Belarus prezidenti Aleksandr Lukaşenko ilk dəfə Suriyada Bəşər Əsəd rejiminin süqutunu şərh edərək, baş verənlərin ölkəsi üçün ciddi dərs olmalı olduğunu qeyd edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Lukaşenkonun sözlərinə görə, Suriyada son dərəcə qeyri-sabit vəziyyət yaranıb. O, vurğulayıb ki, prezidentin getməsi və sabit hakimiyyətin olmaması nüfuz uğrunda mübarizə ilə müşayiət olunan xaosa səbəb olub. Siyasi qüvvələr və qruplar, onun fikrincə, daha sivil görünməyə çalışsalar da, əslində zorakılıq və hakimiyyət bölgüsünü davam etdirirlər.
Lukaşenko həmçinin qeyd edib ki, Suriyadakı hadisələr ABŞ, Avropa İttifaqı, Türkiyə və Rusiya da daxil olmaqla qlobal və regional oyunçuların maraqlarının toqquşmasıdır. Onun sözlərinə görə, baş verənlər mövcud vəziyyətə gətirib çıxaran uzunmüddətli münaqişələrin nəticəsidir.
Sonda o, vurğulayıb ki, Belarus öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirməli, müstəqilliyini və sabitliyini qoruyub saxlamaq üçün hər cür səy göstərməlidir.