Erməni əsirliyində 1396 azərbaycanlı var
30 sentyabr 2009 11:45 (UTC +04:00)

Erməni əsirliyində 1396 azərbaycanlı var

İtkin kimi qeydiyyatdan keçən 212 nəfərin taleyi müəyyənləşib və adları siyahıdan çıxarılıb

Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının növbəti geniş iclası keçirilib.

Nazirliyin ictimai əlaqələr mərkəzindən Lent.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Eldar Mahmudov Prezident İlham Əliyevin Sərəncamı ilə qurumun tərkibinə təyin edilmiş yeni üzvləri təqdim edib. Bildirilib ki, Dövlət Komissiyasının iclasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri də iştirak edirlər.

Sədr qeyd edib ki, son iclasdan keçən müddət ərzində Dövlət Komissiyasının beynəlxalq əlaqələri genişlənib, itkin düşmüş şəxslərlə bağlı aparılan axtarış-araşdırma tədbirləri güclənib. BQXK-nin təklifi ilə “Ante Mortem Proqramı” üzrə imzalanmış Çərçivə Sazişinin əhəmiyyəti vurğulanmış, bu istiqamətdə zəruri işlərin aparıldığı qeyd olunub.

Sonra Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov son iclasdan keçən müddətdəki fəaliyyətlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, BQXK ilə keçirilmiş çoxsaylı görüşlərdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” Çərçivə Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə məsələlər, itkinlərə dair siyahılardakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub.


Eyni zamanda, bu müddətdə əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılıb.

Hesabat dövründə Dövlət Komissiyasının sədrinin keçirdiyi görüşlər, müxtəlif beynəlxalq tədbirlərdə-elmi konfrans, seminar, simpozium, təlim kursları və digərlərində komissiya üzvlərinin iştirakı, problemin həlli ilə bağlı aparılmış müzakirələr, bu qurum tərəfindən hazırlanmış elmi və elektron nəşrlər barədə ətraflı məlumat verilib.

Apreldə Londonda keçirilmiş Beynəlxalq Kitab Festivalı çərçivəsində Dövlət Komissiyası tərəfindən hazırlanmış kitabların və CD-lərin Britaniya Mİlli Kitabxanasında, Parlamentdə və Oksford Universitetində təqdimatının təşkil olunduğu vurğulanıb.

Qeyd olunub ki, hesabat dövründə itkin düşmüş şəxslərlə bağlı aparılan axtarış-araşdırma işləri daim diqqət mərkəzində saxlanılır. Komissiyada olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 1082 nəfər barədə sorğu göndərilib. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsindən daxil olmuş sorğuya əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsində ölkəmizin maraqlarını müdafiə edən vəkillər üçün məlumatlar elektron formatda hazırlanaraq təqdim olunub.

Komissiyada və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 932 şəxslə bağlı əldə olunmuş məlumatlar təhlil edilib, sistemləşdirilərək məlumat bazalarına əlavə edilib. Komissiyaya müraciət etmiş 243 itkinin yaxın qohumları İşçi qrupunda qəbul edilərək onlara görülmüş işlər barədə ətraflı məlumat verilib. İtkin kimi qeydiyyatdan keçən 212 nəfərin taleyi müəyyənləşib və adları siyahıdan çıxarılıb.

Hesabat dövründə əsir götürülmüş 2 Azərbaycan əsgəri və girov götürülmüş 1 mülki şəxs azad olunub, şəhid olmuş 1 əsgərimizin meyiti qarşı tərəfdən alınaraq dəfn olunmaq üçün valideynlərinə verilib.

Qoşunların təmas xəttində əsir düşmüş 5 Ermənistan hərbçisi və 1 mülki şəxs qarşı tərəfə qaytarılıb. Mənsub olduğu dövlətin ərazisinə qayıtmaq istəməyən 1 Ermənistan hərbçisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə üçüncü ölkəyə göndərilib.

Qeyd olunub ki, sentyabrın 1-nə olan məlumata əsasən, 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.


Hesabat dövründə ölkə ərazisində keçirilmiş bir sıra tədbirlərin komissiya tərəfindən diqqət mərkəzində saxlandığı, qurumun bu tədbirlərin təşkilatçısı və fəal iştirakçısı olduğu qeyd olunmuşdur. Milli Məclisin insan hüquqları komitəsində təşkil olunmuş “İtkin düşmüş şəxslər probleminin hüquqi tənzimlənməsi” mözusunda “dəyirmi masa”da, Ombudsman Aparatının təşkilatçılığı ilə keçirilmiş “Ekstremal şəraitdə uşaq hüquqlarının müdafiəsi və milli insan hüquqları institutlarının rolu” mövzusunda beynəlxalq konfransda işçi qrupu üzvlərinin fəal iştirakı və məruzələrlə çıxışı təmin olunub. İclasda komissiya tərəfindən mövzu ilə bağlı çəkilmiş sənədli və bədii-sənədli filmlər, nəşrlər haqqında da ətraflı məlumat verilmiş, onların gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.


Dövlət Komissiyası tərəfindən hazırlanmış materialların xarici ölkələrdə yayılmasına xüsusi diqqət yetirildiyi qeyd olunub. Belə ki, Dövlət Komissiyasının materiallar toplusu 1700 nüsxədə, 14 adda 10 min 380 ədəd kitab, 10 adda 24 min 730 ədəd kompakt disk yayılıb.
Bundan başqa, ölkədə və xaricdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, eyni zamanda Dövlət Komissiyasının rəsmi saytında müntəzəm olaraq Komissiyanın fəaliyyəti barədə məlumatlar yayılmış, görülmüş işlər barədə müsahibələr verilib, məqalələr dərc olunmuş, soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilib. Həmçinin, internet şəbəkəsindən istifadə edilərək beynəlxalq təşkilatlar və informasiya agentlikləri ilə müntəzəm yazışmalar aparılıb, müvafiq materiallar, o cümlədən video və fotofaktlar göndərilib.

Hesabat məruzəsi ətrafında müzakirələrdə Komissiyanın üzvləri Bəkir Nəbiyev, Yaqub Mahmudov, Rəbiyyət Aslanova, Xələf Xələfov çıxış edərək qurumun fəaliyyətinin qənaətbəxş olduğunu, görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə rəğbətlə qarşılandığını və beynəlxalq ictimaiyyətdə maraq doğurduğunu bildiriblər.

İclasda çıxış edən BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Tun Vandenhuv təmsil etdiyi qurumla Dövlət Komissiyası arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını vurğulamışdır. İtkin düşmüş, əsir və girov götürülmüş insanlar barədə məlumatların toplanmasının çox ağır proses olduğunu vurğulayan BQXK nümayəndəsi bu istiqamətdə göstərdikləri yardıma görə Azərbaycanın müvafiq orqanlarına minnətdarlığını bildirib.

İclasın gündəliyinə uyğun olaraq, Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin birgə istintaq-əməliyyat qrupunun rəhbəri Mehman Poladov görülən işlər barədə ətraflı məlumatla çıxış edib. M.Poladov bildirib ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ona bitişik rayonlarda azərbaycanlılara qarşı soyqırım, habelə başqa ağır cinayətlərin araşdırılması məqsədilə 2003-cü il dekabrın 12-də yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən istintaq-əməliyyat tədbirləri davam etdirilir. Aparılmış istintaq nəticəsində ağır cinayətlər, zorakılıqlar törətmiş erməni millətindən olan xeyli sayda şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmaları barədə qərarlar çıxarılıb, məhkəmələrin qərarına əsasən, barələrində həbs qətimkan tədbirləri seçilib və axtarışları ilə əlaqədar müvafiq sənədlər İnterpolun Milli Bürosuna göndərilib. Erməni silahlı birləşmələrinin Xocalı şəhəri ilə bərabər digər yaşayış məntəqələrində də yerli əhaliyə qarşı törətdikləri soyqırım cinayətləri barədə konkret faktlarla dolğun məlumat verilib.

Qeyd olunub ki, əsir düşməyə görə Azərbaycan qanunvericiliyində cinayət təqibi nəzərdə tutulmur və belə hallarla əlaqədar indiyədək əsirlikdən azad edilmiş heç bir əsgər cinayət məsuliyyətinə cəlb olunmayıb. Cinayət məsuliyyətinə yalnız konkret cinayət törətmiş və əməlləri istintaqla tam sübuta yetirilmiş şəxslər cəlb olunaraq ədalət mühakiməsinə verilir.


Sonra iclasda cari məsələlərə baxılıb. Komissiyanın üzvü, vaxtsız vəfat etmiş professor Rövşən Mustafayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Dövlət Komissiyasının katibi Şahin Sayılov bu məsələ ilə bağlı təklifləri diqqətə çatdırıb.



İclasda R.Mustafayevin adının əbədiləşdirilməsi məqsədilə müvafiq təkliflərin irəli sürülməsi barədə qərar qəbul olunub.

Dövlət Komissiyasının iclasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə (ölümündən sonra) təltif edilmiş Fərhad Rəhman oğlu Atakişiyevə aid orden ölkə rəhbərinin tapşırığına əsasən, Komissiyanın sədri Eldar Mahmudov tərəfindən ailəsinə təqdim olunub. Eldar Mahmudov bildirib ki, Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Fərhad Atakişiyevin qəhrəmanlığı dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib.

Sonda erməni əsirliyində olarkən qəhrəmanlıq göstərmiş Azərbaycan əsgərlərinə həsr olunmuş “Qarabağdır Azərbaycan” filminin təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar