Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid Milli Qəhrəman İsgəndər Aznaurova həsr olunub.
İsgəndər Söhrab oğlu Aznaurov. 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətində dünyaya gəlib. Ahıska türküdür. 1963-cü ildə məktəbə gedib, 1973-cü ildə həmin məktəbi bitirib. 1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna daxil olub. 1983-cü ildə ali təhsilini başa vurduqdan sonra elə həmin il təyinatla Daşkənd vilayətinin Akkurqan rayonu Qalakudur sovxozuna işləməyə göndərilib.
İsgəndər Aznaurovun Azərbaycana gəlişi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin yeni mərhələyə qədəm qoyduğu vaxta təsadüf edir. Hərbi xidmətdə olarkən topçuluğun sirlərinə yiyələnən İ.Aznaurov 1992-ci ilin mart ayında könüllü olaraq Milli Orduya yazılır. Onu Gədəbəy rayonunun Şınıx kəndində “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. 18 aprel 1993-cü ildə İsgəndər Aznaurov döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant İ. Aznaurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Şəmkirdəki Kür qəsəbəsinin 1 saylı orta məktəbi İsgəndər Aznaurovun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. 2 saylı orta məktəbdə isə onun adına “Xatirə muzeyi” yaradılıb. Gədəbəyin Şınıx kəndinin Mormor yüksəkliyində “N” saylı hərbi hissənin önündə isə büstü ucaldılıb, İsgəndərin həlak olduğu dağa “İsgəndər qalası” adı verilib.
Müharibə...
Qarabağ müharibəsi başlananda bizim yaşımız çox az idi. Hadisələrin mahiyyətini dərk etmir, ətrafımızdakı böyüklərin hansı qorxuları, ağrıları keçirdiklərini tam olaraq anlamırdıq. 1992-ci ildə Xocalıda baş vermiş soyqırımın ertəsi günü məktəbimizin bütün müəllimləri qara geyinmiş, başlarına qollarına qara bağlamışdırlar. Hərə bir küncə sığınıb səssiz-səssiz ağlayırdı. Dəhşətli və ağır günlər idi. Yadıma gəlir, onların dərdinə şərik olduğumuzu göstərmək üçün biz uşaqlar da bir küncə çəkilib ağlamaq istəyir, özümüzü buna məcbur edirdik, amma heç cür ağlaya bilirdik. Ona görə ki, hadisənin mahiyyətini anlamırdıq. Qarabağ müharibəsi bütün faciəsi, itkiləri, şəhidlər ilə bizim həyatımıza bu cür azyaşlı, anlaqsız, xoşbəxt olduğumuz uşaqlıq günlərinin birində girdi. Müharibə başlananda nə qədər uşaq qarğıdalı saçaqlarından saç taxdığı gəlinciyini, taxtadan düzəltdiyi tapançasını bir kənara tullamalı oldu.
Hərə müharibəni bir cür yaşayır. Bir də var müharibəni evinin içində görənlər, əsgər paltarının, giliz qoxusunun gətirdiyi ayrılıqla böyüyənlər. Onlar əsgər qızları, oğlanları idilər. Sonra onların çoxunun taleyinə şəhid övladı olmaq yazıldı. Müharibə bir çox ailəni başsız qoydu. O zamanlar hər on evdən beşinə, üçünə şəhid cənazəsi gəlməsi gözlənilən idi. Müharibəyə evindən, ailəsindən əsgər yollayan hər kəs ürəyinin başında bu qorxunu gəzdirirdi. Kimsə indicə oğlunun, qardaşının, ərinin, atasının meyitinin qapıdan içəri girəcəyi həyəcanı ilə yaşayırdı. Bu qorxu və həyəcanlar bəzən yuxuya çevrilib insanları hövlnak oyadırdı. Və bu yuxular tez-tez çin olurdu. Cibində qızları üçün aldığı saqqızlar, şirnilər qalan atalar elə həmin hədiyyələrlə də geri dönürdülər. Amma bu dəfə bir neçə saatlıq, ən uzağı bir gecəlik qonaq kimi tabutlarda gəlib, elə tabutlarla da son mənzilə yola salınırdılar.
Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurov da evində böyütdüyü, dizinin dibindən ayırmadığı qızlarının üstünə qonaq kimi qayıtdı. Həmin gündən çox illər keçir...
İsgəndərin ailəsi ilə görüşməyə gedəndə onun qızlarının qəribə həyəcanla, kədərlə məni gözləmələrindən mütəəssir olmamaq mümkün deyildi.
Masa ətrafında Milli Qəhrəmanın həyat yoldaşı Gülxanım xanım, qızları Mədinə, Ədalət, Zuina əyləşmişdilər.
Uşaqlar
İlk sualım ənənəvi olsa da, Gülxanım xanım həvəslə İsgəndərin hərbçi olmasından başqa necə kişi, ailə başçısı olmasından danışmağa başladı.
- İsgəndər çox xeyirxah, evindən, ailəsindən çox camaata kömək etməyi sevən adam idi. O, uşaqlarla uşaq, böyüklərlə böyük kimi davranırdı. Kömək etməyi çox sevirdi. Bir adam ondan nə isə xahiş edəndə yox deyə bilmirdi. Uşaqlarına olan sevgisini üzdə göstərə bilməsə də, onları çox sevirdi. Onun o qədər xeyirxahlıqları var ki, indi hamısını sayıb bitirə bilmərəm. Amma millət, xalq üçün yaxşılıq etməyi bacarır, vətənini sevirdi.
Bir-birimizi tanımırdıq, aramızda heç bir sevgi də olmamışdı. Elçilərini bizə göndərəndən sonra valideynlərim mənim razılığımı vermişdilər. O zamanlar qarşı çıxmaq olmazdı. Ata-ana qızını kimə verirdisə, ona da getməliydi. Bundan sonra iki, ya üç dəfə baldızım məni İsgəndərlə görüşdürdü. Əslində elə bizim ailə qurmağımıza səbəb baldızım olmuşdu. İlk dəfə o, məni görüb qardaşı üçün bəyənmişdi. 1983-cü il avqustun 8-də Özbəkistanda toyumuz oldu. Orda bizim üç qızımız oldu. Fərqanədə baş verən hadisələrdən sonra Krasnodara köçdük, bir il yaşadıq. 1990-cı ildə, 20 yanvar hadisələri baş verən ərəfədə Azərbaycana köçdük.
Bəs bura köçmək fikri kim tərəfindən gəldi?
- Bu fikir İsgəndərin qohumları tərəfindən gəlmişdi. Onlar dedilər ki, müsəlman ölkəsinə gedək. Çünki hamımızın qızları vardı və onlar böyüyürdülər.
Azərbaycana köçən ailə Şəmkir rayonunda yerləşir.
1992-ci ildə, Qarabağ müharibəsinin ən qızğın dövründə İsgəndər baş verən hadisələrə biganə qala bilmir, sakit, rahat yaşayışının içərisindən çıxıb könüllü olaraq döyüşə, müharibənin ən qaynar nöqtəsinə yollanır. Gülxanım xanım vurğulayır ki, İsgəndər ixtisasca mühəndis olsa da, ilk dövrlər işsiz qaldığı üçün fotoqraflıqla məşğul olur. Gülxanım xanım deyir ki, yaşayışları, dolanışıq qaydasında olub və İsgəndər əslində istəsəydi müharibəyə getməyib öz rahat həyatına davam edə bilərdi:
- Əvvəl Tovuza getdi. Orda əsgərlərə kömək edirdi. Sonra biz bir də eşitdik ki, o, artıq könüllü olaraq topçu kimi orduya yazılıb və Gədəbəyə gedib. Bu haqda evdə bizə heç nə deməmişdi. Mən bilsəm belə onun gedişinə mane ola bilməzdim. Çünki o, Azərbaycana gələr gəlməz buranı öz evi, vətəni bildi. Onun müharibəyə gedişi də Xocalıdan başlandı. Xocalıdakı hadisələrdən sonra dedi ki, mənim uşaqlarım ordakı uşaqlardan artıq deyillər, elə bilirəm ordakılar da mənim balalarımdı. Ona görə də elə buranı özünə həqiqi vətən bilib getdi. 1992-ci ilin aprelində İsgəndər getdi, bir ildən sonra elə apreldə də şəhid oldu. O gedəndə böyük qızım on, ortancıl səkkiz yarım, balaca isə beş yaşında idi. Amma onlar hər şeyi xatırlayırlar. Onu gedişini də tabutda geri qayıdışını da. İsgəndərin tabutunu gətirəndə qonşularımızı qızları evdən apardılar ki, onlar heç nə görməsinlər. Amma sonra dedim, yox, qızlarımız gəlsinlər atalarını son dəfə görsünlər. İsgəndər fotoqraflığı bacarırdı. Qonşuların, qohumların, dostların şəkillərini çəkər, gecə səhərə qədər onları çıxartmaqla məşğul olardı. Çox vaxt mən də ona gecələr kömək edərdim. Mən düşünürdüm ki, fotoları sahiblərinə verəndən sonra evə pul gətirəcək, bu məqsədlə kömək edirdim. Amma o, bunu qəribə sevgi ilə edirdi. Səhəri gün İsgəndər əlində bir qalaq şəkillə gedirdi. Gələndə görürdüm çantası boşalb, yenə çoxlu şəkillər çəkib. Soruşurdum, İsgəndər bəs pul hanı? Gülümsəyib deyirdi, pul yoxdu. Çəkdiyi şəkilləri hamıya pulsuz paylayırdı. İnsanları çox sevirdi.
Ata
Ailə üzvlərinin sözlərinə görə, onun hər dəfə yaşadığı qəsəbəyə gəlişi qəsəbə adamları, qonşular üçün bayrama çevrilir. Uşaqlar, böyüklər onu dəhşətli dərəcədə çox sevirmişlər.
İnsanlarla görüşməkdən, söhbətləşməkdən güclə vaxt tapan İsgəndər evə bir də gecədən keçmiş gəlib çıxar, yatmayıb onu gözləyən qızlarını bağrına basarmış. Böyük qızı Mədinə keçmişi yadına salır:
- Atamı itirdiyim zaman on yaşım vardı. Bir uşaq üçün atası ilə bu qədər qısa həyat yaşamaq bəlkə də azdı. Ancaq buna baxmayaraq, onun necə insan olmasını öyrənmək üçün mənə bu qədər az vaxt belə bəs etmişdi. Atam hər dəfə cəbhədən evə gələndə niyəsə ortancıl bacımla mən ona yaxınlaşmağa, boynuna sarılmağa çəkinir, evin bir tərəfində dayanıb ona heyranlıqla tamaşa edirdik. Çünki həmişə onun həsrətini çəkirdik. Nə qədər qayğıkeş ata olsa belə dövrün sıxıntılarından, cəbhədə olmasından yana evdə çox az olurdu. Bu səbəbdən də onunla vaxt keçirmək bizim üçün həmişə az gəlib. Bütün bunlarla yanaşı o, həmişə bacardığı qədər bizə qarşı diqqət göstərərdi.
Çox mütəvazi, heç kimi incitməyən xarakterə sahib idi. O, Milli Qəhrəman olmazdan əvvəl də uşaqların, insanların qəhrəmanına çevrilməyi bacarmışdı. O, həmin vaxtlar, müharibənin ən çətin günlərində belə xırda şeylərlə uşaqları xoşbəxt etməkdən vaz keçməzdi. Yadıma gəlir, atam hər dəfə evə gələndə bizim qapının yanına 20-30 oğlan uşağı toplaşardı. Onlar atamı bayıra çağırır, bəzən gecə saatlarına qədər onunla söhbət edirdilər. Yorğun olsa belə heç birinin xətrinə dəyməz, onlarla söhbət edər, cəbhədəki vəziyyətdən danışardı. Bundan başqa, atam həm də fotoqraf idi. Onun çəkdiyi şəkillər bu günə qədər də bir çox ailənin xatirə albomunda var. O dövrlər foto çəkmək, hazırlamaq indiki qədər asan deyildi. Amma onda atam hər kəsin ailəsinə öz fotoaparatından bir xatirə qoyub getməyi bacarmışdı.
Gülxanım xanım da qızının sözlərini təsdiqləyir:
- Çox sakit, mülayim xasiyyəti vardı. O vaxtı mən cavan 20-25 yaşım vardı. O qədər də başa düşmürdüm hər şeyi. Amma indi anlayıram ki, onda müqəddəslər’ xas xüsusiyyətlər vardı. Əminliklə deyərəm ki, onun kimi adamlar yüz ildə bir dəfə gələrlər. Amma o, evdə mən dediyim kimi idi, cəbhədə onun haqqında eşidəndən sonra inanmırdım ki, haqqında danışılan adam evdəki sakit, həlim adamdı. Onun bir dostlu vardı, Məzahir Rüstəmov. Ermənilər onu öldürəndən sonra İsgəndər Məzahiri öldürən ermənini öz əlləri ilə öldürmüşdü. Mən bunu eşidəndə dəhşətə gəlmişdim ki, evdəki həlim adam necə düşmən öldürə bilər.
Onun adı...
Dostunun qisasını alandan sonra isə İsgəndər bir dəfə heç kimin xəbəri olmadan düz erməni hərbi hissəsinin içərisinə qədər gedib çıxmışdı. Sarıyanız və rusdilli olduğu üçün heç kim ondan şübhələnmir. İsgəndər isə ermənilərə aid bir çox hərbi sirləri və məkanları öyrənib, geri qayıdır. Sakit təbiətli, təmkinli insanın müharibədə göstərdiyi şücaət ailəsinə gəlib çatanda onlar doğurdan da çox təəccüblənir, inana bilmirlər. İsgəndəri ən çox sevən insanlardan biri də Şınıxda yaşayan, sonradan dünyasını dəyişmiş Məsmə adlı qadın olur. Məsmə xala Gədəbəy istiqamətində döyüşən bütün əsgərlərə öz övladı kimi baxır. Amma İsgəndəri nədənsə digərlərindən bir az çox sevir. Ona ikinci ana olur. Evinə sonuncu dəfə gəlişini isə İsgəndərin həyat yoldaşı belə xatırlayır:
- Həftənin dördüncü günü evə gəldi. Hərə şeyini – paltarlarını, çəkməsini seçib götürdü, yadıma gəlir, köynəyinin boyunluğuna da ağ tikmişdim. İsgəndər yumurtanı “qlazok” halında çox sevirdi. Ona səhər yeməyi hazırlayıb, işə hazırlaşdım. Balaca qızım dedi ki, mən də papa ilə “qlazok” yeyəcəm. Onları birgə otaqda qoyub, İsgəndərlə sağollaşıb, işə getdim. Məktəbdə müəllimə işləyirdim. İnanın ki, bütün dərs boyu ürəyim çox pis narahat oldu. Uşaqlardan birini evə yolladım ki, öyrən gör bizim evin qarşısında böyük hərbi maşın dururmu? Uşaq gəlib dedi, maşın yoxdur. Onda bildim ki, İsgəndər artıq gedib.
Qayınanam deyir, İsgəndər həmin gün evdən çıxandan bir neçə dəqiqə sonra yenidən evə qayıdıb, dəhlizdə sakitcə dayanıb, bütün otaqlara diqqətlə baxıb. Qayınanam ondan soruşub ki, nə isə yadından çıxdı? O, isə başını bulayıb yenə diqqətlə otaqlara göz gəzdirib, evdən çıxıb.
Bazar günü pasxa idi. Uşaqları çimizdirdim, geyindirdim, qayınanama dedim ki, gedək qəsəbəni bir az gəzib qayıdaq. Getdik. Qayıdanda gördüm, həyətimizdə xeyli adam var. Hamı da bizə baxır. Amma biz heç nə başa düşmürük. Sən demə, həmin gün İsgəndəri gətiriblər qəsəbəyə, amma bizə xəbər verməyə heç kim ürək etməyib. İki saat onu təcili yardım maşınında saxlayıblar, sonra qərara gəliblər ki, bizə xəbər versinlər.
Evə qalxıb xörək hazırlayanda qonşumuz bizə gəldi. Gördüm ki, o, da mənim üzümə qəribə formada baxır. Başımı çevirib mətbəxin pəncərəsindən baxanda, gördüm həyətdə təcili yardım maşını var. Həyətə düşdüm, pilləkəndə başqa qonşumuzla rastlaşdım, ondan da soruşdum ki, binada kim xəstələnib ki, ona həkim çağırıblar. O da mənə cavab vermədi. Həyətə çıxdım gördüm, xərəkdə kimisə uzadıblar. İsgəndərin üzü yarıaçıq idi. Onun üzünü gördüm. Dərhal anlamadım, qəfildən qayınanam qışqırdı ki, evimiz yıxıldı. O zaman başa düşdüm ki, İsgəndər şəhid olub. Onu evə qaldırandan iki dəqiqə sonra bizim həyətə iynə atılsaydı, yerə düşməzdi. Bu qədər qısa vaxtda bütün qəsəbə bizim həyətə, evə axışmışdı. Bu günə qədər də anlamıram ki, tez bir vaxtda o qədər millət hardan yığıldı həyətə. Bir gecə İsgəndərin tabutu evimizdə qaldı. Səhərə qədər onun yanında oturduq. Səhər vertolyotla onu Bakıya Şəhidlər Xiyabanında dəfn etmək üçün gətirdilər.
Həmin gecə bizim üçün necə gəlib keçdi, bilmirik, bunun sözlə ifadə etmək çox çətindir. Ondan sonrakı yeddi gün bizim evimiz, həyətimizdəki mağar doldu, boşaldı. Gəlib-gedənlərin hamısının dilində onun adı vardı. Bu günə qədər də insanlar onu unutmurlar. Sonralar mən həmişə deyirdim ki, ilahi, axı qızlarım böyüyəndə, atalarını axtaranda o, onların yanında olmayacaq. Kaş, heç olmasa, onların böyüməsini görərdi.
İkiyə bölünən həyat
İsgəndərin ölümü qəribə olur. Döyüş dostlarına köməyə gedərkən minalanmış ərazidən elə ehtiyatla keçib gedir ki, ona heç nə olmur. Xüsusi hərbi üsuldan istifadə edərək həmin ərazidən sağ-salamat qayıdarkən qəlpə yarası alır. İsgəndər Gədəbəy dağlarında daxili qanaxmadan dünyasını dəyişir. Şəhidin ortancıl qızı Ədalət deyir ki, onlar atalarının şəhid olduğu və İsgəndər qalası adı verilən dağlara qədər gedib çıxıb, oraları qarış-qarış gəziblər:
- Atam çox təvazökar, sakit bir insan idi. 9 yaşıma qədər onun bir dəfə də olsun yüksək sələ danışdığını, əsəbiləşdiyini görmədim. Azərbaycana köçəndən sonra atam müharibəyə getdi və biz sözün əsl mənasında ona həsrət qalırdıq. Atamın ilk dəfə cəbhəyə gedişini də bugünkü kimi xatırlayıram. Bir dəfə həyətdə uşaqlarla oynayanda gördüm həyətimizə əsgər paltarında bir adam girdi. Diqqətlə baxdım, öz-özümə düşündüm ki, bu adam mənə çox tanış gəlir axı. Yaxınlaşana bildim ki, atamdı. Bizdən xəbərsiz könüllü olaraq gedib cəbhəyə yazılmışdı. Atam 3 yaşından atasız böyümüşdü. O, atasızlığın nə olduğunu bilsə belə cəbhəyə getməkdən imtina etməmiş, könüllü olaraq getmişdi. Əvvəllər onun həftədə bir-iki dəfə görürdük, sonralar isə on gündən iyirmi gündən bir evə gəlirdi. Onda da bir gecəlik, bəzən də beş altı saatlıq qalardı. Onun gəlişini səs-küylə xatırlayıram. Hər dəfə gələndə havaya fişəng atılır, uşaqlara saqqız, şəkər paylayırdı. Onun ətrafında o qədər uşaq olurdu ki, mən onları yarıb atama yaxınlaşa bilmirdim. Kənardan həsrətlə ona baxırdım. Atam haqqında hələ o zamanlar əfsanələr gəzirdi. Qonşularımızı anama deyirdilər ki, İsgəndərin başına ermənilər bir milyon pul qoyublar. Onun videolarından da görünür ki, əyin-başı o qədər yaxşı olmayıb. Halbuki əsgər yoldaşları deyirdilər ki, o, ona verilən əsgər paltarlarını, ayaqqabılarını başqa əsgərlərə verirmiş. Son gün onun gəlişini nənəm bizə demişdi, eynilə anamın dediyi kimi olub. Bu da onun evimizə son gəlişi olub. Evimizə gəlib çatana qədər, o adamları yarana qədər atamın şəhid olduğunu bilməmişdim. Yalnız nənəmin və anamın qışqırtıların eşidəndə bilmişdim ki, ona nə isə olub. Bunu bildiyim zamandan da həyatım iki hissəyə bölündü. Birinci hissə atama qədər olan idi, ikinci hissə atamdan sonra olan (kövrəlir). Belə bir deyim var, yaşın neçə olursa, olsun atan ölən zaman böyüyərsən. Bu deyim bizim üçümüz üçün də keçərli idi. Onun olmamasının əziyyətini çox çəkdim. Atam, dediyim kimi, atasız böyümüşdü. Müharibədə şəhid olan bir çox insanların uşaqları da atasız qalmışdı. Məncə o evin tək oğlu olsa belə müharibəyə ona görə getmişdi ki, daha çox uşaq atasız qalmasın.
Mövzu Qarabağdırsa, deyiləcək çox sözüm var. Çünki mənim də o torpaqlarda tökülən qanım var. İnsanlar sülh şəraitində yaşasınlar deyə mənim atam və başqa şəhidlər canlarından keçdilər. Onu unutmadığınız üçün sizə təşəkkür edirəm.
Sonbeşik
Söhbətimizin sonunda evin ən kiçiyi, bayaqdan susqunluğunu qoruyan, tez-tez masanın üzərinə səpələnən atasının şəkilləri üzərində titrək, incə barmaqlarını gəzdirən Zuina danışır. Hiss edirəm ki, atasını itirərkən yaşı az olduğu üçün Zuinanın digər bacılarına, anasına nisbətən xatirələri daha azdır. Amma o, keçmişi, atası ilə yaşadığı ən gözəl anları yada salmağa cəhd edir, çətinliklə, göz yaşı və bəlli qürurla...
- Atamı itirəndə dörd yaşım vardı. Amma onu xatırlayıram. Beş yaşım tamam olan gün həm də atamın ölümünün qırxıncı günü idi. O zamanlar mən tam olaraq ölümün nə olduğunu bilmədiyim yaşdaydım, amma bütün qəlbimlə hiss edirdim ki, artıq atam yoxdur. Mənim atam həqiqətən də çox yaxşı insan idi. Böyüdükcə ətrafımdakı hər insan onu tərifləməklə məşğul idilər. Atam haqqında bir dəfə də olsun xoş olmayan söz eşitmədim.
Atam mənim üçün həsrəti ifadə edir. Bəzən gecələr yerimə girib onun gəlməsini gözləyir, yatmamağa çalışırdım. O da gələndə məni qucağına alıb başımı sığallayrdı. Sonuncu dəfə evdən getdiyini xatırlamıram. Amma onunla səhər yeməyi yediyim yanımdadır. Atamın ölümündən sonra evimizdə o qədər adam vardı ki, indiyə qədər çoxluğa qarşı içimdə bir qorxu var. Atamın cənazəsi gələn gün çoxlu ağladığım da yadımdadır.
Atamdan sonra dövlət bizə sahib çıxdı, amma atasızlığın yerini heç kim əvəz etməz. Anamın, nənəmin, dövlətin dəstəyi ilə böyüdük biz. Milyonlarca insanın atamı tanıması, onu qiymətləndirməsi, haqqında yazılan şeirlər bizi qürurlandırır. İtkimiz, əlbəttə, böyükdür. Yaşlanıb qoca qarı olsaq belə, atamızın itkinin yeri heç zaman dolmayacaq. Amma fəxr edirik ki, atam qəhrəman kimi dünyasını dəyişib.
Onu unutmaq mümkün olmadı ki. Mümkün də deyil. Baxın, evimizin hər tərəfində onun şəkilləri var. Hər gün, hər zaman onun haqqında danışırıq. Övladlarımız da bilirlər ki, çox böyük insanın, Milli Qəhrəmanın nəvələridir. Atam bizim qürur duyacağımız ünvandır.