“Maraq yaradılsa Xocalı soyqırımını da, mart hadisələrini də tanıyacaqlar” - MÜSAHİBƏ
31 mart 2009 16:30 (UTC +04:00)

“Maraq yaradılsa Xocalı soyqırımını da, mart hadisələrini də tanıyacaqlar” - MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun direktor müavini Araz Qurbanov 31 mart – azərbaycanlıların soyqırımı günü ilə bağlı Lent.az-a müsahibə verib.

- Soyqırım nədir?

- Soyqırım anlayışı mahiyyət etibarilə milli mənsubiyyətinə görə dinc əhalinin məqsədli şəkildə kütləvi qətlidir. Soyqırımlar hələ qədim tarixdən məlumdur. Hətta “Tövrat”da da şahın vəziri Esvirin fətvası ilə Pələvidən olan təbəələrin kütləvi şəkildə – 70 min adamın qətlə yetirilməsi qeyd olunub. Tarixdə soyqırımla bağlı kifayət qədər materiallar var. Lakin burada bir incə məqam var. Təəssüf ki, maraqlı tərəflər “soyqırım” anlayışını yozaraq öz siyasi mənafeləri üçün istifadə edirlər. Bu, özünü Azərbaycana olan münasibətdə də büruzə verir.

- 31 mart – azərbaycanlıların soyqırımı günü ilə ermənilərin iddia etdiyi qondarma “soyqırım” arasındakı fərq nədir?

- Aprelin 24-də ermənilər özlərinin saxta “erməni soyqırımı”nın ildönümünü keçirəcəklər. Əslində mahiyyət etibarilə o dövrdə baş verən hadisələrə həm hüquqi, həm politoloji, həm tarixi, həm də mənəvi baxımdan yanaşıldıqda “erməni soyqırımı”ndan söhbət gedə bilməz. Çünki bu, tamamilə saxtakarlıq üzərində qurulmuş bir tarixdir. 1918-ci ildə daxili işlər naziri Tələt Paşanın əmrinə əsasən Osmanlı dövlətinin ərazisində təxribatla, terrorla məşğul olan qruplaşmaların rəhbərləri həbs olunurdu. Onların Türkiyənin digər ərazilərinə köçürülməsi məsələsi var idi ki, bunun soyqırımla heç bir əlaqəsi yox idi. Mahiyyət etibarilə ermənilərin Osmanlı dövləti ərazisindəki erməni-quldur birləşmələrinin fəaliyyətinə gəlincə, müasir hüquqi sənədlərdən və istənilən dövlətin milli qanunvericilik aktlarından çıxış etdikdə, bu, dövlətin bir qrup əhalisinin konstitusiya quruluşuna qarşı etdikləri qiyamdır.

- Bəs təbliğat baxımından hansı fərqlər var? Yəni, beynəlxalq aləmdə real, yoxsa qondarma “soyqırım” daha yaxşı tanıdılıb?

- Biz bir acı həqiqəti etiraf etməliyik. Bu həqiqət ondan ibarətdir ki, indiyə qədər dünyanın 21-ə yaxın parlamenti qondarma soyqırımını tanıyır. Ancaq bu o demək deyil ki, həmin dövlətlərdə ermənilərin həqiqətən də milli mənsubiyyətinə görə qətlə yetirilməsinə inam var. Sadəcə olaraq bu gün “erməni soyqırımı” məsələsi Cənubi Qafqaz regionuna, Türkiyəyə müəyyən təzyiqlərin edilməsi üçün istifadə edilən təsiri var. Bu gün Avropa dövlətləri də yaxşı bilirlər ki, “erməni soyqırımı” yoxdur. Sadəcə olaraq bu bir təzyiq üçün təsir vasitəsidir. Bəzi hallarda bu, erməni lobbisinin, diasporalarının imkanları ilə əlaqələndirilir. Ancaq əslində təkcə ondan irəli gəlmir. Sadəcə olaraq həmin dövlətlər öz geosiyasi mənafelərini ödəmək üçün yeritdiklərin bir siyasətin ayrılmaz tərkib hissəsidir.
Bir məqamı da deyim. Bizim təbliğat məsələsində ən böyük problemimiz odur ki, 1915-18-ci illərdə Türkiyədə, Azərbaycanda, Cənubi Azərbaycanda türk, azərbaycanlılara və ümumilikdə müsəlmanlara qarşı ermənilər və onlarla birilkdə digər etnik silahlı birləşmələrin fəaliyyətindən danışanda biz bunları bölürük: Türkiyədə baş verənlərə ayrı, Azərbaycanda baş verənləri ayrı yanaşırıq, Cənubi Azərbaycanda ermənilərin törətdiyi cinayətlərdən isə ötəri keçirik. Halbuki təbliğat düzgün qurulsaydı, biz həmin hadisələri eyni prosesin tərkib hissəsi kimi təbliğ etməliydik. O vaxt daha aydın görünərdi ki, soyqırıma əslində kim məruz qalıb.

- Yaxın illərdə 31 mart soyqırımı, həmçinin Xocalı soyqırımının dünya ölkələrinin parlamentində tanınması nə dərəcədə real görünür?

- Hər bir işin kökündə təbliğat, təbliğatın düzgün qurulması, təbliğatın hüquq normaları ilə əlaqələndirilməsi və faktoloji materialların toplanmasından asılıdır. Digər amil isə təbliğatın auditoriyası olan dövlətin, yaxud dövlətlər birliyinin bu problemə təmiz, saf, qərəzsiz marağının yaradılmasıdır. Əgər bu maraq varsa, onlar Xocalı soyqırımını da, mart hadisələrini də tanıyacaqlar. Bu gün əsas məsələ onlarda qeyd olunan marağı yaratmaqdır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1285

Oxşar yazılar