“İstəyirik ki, iranlı iş adamları Azərbaycandakı inkişafı görsünlər”
23 sentyabr 2010 11:53 (UTC +04:00)

“İstəyirik ki, iranlı iş adamları Azərbaycandakı inkişafı görsünlər”

“İranda müxtəlif konfranslar keçirilib, lakin bu konfrans sırf Azərbaycan Respublikasına həsr olunmuş konfrans idi. Konfransın əhəmiyyəti ondan ibarət idi ki, burada Azərbaycanın və İranın tanınmış və iki ölkə münasibətlərinə dair kitablar yazmış, eləcə də region məsələlərini dərindən bilən alimləri iştirak edirdilər”.



Bu açıqlamanı APA-ya Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov verib. Səfir konfransa Rusiya, Gürcüstan və Türkiyədən alimlərin qatılmasını və Azərbaycanın uğurları haqda çıxışlar etməsinin xüsusi əhəmiyyətini vurğulayıb: “Xüsusilə də universitet tələbələrinin konfransda iştirakı mənim fikrimcə çox əhəmiyyətli idi. Amma konfrans əslində məqalələrlə, çıxışlarla bitməməlidir. Konfransın işi hər iki ölkənin nazirliklərinə xüsusi ilə də xarici işlər nazirliklərinə işləmək üçün köməkçi sahə kimi zəmin yaratmalı, nəticələr əməli şəkildə olmalıdır. Ümumilikdə konfrans yüksək səviyyədə təşkil edilmişdi”.



Səfir iranlı iş adamlarını Azərbaycana dəvət etdiyini, bu dəvətin müsbət qarşılandığını bildirib: “İran sərmayədarları və iş adamları mənim dəvətimi müsbət qarşılayıblar. Hazırda bu məsələnin üzərində işlənilir, biz istəmirik ki, bu dəvət formal xarakter daşısın. İstəyirəm ki, həm Tehrandan, həm Təbrizdən və Ərdəbildən, eləcə də İranın digər şəhərlərindən iş adamları Azərbaycana gəlsinlər, ölkəmizin inkişafını, insanların rifahını görsünlər. Görsünlər ki, 19 il müstəqillik dövründə nəyə nail olmuşuq və bizi qonşu ölkələrlə müqayisə etsinlər . Səfir olduğum 8 ay ərzində iki ölkə arasında apardığım təhqiqatlar nəticəsində görürəm ki İrandan bir çox iş adamları Azərbaycana gedib müəyyən sahələrdə iş qurublar”.


Səfir İranın Ermənistana taxıl satması barədə məlumatlara da münasibət bildirib: “İranın Ermənistana taxıl satdığını deyə bilmərəm. Amma xüsusilə Ermənistana kənd təsərrüfatı məhsullarının ixracı bir sıra dəllalların vasitəsi ilə gerçəkləşdirilir. Azərbaycanın xalq mənafeyini həmişə dəstəkləyən Ərdəbildən olan millət vəkili, eləcə də İran-Azərbaycan parlamentlər arası dostluq qrupunun rəhbəri də İranın Ermənistana taxıl satmasının mümkünsüzlüyünü bildirmişdi. Bu məsələni daha dəqiq araşdırmaq lazımdır. İran dövləti ilə bərabər İran xalqının böyük bir hissəsi Azərbaycanı çox sevir, burada bizə xalqımıza olan münasibət yüksək səviyyədədir. İki ölkə arasında olan iqtisadi, siyasi və mədəni əlaqələr yaxşı vəziyyətdədir, inanmıram ki, bizi istəməyənlər bu əlaqələrə kölgə sala bilsinlər”.
# 570

Oxşar yazılar