“İmam Hüseyn üçün ağlayıb-sızlamaq olduqca anormal haldır” -  Rafiq Əliyev
15 avqust 2022 16:30 (UTC +04:00)

“İmam Hüseyn üçün ağlayıb-sızlamaq olduqca anormal haldır” - Rafiq Əliyev

Lent.az "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevin APA-ya müsahibəsini təqdim edir

- Rafiq müəllim, bu gün Azərbaycanda dini situasiyayla bağlı fikirlərinizi bilmək istərdik.

- Mənə elə gəlir ki, hazırda stabillik var. Yəni din və dövlət münasibətlərini götürsək, hələlik ciddi münaqşə təhlükəsi görmürəm. Eyni zamanda, dinlərarası münasibət də normaldır. Amma bugünkü nisbi sabitlik o demək deyil ki, dini müstəvidə problem yoxdur. Bu günlərdə ölkəmizdə ciddi surətdə şiə tərəfdarlarının çoxalması, şiə liderlərinin geniş vüsət alması məsələsi var. Hansı ki bu liderlər adamları çox rahatlıqla ələ ala bilir. İnandırıcı və savadlı formada aparılan moizələrə mən də baxmışam. O qədər axıcı nitqlə və inandırıcı şəkildə danışırlar ki, inanmamaq çətin olur. Hətta həssas mövzulara toxunduqda birlikdə ürəkdən ağlayırlar. Bu bizdə təzə formalaşıb. 10-15 il qabaq belə deyildi, bu adamlar yox idi.

- Deyirsiniz ki, bu təbliğat məsələləri son dövrlərdə çoxalmaqdadır. Buna səbəb nədir?

- Bu şeylər İranda əzəldən var. Görünür, onun təsiridir. İranda mən görmüşəm, bu cür məclislərdə dövlət səviyyəli adamlar da hönkürürlər. Elə ağlayırlar ki, elə bil ən yaxın adamları ölüb, ona yas tuturlar.

- Sizin qənaətinizcə, belə bir şey doğrudurmu?

- Bu, anormal bir şeydir. Ümumiyyətlə, İslamda şiəlik əvvəllər olmayıb. İmam Hüseyn müsibəti isə çox-çox sonralar ortaya çıxıb. Şiəliyi İmam Əlinin övladları ilə bağlayırlar. Yenə də qeyd edim ki, yas tutmaq məsələsi, ifrat formada ağlayıb-sızlamaq olduqca anormal haldır.

- Bu özlüyündə hər hansısa təhlükədən xəbər verirmi?

- Bilirsiniz, ideyanı ancaq ideya ilə önləmək olar. İdeyanı silah və zor gücü ilə öldürmək, sındırmaq olmaz. Həmin ideyanın qarşısına başqa bir ideya çıxarmaqla çərçivəyə salmaq mümkün olur. Bu gün üçün isə reallıq odur ki, Azərbaycanda ideya var - Azərbaycanizm. Amma bu, ideologiya ola bilməyib. İslam dini isə Allaha inamın ideologiyasıdır. Və İslam kitablarında şiəlik və Məhərrəmlik haqqında o qədər də məlumat yoxdur. Amma bu gün Həcc ziyarətinə gedənlərin sayı iki-üç milyon arasında olur. Bəs bu rəqəm Kərbəla ziyarətində bilirsiniz, nə qədərdir? 30 milyon. Bu, İraq əhalisindən iki dəfə çox deməkdir. Bu ziyarət elə təşkil edilir ki, həmin ziyarətdə sənin üçün hər şərait qurulur. Bu da insanları ora çəkmək üçün bir həmlədir. Həcc ziyarətində belə olmur, müəyyən xərclər tələb olunur.

Bir daha qeyd edim ki, ideyanı ancaq ideya ilə önləmək olar. Və yaxud da həmin ideyanı daha yaxşı formada çatdırmaqla da nəyəsə nail olmaq mümkündür. Bax, məsələn, mən o moizələrə qulaq asıram. İmam Hüseynin din uğrunda özünü qurban verməsi faktı doğru deyil. Bütün imamların hamısı öldürülüb, bu doğrudur. Amma amal din idimi? Deyildi.

İmam Rza Kərbəlada şahın vəziri olub. Çünki camaatın ona inamı var idi, imam Rza bu təklifi qəbul elədi və onun vəzirliyi də faydalı oldu. Amma şah sonradan gördü ki, İmam Rzanın hörməti daha da artmaqdadır və bir gün şah olma təhlükəsi yaranır. Buna görə də onu zəhərləyib öldürtdü. Bax, burada sual yaranır. İmam Rza niyə ədalətsiz şahın yanında idi? Niyə onun hökmlərini camaata diqtə eləməklə məşğul idi? Görürsünüz, bu sualı verən yoxdur. Məntiqlə İmam Rza xalqın, ədalətin və haqsız duruma düşənlərin yanında olmalı deyildimi?

Yaxud İmam Hüseyni Məkkədə heç cür qəbul etmirdilər, vəzifəsi də yox idi. Kufədə vali yox idi və Kufə camaatı onu özlərinə vali təyin etdi. O da öz ətrafına adam toplayıb gəldi Kufəyə. Bundan sonra isə Məkkəlilər ondan tamamilə imtina etdilər və qayıdacağı təqdirdə onu öldürəcəklərini dedilər. İmam Hüseyn Kufə yolunda olarkən ona xəbər göndərdilər ki, gəlmə, biz səni istəmirik. İmam Hüseyn nə irəli gedə bilirdi, nə də geri. Ya təslim olmalı idi, ya da öldürülməli idi - Zeyd tərəfindən. O Kufəyə ona görə gəlirdi ki, orada vali olsun. Yəni mübarizə hakimiyyət mübarizəsi idi, din yox. Din özü də hakimiyyətə xidmət edir axı. Din, cəmiyyət və hakimiyyət – bu bir üçlükdür. Bunu açıq formada dedikdə ki, İmam Hüseyn özünü hakimiyyətə qurban verib, insanlar qəbul etmək istəmir.

Bir-iki gün qabaq moizələrdən birinə qulaq asırdım. Danışırdı ki, o 72 nəfərdən başqa 3 nəfərlik bir ailə də həmin döyüşlərdə olub. Ata yaxşı oxatan olub deyə, İmam Hüseyndən xahiş edib ki, onu da qəbul eləsin. Döyüşdə əvvəl sağ qolunu kəsiblər, sonra sol qolunu, ən sonda isə başını kəsiblər. Başı gəlib İmam Hüseynin ayağının yanına düşüb və dilə gəlib ki, mən düşmən yanında qalmadın, gəldim sənin ayağına. Və insanlar bu nağıla inanırlar, dəsmal götürüb ağlayırlar. Buna inanmaq bilirsiniz, nə deməkdir? Bu ağlasığmazdır.

Bu cür şeylər televiziyalarda, saytlarda, sosial şəbəkələrdə bu formada təqdim edilməlidir ki, insanlarımız, heç olmasa, müqayisə apara bilsinlər. Götür-qoy edə bilsinlər. Amma şərait yaradılmır, əksinə, bu cür moizə müəlliflərinə efirlərdə geniş meydan verilir. Bu da istər-istəməz insanlarımızda belə bir təəssürat yaradır ki, elə belə də olmalıdır və bu siyasətə, bir növ, dövlət də dəstək verir. Və o cür adamlar bir dəfə efirdə çıxış etdikdə ətrafına kifayət qədər adam yığa bilir, çünki onların çox gözəl oratorluq bacarığı var. Ədalət naminə, o adamların yanında əks arqument gətirən biri də olmalıdır, hər iki tərəfə meydan eyni formada verilməlidir. Eyni zamanda, bu gün üçün Dövlət Komitəsinin özünün moizə oxuyanları olmalıdır.

- Rafiq müəllim, orta statistik bir Azərbaycanlı ailəsini götürək. Onun üçün şiəlik və onun təbliği, Kərbəla ziyarətinin təbliği necə aparılır? Təsir hansı formada edilir?

- Kənar təsirlərdir, bu, aydın məsələdir. İran bizim qonşumuzdur. Bütün istiqamətlərdə gediş-gəlişimiz var, qız alıb, qız vermək kimi qohumluq münasibətlərimiz var və İran şiə dövlətidir. Bunun qarşısını almaq çox çətindir və bu sıx münasibət və təsir getdikcə geniş vüsət alır, çoxalır, dərin kök salır. Bilirsiniz, adi bir moizə ilə bu qədər adamı nəyə inandırmaq, ağlatmaq olursa, düşünün, onları hansı tərəfə istəsən, yönəldə bilərsən.

- Bayaq dediniz ki, Dövlət Komitəsinin özünün moizə oxuyanları olmalıdır. Onlar harada yetişməlidir?

- Bunun üçün bizdə İlahiyyat İnstitutu var. Elə orada.

- Bizdə din xadimi statusu almaq üçün tələbələrin başqa ölkələrə getməsi lazımdır. Olmazmı ki, bu status elə bizdə verilsin?

- 1992-ci ildən bəri Bakı Dövlət Universitetində Konstitusiyaya zidd olaraq, İlahiyyat fakültəsi vardı. Din dövlətdən ayrıdır, ona görə də bizim universitetlərdə belə bir fakültə ola bilməzdi. Mən dəfələrlə buna qarşı çıxmışam. Orada 5000-ə yaxın tələbə təhsil almışdı, amma nəticə etibarilə dövlət onların heç birini işlə təmin edə bilmədi. Qaldılar ortada.

Dediyiniz şeyə gəldikdə isə, mən həmişə demişəm ki, mümkün olmayan heç nə yoxdur. Sadəcə, bu işdə maraqlı olmaq, addımlar atmaq lazımdır. İlahiyyat İnstitutunu bitirən hansı tələbəni moizə oxuyanlardan biri kimi görürük? Heç birini. Demək, naqislik onlara verilən təhsildədir.

- Dediyiniz o 5000 tələbəni dövlət işlə təmin etmirdisə, niyə yetişdirirdi?

- Mən də onu deyirəm axı. Bizdə o potensial yoxdur. Ona görə də o fakültə olmamalıdır. Din mənəviyyatla bağlıdır, insanların əxlaqının formalaşmasında ciddi rol oynayır, amma dövlətdən tamamilə ayrıdır. Bax, bu kitabda (Masanın üzərindəki kitabı göstərir) bütün bunlar göstərilib. Dövlət, Din və Cəmiyyət üçbucağı olduqca həssas məsələdir. Bu kitab sırf o təhlilə görə Amerikada qızıl medala layiq görülüb.

- Müsahibələrinizin birində bizdə din xadimlərinin yetişdirilməsi məsələsini o qədər də qəbul etmədiyinizi deymisiniz.

- Azərbaycan hakimiyyəti dini dövlətdən ayrı hesab edir, bu birmənalıdır. Biz yetişdirəcəyimiz o adamları normal proqramla dövlətin dindən ayrı olduğunu aşılayaraq yetişdirə biləyəciksə, yetişdirək. Nurçular var idi, məsələn. Onlar kimi din xadimi yetişdirə bilən varmı? Yoxdur. Onların təhsili yüksək səviyyədə idi, sadəcə, onların ən böyük mənfisi hakimiyyətə gəlmək məsələsi idi.

- Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin birlikdə iş prinsipi, sizcə, normaldımı?

- Deyil. Bu gün QMİ-nin, demək olar ki, səlahiyyəti qalmayıb. Amma istənilən halda, bu iki qurumun müştərək fəaliyyəti mütləq formada olmalıdır. Vaxtilə qəzetlərdə Məhərrəmlik vaxtı İran Mədəniyyət Mərkəzinin moizələri çap edilirdi və ciddi rezonans doğururdu. Bəs biz niyə yazmırdıq? Niyə təhlillər aparmırdıq? Bunun üçün dövlətin dəstəyi və şəraiti də lazımdır. Mən demirəm ki, bir-birlərini tənqid etsinlər, yox. Sadəcə, bir-birlərinin fikirlərini, ən azından, müzakirə etsinlər.

- Sizin Dini Komitədə sədr olduğunuz dövrdə Azərbaycana donor təşkilatlarının axını var idi. Məsələn, Əbu-Bəkr məscidini Küveytin hansısa xeyriyyə cəmiyyəti tikmişdi. Buna nə ehtiyac var idi?

- Ehtiyac yox idi. O məscidə yer verən Nərimanov Rayon İcra Hakimiyyəti, icazə verən isə Bakı Şəhər İcra hakimiyyəti idi. Əbu-Bəkr məscidi həmin xeyriyyə cəmiyyətinin mülkiyyətində idi, amma biz sonradan Əbu-Bəkr məscidi də daxil olmaq, 10 məscidi dövlətin mülkiyyətinə çevirdik. Hətta ona qədər dövlət nümayəndələrini o məscidə buraxmırdılar. Təsəvvür edirsiniz? Onların gəlişinin yalnız bir məqsədi var idi: Azərbaycan neft ölkəsi idi, o vaxt neft müqaviləsi dünyada səs-küy yaratmışdı, Azərbaycan o ölkələr üçün maraqlı idi. Ona görə də dövlətin içinə girirdilər.

- Rafiq müəllim, bir az da Sələfilərdən danışaq. Ümumiyyətlə, sələfilər və yaxud da vəhabilər deyilən bir qol haqqında insanlarımız nəyi bilməlidir?

- 19-cu əsrdə meydana gəlmiş bir qoldur. O dövrdə İslam dini məhvə doğru gedirdi. Və həmin qarışıq dövrdə Məhəmməd Abdul Vahab öz variantını irəli sürdü, bu da vəhabilik idi. Səudiyyə Ərəbistanda olan iri qəbilələrdən biri – Səud qəbiləsi bu qolu öz ideologiyaları kimi qəbul etdi, nəticədə Səudiyyə Ərəbistanı dövləti yarandı. Bu dövlətin ideologiyası isə məhz Sələfilərin ideologiyası idi. Vəhabilər dedikdə, birinci növbədə onu qeyd eləmək lazımdır ki, vəhabilərin İslam dininin geri qaytarılmasında ciddi rolu olub. Eyni zamanda, vəhabilərin iki ciddi xətası var: birincisi, “dində məcburiyyət yoxdur” prinsipinə əməl etmirdilər, insanları zorla dinə cəlb edirdilər. İkincisi, dini qəbul etməyən kəslərin mülkiyyətini əllərindən alırdılar, hətta öldürürdülər.

Amma biz vahabilərlə əlaqələrimizi normallaşdırdıq, Əbu-Bəkr məscidini sənədləşdirib dövlət mülkiyyətinə çevrildi. Və məscid ətrafındakı natəmizliklər də təmizləndi. Yekunda məscid daxilində təbliğatın da mahiyyəti dəyişdi. Münasibətlər normallaşdı.

- Rafiq müəllim, sizin sədrliyiniz dövründə din və dövlət məsələlərində, ümumiyyətlə təhlükə doğuran xarici təsirlərə qarşı nə kimi işlər görülmüşdü?

- 2001-2006-cı illərdə xarici təşkilatlar məscid tikə bilmədi, biz onun qarşısını aldıq. Eyni zamanda, bayaq da dediyim kimi, bundan sonra bu tikinti prosesi icra hakimiyyəti orqanlarına həvalə olundu. Amma istənilən halda, bunu dini komitə etmədi. İkincisi, tikilən və dövlətin mülkiyyəti hesab edilməyən məscidlər sənədləşdirilib dövlətin mülkiyyətinə çevrildi. Bu, çox ciddi bir iş idi. Bundan sonra o məscidlər icra hakimiyyətinin tabeliyinə keçmiş sayılırdı.

- Xarici təsirlər demişkən, Londonda baş verən hadisələr haqqında danışaq. Sırf Məhərrəmlik ayında, Aşuraya bir neçə gün qalmış baş verən bu hadisənin məqsədi nə idi?

- Bu, bir mesaj idi. Və onların mesaj verdiyi adamlar, məsələn, Hacı Şahin və digərləri o hadisələri pislədilər, onlara qarşı çıxdılar. Hansı ki o mesaj birbaşa bu adamlara verilmişdi. Burada digər maraqlı məsələ odur ki, bu adamlar onların əksinə getdilər deyə, insanların gözündə daha da yüksəldilər, daha da hörmətləri qalxdı. Yəni istədikləri, əslində, oldu deyə bilərik. Bu şeylər təsadüfən baş vermir. O təşkilat ciddi formada iş görüb, hazırlıq görüb və istəyinə də nail olub.

- İnsanlara din necə izah edilməlidir ki, bu cür yanlış istiqamətlərə yönəlməsinlər?

- Din mənəviyyat məsələlərini həll edir. İnsan birinci növbədə bunu başa düşməlidir. Amma bu gün din birbaşa siyasətə təsir edir, təkcə mənəviyyatla kifayətlənmir.

Mən dəfələrlə təklif eləmişəm ki, dinin tarixi ən həssas məsələdir. İnsanlar dinlərin tarixini öyrənməlidir. Çünki demək olar ki, bu barədə heç nə bilmirlər.

Vaxtilə Heydər Əliyevin tapşırığı ilə bütün dinlərin tarixini əks etdirən kitab hazırlamışdıq. İslam bir az geniş verilsə də, bütün dinlər orada əhatə edilirdi. Sırf məktəblərdə tədris olunacaq səviyyədə bir kitab idi. Amma icazə verilmədi. Çünki kitab mənim adımdan yayımlanmışdı, müəyyən adamların adı yox idi. Onunla da o söhbət batdı.

- Rafiq müəllim, ərəb ölkələrində baş verən proseslərin dinlə hər hansısa əlaqəsi varmı?

- Çox azdır. Orada əsəs məsələ xarici kapitalist dövlətlərin marağı və siyasətinin toqquşması məsələsidir. Yaradılan terror qruplaşmaları, dövlətləri də din vasitəsilə yaradılmır, onları dinin yaratması mümkün deyil. Amma əfsuslar olsun ki, adları İslamla bərabər çəkilir. Bir faktı deyim, Marqeret Tetçer SSRİ dağılanda demişdi ki, “NATO-nu ayaqda saxlamaq üçün bizə düşmən lazımdır. Bu gün bizim düşmənimiz İslamdır. Və biz ondan istifadə etməliyik”. Edə bilirlərmi? Bəli. Heç bir din insanı üsyana təhrik edə bilməz. Amma din pərdəsi altında hakimiyyət çevrilişləri baş verir. Hansı ki dinlə zərrə qədər də əlaqəsi olmur. Din insan qətlinə necə izn verə bilər axı? Din heç heyvanları belə bir-birinin gözü qarşısında kəsməyi qadağan edir.

- Heç buna əməl edən var ki? Qurban bayramında Bakıda kütləvi qurbankəsmə aksiyası oldu. Oradakı mənzərə dəhşətli idi.

- Çünki onu keçirən qurumların dindən zərrə qədər də anlayışı yoxdur. O heyvanları o formada kəsmək, onun ətini yemək qətiyyən yolverilməzdir.

İstənilən halda, baş verən bütün bu çatışmazlıqların səbəbi dinin insanlara doğru-dürüst formada çatdırılmamasıdır. İnsan dini olduğu kimi dərk etsə, bu cür çatışmazlıqlar, bu cür problemli məsələlər olmaz.

# 11052
avatar

Oxşar yazılar

Putin İrəvanda  məğlub oldu

Putin İrəvanda məğlub oldu

18 mart 2024 , 19:03
İlham Əliyev Xankəndidə Novruz tonqalını yandırdı

İlham Əliyev Xankəndidə Novruz tonqalını yandırdı

18 mart 2024 , 12:31
“Toplum TV”nin QRANT QAÇAQMALÇILIĞI  - yeni detallar

“Toplum TV”nin QRANT QAÇAQMALÇILIĞI - yeni detallar

18 mart 2024 , 10:21
Prezident NATO-nun baş katibi ilə şam yeməyində

Prezident NATO-nun baş katibi ilə şam yeməyində

17 mart 2024 , 22:28
Azərbaycan və Gürcüstan liderlərinin bəyanatları - VİDEO

Azərbaycan və Gürcüstan liderlərinin bəyanatları - VİDEO

16 mart 2024 , 14:34
BAXCP-nin adı ƏHD  oldu

BAXCP-nin adı ƏHD oldu

16 mart 2024 , 13:20
Bayden İlham Əliyevi təbrik etdi

Bayden İlham Əliyevi təbrik etdi

16 mart 2024 , 11:10
Mətbuat Şurası Nurşən Quliyevi təltif etdi

Mətbuat Şurası Nurşən Quliyevi təltif etdi

15 mart 2024 , 18:18