"İrəli getmək istəyirsənsə, xırda hesabların peşində olmayacaqsan"
20 iyul 2012 11:01 (UTC +04:00)

"İrəli getmək istəyirsənsə, xırda hesabların peşində olmayacaqsan"

Nəhayət ki, "4 valet"in növbəti "toplantısı" baş tutdu. Etirazlarına baxmayaraq, əslində, əvvəlcədən tutduğumuz siyahıda onun da adı vardı. Bu günlərdə Abbasoğlu cənabları israrlı təkidlərdən sonra axır ki, APA şefindən müsahibə haqqı qopara bilmişdi. Həqiqətən, Mətbuat Günü ərəfəsində "4 valet"in Vüsalə Mahirqızıdan maraqlı müsahib tapması xeyli çətin olardı. Ancaq müsahibənin özəlliyi bir də ondaydı ki, Vüsalə xanım həm də bir neçə gündən sonra ad gününü qeyd edəcəkdi...

Görüşümüz Bakının yaraşıqlı (sonra məlum oldu ki, həm də dadlı yeməkləri olan) restoranlarından birində baş tutdu. Vüsalə Mahirqızını 4 valet - İlqar Əlfioğlu, Anar Yusifoğlu, Ramal Hüseynov və İlham Tumas gözləyirdi. Müsahibimiz çox yox, təxminən 15 dəqiqə gecikdi. Anar Yusifoğlu fürsəti fövtə vermədi...

"Özünü başqalarından üstün tutmaq olmaz"

A.Y.- Vüsalə xanım, niyə gecikirsiniz? Gözlətməyi xoşlayırsınız?

- Yox, gözlətməyi xoşlamıram. Mətbuat Şurasının bir neçə beynəlxalq təşkilatla birgə təşkil elədiyi tədbir vardı, o tədbirdə çıxışçı idim. Çıxış da günün ikinci hissəsində idi.

A.Y- Ümumiyyətlə, gününüzü planlaşdırırsınız?

- Planlaşdırıram. Amma hesab etdim ki, 4 centlmen, özü də valet, bir xanımı 15 dəqiqə gözləyə bilər.

İ.T- Çox maraqlıdır ki, siz yenə xanımlığınızı irəli sürdünüz. Ancaq adətən deyirsiniz ki, rəhbər işçi məsələsində xanım, kişi seçilməməlidir, hamı eyni statusdadır.

- Elə o tərəfdən də baxanda bir problem olmamalıdı. Bu ölkədə bir APA Holding var, onun da bir rəhbəri var, onu bir 15 dəqiqə gözləmək olar, məncə.

İ.Ə - Bəs gözləməkdə necə, belə ürəyi genişsiniz?

- Yox, mən gözləməyi sevmirəm. Çalışıram ki, görüşü elə planlaşdırım, deyilən vaxtda deyilən yerdə olum ki, gözləməyim. Amma müəyyən yerlər olur ki, artıq orada növbədir, onları gözləmək lazım olur. Xüsusilə dünyada ən acığım gələn növbələri pozan adamlardır. Harada olmaqdan asılı olmayaraq, mən statusdan, dost-tanışlıqdan istifadə etməyi xoşlamıram. Hətta bəzən olur ki, hava limanında, həkimdə, yaxud hardasa növbə olanda kimsə məni tanıyır, dəvət edir. Açığı, o halda çox utanıram. Çünki başqa adamlar bunu qaba bir hərəkət kimi görürlər və haqlıdırlar. Bunu başqalarının haqlarını tapdalamaq kimi baxıram, ona görə də belə hərəkət edəndə utanıram.

İ. T.- Sizcə, belə xüsusiyyətlərin adı nədir? Tutaq ki, biri pul xərcləyir, səxavətli sayırlar, pul xərcləməyənə simic deyirlər...

- Tərbiyəlilik. Orta statistik tərbiyədir. Mən müəllim ailəsində böyümüşəm, ailədə bizə öyrədiblər ki, özünü başqalarından üstün tutmaq olmaz.

İ.Ə- Siz aktiv tərbiyəli, yoxsa passiv tərbiyəlisiniz? Yəni növbədə heç vaxt növbəsiz keçmirsiz, növbəsiz keçənlərə necə, münasibət göstərirsiniz?

- Münasibət göstərirəm. Təpgimi göstərirəm ki, belə etmək, insanların növbəsinə girmək olmaz, biz də insanıq, sənin kimi burada gözləyirik. Yaxud mənim növbəmdirsə, mənim haqqımdır.

R.H- Bayaq bizi centlmen adlandırdınız. Bizim mentalitetdə kişi, qadın məsələsi var, hamı ona çox diqqət yetirir. Bəs peşəkarlıqda, jurnalistikada kişi, qadın nə dərəcədə önəmlidir? Peşəkarlıqdadamı kişilər qadınlara hörmət etməli, geri çəkilməlidirlər?

- Yox. Hesab edirəm ki, əgər bir insan siyasətdədirsə, aktiv işlə məşğul olursa, o halda onun qadınlığı önə çəkilməməlidir. Qlamur söhbətlərdə, müəyyən yerlərdə ola bilər. Məsələn, bir əyləncə gecəsinə, ziyafətə gedəndə heç kim orada kişinin geyiminə diqqət etmir. Amma bir xanım gələndə onun geyimi, bəzək-düzəyi müzakirə mövzusu ola bilir və orada xanım olmağınla diqqət çəkmək normaldır. Amma kimsə ictimai aktiv adamdır, mübarizəyə qoşulubsa, o bilməlidir ki, bu yolun uğuru kimi uğursuzluğu, yoxuşu kimi enişi də var. Şöhrət qazanmaq istəyən, ictimai fəal adam vurar da, vurular da. Qarşısına normal, tərbiyəli mübarizə aparan bilən insan da çıxa bilər, tərbiyəsi az olan da. Kimsə görəndə ki, uduzur, durub deyirsə ki, xanımam, xanıma qarşı belə etmək olmaz! Mən bunu xanımlığı sui-istimal eləmək adlandırıram və doğru hesab etmirəm. Əvvəlcədən nəzərə al ki, bu vəziyyəti qaldıra bilməyəcəksən və heç belə məsələlərə də girmə.

R.H - Həyatınızda nə dərəcədə ictimai rəyə görə hərəkət edirsiniz?

- İctimai rəyi nəzərə alıram. Çünki mən ictimai yükü olan bir vəzifənin daşıyıcısıyam. İmicim, ictimai rəydə olan obrazım mənim birbaşa şirkətimizə, biznesimizə, oxucu kütləmizə təsir edir. Ona görə də ictimai rəylə hesablaşmaq məcburiyyətindəyəm.

A.Y – Ancaq nəzərə alaq ki, ictimai rəyi formalaşdıranlardan da biri sizsiniz.

- Əlbəttə, ictimai rəyin formalaşmasında rol oynayan şirkətlərdən biri də bizim şirkətimizdir. Yəqin ki, bu, bir az mənim üstünlüyümdür. Düzü, sıxıldığım bir şeydir, xoşlamıram, həyatım boyu heç vaxt arzulamamışam ki, indiki şəkildə ictimai nəzarətdə olum. Hətta o qədər ki, “Facebook”da yazdığım iki cümləlik ismarıc belə xəbər ola, müzakirə mövzusuna çevrilə bilir. Yaxud dediyim istənilən atmaca belə artıq böyük bir qalmaqal kimi müzakirə mövzusu ola bilir. Əlbəttə, mən bunu qəti xoşlamıram, həyatım boyu arzulamadığım bir şeydir. Ancaq indi ki, iş belə gətirib və ictimai cəhətdən diqqət mərkəzində olan adamam, ona görə ictimai rəylə ciddi hesablaşıram.

R.H. – Azərbaycan cəmiyyətində bir qadının nələrəsə nail olması, böyük bir media qurumunun sahibi olması nə dərəcədə asan əldə olunacaq bir şeydir?

- Söhbət tək Azərbaycan cəmiyyətindən və qadından getmir. Kimliyindən asılı olmayaraq istənilən halda insanların bir yer əldə etməsi çox çətindir. Düşünmürəm ki, vəzifəsi, statusu olan kiminsə qarşısına qırmızı xalı sərilib və o, gəlib rahatca o yerdə oturub. Hamıda müəyyən məqamlarda büdrəmələr də olur, dəstək də. Elə məqamlar var ki, şansın rol oynayır, elə məqamlar var ki, ailənin və dostlarının, böyüklərinin dəstəyi rol oynayır, elə məqamlar da var ki, gözü qaralığın, risk qabiliyyətin rol oynayır. Bunların hamısını mərhələ-mərhələ keçirsən. Qadınlar bəlkə bu yolu kişilərdən daha ağır keçirlər. Çünki qadın-kişi məsələsində tam bərabərlik olsa idi, o halda dünyada gender problemi olmazdı və bu, beynəlxalq təşkilatların daim müzakirəsinə çevrilməzdi. Ayrı-seçkilik var, bu, reallıqdır. Bunu kişilər də gender problemi adı ilə qəbul ediblər. Rəhbərliyində daha çox kişilərin təmsil olunduğu təşkilatlar bu məsələni müzakirə edirlər. Şərq, o cümlədən Azərbaycan cəmiyyətində isə belə məsələ xüsusilə aktualdır. Çünki cəmiyyətimizdə bir xanım bir işin başındadırsa, uğur qazanırsa, artıq kişi rəqibləri onu heç nə ilə vura bilmirlərsə, sonda əxlaqı ilə bağlı bir söz söyləyirlər. Çünki bu, Şərq cəmiyyətində yeriyən tezisdi, söylənilənlərə 10 adamdan 5-i inana bilir.

"Varlıq da, yoxluq da insan üçündür"

A.Y – Məşhur bir sözdür. Deyirlər ki, insan həyatda heç nə qazanmır, itirir. O baxımdan da birinin itkisi az, birinin itkisi çox olur. İşgüzar sahədə nələri itirdiniz?

- Mən işgüzar adamların belə poetik hesablar aparmasının tərəfdarı deyiləm. Çünki əgər bir sahədə işləməyə başlamısansa, reallıqdır ki, nələrdənsə vaz keçməlisən. Bayaq dedim ki, ictimai rəylə hesablaşıram. İctimai rəylə hesablaşmaq o deməkdir ki, sən artıq müəyyən sərbəstliklərdən könüllü imtina edirsən. Məsələn, yaşıdların kimi azad geyinə bilmirsən, şəxsi həyatda müəyyən məsələlər, ailə, istirahət, uşağa vaxt ayırmaq ikinci plana keçə bilir, ruhunu, emosiyanı içində boğursan. Əgər ictimai cəhətdən tanınan bir şəxs olmaq istəyirsənsə, o halda bunlardan könüllü imtina edirsən. Yox, istəyirsənsə ki, azad, sərbəst yaşayasan, o da problem deyil ki, milyonlardan biri kimi yaşa, kef elə. Yox, minlərin içində olmaq istəyirsənsə, özünə müəyyən qadağalar qoymalısan. Yəni, mən bunu könüllü olaraq qəbul etmişəm. Hesab edirəm ki, kişiliyindən, qadınlığından asılı olmayaraq ictimai həyatda öndə olan hər kəs də bu yolu özü seçib və buna görə vaysınıb, heç kimə minnət qoymamalıdır.

İ.T – Minlərdən danışdınız. Sizcə, indi siz hansı sayın içərisindəsiniz?

- Azərbaycan cəmiyyətində tanınan, üzdə olan, tədbirlərdə, ictimai hadisələrdə görünən, ictimai tanınan üz olan təxminən min nəfər adam ola bilər, özümü o minin içində görürəm.

İ.T- Hacı Zeynalabdin Tağıyev bir zaman kimlərin içərisindən çıxdığını unutmamaq üçün malasını, çəkicini divardan asır. O vaxtları unutmamaq üçün nəyisə asmısınız, yoxsa asmağa ehtiyac yoxdur?

- Mənim buna ehtiyacım yoxdu, mən insanlarla, insan mənzərələri ilə işləyirəm və hər gün bir neçə il əvvəli məni xatırlada biləcək talelər görürəm. İkincisi, mənim üçün keçmiş də o qədər faciəli və unudulacaq deyil. Orda qorxulu heç nə yoxdur. Hər şey, əzab da, əziyyət də, məhrumiyyət də, varlıq da, yoxluq da insan üçündür. Ölümdən başqa heç nə həyatın sonu deyil. O vaxt yaşamaq çətin olar ki, insanların nifrəti ilə üzləşim, mənə hörmət etməsinlər.

İ.Ə – Orta məktəbdə oxuyanda hansı ixtisasın sahibi olmaq istəyirdin?

- Elə jurnalist olmaq istəyirdim.

İ.Ə- Bəs ilk idarəçilik təcrübəsi hansı vaxtla bağlıdır? Əslində jurnalistdən çox menecersiniz.

- İndi bəli. Əslində mən çox az müxbir işləmişəm. Bir neçə ay “Bakı Universiteti”, bir neçə ay “Günaydın”, iki ay da “Bu Gün” qəzetində müxbir kimi fəaliyyət göstərib, sonra redaktor olmuşam. Orada artıq idarəçilik təcrübəsi başlayıb və o qədər də xoş təcrübə deyil. 18 yaşım vardı, redaksiyada hamıdan kiçik idim və redaksiyanın ən böyük xəbər şöbəsinin müdiri idim. “Bu gün” həmin vaxt gündə 30 min tirajla çıxan bir qəzet idi, orada ölkənin ən tanınmış jurnalistləri çalışırdı. Məsələn, mədəniyyət şöbəsinin müdiri Etibar Cəbrayıloğlu, siyasət şöbəsinin müdiri Azər Rəşidoğlu, baş redaktorun müavini Rauf Mirqədirov idi. Mən də onların yanında xəbər şöbəsinin müdiri idim. Jurnalistlərim də məndən çox yaşlı insanlar idi. Mən Nəsibə o seçiminə görə həmişə minnətdaram. Bəzən indi olur ki, redaktorlarımı çox himayə edir, dəstək verirəm. O zaman Nəsibi qınayırdım, indi çox minnətdaram. Nəsib birdən-birə məni divlərin içinə atdı, kənara çəkilib dedi ki, indi bunlarla bacar. 18 yaşında qız, iddialı adamlar... Hətta müxbirlər var idi ki, hesab edirdilər ki, uşaqları yerindəyəm və ona görə də mənə yazı verməməlidirlər. Sonda o adamların hamısı tabe oldu, gəldilər, yazı da verdilər, işlədilər də. Bu, əslində ilk çarpışma idi. Mənim üçün çox çətin idi. Çünki kifayət qədər ciddi qayda-qanunu olan müəllim ailəsində böyümüşəm. Bizim ailədə öyrədirdilər ki, hər şey kitabda yazılan kimidir. Rəhmətlik babam deyirdi ki, kitabları oxuyun, orada nə varsa, o düzdür. Babam kommunist təfəkkürü ilə böyümüş adam idi. “Bu gün” qəzetində 18 yaşımda başlayan təcrübə göstərdi ki, heç nə kitabda yazılan kimi deyil. Əslində kitabdakılar oxumaq üçün imiş sadəcə, yaşamaq, tətbiq etmək üçün deyilmiş.

İ.Ə – Heç işlədiyin yerlərdə pis örnək olub? Kimdəsə bir cəhət görmüsən, demisən ki, yox, mən belə olmayacam.

- Əlbəttə, olub.

İ.Ə.- Yaxşı örnək, yoxsa pis örnək çox olub?

- Bu gün yaxşı menecerəmsə, deməli, yaxşı olmayan örnəklər üstünlük təşkil edib. Çünki onlardan dərs götürmüşəm, demişəm ki, mən belə olmayacam. Amma deyim ki, mən idarəçiliyi jurnalistlərdən, redaktorlardan öyrənməmişəm. Daha çox cəmiyyətdə yaxşı idarəçi kimi ad çıxarmış örnəkləri izləmişəm. Elə indi də onlardan öyrənirəm. İdarəçiliyi öyrənmək üçün idarəçinin yanında olmağa ehtiyac yoxdu. Çünki bəzən kənardan daha obyektiv görmək olur.

"Xaraktercə soyuq və sərt adamam"

R.H –Vüsalə Mahirqızı APA ilə jurnalistika adına daha nələri ortaya qoydu?

- APA ilə nələr göstərdiyimi demək olarmı?! Mən bu işdə tək olmadım, orada kollektiv, böyük bir mexanizm işləyirdi. Biz Azərbaycan jurnalistikasının tarixinə APA boyda agentlik yazdıq. Hazırda Azərbaycan ali məktəblərinin jurnalistika fakültələrində bu agentliyin işi tədris olunur. Biz agentlik olub hər mövzuda yazmaq, müstəqil mövqe nümayiş etdirmək, bütün cinahları xəbərlə təmin edə bilmək anlayışını gətirdik. Göstərə bildik ki, yaxşı bir kollektiv olub, mini bir modeldən yavaş-yavaş böyüyüb bir media holdinqə çevrilmək olar. Cəmi 7 nəfərlə başlayıb, 8 il içində 180 nəfərin işlədiyi böyük bir media holdinqə çevrildik. Ölkənin əksər tanınan yazarlarının meydanı olduq.

A.Y – Bu gün APA ən çox oxunan, inanılan agentlikdir, media sahəsini APA-sız təsəvvür etmək mümkün deyil. Bu, özündən razılığı artırırmı?

- Əlbəttə, artırmalıdır. Bizim şirkətin əməkdaşlarının buna haqqı var. Hələ çox hallarda mütəvaziyik, çoxları bizə xəbər dərsi keçir, ona dözürük. Söhbət yaradılan media mühitindən gedirsə, hamı eyni mühitdə fəaliyyət göstərir. Biz şirkətə gedib kənardan jurnalist gətirməmişik. Hamısı Azərbaycanda yetişmiş jurnalistlərdir. Bizim jurnalistlərimiz də Azərbaycan ali məktəblərinin məzunlarıdırlar. Azərbaycan media mühitində yaşayırlar, digərləri də. Deməli, fərqi yaradan, sizin öydüyünüz APA modelini ortaya qoyan sadəcə fərqli yanaşma, insanlara və xəbərə fərqli münasibətin nəticəsidir.
Amma mən özündən razılığın ulduz xəstəliyinə gətirib çıxarmasının əleyhinəyəm. Ulduz xəstəliyi yaranarsa, bu, pis bir nəticədir və o şirkətin özünü içindən yeyər. Məsələn, 2009-cu ildə APA-da artıq rəqibsizlik tendensiyası hiss olunduğuna görə Lent.az-ı yaratdıq. Lent.az-ın yaranmasının əsas səbəbi budur. Özümüz özümüzə rəqib yaratdıq. Ona görə də bəzən APA-nın işçilərinin Lent.az-a rəqib kimi baxmasını təbii qarşılayın.

R.H. – Bəzi insanlar deyirlər ki, Vüsalə Mahirqızı APA-ya "holdinq" deməklə şişirdir, əslində media saytlarından ibarət qrupdur. Adətən holdinq radio, televiziya, qəzet kimi bütün media nümunələrini birləşdirir. Bəs siz nəyə əsasən holdinq deyirsiniz?

- Mən demirəm, Ədliyyə Nazirliyi APA-nı Holding kimi qeydiyyatdan keçirib. İkinci, APA Holdinqin tərkibində rəsmi olaraq 4 informasiya agentliyi, 1 internet dərgisi, bir aylıq jurnal fəaliyyət göstərir. Darıxmayın, televiziya, radio da olar.

A.Y – Bayaq ictimai rəylə hesablaşdığınızı söylədiniz. Kənardan sizə baxışın necə olduğunu öyrənirsinizmi? Biri deyir ki, soyuqdu, biri deyir ki, kobuddur, başqa biri deyir ki, ondan qorxuram. Bu, kompleks yaradırmı?

- Yox, qəti şəkildə. Hərənin bir baxışı var. Prinsipcə, qorxsalar, pis olmaz. Soyuqluğa gəlincə, xüsusilə soyuq olmağa çalışmıram, amma düz deyirlər, xaraktercə mən soyuq və sərt adamam. Amma kobudluqla bir az razılaşmıram. Bəlkə kiməsə qarşı kobud olmuşam, bu o deməkdir ki, həmin adam da kobud olub. Çünki hər kəslə adekvat davranmaq lazımdır. Mənə qarşı incə olan insanlara qarşı incəyəm, kobud olan insanlara qarşı da kobud olmaq lazımdır, çünki onlara incə dillə deyəndə anlamırlar.

İ.T – Üzr istəyəcəyiniz adamlar varmı?

- Əlbəttə, var. Mən səhv edəndə istənilən an üzr istəyə bilərəm.
İ.T – Ağlınıza kimlər gəlir? Bu dəqiqə kimdən üzr istəyərsiniz? Yaxud Sizdən üzr istəyəcək adam varmı?

- Yox, bu dəqiqə üzr istəyəcəyim elə bir adam yoxdur. Amma üzr istəmişəm, səhv edəndə üzr istəyirəm. Xüsusilə üzərimdə haqqı olan, boynumda borcu olan adamlara qarşı səhvim olanda üzr istəyirəm. Mən bunu özümə qarşı əksiklik bilmirəm. Amma məndən üzr istəyəcək adam da ağlıma gəlmir. Hesab edirəm ki, adamlar ürəklərindən keçirirlərsə ki, kimdənsə üzr istəməlidirlər, o məqam yetişirsə və o, üzr istəyirsə, bu, artıq həmin insanın ədalətini göstərir. Üzr istəmirsə, zorla üzr istətmək də lazım deyil. Mənə ürəkdən gələn hiss lazımdır.

İ. Ə. - Ataların bir sözü var, “Üzrü günahından da betər”. Üzrü günahından betər nə deməkdir? Hansı halda üzr istəmək günahdan betərdir?

- Elə şeylər var ki, orada üzr keçmir. Yaxud bir qisim adamlar var ki, ürəklərindən nə keçir, edirlər. Ağıllarının köşəsində bircə söz var, deyirlər ki, onsuz da üzr istəyəcəm, günahımdan keçəcək. Mənim ətrafımda da belələri var. Hər şeyə görə də üzr istəmək, hər şeyi üzrlə yumaq olmaz. Şəxsən mənə qarşı elə hərəkətlər olub ki, həmin insanlar 10 dəfə üzr istəsələr də, onları bağışlamaram.

"Qalib gəlmək üçün bütün yolları sınaqdan çıxarmağı qəbul etmirəm"

R.H. – Rəqibləriniz var?

- Söhbət Vüsalə Mahirqızından, yoxsa APA-dan gedir?

R.H.- APA-dan.

- Əlbəttə, rəqiblərimiz var.

R.H.- Bəs Vüsalə Mahirqızının necə, rəqibləri var?

- Vüsalə Mahirqızı olaraq rəqibim yoxdur, özümü o qədər böyük hesab etmirəm. Amma Azərbaycanda iki internet-media holdinqi, qrupu var və mən onların hər ikisini bizim holdinqin rəqibi hesab edirəm.

R.H.- Bəs rəqabətdə nələri gözləyirsiniz? Deyirlər ki, uğur qazanmaq üçün hər şey savabdır…

- Yox, mən qalib gəlmək üçün bütün yolları sınaqdan çıxarmağı qəbul etmirəm. O, qalibiyyət yolu deyil. Hesab etmirəm də bizim indiki halda rəqabətdə elə vasitələrə ehtiyacımız da var. Sadəcə, qəbul edirik ki, rəqiblərimiz var, başqalarının bizi önləməməsi üçün həmişə formada qalmağa çalışırıq.

A.Y. – Sonuncu müsahibələrinizdən birində demisiniz ki, məni Lent.az-ın rəhbəri kimi tanıyırlar və bu, mənə xoş gəlmir. Niyə?

- Demişəm ki, məni Lent.az-la tanımaları xoşuma gəlmir. Lent.az kütləvidir. Onun məşhurluğunun arxasında kütləvilik dayanır. Ancaq bu o da demək deyil ki, Lent.az mənə doğma deyil, ona görə istəmirəm. Qətiyyən belə deyil. Söhbət ondan gedir ki, mən hesab etmirəm ki, Lent.az-ın əziyyətini daha çox mən çəkmişəm. Haqqım olmayan ada da iddia etmək istəmirəm. Lent.az-ın əziyyətini məndən çox Qabil Abbasoğlu və o saytın kollektivi çəkib, elə sizlər çəkmisiniz. İstisna hallar ola bilər ki, bəzi yazılarda bir-iki cümlə mənimlə məsləhətləşilsin. Bu da sırf peşəkar anlamda ola bilər. Amma ümumi halda mən Lent.az-da heç bir işə qarışmıram və bəlkə aylarla o redaksiyanın içində olmuram. Amma APA-da birbaşa iş prosesində iştirak edirəm.

İ.Ə. – Bir idarəçi kimi holdinqdəki hansı qurum sizə daha çox problem yaradır?

- Təxminən hamısında bərabər olur. Bir çox hallarda Vesti.az yazılan problemli mövzular və tənqidlərlə bağlı mənə yaxın insanlar, dostlarım küsə, inciyə bilirlər. Mən də Vest.az-a demişəm ki, bir-iki dəfə məndən də tənqid yazın, görsünlər ki, məndən də tənqid yazırsınız. Kulis.az-la bağlı da müəyyən vaxtlarda narahatlıqlar, narazılıqlar olmuşdu. Heç bir halda rəsmi müdaxilədən söhbət getmir, çevrədən, cəmiyyətin müdaxiləsindən söhbət gedir. Kollektiv isə heç vaxt mənə problem yaratmır. Bizdə kollektiv daxili qruplaşma, sevimli işçi məsələsi yoxdu, qurulmuş, rahat bir mexanizm var və orda olan hər kəs çox rahatlıqla öz üzərinə düşən işi görür. Hər bir şirkət rəhbərinə bizim kollektiv kimi kollektiv arzulayıram.

İ.T – Əvvəllər, yoxsa indi sizə daha çox namərdlik edirlər?

- Əvvəllər daha çox edirdilər, indi yox.

R.H – Niyə indi yox. Qorxurlar sizdən? Yəni, onları qəzetinizdə biabır edəcəyinizdən qorxurlar?

- Yox. Ümumiyyətlə, hesab edirəm ki, bir az sərt adamam. Sərtliyin də qorxusu var. Bir az dəli adamam. Bir az dikbaşam, insanların üzünə sözü deyə bilirəm. Kimsə kimdənsə şikayət etmək, söz gəzdirmək istəyirsə, onun yanında heç bir problem olmadan götürüb həmin adama zəng edib deyə bilərəm ki, bunu mənim haqqımda demisən, yoxsa deməmisən?! Belə məsələlər də insanları çəkindirir. Həm də yəqin ki, ictimai aktiv olan heç bir şəxs APA Holdingin rəhbəri ilə münasibətinin pozulmasını istəməz. Bizim sahəyə aidiyyatı olmayan, məni özünə rəqib görməyən adam da mənə qarşı niyə namərdlik etsin ki?

A.Y. – İşçilərinizdən sizə xəyanət, namərdlik edənlərə necə yanaşırsınız?

- Hesab etmirəm ki, indiyə qədər işçilərimdən kimsə mənə qarşı namərdlik edib. İşdən getmək ola bilər, bu, mümkündür. Hətta kənardan elədikləri namərdlik kimi görünürsə də belə, mən APA-da işlədiyimiz, bir yerdə çörək yediyimiz insanlara ailəmizin üzvləri, məndən kiçik bacı-qardaşlarım kimi baxmışam. Hətta məndən böyük olanlara da elə baxıram. Ona görə də heç birinin hərəkətini namərdlik kimi qəbul etmirəm. Bir müddət məni ağrıda bilər, amma onu heç vaxt xüsusi xəyanət kimi qiymətləndirmirəm. Bilirəm, cəmiyyətdə fikirlər dolaşır ki, filankəsə qarşı sanksiya tətbiq etdi, cəzalandırdı və s… Amma səmimi deyirəm, elə şeylər olmayıb, heç vaxt onlara qarşı elə şeylər etmərəm, ürəyim gəlməz. Onlara deyə biləcəyim ən ağır söz o ola bilər ki, mən səni sildim. Heç nə də etmirəm, nə yaxşı, nə pis. Söhbət həyatında, karyerasında rol oynadığım adamlardan gedir. Yəni uzaqbaşı elə adam artıq mənim üçün dünyadakı milyardlardan biridir, xüsusi anlamda, çevrəmdə yoxdu. Bizim uşaqlardan birinə belə dedim, dedi, nə istəyirsən elə, amma bircə bunu demə. Amma özləri də bilir ki, mən sildiyimi təkrar yazmıram. Kimsə işdən gedə də, başqa yerdə yaza da bilər. Bu, mənim üçün problem deyil. İçi mən qarışıq, heç kim ömrü boyu APA-da olmağa özünü nəzir, qurban deməyib. İçi mən qarışıq, heç kim də əvəzedilməz deyil. Gedənin yerinə gələn mütləq var. Bəzi qurumların rəhbərləri kimi hesab etmirəm ki, mənim qurumumdan gedən adam artıq mənim düşmənimdir. Hər kəs üçün uyğun, komfortlu gördüyü haradır, orada olsun. Amma getməyin bir ədəbi, üsulu var.

"İrəli getmək istəyirsənsə, xırda hesabların peşində olmayacaqsan"

İ.T –Dediniz ki, uşaqlar gedən zaman onlardan incimirəm. Sizcə, əvvəlki, adi bir jurnalist həyatı yaşayan Vüsalə Mahirqızı o vaxt inciyə bilərdimi belə şeylərdən? İmkanlar artdıqca insanın daxili mənəviyyatı necə dəyişir?

- Mən onu imkanla bağlamazdım. İnsanın çevrəsi genişləndikcə, maddi baxımdan demirəm, vəzifəsi böyüdükcə böyük olmağa məcburdur. İnsan böyüməlidir ki, şirkəti də, imkanları da, cəmiyyətdəki statusu da böyüsün. Böyüməsə, vəzifəsində yerində görünməyəcək, kreslosunun ölçüsündə olmayacaq. Sən mövqeyini qorumaq, irəli getmək istəyirsənsə, xırda hesabların peşində olmayacaqsan. Olduğun mövqeyə layiq olduğunu cəmiyyətin də qəbul etməsini istəyirsənsə, ora layiq davranacaqsan. Bu davranış yollarından biri də budur ki, böyük olacaqsan. Dəfələrlə olub, redaksiyanın içərisində hansısa qapını açmaq istəmişəm, eşitmişəm ki, içəridə şıdrığı müzakirəm gedir, qayıdıb otağıma gəlmişəm. Əlbəttə, ofisdə çox istədiyim insanlar kimi istəmədiklərim də ola bilər. İnsanın ruhuna yaxın və yaxın olmayan adamlar var. Amma bu, mənim içimdədir. Bunu heç bir halda heç kim bilə bilməz. Sən böyük olmalısan. Bilsəm ki, mənlə işləyən insan mənə nifrət edib işləyir, mən bunu onun üzünə vurmaram, vurmamalıyam. Bunu mənim vəzifəm tələb edir. Belə olmasam, böyüməyəcəyik. İkincisi, doğurdan da oradakı uşaqların böyük əksəriyyətinə öz bacılarım, qardaşlarım kimi baxıram. Məsələn, qardaşım məndən balacadır, onun da kifayət qədər çox səhvi var. İnciyirəm, bəzən tənbeh edirəm, bəzən heç tənbeh də etmirəm, özünün anlamasını gözləyirəm. Hesab edirəm ki, onların da etdikləri bunun kimi bir şeydir.

R.H. – Londonda bir sorğu keçirilmişdi. Jurnalistika xalqın hörmət etdiyi peşələr arasında axırdan ikinci idi. Sizcə, bizim cəmiyyətdə, jurnalistikanın müdaxilə etdiyi sahələrdə jurnalist peşəsinin hörməti hansı səviyyədədir? Əgər pisdirsə, buna nə səbəb olub?

- Jurnalistika cəmiyyətin güzgüsüdür. Bu, bir az oturuşmuş ifadədir. Ancaq sözün həqiqi mənasında belədir. Jurnalistika elə bir güzgüdür ki, hamını olduğu kimi göstərməyə çalışır. İndi bizim cəmiyyətdə güzgünün göstərmə faizi bir az aşağı ola bilər. Bəzi güzgülü otaqlar var, bəzisində adamı şişirdib göstərir, bəzisində arıqladıb, bəzisində isə normal göstərir. Hesab etmirəm ki, dünyada elə bir jurnalistika var ki, cəmiyyəti olduğu kimi əks etdirsin. Belə jurnalistika yoxdur. Bu olsaydı, həmin cəmiyyətdə hansı proseslərin baş verəcəyini təsəvvür etmək belə mümkün deyil. Çünki bütün cəmiyyətlərin və ölkələrin hansısa formada göstərilməsi mümkün olmayan problemləri var. Əlbəttə, heç kim güzgüdə özünün pis görünməsini istəmir. Heç qüsurlarına baxıb ləzzət alan adam görmüºünüz? Biz insandan eybini, kəsrini, gizlətmək istədiyi bir şeyi soruşuruq, yaxud soruşmuruq, özümüz üzə çıxarırıq, bir başqası, dözlət qurumu, rəqibi üzə çıxarır, amma tribuna biz oluruq. Sonra da deyirik ki, gəl, bizi sev və hesablaş. Heç kəs sizinlə hesablaşmaz. Dünyanın hər yerində heç kim jurnalistləri çox sevmir. Dünyanın hər yerində jurnalistlərə qarşı aqressiya var və bu, təbiidir. Jurnalistika təhlükəli və riskli peşələr siyahısındadır. Jurnalistikaya gələn insanlar bunu bilməlidirlər. Bəzi peşələr var ki, onu sevib, qəbul edirlər. Məsələn, müəllim. Cəmiyyət böyük əksəriyyətlə müəllimi sevir, qəbul edir və ya həkim. Bəzi peşələr var ki, onları etiraf edirlər, varlığı ilə hesablaşırlar. Deməzdim ki, hesablaşmaq könüllü aktdır. Jurnalistika ilə hesablaşırlar, amma etiraf olunma anlayışının içində sevgi yoxdu ki... Jurnalistikada olan adam hər zaman bunu qəbul etməlidir. Başqa halda heç cür özünü cəmiyyətin gözündə jurnalist kimi təsdiqləyə bilməyəcəksən. Gülüşlərə, “səndən yoxdu”, “sən istedadlı yazarsan” ifadələrini eşitmək olar, amma ciddiyə alıb, sevgi kimi qəbul eləmək bir az çətin məsələ olmalıdı.

"Qadın qısqanclığı" deyilən ifadə var"

A.Y – Azərbaycan cəmiyyətində tanınan qadınlar barədə fkirlər bir az fərqli olur, şər deyirlər, bəzən əxlaqı ilə oynayırlar. Bəzən bunu kişilər də edirlər. Ancaq maraqlıdır, qadınlar qadınları niyə sevmir?

- Bu, neçə illərin problemidir.

A.Y - Bu şayiələri yaradanlar daha çox qadınlar olur, amma kişilərin adına çıxırlar.

- Ola bilər. Amma uğurlu qadınları heç kişilər də sevmirlər, qadınlar da sevməyə bilərlər. Amma ümumi halda hesab etmirəm ki, bu, yalnız Azərbaycan cəmiyyətində belədir. Dünyanın hər yerində belədir, "qadın qısqanclığı" deyilən ifadə var. Məsələn, heç vaxt kürəkən-qayınata problemi olmayıb, amma həmişə gəlin-qaynana, baldız-gəlin problemi olub. Deməli, bu, arxaik bir problemdir. Avropada da sual verəndə deyirlər ki, qaynanan səni sevir? Bu, qadınların eqosundan, görünmək istəyindən irəli gəlir. Bir cəmiyyətdə, bir toplantıda 100 kişi olur, bir kişi içəri girir, heç kim dönüb baxmır. 100 qadın olanda, 101-ci qadın içəri girəndə hər kəs dönüb baxır. Ona görə də qadınlar bəzən olduqları yerlərdə tək olmaq, nəzərə çarpmaq istəyirlər. Bu özünü göstərmək deyil, görünmək istəyidi. Ancaq yenə o söhbətə qayıdıram ki, sən cəmiyyətdə bəlli bir yerdə olmaq, mövqe sahibi olmaq istəyirsənsə, bütün xırda hesablar kimi, bu hesabı da qapatmalı və bu hissi içində boğmalısan.

A.Y- Sonuncu dəfə nə vaxt ağlamısınız və nəyə görə ağlamısınız?

- Çalışıram ki, ağlamayım və ağlamağa da çox yaxşı baxmıram. Ağlamaq intim bir şeydir. Ağlamaq, sevinmək, mahnıya qulaq asıb kövrəlmək insanın daxili ilə bağlı olan şeylərdir və danışılası deyil, yaşanılası hisslərdir. Düzdü mən özümdə belə vərdişlər formalaşmasına bilərəkdən imkan verməmişəm, amma kimdəsə varsa belə, bu ictimai müzakirə üçün deyil.

İ.Ə. – Bir sinif kimi məhv etmisiniz.

- Bəli. Çünki hesab edirəm ki, inkişaf etmək istəyən, ictimai nüfuz qazanmaq istəyən şəxs bu cür poetik hissələrini bir kənara qoymalıdır. O hisslərlə birlikdə yüksəlmək mümkün deyil.

R.H. – Bu müsahibəni oxuyacaqlar. Elə insanlar var ki, üz-üzə gəlmək istəmirsiz, bu müsahibədə onlara nə deyərdiniz?

- İndi müasir texnologiyalar inkişaf edib, üzünü görmək istədiyin adam üçün dünya çox balacadır. Hətta dünyanın o başında olsa belə, bir təyyarə bileti alıb, gedib sözünü deyirsən, qayıdıb gəlirsən. Üzünü görmək istəməyəndə, telefon var, səsini də eşitmək istəməyəndə email. Daha ictimai mesaja nə gərək?

R.H.– Yəni mesaj göndərməkdən söhbət gedir.

- Mən, ümumiyyətlə, adamlarla media üstündən mesajlaşmağı xoşlamıram. Birbaşa, kişiyana sözünü de, cavabını da al.

İ.Ə – Belə baxanda, elə bil ki, 17-18 yaşın var. Amma hardasa 18 il stajın var. Bu müddət ərzində çoxmu dəyişmisən? Dəyişmisənsə, hansısa cəhətini itirdiyinə təəssüfləndiyin olubmu?

- 18 il müddətində çox dəyişmişəm. Məsələn, mən kifayət qədər emosional bir insan idim. Hər bir sözdən inciyib dava edirdim. Küsüb, ağlamaq yox idi. Kifayət qədər davakar idim, artıq bunu özümdə dəyişmişəm.

İ.T. – Təəssüflənirsiniz?

- Yox. Çünki boş emosionallığa hər şey qurban gedə bilər. Mən özümdən başqa bu qədər insanın yaşamı, karyerası üçün cavabdehəm. Əvvəllər yaxın bir dostumun, rəfiqəmin məndən nəyisə gizlətməsi məndə ağrı yarada bilirdi. Amma indi belə şeylərə ancaq gülürəm. Əvvəllər hesab edirdim ki, insan özü üçün yaşamalıdır. İndi başa düşürəm ki, çiynimdə kifayət qədər böyük yük var. Böyük bir kollektiv və o kollektivin arxasında dayanan insanların, ətrafımda olan böyük bir ailənin yükü var və o yükü çəkməliyəm. 17-18 yaşlı Vüsalə tələbə idi, indi mən Saranın anasıyam. Mənim üçün prioritet odur ki, elə yaşayım ki, sabah Sara hansısa addımı atanda mənim bugünkü qərarlarım ona mane olmasın. Bütün bu səbəblər adamı dəyişdirir. Amma istəməzdim ki, məni soyuq, anlamaz adam kimi qəbul eləsinlər.

İ.Ə. – Soyuq deyilsən axı...
A.Y. –Amma çox adam elə düşünür...


- Bilirəm. Hətta ailə üzvlərim də hesab edir ki, mən soyuq adamam. Bilirsiz səbəb nədi? Mən hesab edirəm ki, kiminsə başı ağrıyanda yanında dayanıb başını sığallamaqdansa, gedib bir dərman alıb gətirmək lazımdır. Yaxud kimsə əməliyyat olunursa, əvvəlcə ağlamaqdansa, çalışıb bir həkim tapıb onu əməliyyat etdirmək lazımdır. Əməliyyat alınmırsa, öləcəksə, ondan sonra onsuz da ağlamaqdan başqa yol yoxdu da. Yaxud kimsə ölür, bir də görürsən, heç dəxli olmayan bir adam elə vay-şüvən salıb, facebookda, saytda, qəzetdə elə ağı deyir ki, adam məəttəl qalır. Ölü sahibi kiriyir, bu kirimir. Mənə təəccüblü gəlir bu məsələlər. Hələ fiziki ömrünə sonsuzluq hakim olan heç kim olmayıb axı. Yəni mən bu məsələlərə çox soyuq yanaşıram. Bəzi hallarda isə lazım olandan da artıq soyuq yanaşıram. Bu, 18 il ərzində bilərək formalaşdırdığım hissdi.

"Bu yolun özü işıqlı yoldu"

İ.T- Söhbətimiz Mətbuat Günü ərəfəsinə düşür. İstəyirəm, bu gün ərəfəsində Azərbaycan mətbuatının itirdiyi, haqq dünyasında olan həmkarlarımızdan ürəyiniz istəyənlərin adını çəkib yad eləyəsiniz.

- Ağlıma ilk Məmməd Nazimoğlu gəldi. Onun ölüm xəbərini Qulu Ağsəs zəng edib dedi. Elmar Hüseynovu xatırladım. Düzdür, münasibətimiz qısa bir müddət olmuşdu, rəhmətə getməzdən bir az əvvəl tanış olmuşduq. Həmkarımızdır, çox faciəli şəkildə qətlə yetirildi. “Yeni Müsavat”-ın fotoqrafı Alim, “Turan”dan Elxan yadıma düşdü. Elçin Səlcuq yadıma düşdü, qələminə hörmət etdiyim, ən sevdiyim jurnalistlərdən biri idi. Bu gün Elçinin oğlu da yazır və kifayət qədər də istedadlıdır. Hesab edirəm ki, Elçinin ölümü həm də bizim hamımızın günahıdır. Elçini içki ilə yanaşı mühitini tapa bilməmək məhv elədi. Bəkə vaxtında mühitini tapa bilsəydi, normal şərtlərdə işləyə bilsəydi, indi aramızda idi. Jurnalistlə məmur kimi davranmaq olmaz, yaradıcı insanlar tamam başqa dünyanın adamlarıdır. Əlbəttə, Rafiq Tağının qətli hamımız üçün böyük ağrıdır. Rafiq Tağının ölümündən bir gün əvvəl onu xəstəxanada ziyarət etdik, görüşdük. Rafiq Tağının ölümü, ona dinsiz adının qoyulması da məni çox ağrıdır. Müasir Azərbaycanda maarifçilərdən biri idi. Mənim müəllimim, həm də publisist olan Ağa Laçınlı yadıma düşdü, Mehdi Bəyaziti xatırladım, Vuqar Qocamanlını, Şahin Ağabəylini yad edirəm. Qarabağ müharibəsində itirdiyimiz Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev yadıma düşdü. Və nəhayət, sonuncu söz adamı şəhidimiz İlqar Verdiyevi xatırladım. O, hərbçi kimi şəhid oldu. Amma uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuşdu, bizimlə çalışmışdı. Yeri gəlmişkən, facebookda ağlamaq bacarmadığıma da məhz İlqarın şəhid olması xəbərini eşidəndə təəssüflənmişdim. Şəxsən tanıdığm, xətrini istədiyim, vətənpərvər, peşəkar bir insan idi. Həm də söz adamı idi. Hamısını hörmətlə, ehtiramla xatırlayıram.

İ.T. – Sizi Mətbut Günü və ad gününüz münasibəti ilə təbrik edirik. Sonda Azərbaycan mətbuatı ilə bağlı fikirlərinizi söyləməyinizi istərdik. Azərbaycan mətbuatı hara gedir? İşıq var?

- Təbii ki, bu yolun özü işıqlı yoldu. Dünya, o cümlədən Azərbaycan mətbuatı üçün yeni bir sfera, onlayn media açılıb. Biz bu sferada reklam bazarımızı formalaşdıra bilərik. Print mediadan, televiziyadan qaçmaq olar, amma onlayn mediadan qaçmaq olmaz, burada hamısı var. Bütün istehlakçıların gəldiyi yerdən istehsalçılar qaçmayacaqlar, əksinə özləri gələcəklər. Eyni zamanda ictimai aktivliyin formalaşması, vətəndaş cəmiyyətinin inkişafı üçün internet media bir meydan, yeni bir mühitin yaranmasıdır. Hesab edirəm ki, bizim üçün yaxşı perspektivdir. Siz də daxil olmaqla, bütün həmkarlarımızı, sözün dəyərini bilən adamları mən də təbrik edirəm. Arzum da odur ki, gələcəkdə Azərbaycan mətbuatı o qədər böyük olsun ki, biz regional səviyyəyə çıxmaq barədə düşünək, təkcə Azərbaycanla məhdudlaşmasın.

Son əvəzi, yaxud Üzü işığa doğru

Mən, əstəğfürillah, biz onu bəlkə də 20 ildi tanıyırıq. Çünki biz hamımız eyni şineldə - müstəqil Azərbaycanın mətbuat şinelindəyik. İllər keçdikcə tale hərəmizi bir tərəfdə sınadı. Ancaq bizlər - Azərbaycan mətbuatının şinelləri içərisində olanlar heç vaxt bir-birimizə namərdlik eləmədik, siyasətçilərin dava-qırğınları bizlərin içindəki ləyaqəti öldürmədi. Müsahibimizlə uzun illər ayrı-ayrı qəzetlərdə çalışdıq, ancaq illər keçsə də, yenə onunla bir yerdə, bir masa arxasında rahat oturub dərdləşə, fikirlərimizi bölüşə bildik. Biz onu doğma o da bizi doğma hesab elədiyi üçün təbii ki... Vüsalə Mahirqızının "hesab edirəm ki, Elçin Səlcuqun ölümü həm də bizim hamımızın günahıdır. Elçini içki ilə yanaşı mühitini tapa bilməmək məhv elədi. Bəlkə vaxtında mühitini tapa bilsəydi, normal şərtlərdə işləyə bilsəydi, indi aramızda idi" fikirlərini isə tam səmimi qəbul etdim... Çünki dəfələrlə onun rəhmətlik Səlcuqla bağlı yol verdiyimiz günahlarımıza başqa "Səlcuqların" simasında bir daha batmamağımız üçün çalışdığının və buna nail olduğunu şəxsən şahidi olmuşam...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1414

Oxşar yazılar