Deputatlarımız ermənilərlə 2 gün sonra görüşəcək
20 oktyabr 2009 13:00 (UTC +04:00)

Deputatlarımız ermənilərlə 2 gün sonra görüşəcək

Azərbaycan Milli Məclisinin (MM) deputatlarının Rusiyanın paytaxtı Moskva şəhərində Ermənistan parlamentinin üzvləri ilə görüşü oktyabrın 22-də baş tutacaq.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Moskvaya gedəcək Azərbaycan nümayəndə heyətinin üzvü, MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev bildirib.

R. Rzayev deyib ki, Rusiya Dövlət Dumasında təşkil olunacaq görüşdə 5 Azərbaycan, 5 Ermənistan deputatı, o cümlədən 5 Rusiya Dövlət Dumasının üzvü iştirak edəcək.

Görüşdə Qarabaş problemi ilə bağlı müzakirələr aparılacağını bildirən R. Rzayev “müzakirələr zamanı ortaq məxrəcə gəlməyə, anlaşmağa çalışacağıq” deyib.

Millət vəkili Azərbaycan nümayəndə heyətində onunla yanaşı, parlamentin
İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın, MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynovun, deputatlardan Sabir Hacıyev və Gülər Əhmədovanın təmsil olunacağını açıqlayıb.

MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bu kimi görüşlərin keçirilməsinə normal yanaşdıqlarını deyib: “Bu, indiyə kimi keçirilən görüşlərin davamdır. Orada hər hansı sənədin imzalanması gözlənilmir”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatlarının Rusiyanın paytaxtı Moskva şəhərində Ermənistan parlamentinin üzvləri ilə görüşəcəkləri barədə ilk olaraq APA məlumat yayıb. Bu barədə APA-ya Moskvaya gedəcək Azərbaycan nümayəndə heyətinin üzvü, MM-in İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib.

R. Aslanova görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkonun da iştirak edəcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar