Qazaxıstanın KTMT işğalı: Və ya xalqın lideri olmayanda...
07 yanvar 2022 16:45 (UTC +04:00)

Qazaxıstanın KTMT işğalı: Və ya xalqın lideri olmayanda...

Qazaxıstanda baş verənlər artıq məcradan çıxıb. Prezidenti Kasım-Jomart Tokayev ölkəsindəki iğtişaşların yatırılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəməsi ölkədə vəziyyəti lap gərginləşdirib. Nəticədə KTMT-nin söz sahibi Rusiya ilkin mərhələdə öz istəyinə nail olub. 

Burda  bir maraqlı məqama diqqət yetirək: Bildiyiniz kimi KTMT nizamnaməsinin 4-cü maddəsi BMT nizamnaməsinin 51-ci maddəsinin bazasına əsaslanır, üzv dövlətlərdən birinə təcavüz olarsa, onlar kollektiv müdafiə hüququna malikdirlər. 

Qazaxıstandakı hadisələr də situasiya fərqlidir. Burda xarici müdaxilədən söhbət gedə bilməz. KTMT-nin isə üzv ölkələrin daxili işlərinə  qarışmaq hüququ yoxdur. Nizamnamənin kobud şəkildə pozulması onu göstərir ki, Rusiya hər necə olursa-olsun Qazaxıstana müdaxiləni əvvəlcədən planlaşdırıb. Və Rusiya istəyinə nail olub. İndi görünən odur ki, Qazaxıstan faktiki işğal olunmaqdadır, qazax xalqı bunu bağışlamamalıdır və bağışlamayacaq da. 

İndi bütün dünyanı narahat edən başlıca məsələ Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi kontingentinin daxil olmasıdır. Gələn xəbərlərə görə, Tokayevin rəsmən KTMT qüvvələrinin ölkəyə yeridilməsi barədə müraciətlə çıxış etməsindən əvvəl Rusiyanın içərisində 300-ə yaxın “Vagner” muzdlusu olan İl-76 təyyarəsi Almatıya enib. Həmin vaxt şəhər aeroportu hələ etirazçıların əlinə keçməmişdi. Ehtimal edilir ki, həmin gün axşam Almatıda etirazçılara atəş açan və onlarla adamı öldürənlər də elə “Vagner” muzdluları olub. 

Avropa Siyasət Mərkəzinin region üzrə təhlilçisi Amanda Paul bildirir ki, sülhməramlıların gəlişi Qazaxıstanın asılılığını artıracaq: “Aydın məsələdir ki, bundan sonra Qazaxıstan tamamilə Rusiyadan asılı olacaq. Bu isə bir neçə səbəbdən problemdir Qazaxıstan üçün. Həm Qazaxıstanın Qərb müttəfiqləri, həm də xalqı üçün pis xəbərdir. Bu həm də region üçün müəyyən mənada pis xəbərdir”. 

Tanınmış Rusiya jurnalisti Andrey Karaulov etirazları yatırmaq üçün  Qazaxıstana KTMT sülhməramlıları adı altında Rusiya desant qoşunlarının yeridilməsini kəskin pisləyib. O, Qazaxıstana qoşun yeridilməsini sovet qoşunlarının 1990-cı ilin yanvarında Bakıya qanlı müdaxiləsi ilə müqayisə edib. Karaulov qeyd edir ki, KTMT barədə müqaviləyə əsasən, Rusiyanın və digər üzv ölkələrin Qazaxıstana qoşun yeritmək səlahiyyəti yox idi. KTMT haqda müqavilədə göstərilir ki, ölkələr bir-birini ancaq xarici hərbi təcavüzə qarşı müdafiə edə bilərlər: “Biz “Qanlı yanvarı” xatırlayırıq. O zaman Bakıda general Lebedin desantçıları şəhərin dinc sakinlərini zirehli transportyorlarla əzdilər və süngüyə keçirdilər. Onların qurbanları arasında südəmər körpə və 92 yaşında qoca da var idi. Bizim desantçıların bütün qurbanları Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Yeri gəlmişkən, ora prezident Putin də baş çəkib və həlak olanların məzarlarına gül qoyub. Lebedin desantçıları o vaxt Azərbaycanın rəhbəri Vəzirovu xilas etmişdilər”. 

Jurnalist xatırladır ki, həmin günlərdə Moskvadakı Azərbaycan nümayəndəliyində Heydər Əliyev çıxış etmişdi və onun çıxışını bütün dünya dinləmişdi. Karaulov indi Rusiyada heç kimin Qazaxıstana qoşun yeridilməsinə etiraz etməməsindən təəccübləndiyini bildirir. “Haradadır Nobel laureatı Muratov və digər insan haqları müdafiəçiləri?”. 

“Rusiyanın xalq üsyanını yatırtmaq üçün Qazaxıstana qoşun yeritməsi dünyanın bir başqa bucağında – Qərbdə o qədər də vacib olmayan bir xəbər kimi qəbul edilə bilər. Amma Rusiyaya Vladimir Putinin prezidentlik etdiyini və onun Ukraynanı ram etmək üçün apardığı işləri nəzərə alanda Qazaxıstana qoşun yeridilməsinin çox təhlükəli hadisə olduğu aydınlaşır”. Bu barədə “Bloomberg” agentliyində dərc edilən “Putin doktrinasının mahiyyəti Ukrayna və Qazaxıstanda daha aydın üzə çıxır” başlıqlı məqalədə deyilir. Bu arada Qazaxıstandakı iğtişaşlar artıq ölkəyə 100 milyon dollardan artıq ziyan vurub. Bu zərərin miqyası genişlənməkdədir. Qeyd edək ki, Qazaxıstan əksər iqtisadi göstəricilərə görə MDB-də ikinci yerdədir. Belə ki, adam başına düşən ÜDM-nin həcminə görə Qazaxıstan Rusiyadan sonra ikincidir: illik 9 min dollar. Orta əməkhaqqı məbləğinə görə də, Ukrayna ilə birlikdə şimal qonşumuzdan sonra öndədir. 373 dollar orta aylıq əməkhaqqı olan Qazaxıstanda illik ixrac 66 milyard dollardır. Bu göstəriciyə görə sözügedən ölkə dünyada ilk əllilikdə olmaqla MDB-də ikincidir. 

Qazaxıstandakı hadisələr bir daha nəyi sübut etdi bilirsinizmi? Ölkədə xalqın dəstəyini qazanan lider olmalıdır. Qazaxıstan hadisələri göstərir ki, xalqın qəbul etdiyi və dəstək verdiyi lider varsa, o ölkədə nə iğtişaş olacaq, nə də kənar müdaxilələrə rəvac veriləcək. O ki qaldı Qazaxıstana bu ölkənin bundan sonrakı taleyi necə olacaq, proqnozlaşdırmaq çətindir.
 

# 2751
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar