Avropa Parlamentində ədalətli Qarabağ çağırışı
07 aprel 2011 19:50 (UTC +04:00)

Avropa Parlamentində ədalətli Qarabağ çağırışı

Estoniyanın keçmiş xarici işlər naziri, xanım Kristina Ojuland aprelin 6-da Avropa Parlamentində “Avropa Qonşuluq Siyasəti” mövzusunda keçirilən debatda çıxış edərək, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, K. Ojuland çıxışında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıb: “Cənubi Qafqazı əhatə edən Avropa Qonşuluq Siyasəti, yaxud başqa siyasətləri müzakirə edərkən Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü həmişə diqqət mərkəzində saxlanılmalıdır”.

O, Dağlıq Qarabağın 20 il əvvəl ermənilər tərəfindən işğal olunmasına və 600 000 azərbaycanlının öz yurdlarından didərgin düşməsinə diqqət çəkərək, Avropa Parlamentindən Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini olması faktına hörmət etməyi xahiş edib.

K. Ojuland deyib ki, bu fakt Avropa Parlamentinin, Avropa Şurasının və Avropa Komissiyasının hər bir təşəbbüsündə əksini tapmalıdır: “Yalnız ərazi bütövlüyü prinsipi beynəlxalq ictimaiyyət tərəfindən tanınandan sonra, Cənubi Qafqazda sülhə və sabitliyə nail olunacaq” .

AAC parlamentarinin bu bəyanatını alqışladığını, münasibətin üzv dövlətlərin xarici siyasətində də əksini tapacağına ümidvar olduğunu bəyan edib: “Biz Kristina Ojulandın düşüncələrini alqışlayır və inanırıq ki, onun bu təşəbbüsü “dondurulmuş münaqişə”nin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə töhfə verəcək, bununla da, Cənubi Qafqaz regionunda iqtisadi, sosial və mədəni inkişafa müsbət təsir göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar