Avropa Məhkəməsi ərizələrə baxmaq prosedurunu sadələşdirir  14bis saylı Protokol qüvvəyə minir
30 sentyabr 2009 11:15 (UTC +04:00)

Avropa Məhkəməsi ərizələrə baxmaq prosedurunu sadələşdirir 14bis saylı Protokol qüvvəyə minir

İnsan hüquqları haqqında Avropa Konvensiyasının 14bis saylı Protokolu oktyabrın 1-də qüvvəyə minir.

Lent.az-ın Avropa Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə, protokol Avropa İnsan Hüquqları Məhkəməsinin sayı artmaqda olan ərizələrə baxmaq imkanlarını yaxşılaşdırmaq məqsədini daşıyır.

Ərizələrə baxan və onların qəbul edilənliyi və mahiyyəti üzrə qərar çıxaran hakimlərin sayına aid iki konkret proseduru özündə ehtiva edən bu Protokol 14 saylı Protokol qüvvəyə minənədək müvəqqəti tədbir kimi tətbiq ediləcək.

İndiyədək yeddi dövlət (Danimarka, Gürcüstan, İslandiya, İrlandiya, Monako, Norveç və Sloveniya) 14bis saylı Protokolu ratifikasiya edib, digər yeddi dövlət (Avstriya, Fransa, Lüksemburq, Rumıniya, San-Marino, İspaniya və “keçmiş yuqoslav respublikası Makedoniya”) isə ratifikasiya öncəsi onu imzalayıb.

Albaniya, Belçika, Estoniya, Almaniya, Lixtenşteyn, Lüksemburq, Niderland, İsveçrə və Böyük Britaniya alternativ hüquqi əsasdan istifadə etməklə bəyanat verərək razılaşıb ki, 14 saylı Protokoldakı müvafiq prosedurlar onlara qarşı verilən ərizələrə müvəqqəti olaraq tətbiq ediləcək.

İyulun 1-dən artıq Məhkəmə bu yeni prosedurları qəbul etmiş dövlətlərə münasibətdə onları tətbiq etməklə 727 qərar çıxarıb. Ərizələrin 369-u Almaniya, 131-i Birləşmiş Krallıq, 82-si İsveçrə, 57-si Niderland, 38-i Estoniya, 17-si Norveç, 14-ü İrlandiya, 9-u Lüksemburq, 7-si Danimarka və 3-ü Lixtenşteyn barəsindədir.

Qeyd edək ki, Nazirlər Komitəsi tərəfindən mayın 12-də Madriddə qəbul edilmiş 14bis saylı Protokol Məhkəmənin bu Protokolu ratifikasiya etmiş dövlətlərə qarşı verilən ərizələrə baxmaq imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyan iki proseduru özündə ehtiva edir.

Birincisi, tək (yeganə) hakim açıq-aydın qəbuledilməz olan ərizələri qəbul etməkdən imtina edə bilər. Əvvəllər bunun üçün üç hakimdən ibarət komitənin qərarı tələb olunurdu.

İkincisi, üç hakimdən ibarət komitə açıq-aydın əsaslı olan işlərdə və təkrarlanan işlər adlanan oturuşmuş presedent hüququnun mövcud olduğu işlərdə ərizələri qəbul olunan elan edə və onların mahiyyəti üzrə qərar çıxara bilər. Əvvəllər bu işlərə yeddi hakimdən ibarət palatalar və ya Böyük Palata (17 hakimdən ibarət) tərəfindən baxılırdı.

Bu prosedurlar həmçinin 14 saylı Protokolda yer alıb, o hələ qüvvəyə minməyib, çünki Avropa Şurasının üzvü olan bütün dövlətlər tərəfindən onun ratifikasiya olunması tələb olunur. Onu Rusiya Federasiyasından başqa bütün üzv dövlətlər ratifikasiya edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar