Baş prokurorun seçilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə
24 sentyabr 2009 15:13 (UTC +04:00)

Baş prokurorun seçilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə

Azərbaycan baş prokurorunun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bu barədə APA-ya məlumat Milli Məclis Aparatından daxil olub. Məlumata görə, Milli Məclisin “Prokurorluq haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sənəd Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub. “Prokurorluq haqqında” qanunun 16-cı maddəsinin 2-ci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə seçilə bilməz” cümləsinin çıxarılması ilə bağlı təklif müsbət qiymətləndirilərək parlamentin plenar iclasına tövsiyə olunub. Qanun layihəsinin Milli Məclisin payız sessiyasının oktyabrda keçiriləcək ilk iclaslarının birində müzakirə ediləcək.

Qeyd edək ki, “Prokurorluq haqqında” qanunda Azərbaycan baş prokurorunun, hərbi prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun seçilməsi ilə bağlı məhdudiyyət var. Belə ki, bu vəzifələrə eyni şəxsin 5 il müddətinə, yalnız iki dəfə seçilməsi mümkündür.

Azərbaycanın hazırkı baş prokuroru Zakir Qaralov bu vəzifəyə 2000-ci il aprelin 25-də təsdiqlənib, onun səlahiyyət müddəti gələn il aprelin 25-də başa çatır.

Hərbi prokuror Xanlar Vəliyev bu vəzifəyə 2005-ci ilin fevralın 10-da təyin edilib.

Naxçıvan Muxtar Respublikasının prokuroru isə Şahverdiyev Səbuhi Zəhmət oğludur.

Əlavə edək ki, “Prokurorluq haqqında” qanuna əlavə və dəyişikliklər bununla məhdudlaşmır. Qanuna təklif olunan digər əlavə və dəyişikliklər ərazi prokurorlarının iki dəfədən artıq seçilə bilməməsi, prokurorluq işçilərinin pensiya təminatının yaxşılaşdırılması və digər məsələlərlə bağlıdır.

“Prokurorluq haqqında” qanuna təklif olunan bütün əlavə və dəyişikliklərin Milli Məclisin müzakirəsinə paket şəklində çıxarılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar