ABŞ Prezidenti Donald Tramp sosial media paylaşımında USAİD-in bağlanması barədə çağırış edib.
"Korrupsiya görünməmiş həddə çatıb. Onu bağlayın!", - prezident qeyd edib.
Tramp USAİD haqqında kəskin açıqlamalarına davam edir.
"USAİD-ə baxanda bunların hamısı fırıldaqdır. Bu təşkilatın pulunun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənir. Onun büdcəsinin hər bəndinə baxdığım zaman ya korrupsiya görürəm, ya da gülünc bir şey"-deyə, ABŞ prezidenti bildirib.
USAİD nədir?
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 1961-ci ildə Demokratlar Partiyasının prezidenti Con Kennedi tərəfindən yaradılıb. Soyuq müharibə dövründə USAİD ABŞ-ın xarici siyasətinin əsas alətlərindən biri olub.
USAİD-in büdcəsi və fəaliyyət sahələri
Bu il başlayana qədər USAİD ABŞ-ın xarici yardımının təxminən 60%-ni idarə edirdi. Məsələn, 2023-cü ildə USAİD-in büdcəsi 43,79 milyard dollar təşkil edib. Konqresin Tədqiqat Xidmətinin (CRS) hesabatına görə, agentliyin təxminən 10.000 işçisi 130 ölkəyə yardım edib.
USAİD-in əsas fəaliyyət sahələri ABŞ-ın strateji maraqları üçün xarici ölkələrə yardım, iqtisadi inkişaf və ticarət dəstəyi, humanitar yardım və səhiyyə proqramları, münaqişə bölgələrinə dəstək və demokratik institutların gücləndirilməsi olub.
Lakin bəzi ekspertlərə görə, USAİD-in fəaliyyəti sadəcə humanitar yardım çərçivəsindən çıxır və ABŞ-ın siyasi təsir rıçaqlarından biri kimi istifadə edilir. Çoxlu ölkələrdə USAİD-in ölkənin daxili işinə qarışması, yerli partnyorları ilə korrupsiya əlaqələrinə girməsi, xüsusilə cəmiyyətlərdə sabitliyi pozmaq üçün iş aparması barədə şikayətlər var.
USAİD-in bağlanması və Donald Trampın siyasəti
Donald Tramp və USAİD münasibətləri 2017-ci ildən bəri gərgin olub. Donald Tramp prezident seçildikdən sonra USAİD-in büdcəsinin azaldılması istiqamətində addımlar atdı.
Tramp administrasiyası USAİD-in büdcəsini 30%-dən çox azaltdı.
"Global Gag Rule” qaydası bərpa edildi.
Miqrantların qarşısını almayan ölkələrə USAİD-in yardımı dayandırıldı. Məsələn, Qvatemala, Honduras və El Salvador kimi ölkələrə yardımlar kəsildi.
Co Bayden və USAİD
2021-ci ildə Co Bayden USAİD-in büdcəsini bərpa etdi və Donald Trampın tətbiq etdiyi məhdudiyyətləri ləğv etdi. Bununla da yenidən USAİD "ənənəvi fəaliyyətinə" davam etdi. Yenə də USAİD vasitəsilə müxtəlif ölkələrə təzyiqlərə başlanıldı.
2025-ci ildə USAİD bağlanır
USAİD-in bağlanması 2025-ci ildə baş verən əsas hadisələrdən biridir. Yanvar ayında Donald Tramp USAİD-in fəaliyyətinin dayandırılması üçün sərəncam imzaladı.
Yanvarın 24-də Donald Tramp xarici yardımları 90 günlük müddətə dondurdu.
Yanvarın 27-də USAİD-in rəsmi veb saytı bağlandı.
Fevralın 3-də ABŞ Dövlət Katibi Marco Rubio USAİD-in rəhbəri təyin olundu.
Fevralın 6-da USAİD-in 10.000 əməkdaşından 294 nəfəri işdə saxlandı.
İlon Mask USAİD haqqında nə deyib?
Məşhur milyarder İlon Mask USAİD haqqında sərt ittihamlar səsləndirib. O, USAİD-i "cinayətkar təşkilat" adlandırıb. Mask, həmçinin, USAİD-in koronovirus və bioloji silahların hazırlanmasına vəsait ayırdığını deyib.
USAİD hansı ölkələrdə qadağan olunub?
USAİD bir sıra ölkələrdə indiyə qədər qadağan olunub və ya fəaliyyəti məhdudlaşdırılıb. USAİD-lə bağlı əsas ittiham onun dövlətlərin daxili işlərinə qarışması, siyasi təsir vasitəsi kimi istifadə edilməsi, həmçinin, hökumətlərə qarşı müxalifət yaradıb, onları maliyyələşdirməsi olub.
2012-ci ildə Rusiya hökuməti USAİD-in ölkədəki fəaliyyətini dayandırdı. Səbəb olaraq, USAİD-in Rusiya siyasətinə müdaxilə etdiyi, qeyri-hökumət təşkilatlarını (QHT) və müxalifəti dəstəklədiyi bildirildi.
2013-cü ildə Boliviya Prezidenti Evo Morales USAİD-i ölkədən çıxardı. Morales USAİD-i hökumətə qarşı qrupları maliyyələşdirməkdə və siyasi sabitliyi pozmaqda ittiham etdi.
Bu addım ABŞ və Boliviya arasında diplomatik gərginliyi artırdı.
Venesuela uzun müddətdir USAİD-in fəaliyyətini məhdudlaşdırır. Xüsusilə, Nicolas Maduro hökuməti USAİD-i müxalifəti dəstəkləməkdə və "rejim dəyişikliyi siyasəti yürütməkdə" ittiham edib.
2019-cu ildə Venesuela USAİD vasitəsilə göndərilən humanitar yardımları qəbul etmədi.
Küba hökuməti uzun müddətdir USAİD-in hər hansı fəaliyyətinə icazə vermir. Rəsmi Havana USAİD-i "ABŞ-ın casusluq və siyasi təsir vasitəsi" kimi qiymətləndirir.
2005-ci ildə Eritreya hökuməti USAİD-in fəaliyyətini dayandırdı.
Rəsmi səbəb olaraq, xarici təşkilatların ölkənin daxili işlərinə müdaxilə etməməsi göstərildi. Eritreya ABŞ-ın siyasətini tənqid edərək, milli suverenliyini qorumaq üçün bu addımı atdığını bildirdi.
Ömər əl-Bəşir dövründə USAİD-in fəaliyyəti məhdudlaşdırıldı. 2020-ci ildə Sudan hökuməti ABŞ ilə münasibətləri normallaşdırmağa başladıqdan sonra USAİD-in fəaliyyəti qismən bərpa olundu.
Pakistan USAİD-lə əməkdaşlıq etsə də, bəzi bölgələrdə (xüsusilə, Bəlucistan və Khyber Pakhtunkhwa) agentliyin fəaliyyətinə məhdudiyyətlər qoyub. 2011-ci ildə ABŞ-ın Usama bin Ladeni tapmaq üçün istifadə etdiyi proqramların ifşa olunmasından sonra Pakistan USAİD-in bəzi layihələrini dayandırdı.
2013-cü ildə Misir hökuməti USAİD-in bəzi QHT-lərə maliyyə ayırmasını məhdudlaşdırdı.
Misir USAİD-in "qeyri-sabitlik yaratmağa çalışdığını" qeyd etdi.
USAİD-in Çində fəaliyyəti məhduddur və əsasən akademik və səhiyyə layihələri ilə məhdudlaşır.
Hindistan USAİD-in bəzi layihələrinə nəzarəti gücləndirib və xarici maliyyənin istifadəsini məhdudlaşdırıb.
Türkiyə USAİD-lə əməkdaşlıq etsə də, bəzi layihələrdə onun iştirakını məhdudlaşdırıb.
Prezident İlham Əliyevin USAİD proqnozu
Azərbaycan Prezidenti İlham Əliyev USAİD haqqında hələ 2024-cü ilin dekabr ayında açıqlama vermişdi. O, USAİD-in bağlanmasını öncədən proqnozlaşdırmışdı:
"Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər", – deyə İlham Əliyev bildirmişdi.
Prezident vurğulayıb ki, yardım asılılıq yaratmamalıdır:
“Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAİD adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”.
Deputat: "USAİD tarixinin ən biabırçı dövrü..."
"Azərbaycan bu təşkilatın heç də xoş əməllərlə məşğul olmadığını dəfələrlə bəyan edib. Təəssüflər olsun ki, bu vaxta qədər bizim səsimizi eşidən olmayıb. ABŞ-da hakimiyyət dəyişikliyindən, yəni Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra bir çox maraqlı məqamlara aydınlıq gətirilməkdədir. Bu sırada USAİD də var".
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat xatırladıb ki, "son bir neçə gündə bu təşkilatın dünyanın müxtəlif yerlərdəki cinayətkar əməlləri barədə" silsilə məlumatlar dərc edilir: “Son məlumatlara görə, USAİD dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Azərbaycanda 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin, müharibə vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı çirkin kampaniya aparılıb. İndi isə həmin kampaniyanın arxasında kimin durduğunu söyləmək heç də çətin deyil".
Deputatın fikrincə, aparılan araşdırmaların " hələ hansı biabırçılıqları üzə çıxaracağını" indidən demək çətindir.
"Bayden Administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır.”-bunu da Vüqar İsgəndərov deyib.
USAİD hansı ölkələrdə iğtişaşlar yaradıb?
Mərkəzi Kəşfiyyat İdarəsinin ( MKİ) keçmiş direktoru Con Gilliqan “USAID-ə yuxarıdan aşağıya kimi, xaricdə könüllü kimi fəaliyyətdən dinə qədər bütün fəaliyyət istiqamətlərində MKİ agentləri yerləşdirilib”, deyə etiraf etmişdi.
Ölkənin hərbi və kəşfiyyat dairələri USAİD-dən ABŞ-ın dost saymadığı ölkələrdə mövcud ictimai-siyasi quruluşun dəyişməsi üçün “yumşaq güc”, “rəngli inqilab”lar həyata keçirmək üçün vasitəsi kimi istifadə edirdi.
Bunun ən parlaq nümunələrdən biri Kubada “rəngli inqilab” törətmək cəhdi ilə bağlıdır. 2010-cu ildə ada dövlətində “ZunZuneo” sosial şəbəkəsi fəaliyyətə başladı. “Associated Press“-in araşdırması zamanı aydın oldu ki, sosial şəbəkə USAID tərəfindən ölkədə etirazçı kütləni koordinasiya etmək üçün yaradılıb və maliyyələşmənin USAİD-dən qaynaqlandığını gizlətmək üçün bir sıra saxta şirkətlər zəncirindən istifadə olunub.
Hətta ABŞ Konqresi belə Mərkəzi Kəşfiyyat İdarəsi və USAID-in gizli oyunundan xəbərsiz idi və tamamilə fərqli bir layihəyə səs verdiyinə inanırdı.
USAID-in xarici hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil etməsi, Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verməsi, Soros tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırması və bu vəsaitlər müqabilində təqib olunacaq vətəndaşlar və siyasətçilərə dair istiqamətlər verməsi, özünü “ciddi” və “müstəqil” jurnalist araşdırmalar qrupu kimi təqdim edən OCCRP-yə 20 mln. dollar qonorar qarşılığında Nyu-Yorkun meri və prezident Trampın kibertəhülkəsizlik üzrə keçmiş müşaviri Rudolf Culianiyə qarşı kompromat tapmaq barədə göstərişi aşkarlanmış faktlardır.
2023-cü ilin oktyabrında Gürcüstanda USAİD-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən 3 Serbiya vətəndaşını maliyyələşdirməkdə ittiham olunması da yeni faktdır. Yaxud USAİD-in Serbiyada 2024-cü ilin noyabrından keçirilən etiraz aksiyalarında iştirak edən QHT və siyasi qüvvələri yönləndirdiyi də artıq sirr deyil.
ABŞ səhiyyə naziri postuna namizədliyi irəli sürən oğul Robet Kennedi isə USAİD-in Ukraynada "Maydan" hadisələrini maliyyələşdirdiyini söyləmişdi: “Ukraynada Maydan adlı iğtişaşlar olur, amma bizə deyilmir ki, biz bu iğtişaşları maliyyələşdiririk. Qəzetlər bizə heç vaxt deməyiblər, hökumətimiz bizə deməyib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin əlaltısı olan USAID bu iğtişaşların maliyyələşdirilməsinə 5 milyard dollar ayırıb".
APA Analytics