Qabil Abbasoğlu: “Lent.az Azərbaycan internet mediasında hadisədir” - MÜSAHİBƏ
24 iyun 2009 13:00 (UTC +04:00)

Qabil Abbasoğlu: “Lent.az Azərbaycan internet mediasında hadisədir” - MÜSAHİBƏ

Lent.az portalının baş redaktoru Qabil Abbasoğlunun APA-ya müsahibəsi

- Jurnalistlər adətən danışmağa yox, yazmağa üstünlük verirlər. Sizdə vəziyyət necədir?

- Çalışıram hər ikisinə öz normasında riayət edim. Ancaq təbiətcə danışmağa çox da can atan deyiləm. Həmişə işlədiyim jurnalistlərə də deyirəm ki, siz radio işləmirsiniz, çalışın az danışın, çox yazın. Gərək bu məsələdə nisbəti qoruyasan. Təbii ki, danışmaq lazım olan yerdə danışıram. Ancaq əsas yazmaqdır.

- Rəhbərlik etdiyiniz Lent.az portalının fəaliyyətə başlamasından bir il ötür. Ötən bir ildəki fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- İndi ötən ilin bugünkü gününə baxanda çox maraqlı görünür. Keçdiyimiz yolun maraqlı olmasından əlavə, məşğul olduğumuz sahə də yeni olub. İyirmi ilə yaxın qəzetçiliklə fəaliyyəti ilə məşğul olmuşam. Birdən-birə internet mediasında işləməyə başladım. Peşə vərdişlər eyni olsa da, burada müəyyən texniki tələblər var ki, onları yerinə yetirməlisən. Kollektivin əksər üzvləri də mənimlə bərabər o prosesi keçdilər.

Azərbaycan internet mediasında lent.az-ı hadisə adlandırmaq olar. Lent. az Azərbaycan dilli internet portalları içində özünə yer tutan və liderlik mövqeyinə yüksələn bilən media orqanıdır.

Tək bir statistikanı qeyd etmək istəyirəm, www.alexo.com saytında Azərbaycan saytlarının reytinqinə diqqət yetirsəniz, lent.az ölkə saytları içərisində dördüncü yerdədir. Təbii ki, Azərbaycandan baxılan xarici saytlar istisna olunur. İlk dördlükdə birinci yeri “Google”nin Azərbaycan versiyası, ikinci yeri bir rusdilli xəbər saytı, üçüncü yeri www.forumbaku.net, dördüncü yeri isə www.lent.az tutur. Bu, sıralamaya görə, lent.az xəbər portalı kimi ikinci, Azərbaycan dilli xəbər portalı kimi isə liderdir.

Lent.az-ın önəmi həm də ondadır ki, bu portal yarananda çoxları Azərbaycan dilində xəbər saytının perspektivsiz göründüyünü, oxunmayacağını iddia edirdilər. Amma biz sübut elədik ki, Azərbaycan dilində sayt yaratmaq da, ona kütləvi oxucu cəlb etmək də, hətta oxucunun mütəmadi informasiya aldığı məkana da çevrilmək mümkündür. Hər şey işləməkdən asılıdır.

- İnternet mediasının indiyə qədər mövcud olan ənənəvi jurnalistika növlərindən qəzet, radio və televiziya jurnalistikasından fərqi nədir?

- İnternet mediasını da qeyri-ənənəvi jurnalistika hesab etmək olar. İnternet mediası Azərbaycanda olduqca yeni sahədir. Bizim ölkədə oturuşmuş bir qəzet sənayesi var. Baxmayaraq ki, bu sənaye pis gündədir və texniki təchizat aşağı səviyyədədir. Ancaq ortada böyük bir qəzet jurnalistləri ordusu var. Yəni ortada məktəb və təcrübə var. Radio və televiziya jurnalistikasında da müəyyən baza mövcuddur. Ancaq internet mediası sahəsində zəngin təcrübə və baza yoxdur. İnternet mediasının media sahəsinə çevrilməsi üçün birinci növbədə internetin özünü təmin etmək lazımdır. Azərbaycanda internet sənayesi geniş inkişaf etməyib. İnsanların hər birinin evində internet olmalıdır. İnternet mediası kütləvi informasiya vasitələri arasında ən gənci olsa da sürətlə inkişaf edənidir. ABŞ-da radionun yaranmasından sonrakı ilk 50 illik dövrü ərzində topladığı auditoriyanı, internet mediası üç ilə toplayıb. Bu baxımdan internet mediası Azərbaycanda jurnalistika sahəsində rəqabətin daha böyük olduğu sahədir.

- Belə başa düşdüm ki, daha siz qəzet oxumursunuz...

- Yox, hər gün çap mətbuatını izləyirəm. Hesab edirəm ki, çap qəzetinin ömrü hələ bitməyib. Və yaxın vaxtlarda da çap qəzetlərinin ömrünü başa vuracağına inanmıram. Bu tarixdən gələn bir şeydir. Qaldı qəzet oxumağa, bizim işimiz elədir ki, kütləvi informasiya vasitələrinin bütün növləri ilə ünsiyyətdə oluruq. Biz virtual fəaliyyət göstərsək də, qəzet sayılırıq. Yəni bu yeni qəzetçilik formasıdır.

- Yenidən qayıdıb qəzetdə işləyə bilərsiniz?

- Hətta televiziyada da işləyə bilərəm. Ancaq bu işin də öz gözəlliyi var. Bu işin həm romantikası var, həm də istənilən yerdə öz vəzifəni yerinə yetirə bilərsən. Yəni bu gün nout-booku götürüb gedib istənilən kənddə fəaliyyətini həyata keçirə bilərsən.
Məsələn, mən öz kəndimizdə - Eyvazalılarda həyətdə oturub internetə daxil olan ilk adamam.

- Bu bir ildə ən çox oxunan xəbəriniz hansı olub?

- İndiyə kimi yaydığımız iki xəbərin oxunma səviyyəsi çox yüksək olub. Bunlardan biri Neft Akademiyasında baş vermiş faciə ilə bağlı yazdığımız informasiyalar idi. Hətta həmin gün oxucuların çox sayda daxil olmaları nəticəsində Lent.az da texniki problemlər yaranmışdı. İkinci ən çox oxunan xəbərimiz isə Aybəniz Haşımovadan aldığımız müsahibə olub. Bu müsahibəni bizim üçün Zaur Baxşəliyev almışdı. Bundan başqa, məşhur müğənnilərdən birinin toyundan hazırladığımız reportaj da ən çox oxunan xəbərlər sırasında olub.

- Lent.az yeni fəaliyyətə başlayanda əyləncəli xəbərlərə daha çox üstünlük verilirdi. İndi isə getdikcə ciddi xəbərçiliyə meylləndiyiniz hiss olunur.

- Bu fikrin müəyyən qədər əsasları var. Ancaq məqsədli şəkildə plan dəyişikliyi etməmişik. Əvvəldən necə başlamışdıqsa, elə də davam edirik.

- Güclü internet resursu yaratmağın sirri nədədir?

- Oxucu istəyəni tapıb vermək lazımdır. Oxucunun nə istədiyini bilmək də hər kəsin bacardığı bir şey deyil.

- Oxucu sizdən nə istəyir?

- Bu çox maraqlı məslədir. Bu xəbərlər müxtəlif yöndə ola bilər. Ola bilsin, Azərbaycan oxucuları şou-biznes və sensasiyalı xəbərlərə daha çox üstünlük verirlər. Bir tərəfdən şou biznes və sensasiyalı xəbərləri izləyən insanların sayı daha çoxdur. Onlar əsasən gənclərdir. Nisbətən ağır materialları oxuyan insanlar isə yaşlı nəslin nümayəndələri olmaqla, həm də azlıq təşkil edirlər.

- Kollektiviniz haqda nə deyə bilərsiniz?

- Kollektivimiz yaxşıdır. Hər biri lent.az-ın böyüməsində, onun bugünkü məşhurluğunda yeri olan adamlardır. Əməkdaşlarımızdan başqa, bizim kənar müəlliflərimiz, xüsusi reportajlarla çıxış edən stringerlərimiz də var. Onların hər birinə təşəkkürümü bildirirəm. Hamısı ilə işləmək zövq verir.

- Lent.az-ın paparasilik etməklə bağlı planları yoxdur ki?

- Bizim bu istiqamətdə cəhdlərimiz olub. Azərbaycan jurnalistikasında paparasilik demək olar ki, yoxdur. Bunun üçün istedadlı jurnalist lazımdır. Bütün dünya jurnalistikası müxbirlərin çiynində dayanır...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470

Oxşar yazılar