“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi irəliləyir”
30 sentyabr 2009 17:00 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi irəliləyir”

Filip Qordon Ermənistanla Türkiyə arasında protokol imzalanmasının baş tutmaması ehtimallarını şərh etməkdən imtina edib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin BMT Baş Assambleyanın 64-cü sessiyası çərçivəsində dövlət katibi Hillari Klintonla görüşlərinin nəticələrinə dair jurnalistlər üçün brifinq keçirib.

APA-nın məlumatına görə, dövlət katibinin müavini qeyd edib ki, sentyabrın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla baş tutan görüşdə H. Klinton rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dəstək verdiyini bildirib. O, görüşdə iştirak edən Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke kimi təcrübəli diplomatın bu vəzifəyə təyin olunmasını, Ağ Evin münaqişənin həllində maraqlı olmasının sübutu kimi qiymətləndirib. F. Qordonun xanım Klintonun azərbaycanlı bloqgerlər Emin Milli və Adnan Hacızadənin həbsi məsələsini də müzakirə etdiyini, ABŞ-ın bu prosesi açıq və ədalətli görmək istədiyini deyib.

F. Qordonun sözlərinə görə, sentyabrın 29-da Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdə H. Klinton Türkiyə-Ermənistan yaxınlaşması, ölkədə demokratikləşmə məsələlərinə toxunub. Dövlət katibi bildirib ki, onlar Ermənistan- Türkiyə yaxınlaşmasını ciddi dəstəkləyirlər və bu proses heç bir əlavə şərtlərsiz irəliləməlidir. Həmin gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdə isə Ermənistanla yaxınlaşma, Şimali Kipr mövzusu, Əfqanıstan, Pakistan, İran, enerji təhlükəsizliyi, Yaxın Şərq və digər məsələlər müzakirə edilib.

F. Qordon Ermənistanla Türkiyə arasında oktyabrın 10-da imzalanması nəzərdə tutulan protokollarla bağlı "İmzalanmanın bəzi detalları və onların parlamentlərə təqdim olunması barədə bəzi məsələlər dəqiqləşdirilməlidir" söyləyib. Lakin dövlət katibinin müavini ümumiyyətlə imzalanmanın baş tutmaması ehtimallarını şərh etməkdən imtina edib. O bu prosesin hər iki ölkədə ciddi müqavimətlə qarşılandığını, Ermənistan tərəfinin prosesin şərtsiz irəliləməsi barədə səsləndirdiyi fikirləri dəstəklədiyini vurğulayıb.

Türk jurnalistin ermənilərin qondarma “soyqırımı” iddiasının münasibətlərin bərpası üçün şərt olub-olmaması haqqında sualına F. Qordon belə cavab verib: "Mən əvvəlcədən heç bir şərtin irəli sürülməməsi dedikdə, elə heç bir şərtin irəli sürülməməsini nəzərdə tuturam. Bir çox məsələlər var ki, bəziləri onu Türkiyə-Ermənistan yaxınlaşmasına calamaq istəyərdi. Biz onu deyirik ki, bu proses çox əhəmiyyətlidir və yaxşı bir addımdır. Qeyd etdiyim proses digər məsələləri gözləməməli, calanmamal, irəli getməlidir. Dövlət katibinin Azərbaycanın xarici işlər naziri ilə görüşü çərçivəsində mən Dağlıq Qarabağ prosesini qeyd etdim. Bu proses də irəliləyir. Əgər biz bu proseslərlə bağlı uğur qazansaq, Qafqazda sülh və stabillik istiqamətində, enerji dəhlizləri baxımından çox vacib sıçrayışa nail ola bilərik. Ona görə də hər iki prosesi ciddi dəstəkləyirik”.

F. Qordon onu da əlavə edib ki, Türkiyə Ermənistan yaxınlaşması ABŞ-ın yox, iki ölkənin təşəbbüsüdür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar