“Praqada gözlədiyimiz sıçrayışı növbəti görüşdə əldə edə biləcəyik” - MÜSAHİBƏ
15 may 2009 11:15 (UTC +04:00)

“Praqada gözlədiyimiz sıçrayışı növbəti görüşdə əldə edə biləcəyik” - MÜSAHİBƏ

ABŞ dövlət katibinin müavinin köməkçisi, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın APA-nın ABŞ bürosuna müsahibəsi

- Azərbaycan və Ermənistan prezidentlərinin Praqa danışıqlarının nəticəsi barədə fərqli fikirlər var. Sizin qənaətinizə görə, qeyd olunan Praqa danışıqları uğurlu keçdi, ya yox?

- Mən mübahisə etməyə hazıram ki, Praqa görüşü Azərbaycan və Ermənistan prezidentlərin hazırkı həmsədrlərin şahidi olduğu ən konstruktiv görüşü oldu. Biz ümid edirdik ki, burada sıçrayış olacaq. Düzdür, gözlədiyimiz sıçrayış olmadı, ancaq eyni zamanda prezidentlərin müzakirə etdiyi mövzular, mən inanıram ki, onların Sankt-Peterburq görüşündə sıçrayışa nail olmaları üçün əsas yaradıb.

- Praqa görüşündən sonra sizə istinadən xəbərlər yayıldı ki, prezidentlər ilk dəfə olaraq danışıqları əhatə edən mövzuların baza ideyalarına dair razılığa gəlirlər. Yəni prezidentlər razılığa gələrək sıçrayışa nail oldular, yoxsa yox?

- Mən spesifik maddələr, baza prinsipləri arasında az sayda qalmış və razılaşdırılmayan müddəalar haqqında danışırdım. Bu maddələr son iki ildə prezidentlərin apardığı danışıqların, Praqada, Sankt-Peterburqdakı danışıqlarımızın mövzusudur. Baza prinsipləri arasında az sayda spesifik mövzu var və mən dediyim sözlərin üzərində dayanıram. Qeyd edim ki, həmkarlarım Yuri Merzlyakov və Bernar Fasie də mənimlə tam razılaşaraq, qeyd etdiyim bəyanatla çıxış etməyimə məni inandırdılar. Prezidentlər danışıqlar apararkən ilk dəfə olaraq baza prinsiplərinin az sayda razılaşdırılmayan məqamları üzrə razılaşmaya gəldiklərini qeyd etdilər. Mən bütün baza prinsipləri haqqında danışmıram. Onların çoxu konseptual olaraq razılaşdırılıb, lakin ortada çoxlu sayda detal var ki, hələ də müzakirə olunmalıdır. Lakin baza prinsiplərinin təməli olan az sayda məsələ hələ razılaşdırmayıb. Məhz bu az sayda razılaşdırılmayan baza ideyaları üzərində prezidentlər göstərdilər ki, razılaşıblar.

- Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib ki, siz Azərbaycan tərəfi ilə məsləhətləşmədən Praqada bəyanat yaymışınız...

- Mən Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri və həmsədr həmkarlarım görüşü tərk edəndən sonra bəyanatımı vermişəm. Mən vasitəçiyəm və özüm proseslərə qiymət verirəm. Vasitəçi olaraq mənim işim müşahidə etmək və nəticə almaq üçün danışıqları ruhlandırmaqdır. İşimin digər bir hissəsi gördüyümü xarekterizə etməkdir və mən həmsədr kimi öz mövqeyini bildirirdim. Cənab Məmmədov bu görüşlərin heç birində iştirak etməyib. O, prezidentlərin təkbətək görüşündə, həmsədrlərin, xarici işlər nazirləri və prezidentlərin ikinci görüşündə də yox idi. Yəni o, həmin görüşlərdə olmadığı üçün orada nə baş verdiyini bilmir. Mən bilirəm, çünki orada olmuşam. Ona görə də öz qiymətimi verdim. O mənim öz peşəmi düz yerinə yetirdiyimi sübhə altına alaraq deyib ki, ola bilsin, mən dövlət katibi və prezidentə düz məlumat vermirəm. Birmənalı olaraq rəhbərliyimə məruzə edəndə mən onlara konkret olaraq nə fikirləşdiyimi mümkün qədər dəqiq çatdırıram. Cənab Məmmədov sülh prosesi və bizim iştirak etdiyimiz prosesin, ABŞ-Azərbaycan münasibətlərinin səmimi dostu olub. Buna görə də ehtimal edirəm ki, onun sözlərini düzgün təqdim etməyiblər.

- Bəzi mənbələr qeyd edir ki, Praqa görüşü ona görə alınmayıb ki, Ermənistan prezidenti Sərkisyan hərbi birləşmələrin işğal olunmuş ərazilərdən çıxarılması müqabilində Dağlıq Qarabağın gələcək statusunun müəyyən edəcək seçkilərin tarixini müəyyən etməyi tələb edib.

- Həmişəki kimi mən danışıqlarımızın spesifik detalları barədə danışmaq istəməzdim. Gördüyüm odur ki, Azərbaycan tərəfi çox irəliləyiş olmamasından məyus olub. Mən də arzu edərdim ki, orada daha çox irəliləyiş olsun. Deyə bilərəm ki, Azərbaycan prezidenti çox konstruktiv idi. Ermənistan prezidentini də tanıdığım dövrdən kifayət qədər konstruktiv və cəsarətli gördüm. Ümid edirəm ki, biz həmsədrlər yaxşı işləsək, Sankt-Peterburqda hər iki tərəf özünü mümkün qədər rahat hissə edəcək. Nəticədə Praqada gözlədiyimiz sıçrayışı növbəti görüşdə əldə edə biləcəyik.

- Novruz Məmmədov həmçinin dedi ki, həmsədrlər Ermənistanı işğalçı dövlət adlandırmır. Niyə BMT, Avropa Şurası bunu edə bilər, amma həmsədrlər yox?

- Çünki həmsədrlərin işi fərqlidir. Həmsədrlər Avropa Şurası, BMT kimi siyasi təşkilat deyil. Bizim işimiz tərəflər arasında sülhün necə yaradılmasına kömək etməkdir. Bizim işimiz onları razılaşdırmaqdır, siyasi bəyanatlar vermək deyil. Hökumətlər və beynəlxalq təşkilatlar siyasi bəyanatlar verirlər. Cənab Məmmədova böyük hörmətim var. O, uzun illər vəzifəsini icra edir. Lakin Novruz müəllim istəyir ki, biz həmsədr yox, siyasətçilər kimi hərəkət edək. Biz siyasətçi deyilik. Biz vasitəçilərik və gərək vasitəçilik edək. Yuxarıda qeyd etdiyim mövqenin ruhuna uyğun olaraq bir vasitəçi kimi demək istəyirəm ki, mən və digər həmsədr həmkarlarım, bütün enerjimizi sərf ediciyik ki, prezidentlərə razılıq əldə olmayan mövzular ətrafında Sankt-Peterburqda ümumi məxrəcə gəlməyə kömək edək. Bu mümkündür. İrəliyə baxmaq vaxtı yetişib. Mənim ünvanıma ittihamlar səsləndirən insanlara heç bir kinim yoxdur. İnsanların nə fikirləşdiyini bilmək yaxşıdır. Sadəcə, onlardan xahişim budur ki, mənim istifadə etdiyim spesifik sözlərə fikir versinlər. Bilirsiniz ki, “Exo Moskvı” radiostansiyası mənim Praqada verdiyim müsahibədə yanlışlığa yol vermişdi, sonradan düzəltdi. Mən Azərbaycanın və Ermənistanın nə qədər yaxın dostu olsam da, işim Azərbaycan-ABŞ və ya Ermənistan-ABŞ münasibətlərini yaxınlaşdırmaq deyil. Mənim vəzifəm münaqişədə vasitəçilik etməkdir, prezidentlərə və insanlara barışmağa kömək etməkdir.

- Sizcə, Sankt-Peterburqda sıçrayışa nail olmaq şansı var?

- Əlbəttə. Yeri gəlmişkən, prezident Əliyev güclü liderlik nümayiş etdirir. Azərbaycan prezidenti güclü və cəsarətli liderlik nümayiş etdirərək, ölkənin milli maraqlarını müdafiə edir. Lakin o, irəliyə də baxır və ümid edirəm ki, biz yaxın vaxtda sülh razılaşması əldə edəcəyik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1274

Oxşar yazılar