SEÇİM
28 may 2011 00:19 (UTC +04:00)

SEÇİM

Haçansa Tanrı qüdrətindən yerə göndərdiyi özünüdərk - dünya dərkindən Cordano Bruno kəşfi yarandı. Cordano Bruno yerin fırlanması kəşfinə xüsusi bir yeni ştrix əlavə etdi.
Bununla da, o özündən əvvəl və özünün müasirləri olan din xadimlərinin əleyhinə olaraq, yerin öz otağında ,həmçinin yerin öz oxu ətrafında fırlanmasını elan etdi. Daha sonra Yerin Günəş ətrafında, yəni Qalaktikada süzməsi sübutunu elmi yollarda sübuta yetirməyə də cəsarət etdi. Bu cəsarət isə dözümsüzlük yaratdı...

Səbəb: ilahiyyat alimləri bir fikir, elm isə tamam başqa bir fikir söyləyirdi! Paradoksal hal onda idi ki, “həqiqət faktoru” kimsəyə maraqlı olmadığı kimi, bu ETİRAF, yaxud KƏŞF üçün verilən ilahi izn də kimsəni ilgiləndirmirdi.

Bəli... Biz bugünkü mətləbə bir başqa yol ilə də gələ bilərdik, amma hər hansı halda
“müqayisə qüsurludur” məntiqini qəbul etsək də, biz bu taktikadan istifadə etmək zorunda qalacağıq.

Doğru zamanı, doğru məkanı tapmaq qüdrəti həddindən ziyadə mühüm amildir ki, TARİX yazasan. Baxmayaraq ki, o, zamanı doğru seçsə də, məkanı dəqiq seçmədi... Məkanı seçməyə məcbur olsa da, arxasındakı gücü dəqiq hesablamadı... Güc tərəfdən seçilmiş olsa da, ona güc və dayaq olacaq xalqın bu MUXTARİYYƏTƏ aparacağı yolun məsafəsini qət edə biləcəyinə də əmin deyildi. Bütün bunlara rəğmən... TARİX yazan bu fərd Məhəmməd Əmin Rəsulzadə idi.

Rəsulzadə özü də seçilmiş fərd idi. Kimlər tərəfindən? Bu, çox mübahisəli, mübahisəli olduğu qədər də sirli və müəmmalı bir məsələdir. Amma “bütün yeraltı sular dənizə axır” həqiqətinə əsaslansaq, zamanımızın bugünkü “dərin dəniz” düşüncəsindən hali olanların bunu anlayacağına əminəm.
İlk müstəqillik tarixində ən önəmli bir fiqur olan M.Ə.Rəsulzadənin siyasi-ictimai fəaliyyətini araşdırmaqla bərabər, bu gündən o zamana tam aydın baxış açmaq fikrində idim. Çünki sonunda alınan sonucla qiymətləndirmə işi aparmaq məqsədim vardı.
Belə bir istəkdə bulunduğum bir zamanda FƏRD olaraq ONA öz baxış bucağımdan baxmaq fikrimdə daha israrlıyam. Baxmayaraq ki, bu baxış heç də təsəvvür, ya da ehtimal deyil, faktlara əsaslanan bucaq olacaq. Amma birmənalı qəbul edilməyəcəyinə də dəqiq əminəm.
M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada, gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının ilkin təməl daşını quran, AZADLIQ ruhunu zaman-zaman özündə saxlayan Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdu. Adının yasaq edilməsinə belə baxmayaraq, zaman-zaman az qala düşmən kimi beyinlərə yeridildi. Amma milli kimlərində israrlı olanların alt şüurlarında bu ölümsüz şəxsiyyət diri qaldı. Cismani yoxluğuna rəğmən... O özünün intellekt və maarifçi gücü ilə, bu gün də beyinlərə təsir etməkdədir. Bunun ən mühüm səbəbi - Məhəmməd Əmin Azərbaycanın azadlığı ilə alış-verişi yapmadı.
O deyirdi: “Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!”

Bu gün aforizmə çevrilmiş bu ifadə, bu sonuclar sizə mesaj təsiri bağışlamır ki?

Doğrudur, əslində əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusu doğururdu. İllah da Azərbaycanın dəfələrlə müxtəlif tərəflərin parça-parça bölünməsi aqibəti xalqın aydınlarında “Azərbaycana muxtariyyət” şüarı fikrini yaymağa başlamış və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırırdı.

Amma yenə də... niyə məhz Məhəmməd Əmin?

Topçubaşovu, Fətəli xanı, Ağayevi, Hacınski, Məmmədzadə kimi ziya və ziyalıları olan məkanda əfsanəyə çevrilən məhz Məhəmməd Əmin Rəsulzadə oldu?

Danılmaz işlər və əməllər mütləqdir. Ən azı, “Azərbaycan Cümhuriyyəti” əsəri ilə dövrünün beynəlxalq münasibətlərini araşdırmaq baxımından, birinci dünya müharibəsinin Azərbaycan üçün nəticələrini dəqiq müəyyən etmişdi. O, yaranmış mürəkkəb vəziyyətdən çıxış kimi Türkiyədən yardım alınması, Mudros sülhünün Qafqazdakı siyasi vəziyyət və s. baxımdan mübahisəsiz olaraq qiymətli əsərdir.

Amma M.B.Məmmədzadənin “İstiqlalın diplomatik cəbhəsi”, “Milli Azərbaycan hərəkatı” “Qırmızı rus istilası” kimi mühüm əhəmiyyətli tarixi həqiqətlərdən də bəlli olur ki, bu, bir fərd ya şəxsiyyət deyil, bir “komanda” fəaliyyətinin realizəsi idi. M.Mehdiyevin “Qafqaz problemi”ndən bəlli olan Versal konfransındakı fəaliyyətlərin nəticəsi kimi Antantanın Azərbaycana münasibəti, Versal Ali Şurasının Azərbaycanın müstəqilliyini tanıması kimi müsbət ilginc sonuclar arxasındakı güclü nəfəsləri duymamaq olmur. Xeyr, mən Rəsulzadə ruhunu inkar edə bilmərəm. Amma ən müvafiq zamanda belə bu baxış sahiblərinin Azərbaycana ədalətli baxışının belə olmaması məni yenə də düşünməyə vadar edir.

“Müsavat rejiminin antimilli mahiyyətindən irəli gələn səhvlər” kimi aşılanası hadisələr silsiləsi ilə də razı ola bilməsəm də məkan seçimi səhvi də mütləqdir.

Sonralar “müsavatçıların türklərlə gizli saziş qurub, Nuru paşa və Xəlil paşa ilə danışıqlar aparması və Azərbaycanı işğal etməsi” kimi absurd fikirlər də zaman və qafa xətasıdir. Bununla bərabər, müstəqil dövlətçilik ənənəsi növbəti nəslə ötürüldü.

Dövrün tarixçiləri zaman təhlilində “Azərbaycan zəhmətkeşləri başa düşürdülər ki, müstəqillik uydurma bir şeydir. Onlar başa düşürdülər ki, müsavatçıların haqqında qışqırdıqları Azərbaycan müstəqilliyi onlarla deyilmiş. Azərbaycanın xilası, onun sosial və milli azadlığı sosialist inqilabında, proletariat diktaturasının qurulmasında və Sovet Rusiyası ilə birləşməsindədir” kimi ideoloji ehkamların əslində Azərbaycan dövlətçiliyinin vərəsəliyinə maneədən başqa bir şey olmaması indi bizə aydındır.

Bizə indi tamamən aydın olan bir həqiqət də var. Azərbaycan Cümhuriyyətinin süqutunu prinsipial şəkildə mümkün edən daxili proseslərin köməyi ilə xarici təcavüz idi.

Daxildə vəziyyət birmənalı idimi? Xeyr! Hamı Müsavatı hakim partiya kimi qəbul edir və vahid dövlətçilik ətrafında birləşirdimi? Xeyr! Bundan maksimum faydalanan “qərəzlilər” istəklərinə çatdılarmı? Bəli!

Etiraf edək ki, bu, bizə aid olan, bizə məxsus tək xüsusiyyət də deyil.

Məmləkətin istiqlalı kimi bir fürsətə qalib gələn bu hiss bizi nə zaman tərk edib ki? Bir tərəfdən Dördlər İttifaqının hər biri ayrı-ayrılıqda, bir tərəfdən də Rusiyanın neft iştahası... Türkiyənin Qafqaz marağı... və Müstəqil Azərbaycan!

M.Ə.Rəsulzadə Azərbaycanı bütöv görürdü. O, Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşmüşdü. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzib, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından görmüş şəxs idi.

Məhəmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ildə Demokrat Partiyasının əsasını qoyur.
M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində də çalışdı. 1911-ci ildən nəşr edilən "Türk yurdu" jurnalında ən fəal yazar idi.
Onun "İran türkləri" (1911-ci il, No4) məqaləsi bu gün də qəribə maraq doğurur. Müəllif türk oxucularına Cənubi Azərbaycan coğrafiyası, əhalisi haqqında məlumat verməklə, ən vacib addım atır. Rəsulzadə yazırdı: "Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil ediyor"

O zaman Türkiyədə çap olunmuş mətbuatda və məşhur türk ensiklopedisti Şəmsəddin Saminin "Qamusi-aləm"inin birinci cildində "Azərbaycan" məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə 1918-ci il oktyabrın 13-də Bakıda çap olunan "Azərbaycan" qəzetində məhz bu məsələyə toxunuraq, yazırdı:
"İslam mərkəzi İstanbulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır".

M.Ə.Rəsulzadə İstanbulda görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin (1836-1897) "Vəhdəti cinsiyə fəlsəfəsi"ni ("Milli birlik fəlsəfəsi"ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış "Acı bir həyat" əsərini yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr edilir). 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə vətənə qayıtdı.

Mən bu məqamda və bundan sonra baş verəcək hadisələrdə artıq bambaşqa bir tərəfi və onun müdaxiləsini hiss edirəm.

Seyid Həsən Tağızadə "Sühən" jurnalında yazırdı: "Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir".

Sonralar Seyid Həsən Tağızadə (1878-1969), M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur".

Əslində Rusiyada sonradan “müvəqqəti hökumətin öhdəsindəki missiyanın ” bir başqa siyasəti kimi təşkil edilən Zaqafqaziya Seymində Transqafqazın müstəqilliyini ilk tələb edənlərdən olan M.Ə.Rəsulzadənin:

“Transqafqaz böyük rus inqilabının nailiyyətlərini bizə ancaq irtica vəd edən Rusiyaya qurban verməməlidir. Transqafqaz müstəqil olmalıdır. Bu müstəqillik zərurətə çevrilməlidir” təklifi də təsadüfi çıxış deyildi. Transqafqazda guya ki sülh yaradıldı. Daha sonra Bakı qırğını mərhələsi, bu da azmış kimi, Azərbaycanda türk soyqırımı cavabı...

Əcəba, bu kimə verilən cavab idi?

Mən burda məntiqi erməni hiyləsində, daşnak quldurlarında axtarmıram. Hərçənd, bu xüsusi qəddarlıqla törədilmiş vəhşilikdə erməni faktoru mütləqdir, amma maşadır. Maşası bəlli bu odu kim, niyə tərpədirdi?

Bax, sual budur!

Rusiyamı? Təbii ki, bu da faktdır. Nəyə görə? Azərbaycan müstəmləkə idi. Ölkənin adı xəritələrdə demək olar ki, yox idi. Belə bir müstəmləkədə isə milli-azadlıq hərəkatı miqyası hesablanmaz bir SEL GÜCÜ idi.
Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir: “Biz o zaman bizim üçün ən yaxşı məsələni – "Azərbaycan muxariyyəti"ni müdafiə edirdik”.
1917-ci ildə Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırılması, M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxarılması da, "Azərbaycan qayəsi" məsələsinin yenidən ortalığa atılması da... daha sonra Rusiya müsəlmanlarının qurultayı və M.Ə.Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" təklifinin qəbul edilməsi çox mətləbləri açmaq qüdrətindədir. Danılması mümkünsüz DƏSTƏK!
Bu dəstəyə daxildəki parçalanmalar və bolşeviklərin “silahlı İNQİLAB yolu”, Xl Qızıl Ordunun
“Azərbaycan xilası” ilə Sovetlərin verdiyi 20-ci il cavabı!

Bu da Rusiyanın sərhədləri öz mənafeyinə uyğun çəkə bilmək planına mane olan dəstəyə verdiyi cavab idi. Qaydasız döyüş şərtləri ilə.

Azərbaycanın müstəqilliyi, özü də Şimali və Cənubi Azərbaycanın ərazi məsələsi, iqtisadi resurslar və strateji coğrafi mövqe marağında olan nə İranı, nə də Rusiyanı qane edə bilməzdi. Dəstəyin seçimi Rəsulzadə... Rəsulzadənin seçimi isə Müstəqil Azərbaycan idi.
Azərbaycanın Türkiyə ilə münasibətləri, “Sultanın (Vl Mehmetin) Ənvər Paşa həzrətlərinə yaxınlaşaraq “bu dəqiqə ömrümün ən xoşbəxt dəqiqələridir” dediyini eşitdik və köksümüz iftixarla doldu” - deməsi də Rəsulzadənin sanki gözləmədiyi bir nəticədən danışdığı təəssüratını aşılayır.
Yenə də, xilasın mümkünsüz zamanında, sərt olaylarda Osmanlıların Bakıya qədər məmləkəti qanda boğanlardan təmizləməsi də Rəsulzadə üçün gözlənilməz olamazdı. Çünki ona, məhz ona bu AZAD MƏMLƏKƏT vəd edilmişdi. O isə bunun üçün hər şeyə hazır idi. Nə qədər qüsurlu olsa da, qəbahətimi bağışlamanıza əmin olaraq:
Nərimanovun Azərbaycan sevgisinə...Çirkli zamanda çirklənməyən şərəfinə xələl gətirməyən “vəd gözləyişi” onu mart qırğınlarına, ölkə soyğunçuluğuna və milli kimlikdə israrlıların, milli burjuaziyanın aşağılanmasına belə güc gələn bütün ŞƏRQ sahibliyi Nərimanovu nə qədər və hansı dözümə vadar etdisə, M.Ə.Rəsulzadənin məhz Stalin tərəfindən xilası və ailəsini belə bu ideyaya qurban verərək növbəti müstəqilliyə qədər dözümü də haradasa eyni məqsəd, eyni taktikadan xəbər verir.

Bu gücü məmləkət naminə istiqamətləndirmək cəhdi Məhəmməd Əmini Nərimanovdan qat-qat güclü və müdrik göstərir.

Hər dəfə Azərbaycanın müstəqilliyi, ya muxtariyyatı məsələsi gündəmdə olanda bu kimi qırğınlar baş verir. Biz maşaları tanıdığımız halda, əl sahiblərini də tanımağımız mütləqdir. Nə üçün zamanının ən qüdrətli və sinfi düşmənlərinə qarşı barışmaz, qəddar bolşeviki olan Stalin, Məhəmməd Əmini özü gəlib Bakıda sovetlərin kamerasından çıxardı?

Qafqaz dostluğu, ya “yaxşılığa yaxşılıq” formulası? Xeyr! Bu, eyni qatın verdiyi iki eyni qərar idi. Onu da yerinə yetirməli idilər.

Əvvəlcə Məhəmmədəmin Bakıda, sonra Stalin... o da Bakıda.

Daha sonra Rəsulzadənin mühacirəti... bulanıq olsa da get-gedə durulan məntiq!

Məhəmməd Əmin xanımını, uşaqlarını və əzizlərini sovetlərin məngənəsində qoyub, getdi. Onları Rəsulzadə soyadına görə, ÇK ətçəkənində buraxdı. Yəni o inanırdı ki, VƏTƏN xilas edir?

Bəlkə də hə!

Amma məmləkəti naminə vaz keçdiyi o ailə də istədiyi sonucu vermədi.

Dəstəyin tapşırığı ilə Hitlerlə anlaşmada da məqsədinə də nail olmadı. Ona tam bağımsız Azərbaycan gərək idi. Hakimiyyət yox. İstənilən müqavilələr, yerinə yetirilən məqsədli-məqsədsiz hadisələr və siyasi mühacirlik ona Azərbaycan naminə qəbul idi. Almanlar Məhəmməd Əmin Rəsulzadəyə birgə işləmək təklifi edəndə Rəsulzadənin şərti yenə də “Azərbaycanın müstəqil dövlət kimi tanınması” oldu. Hitlerin Azərbaycan haqqındakı planları - müharibədən sonra Bakının birbaşa Berlinə tabe olması, Azərbaycanın əyalətlərə bölünməsi və hakimiyyətin almanlara məxsus olacağı Məhəmməd Əmin Rəsulzadəni qane də bilməzdi.

Onun yalnız bir mübarizə amalı vardı: Azərbaycanın müstəqilliyi.
O, bu yolda inamından dönmürdü.
Hansı iş təklif olunsa da, o bir ŞƏRT irəli sürürdü - Azərbaycan müstəqil dövlət olmalıdır.
Doğrudan da onun dönməzliyinə, cəsarətinə pərəstiş etməmək mümkün deyil.
Həyati təhlükədə, amansız ölüm anlarında da sözündən dönmür,
“Azərbaycan” davasını davam etdirmək, özü də bununla kimlərin hansı planlarını pozduğunun fərqində idi axı...

Faktiki olaraq Türkiyəyə “ezam edilmiş” Məhəmməd Əmin Rəsulzadə orada siyasi proseslərə qarışmamaq xəbərdarlığı və tapşırığı almışdı. Məhəmməd Əmin Rəsulzadə bunun nə demək olduğunu gözəl bilirdi. O, ZAMAN və KOMANDA gözləyirdi. Amma maraqlar Azərbaycanla toqquşan an o bütün yasaqları unudurdu. Maraqlı fakt isə bu idi ki, onun bu ruhu qarşısında təslim olmamaq da mümkünsüz idi. O, Azərbaycan davasını hər kəsə dərin məntiqlə, sübut və dəlillərlə anlada bilirdi və qalib gəlirdi də!
Azad vətən, milli ordu ,sahiblik mühitinin havasını udmuş Rəsulzadə... işğal olunmuş torpağın havasını uda bilmirdi. O, Azad Azərbaycan istəyirdi.

Amma nə səbəbdən Rəsulzadə seçimi?
Və bu seçimlə nələrə nail ola bilərdik? Həmçinin, bu DƏSTƏK və tapşırıq verənlərə bolşeviklərin verdiyi cavablar, inqilablar, qanlı savaşlar, hakimiyyət gücü Azərbaycanlamı bağlı idi?
Yekun olaraq, son zamanlara aid olan bir fikri təkrar etməkdən vaz keçmirəm:
“...Əgər nə vaxtsa, Azərbaycan xalqı Böyük Yaradan qarşısında öz fərasətsizliyi, müti və kölə ruhu, dünya malına hərisliyi, vətən-torpaq və şərəf itkisi suçundan boyun əysə, onun bəraətinə və xilasına səbəb M.Ə.Rəsulzadə olacaq. Yaradan bu İNSANın xalqını, onun tərəddüdsüz qurban verdiyi ailəsi, şəxsi həyatı və narahat ruhuna görə, əlbət ki, bağışlayar...”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar