinmişdim də...
Bu dəfə də bizi yanıltmadı, bəziləri kimi nə müsahibədən, nə də hansısa sualdan yayındı. Söhbətə, rubrikanın ənəsinə uyğun olaraq, “Sən haradasan” deyə başladıq:
- Başqa yerdə deyiləm, elə Bakıdayam. Təqaüddəyəm, istirahət edirəm.
- İstirahət necə keçir?
- İstirahət çox yaxşı keçir. Əsasən nəvələrimlə, ailəmlə məşğul oluram. Vaxtımın bir hissəsini də dostlarımla keçirirəm. Narazılığım yoxdur. Təqaüddə olduğum müddət ərzində “Nəvələrə nəsihət” adlı kitab yazdım və artıq çap edilib. Bunu əsasən nəvələrim üçün yazdım. İndi də Qarabağ mövzusu ilə bağlı dostumla birgə bir kitab üzərində işləyirik. Vaxtilə Qarabağda gördüklərim, yaşadıqlarım burada yer alacaq. Bir zamanlar Qarabağda əsasən Ağdam, Xankəndində qərargah rəisi olmuşam. Orada yaşadıqlarım, bəzi proseslər məni hələ də narahat edir.
- Siz rabitəçisiniz və yəqin ki, bu sahədə olan prosesləri də diqqətlə izləyirsiniz. Hazırda Azərbaycan üçün rabitənin vacibliyi nə qədərdir və bu sahədə ümumi inkişafdan geri qalmırıq ki?
- Rabitə həmişə vacib olub. Getdikcə də inkişaf etmiş rabitə xidmətinə ehtiyac daha da çoxalacaq. Rabitə xalqın inkişafı üçün su, hava kimi bir şeydir. O ki qaldı inkişafa, bu barədə heç nə demək istəmirəm. Mənim indi buradan rabitə haqqında nəsə deməyim düz çıxmaz. Yeganə olaraq onu deyirəm ki, rabitənin bundan da yaxşı inkişaf etməsini görmək istərdim. Belə imkanlar var. Azərbaycanda elə imkanlar var ki, bizim də rabitə dünya standartlarına uyğun qurulub, tez inkişaf edə bilər. Hətta mənə elə gəlir ki, biz bir neçə il gecikirik.
- Sizinlə mərhum prezident Heydər Əliyevin ölümünün ildönümü ərəfəsində söhbətləşirik. Xatirinizdə Heydər Əliyevlə bağlı hansısa hadisələr qalıbmı?
- Çox xatirələr var, amma sizə birindən söhbət açmaq istəyirəm. Yəqin ki, TAE kabel xəttinin çəkilişi çoxlarının yadındadır. Bu kabel xətti bizdən çəkilib Xəzər dənizi vasitəsilə Türkmənistana keçməliydi. Bu məsələ ilə bağlı ölkə qəzetlərində xeyli tənqidi yazılar dərc edilir və rabitəçiləri günahlandırırdılar. İşin gecikməsinin xeyli pul itkisinə gətirib çıxarılmasından söz açırdılar. Guya ildə 80-100 milyon dollar itirdiyimizdə yazırdılar. Həmin günlərdə Heydər Əliyevi telefonla birləşdirdilər. Yaman hirsli idi, dedi, axı bu nə məsələdir, siz niyə bu işlə məşğul olmursuz, nədən biz pul itirməli oluruq? Hətta qəzetlərdə yazırdılar ki, bu işi ermənilər bizim əlimizdən alırlar. Heydər Əliyev bunu da soruşdu. Mən də söylədim ki, ermənilərin bu işdə heç bir rolu ola bilməz, amma bu xəttin bizim üçün tam əhəmiyyəti o vaxt ola bilər ki, bizdən keçib Türkmənistana getsin. Həmin vaxt da Türkmənistan rəhbəri Türkmənbaşının bizə münasibəti bəlli idi. İzah etdim ki, ermənilər bunu bizim əlimizdən necə ala bilər ki, onların özü “tupik”dədirlər, xətt yalnız bizdən keçə bilər. Bircə kəlmə dedi ki, hə, sən düz deyirsən. İnanın ki, o boyda əks-təbliğat, söz-söhbətlər də elə bununla da bitdi.
Məni rəhmətlik Heydər Əliyev nazir təyin edib. O olmasaydı, mənim nazir olmağım da reallıqdan uzaq idi. Mənim nazir olacağımdan heç vaxt xəbərim olmayıb. Bir dəfə işdəydim, dedilər ki, sizi prezident çağırır. Həmin vaxt nazir müavini idim. Mən prezidentlə görüşə gedənə kimi ürəyimdən xeyli fikirlər keçdi. Düşündüm ki, yəqin məni işdən çıxaracaqlar. Qəbulda bir saata kimi də gözlədim. Sonra məni qəbul etdi. Söhbət zamanı gördüm, yox, deyəsən bu yaxşı söhbətə oxşayır. Dedi ki, səni nazir təyin etmək istəyirəm. Söylədim ki, vallah, mən gözləmirdim, amma etibar etsəniz, əlimdən gələni edərəm. Güldü ki, bəs etibar etməsəm səni heç göndərərəm, get, başını aşağı sal, işlə. Onu da söylədi ki, ora çox geri qalıb, keçmiş rəhbərlik tərəfindən xeyli nöqsanlara yol verilib, orada inkişaf lazımdır. O sözlər indi də qulağımdadır. Allah rəhmət eləsin.
- Nazir olmaq hər insanın taleyinə düşmür. Yüz minlərin içərisindən seçilir bu insanlar. Sizin bəxtinizə nazir həyatı yaşamaq düşdü. Nazir olmağınız həyatınızda nə kimi rol oynadı?
- Əvvəlcə onu deyim ki, bəzi arzularıma çatdım. Təbii ki, bunlar rabitənin inkişafı ilə əlaqədar idi. O vaxt Azərbaycanda, MDB çərçivəsində belə bir fikir yaranmışdı ki, bizim rabitəçilər savadsızdırlar, özləri heç nə yaradıb, işi inkişafa apara bilməz. Çoxları düşünürdü ki, belə olub, belə də qalmalıdır. Lakin bizim işlədiyimiz dönəmdə rabitəçilərin fəal iştirakı, işi nəticəsində bu fikir dağıldı. Bütün Azərbaycan xalqı da gördü ki, elə öz azərbaycanlıları rabitəni inkişaf etdirib, yüksək yerlərə qaldıra bilərlər. Bu mənim ən birinci arzum idi, həyata keçirə bildik. Azərbaycan rabitəsi MDB daxilində ən qabaqcıl rabitələrdən birinə çevrildi. Yaxşı xatirimdədir, rabitə sahəsində 15-dən çox vacib göstərici üzrə Azərbaycan axırıncı yerdən birinci yerə gəlib çıxmışdı.
Növbəti arzum isə bu idi ki, rabitə sahəsindəki rüşvətxorluğa qarşı mübarizə aparaq. Biz bunun qarşısını almaq üçün elan vururduq ki, telefon çəkirik, hətta kreditlə telefon çəkilişinə başladıq. MDB ölkələrinin bir çoxu bizə gülürdü ki, niyə elanla telefon çəkirsiniz. Bununla yanaşı, rabitənin keyfiyyətini yaxşılaşdırdıq. Azərbaycanın elə bir kəndi olmadı ki, orada rabitə olmasın. Hansı ki, Rusiya kimi bir dövlətin kəndlərinin 20 faizində bir dənə də olsun telefon yox idi. Rabitəçilərimizin həmin vaxtkı xidmətləri danılmazdır. Rüşvətxorluğu, korrupsiyanı tam olmasa da, 95 faiz aradan götürmüşdük.
- Nazir olduğunuz vaxt sadədil olmağınız çoxlarının yadındadır. Bu davranış vəzifə standartıydı, yoxsa fərdi xarakterdən irəli gəlir?
- Mən nəvələrimə yazdığımı kitabda da bu barədə yazmışam. İnsan elə yaşamalıdır ki, gün ərzində ən azı 20 dəfə “sağ ol” qazansın. “Sağ ol”u qazanmaq üçün də nələrsə eləməlisən.
- Sadəliyinizi sizə qüsur kimi tutublarmı? Ümumiyyətlə, sadəlik həyatda sizə mane olub?
- Qətiyyən, heç vaxt mane olmayıb. Əhali ilə həmişə ikitərəfli rabitə yaratmağa çalışmışam. İşlədiyim vaxt həftədə iki dəfə kabinetimdə şəhər telefonlarına özüm cavab verirdim. Hətta elə olurdu ki, dəstəyi götürürdüm, deyirdilər ki, kimidir, cavab verirdim ki, Əhmədovdur. Çaşıb qalırdılar ki, nazir Əhmədov? Deyirdim bəli, çoxu çəkinib dəstəyi asırdı. Amma bir çoxları danışırdı, dərdini, işimizdəki nöqsanı deyirdi. Məndən soruşurdular ki, axı bu sənin nəyinə lazımdır? Mən də cavab verirdim ki, mənim görə bilmədiyim nöqsanı vətəndaş mənə çatdırır və bunu aradan qaldırıram, bunun nəyi pisdir? Əksinə, xeyli köməyimə gəlirdi. Ümumiyyətlə, harada olmağımdan asılı olmayaraq, kimlərsə rabitədən danışırdılarsa onların ağzından heç vaxt vurmurdum, diqqətlə qulaq asırdım. Sonra gəlib bunu araşdırırdım. Hərdən ortaya çox ciddi məsələlər çıxırdı. Aparatda nəzarət qrupu var idi, elə olurdu, o qrupda olan 50 nəfər bu nöqsanı görmürdü, lakin kənardan onu bizə çatdırırdılar.
Yəqin ki, yadınızda olar. O vaxt mətbuatda rabitədən kim tənqidi yazırdısa, və bu yazı həqiqət idisə, biz ona mükafat verirdik.
- Elə işlər varmı ki, onları görə bilmədiniz?
- Hərdən düşünürəm ki, gərək xalqıma daha çox yaxşılıq edərdim, insanlara daha yaxın olardım. İnsanların arasında olmaq çox faydalıdır. Səmimi deyirəm, o vaxtlar bəzi kitabları hələ oxumamışdım. İndi vaxtım oldu və Nadir şahı, Teymurləngi, Bağırovu oxudum. Həmin zaman bu kitabları oxusaydım, inanın ki, daha faydalı işləyərdim. İndiki rəhbər işçilərə çox məsləhət edərdim ki, bu kitabları oxusunlar. Çox faydalı məqamlar var. Mircəfər Bağırov haqqında çoxları neqativ danışır. Amma onun o qədər səmərəli işləri olub ki. Nadir şah o vaxt hərbi məktəb yaradıb ki, kasıb balaları gedib orada oxuya bilsinlər. Birinci dəfə hərbi donanma, top zavodu yaradıb. Teymurləng bütün işlərini qanunlaşdırmağın, qərarları yazılı verməyin tərəfdarıymış. Şifahi heç bir iş görməzmiş. Bu isə nizam-intizamın artmasına xeyli kömək edir.
- Ailədə sizin ixtisasın arxasınca gedən olub?
- Yox. Amma istəyərdim. Nəvələrimdən bəlkə kimsə rabitəçi oldu. Onların marağı daha çoxdur. Bilirsiniz, mənim indi nəvələrimlə danışmağa daha çox vaxtım var. Övladlarımla bu qədər danışmaq imkanım olmayıb. Amma işlədiyim zamanlar da hər bazar günümü övladlarıma həsr etmişəm. Bazar günləri heç hara getməzdim, ya uşaqlarla məşğul olardım, ya da işdən gətirdiyim sənədlərlə. Uşaqlardan söz düşmüşkən, onlara qarşı həddən artıq demokratik olmuşam, amma gərək bu qədər sərbəstlik olmayaydı (Gülür).
- Özünüzə qarşı münasibətdən razısınızmı?
- Bəli. Xalqdan da, dövlətdən də razıyam. Bütün məclislərdə hörmətlə qarşılayırlar. Dövlətdən də elə bir təqaüd alıram ki, düzünü desəm, hələ bundan utanıram da. Heç o vaxt bu qədər maaş almırdım.
- Sonda oxucularımıza nə demək istərdiz?
- Tarixi yaxşı öyrənsinlər. Əsasən də rəhbər işçilərimiz tarixi bilməlidirlər. Tariximizi bilsək, daha səmərəli, ədalətli işləyərik. Təəssüf ki, bəzi rəhbər işçilərimiz tariximizi bilmirlər. Müəyyən vaxtdır bu sahə ilə məşğul olmağıma baxmayaraq, etiraf edim ki, mən tariximizi zəif bilirəm. Tarixi bilmədən həyatı yalnız bu günkü gün kimi yaşamaq olar. Amma tarixdə olan təcrübələrdən istifadə edib, işi daha səmərəli qurmaq mümkündür.
Səbinə Əvəzqızı
“Heydər Əliyevlə telefonda danışdıq, yaman hirslənmişdi...”
2966