Zahid Oruc: “Azərbaycanın siyasi partiyalar sistemində inteqrasiya qaçılmazdır” – MÜSAHİBƏ
23 aprel 2009 19:38 (UTC +04:00)

Zahid Oruc: “Azərbaycanın siyasi partiyalar sistemində inteqrasiya qaçılmazdır” – MÜSAHİBƏ

“Referendumdan sonrakı Azərbaycanda platforması eyni olan təşkilatların bir araya gəlməsi və güclü partiyalar sistemi kimi fəaliyyət göstərməsi zəruridir”

Millət vəkili Zahid Orucun APA-ya müsahibəsi

- Referendumdan sonra siyasi mühitdə hansı yeniliklərin yaranmasını gözləyirsiniz? Bu hüquqi proses partiyaların gələcək fəaliyyətinə necə təsir edəcək?

- Referendum dövlət quruculuğunun mühüm mərhələsi olaraq əhəmiyyətli siyasi tədbirlərə yol açmış oldu və şübhəsiz ki, müstəqil bir ölkə üçün Sovet keçmişindən xilas olmaqda başlıca rol oynayan Konstitusiyamızı daha da təkmilləşdirdi. Xalqla dialoq olan bu kampaniya əslində hakimiyyət məsələsini həll etmirdi. Belə ki, millətimiz 4 ay öncə dövlət birincisini müəyyənləşdirmişdi. Bu akt ilk növbədə ictimai-siyasi həyatımızda fəal rol oynayan qüvvələrin gələcəyinə əhəmiyyətli təsir edəcək. Konstitusion dəyişikliklərin hər birinin vacibliyini qeyd edərək demək olar ki, idarəçilik mexanizmi və vətəndaşlar arasında konfrontasiya yaradacaq baryerlər ortadan qalxmış oldu. Dəyişikliklərin əsas fəlsəfəsinə diqqət yetirsək, deməliyik ki, referendum ölkənin sabahında həlledici amil kimi şəxsiyyətin önəmini artırdı. Şübhəsiz ki, siyasi palitramızda da bu faktor özünü göstərəcək. Belə ki, iqtidar güclü liderə malik olduğundan bu siyasətin davamlığına inam hakimiyyətin qətiyyətini yüksəldəcək. Bu, ölkədə sabitləşdirici rol oynayacaq. Çünki 2013-cü ilə yönələn destruktiv elementlərin bəri başdan pozuculuq təzahürləri, təşkilatlanması və real gücə çevrilməsi avtomatik əngəllənmiş oldu. Deməli, uzun müddət siyasi səhnəni tutan və hakimiyyət uğrunda mübarizədə son şansını xərcləyən antiiqtidar dairələrinin planları dəyişəcək.

- Siz iddia edirsiniz ki, gələcək kontekstində təhlil apararkən partiyalararası ittifaqlar özünüqorumanın yeganə vasitəsinə çevriləcək?

- Bəli. Yəqinlik üçün siyasi sistemimizin mühüm bir hissəsi olan partiyaların palitrasına baxaq. Əslində, istənilən sivil ölkədə cəmiyyətin mədəni, iqtisadi və siyasi inkişafı iqtidar və müxalifətin birgə demokratik fəaliyyətindən asılıdır. Bu isə öz növbəsində insanların müxtəlif ideologiyalar ətrafında təşkilatlanmasını vacib edir. Bizdə müstəqilliyin ilk illərində çoxpartiyalılıq sovetlərə qarşı proqram müddəaları ilə silahlanmış və təbii ki, dağıdıcılıq potensialını özündə daşıyan ambisiyalı adamların toplusu idi. Lakin sovetlərin çöküşü ilə həmin insanlar partiya kimi elan etdikləri siyasi klubları yeni dövrün tələblərinə uyğunlaşdıra bilmədilər. Təsadüfi deyildi ki, onların bir çoxu müstəqil Azərbaycana münasibətdə də sovetlər əleyhinə yönəlmiş metodlardan yararlanırdılar. Bu inqilabi romantizmin iflası Xalq Cəbhəsinin hakimiyyətdən salınması ilə də bitmədi. Hərəkat kimi təsis olunmuş Cəbhənin partiyaya çevrilməsi və normal qaydalar əsasında siyasi həyatda özünə yer tutması 2003-cü ilə qədər davam etdi. Deməli, təvəllüd yeri meydan olan partiyaların çoxu dinc dövrdə özünə fəaliyyət mühiti, daxili və beynəlxalq əlaqələr şəbəkəsi tapa bilmədi. Üstəlik həmin radikalizm inteqrasiya istəklərinin reallaşmasının qarşısını aldı. Baxın, nə qədər mövsümi ittifaqlar yaranıb və tarixin arxivinə atılıb: Demkonqres, SİDSUH və başqaları. Bunların heç biri daimi fəaliyyət göstərən birlik modelinə çevrilmədi. Lakin partiyalar klassik məzmuna qayıtmağa məhkumdur. Yəni, onların mövcudluğunu ictimai etimad, güclü ideologiya, peşəkar komanda korpusu və lider parametrləri şərtləndirməlidir. Bu kriteriyalardan yanaşanda Azərbaycanın siyasi partiyalar sistemində inteqrasiya qaçılmazdır. Zəiflərin bu prosesdə öz yerini qoruması mümkün olmayacaq. Referendumdan sonrakı Azərbaycan platforması eyni olan təşkilatların bir araya gəlməsini və güclü partiyalar sistemi kimi fəaliyyətini zəruri edir. Başqa formada ölkənin birinci statusuna iddia etmək əvvəlki şərtlər əsasında mümkün deyil. Çünki indiki prezident seçilmə norması əvvəlki siyasi partiyalar modelində köklü dəyişiklikləri tələb edir.

- Onsuz da indi aktiv qüvvələrin sayı təbii seçimdən keçərək özünün optimal həddinə çatıb. Siz partiyaların birləşməsinin alternativ yolunu necə görürsünüz?

- Bilirsiniz, uzun müddət siyasətdə hər kəsin həqiqi yerini müəyyənləşdirmək çətin idi. Seçkilərin nəticəsi əsasında siyasi şkalada imkanlarını dəyərləndirmək ənənəsinə sahib deyildik. Dediyiniz partiyaların yaratdıqları əsatirlər, ətraflarındakı təsir qruplarının və media strukturlarının hesabına formalaşmış obrazlar müasir dövrdə işə yaramır. Yəni, indi bir qəzet vasitəsilə partiya kimi mövcudluğunu imitasiya etmək asan deyil. Gərək insanları mütərəqqi ideyalarla ətrafında saxlaya biləsən, ictimai fikri qidalandırasan və ölkənin gələcək həyatına yönəlik baxışlara malik olasan. Bu əlbəttə ki, daimi yeniləşməni və islahatlara açıqlığı tələb edir. Amma bizdə partiyaların bir çoxu kütləvi xalq partiyası adına iddia edərək əslində qapalı institutlar kimi fəaliyyət göstərirlər. Həqiqətdə isə yalnız güclü lider respublika miqyaslı təşkilat yarada bilər. Necə ki, Ulu Öndərin xarizması hesabına ümumölkə səviyyəli və müxtəlif təbəqələri təmsil edən partiya yarandı. Digərlərinin bu statusa iddiası qeyri-realdır. Gəlin misal göstərək: Xalq Cəbhəsi hərəkat kimi müxtəlif baxışlı insanları bir araya gətirmişdi. Sonra AXC irsinə sahiblik uğrunda mübarizə bu təşkilatı 5 yerə parçaladı. Bir liderin ideyası işığına toplanmış və Azərbaycanın itirilmiş torpaqlarını qaytarmaq vəzifəsini qarşısına qoymuş AXC-nin özünün birliyə ehtiyacı vardı. Başqa tərəfdən, Cəbhə ideologiya etibarı ilə demokratik cəmiyyətin ruhu və prinsipləri ilə uzlaşmır. Bilirsiniz ki, xalq cəbhələri ötən əsrin ortalarında Avropa ölkələrində faşizm təhlükəsinə qarşı müqavimət gücü kimi meydana çıxıb. Sonra onlar arenadan getdilər. Bu hazır resept bir də SSRİ-nin dağıdılması zamanı yada düşdü. Artıq heç kəsə sirr deyil ki, xalq cəbhələri sosialist məkanına və SSRİ-yə dəqiq təşkilatı model və ideya kimi sadəcə ixrac olunub. Onun müəllifliyinə yalnız həmin dairələr iddia edə bilər. Baxmayaraq ki, Burbulis və başqaları milli azadlıq mübarizəsinin ilk hərəkətverici qüvvəsi olan cəbhəçiliyin konseptual müəlliflərindən sayılır. Öz missiyasını başa vurduqdan sonra Xalq Cəbhəsi yeni dövrə transformasiya etməli idi. Bizdə bunu bir hərfin artırılması ilə gerçəkləşdirsələr də, mahiyyət dəyişmədi. Çünki cəbhəçilik siyasi mühitdə barrikada ruhunu, düşərgə təfəkkürünü və radikallığını ehtiva edir. Üstəlik, sonrakı illər hakimiyyətdən kənarlaşdırılmış qüvvələr də bu bloka qoşuldu. Məsuliyyətlə deyirəm ki, siyasi sistemdə nə qədər cəbhəçilik şüuru və metodu olacaqsa, inteqrasiya çətin gedəcək. Əslində normal siyasi sistemlərdə xalq cəbhələrinə yer yoxdur. Bu ideoloji mahiyyətdən kənara çıxa bilməməyin nəticəsidir ki, hətta eyni düşərgədə olduğu Müsavatla da bir araya gələ bilmirlər. Əlbəttə, keçmişdən gələn barışmazlıq və birinci şəxs amili rol oynayır. Bununla belə, müsavatçılıq ideologiyası da vahid platformaya çevrilə bilmir. Yalnız ona görə ki, bunu vaxtı ilə siyasi zireh kimi irəliyə sürənlərin özü müsavatçılıq ideologiyasını ümummilli məsələlərdən daha çox hakimiyyət uğrunda mübarizədə və şəxsiyyətə yönəlik hücumlarda istehlak etdilər. Halbuki, cümhuriyyət qurucularını öz maraqları üçün istismar etmək olmazdı. Nəticə göz qabağındadır. Yeni dövrün tələbləri qarşısına yalnız keçmiş irsi çıxarmaqla fəaliyyət göstərmək dövrü bitib. Məhz buna görədir ki, bir az potensialı olanlar öz gələcəklərini əslində xeyli cazibədar olan bu fundamental ideya təmsilçiləri ilə bir yerdə görmürlər.

- Axı hakim cinahda da partiyaların təmərküzləşməsi müşahidə olunmur?

- Mən siyasi sistemin həqiqətən məhz ideoloji əsaslarla təsnifatlaşmasının tərəfdarıyam. Çox istərdim ki, sol və sağ partiyalar, mərkəzçi təşkilatlar, liberal və millətçi qüvvələr kimi özünü elan etmiş təsisatlar arasında vahid ideya, vahid lider və vahid təşkilat formulu gerçəkləşə bilsin. Əks halda sağçı partiyanın islam platforması əsasında fəaliyyətinə gərək təəccüblənməyək. Bu sovetcəsinə birləşmə və vahidləşməyə çağırış deyil. Çoxpartiyalılıq nominal mövcudluq olan 50 partiyanın yığnağı deyil. Güclü 5-6 partiya siyasi sistemin yaxşı funksiyalanmasını təmin edə bilər. O ki qaldı qanunlar vasitəsi ilə buna təsir göstərməyə, heç şübhəsiz majoritar sistem güclü partiyalar spektrini formalaşdırmağa imkan vermir. Lakin partiyalar haqqında qanuna müəyyən dəyişiklik etmək olar. Partiya təsis etmək tələbləri dəyişilsə, məsələn, üzvlük norması artırılsa, onun 2/3 regionları əhatə etməsi tələbi qoyulsa, partiyaların maliyyələşməsinin seçici səsindən asılılığı müəyyənləşsə, bu siyasi sistemin təkmilləşməsinə kömək edərdi. Həmçinin, iqtisadi amilləri də partiya quruculuğunda mühüm alətə çevirmək gərəkdir. Bu halda ideoloji amorfluq ortadan götürülər, normal siyasi mədəniyyət mühiti formalaşar və partiyaların ideyaları əsasında inteqrasiyası baş verər. Yoxsa, bizdə partiyaların çoxu dövlət və millət idarəçiliyində yerini tapa bilməyəcək. Sizə tarixi bir misalı xatırladım. Bir dəfə Ulu Öndər Heydər Əliyev özünü ona opponent statusunda aparanlara dedi ki, hakimiyyətdən qopub gedənləri öz ətrafınızda cəmləşdirməyə çalışmayın, tərəfdarlarınızı öz ideyalarınızın təbliği ilə toplayın. Bu o deməkdir ki, partiyalar narazı insanların sığınacaq yeri yox, dövlət qarşısında dayanan vəzifələrin həlli məsuliyyətini, proqramını və gücünü ifadə edən insanların fəaliyyət meydanıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1533

Oxşar yazılar