Deputatlar ezamiyyət xərclərinin azlığından  ŞİKAYƏTLƏNDİLƏR
11 noyabr 2022 15:26 (UTC +04:00)

Deputatlar ezamiyyət xərclərinin azlığından ŞİKAYƏTLƏNDİLƏR

Gələn ilin büdcəsində ezamiyyət xərcləri üçün ayrılan 22 milyon manat kifayət deyil.

Lent.az -APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“Təklif edirəm ki, ezamiyyət xərclərinə yenidən baxılsın. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq aləmdə cəbhə açılıb. Azərbaycanın mövqelərini daha yaxşı ifadə etmək üçün xaricdə nümayəndələrimiz fəaliyyət göstərirdi. Lakin fəaliyyətimizi artırmaq və daha yüksək səviyyədə təşkil etmək üçün təklif edirəm ki, bununla bağlı xərclərə yenidən baxılsın”, - deyə komitə sədri bildirib.

Deputat Elman Nəsirov da hesab edir ki, ezamiyyə xərclərinin artırılmasına ehtiyac var: “Həmçinin Prezidentin qeyd etdiyi kimi türk dünyası təkcə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdən ibarət deyil, kənarda yaşayan soydaşlarımız da var. Onların hüquqlarının müdafiəsi məsələsi il bağlı vəsaitin ayrılmasının da büdcədə öz əksini tapması lap yerinə düşərdi”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, parlamentlə Maliyyə Nazirliyi arasında yaxşı əməkdaşlıq mövcuddur: “Ezamiyyə xərcləri büdcədə kifayət etməyəndə belə bu, işçi qaydada həll edilir. Bizim bu sahədə problemimiz mövcud deyil”.

# 2094
avatar

Oxşar yazılar