Şəhid Şahgündüz Cabbarov
26 oktyabr 2021 20:15 (UTC +04:00)

Şəhid Şahgündüz Cabbarov

Oğlunun şəhid xəbərini həbsdə aldı: "Ona atalıq edə bilmədim" - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Cabbarov Şahgündüz Habil oğlu haqqındadır.

Əslən Laçın rayonunun Oğuldərə kəndindən olan Şahgündüz Cabbarov 13 yanvar 1995-cü ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdən geri döndükdən sonra Azərbaycan Dövlət Neft Şirkətində qazmaçı kimi işə başlayır.

Tovuz hadisələrindən sonra hərbi komissarlığa gedərək adını könüllü yazdıran Şahgündüz Cabbarov 2020-ci il sentyabrın 27-də cəbhəyə yola düşür. O, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərir. Şahgündüz Cabbarov 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olur, Binə qəbiristanlığında dəfn edilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Şahgündüz ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

2021-ci ildə Şahgündüz Cabbarovun "Gözləyin dağlar, gəlirəm" adlı kitabı Qanun nəşriyyatında çap olunub.

Məzar başındakı hönkürtü...

Hava tutqun, yağış tək-tək ordan-burdan maşının şüşələrinə döyəcləyir. Yenə yaslı-yaralı, dərdli şəhid ailələrindən biri ilə görüşə yollanırıq. Bu gedişimiz də bir istisna məqam var.

Şəhid Şahgündüz Cabbarovun vaxtilə yaşadığı, son dəfə anası, qardaşları, qohumları ilə görüşüb sağollaşıb ayrıldığı, sonra isə çiyinlər üzərində tabutla gətirildiyi evdə bu gün ölümünün, sonsuzluğa qovuşmasının üzərindən bir il ötür.

Şahgündüzgilin evinə çatanda eyvanda bizə tərəfə boylanan uzunboylu, saçları ağarmış, nəcim üzlü qadını, onun simasını görən kimi onun Şahgündüzün anası olduğunu anlayıram. 

Şahgündüzün vətən müharibəsi başlananda feysbukda yazdığı statusları, bölüşdüyü fikirləri xatırlayıram:

“Bunlar status xətrinə deyilən sözlər deyil. Yazdıqlarımı sözbəsöz səfərbərlik xidmətinə istər yazılı, istərsə şifahi şəkildə bildirmişəm. əgər işimlə əlaqədar müharibədə iştirak etməyimə qanun icazə verməsə, istefa ərizəmi yazıb gedəcəm. Allahın izniylə şəhidliyim sıradan bir şəhidlik olmayacağına əminəm. Laçınlı günlər arzusuya”.

İyirmi beş yaşlı gənc Şahgündüz neftçi olduğu üçün müharibəyə aparılmayacağından ehtiyat edir. Belə olacağı təqdirdə işdən çıxmağa belə razı olur. Təki döyüşsün, torpaqların alınmasında iştirak etsin, adını atasından, anasından eşitdiyi Laçına ayaq qoysun, hətta bu yolda şəhid olsun.

Həyət qapısının üzərində asılan üç rəngli bayrağın dalğasından ötüb keçirəm. Həyətdə qurulan mağarın ətrafına toplaşan qadınların kədərli müşayiəti ilə evə girirəm. Həqiqi adı Habil olan şəhid atası özünü Kamil kimi təqdim edir və bizim də ona belə müraciət etməyimizi istəyir.

Masa arxasında da ilk söhbətə başlayan ağrı acılı, əziyyətli ömür yaşamış şəhid atası, şair Kamil Vəfadar olur.

Kamil bəyi ilk dəfə qaranlıq bir havada Şahgündüzün məzarı başında ağladığı yerdə çəkilən videoda görmüşdüm. Atanın səhər yox, qaranlıqda məzar başında ağlaması ilk anda təəccüb doğursa da, sonradan bilmişdim ki, Şahgündüz şəhid olan zaman Kamil bəy həbsdə olub. Həbsdən çıxan kimi oğlunun məzarına gələn şəhid atasının səsi, “məni bağışla oğlum” dediyi sözləri, səsini bu günə qədər unutmuram. Həmin səs məni fikirdən ayırır:

- Mənim dörd oğlum olub. Gündüz ailənin ikinci uşağı idi. O, çox məsuliyyətli, diqqətcil, yaxşı uşaq idi. Allah elə bil onu torpaq üçün yaratmışdı. O, Laçını görməmişdi, amma elə uşaqlıqdan Laçın, Qarabağ deyirdi. Həmişə mənə deyirdi ki, mən sizdən qabaq gedib vətəni, Laçını görəcəm. Vətənə çox bağlı idi. Xocalı qırğınının şəkillərini görəndə hirslənirdi, özünü bağışlamırdı. Deyirdi, nəyə görə bizim uşaqlar belə olmalıdır. Şahgündüz elə digər şəhidlərimiz kimi uşaqlığından fərqli olub, həmyaşıdlarından seçilib. Onun qəribə baxışları vardı. Həmişə baxışlarında işıq, saflıq hiss edirdim. Sonralar döyüş dostları bizə gələndə deyirdilər ki, torpaqlarımız işğaldan azad olunanda, hər dəfə bir kəndi düşməndən xilas edəndə, Şahgündüzün gözləri sevincdən, həsrətdən alışıb yanırdı. O, ümumiyyətlə uşaqlıqdan vətənpərvərliyi ilə seçilirdi. Tək o, yox, uşaqlarımın hamısını o ruhda böyütmüşəm. Amma Şahgündüz dördüncü, beşinci sinifdə artıq mənə “biz Xocalının qisasını nə vaxt alacayıq” kimi suallar verirdi. Məndən tez-tez soruşurdu ki, ata, biz niyə uduzduq, necə oldu ki, oradan çıxdıq, Qarabağı itirdik. Yəni o, bütün fikrini Qarabağa cəlb etmişdi. Sonradan o, adi bir telefonla Mübariz İbrahimov haqqında qısa film də çəkdi. Orta məktəbdə oxuyan uşağın Mübariz haqqında film çəkdiyi film artıq onun vətənpərvərliyinin təzahürü idi.

Gözləyin dağlar gəlirəm...

Ölümündən sonra Şahgündüzün haqqında “Gözləyin dağlar gəlirəm” adlı kitab dərc olunur. Kitabda onun müharibəyə getməzdən çox-çox əvvəl, müharibənin başlanğıc ərəfəsində Qarabağ haqqında yazdığı statuslar toplanıb. Üzərində Şahgündüzün şəkli olan kitabı əlimə götürüb vərəqləyirəm. Qarşılaşdığım sözlər, cümlələr məni mütəəssir edir.

Kitabın ilk vərəqi bu sözlərlə, Şahgündüzün sözləri ilə başlayır:

“Nə farağatı, nə vətən sevgisini əsgərlikdə komandirlərdən öyrəndim mən. Mən bu dünyaya əsgər doğuldum. İnşallah, Allahın köməkliyi ilə Vətən qarşısında öz vəzifə borcumu layiqincə yerinə yetirdikdən sonra əsgər kimi də gedəcəyəm!”

Şahgündüzün anası Simuzər xanım deyir ki, oğlunun arzuları çox olub. Amma savada almaq, oxumaq eşqi də hər zaman güclü olub:

- O, çox istəyirdi ki, magistratura təhsilini başa vursun, Təhsilini xaricdə davam etdirib alimlik dərəcəsi alsın. Həmişə deyirdi ki, mən otuz beş yaşımda alimlik dərəcəsi alacam. Amma bir sözü də vardı ki, müharibə başlanan kimi hər şeyin üstündən xətt çəkəcəm.

- Dörd oğlunuz olub, qızını yox. Bu baxımdan ana kimi sizin yəqin ki, məişətdə çətinlikləriniz olub. Şahgündüz ev işlərində sizə əl tuturdu?

- O qədər kömək edib ki. Mən belimdən əməliyyat olunmuşdum. Bu səbəbdən də işləyə bilmirdim, yerdə yatırdım. Səhərlər o, işə gedəndə, ürəyim durmurdu, yerimdən qalxıb, ona səhər yeməyi hazırlamaq istəyirdim. Çox narahat olurdu, deyirdi niyə oyanmısan, çıx get yat. Hələ bir dəfə yadıma gəlmir ki, Şahgündüz məni hansısa məsələdə yorsun. Çox təmiz, səliqəli uşaq idi. Hərdən zarafatla deyirdim ki, evlənin, yüküm azalsın, gülürdü deyirdi, onun da vaxtı var. Amma sən heç nə eləmə, qoy, öz işimizi özümüz görək. Hərdən mən özüm ona deyirdim ki, sən niyə belə edirsən, əlli yaşlı adam kimi özünü hər yükün altına verirsən. Çox vaxt fikri verirdim ki, Şahgündüz işlərini tələsik edir, hər şeyə tələsir.

Ölümə doğru

Söhbətimizə qulaq asan, zahirən qardaşı Şahgündüzə oxşayan, səssiz-səmirsiz Ülvi qoşulur bizə

- Şahgündüzlə yol yoldaşlığım çox olub. Ötən il iyul hadisələrindən sonra onunla döyüş bölgələrinə yaxın rayonlara getdik. O, əsgərlərlə saatlarla söhbət edir, əlində olan pulla onlara ərzaq məhsulları alıb verirdi. Əsgərlərə öz doğması, yaxını kimi davranırdı. Bir neçə dəfə isə Şahgündüz özü mənə demişdi ki, ən böyük arzum şəhid olmaqdır.

Söhbət zamanı tez-tez Kamil bəyin dolub boşalan gözlərinə, oğlunun ölümündən sonra ağaran saçlarına, dərddən alacanan gözlərinə baxıram. Bayaqdan bəri soruşmaq istədiklərimi bir suala sığışdırıb ona ünvanlayıram:

- Bildiyimə görə siz oğlunuz şəhid olanda həbsdə olmusunuz. Oğlunuzun məzarı üzərinə isə onun qırx mərasiminə bir neçə gün qalmış gəlmisiniz...

- Doğrudur. Mən Şahgündüz şəhid olandan otuz altı gün sonra həbsdən çıxdım. On bir il, altı ay həbsxanada yaşamışam. Şahgündüz müharibəyə gedəndə həbsxanaya gedəndə gəlib mənimlə görüşdü, halallıq da aldı. Açığı mən ona getmə demədim. Heç deməzdim də. Çünki deməyimin xeyri olmazdı. Bilmirəm, bəlkə də olardı.

- Sizinlə görüşəndə nə dedi?

- Dedi mənim cəbhəyə getməyimlə bağlı bir az problem var. Neftçiləri aparmırlar. Amma çalışacam gedim. Mən də xeyir-dua verdim, dedim, kaş ki, mən də çöldə olardım, səni yola salardım. Amma yenə deyirəm, getmə demədim. Çünki balaca vaxtlarından uşaqlarımı başqa cür böyütmüşdüm, onları hələ bir dəfə də olsun isti su ilə yuyunmağa qoymamışam. Onlara deyirdim ki, siz gələcəyin əsgərlərisiniz. Uşaqlarımı hər gün əlləri ürəklərinin üstündə himn oxuda-oxuda böyütmüşəm. O cür tərbiyədən sonra mən Şahgündüzə getmə deyə bilməzdim.

Atasından ayrılandan sonra Şahgündüz yenidən hərbi komissarlığa müraciət edir. Ancaq onu cəbhəyə aparmırlar. Belə olan halda o, doğulduğu Bərdə şəhərinə gedir və ərizə yazaraq işdən çıxdığını, neftçi olmadığını bildirir. Ancaq bundan sonra onu cəbhəyə qəbul edirlər. Elə həmin ərəfədə Bərdə şəhərinə çoxlu sayda yaralılar gətirirlər. O, yaralı əsgərlərə qan verir, onlara köməklik göstərir. 2020-ci il oktyabrın 1-də çoxdan arzuladığı Qarabağ uğurundakı savaşlara qatılmağa nail olur. Müharibə zamanı tez-tez ailəsinə zəng vurur, narahat olmayın, torpaqlarımızı alırıq sözlərini deyir.

Simuzər xanım deyir ki, oğlu ona zəng edəndə, ancaq onu sakitləşdirir, qorxmaması üçün bərk-bərk xahiş edir:

- Mənə deyirdi ki, narahat olma, mən arxa cəbhədəyəm. Təhlükləli yerlərdən uzağam. Amma sən demə ön cəbhədə və qabaqda gedirmiş. Sonuncu dəfə ölümündən bir, iki gün əvvəl, oktyabrın 23-də zəng vurdu, dedi, ana, mənə bir neçə gün zəng çatmaya bilər, qəti narahat olma. Sonra şəkillərini yolladı. Baxdım ki, çox qaralıb. Dedim bəs mənə deyirsən ki, arxa cəbhədəyik, sən nə yaman qaralmısan. Nə bilim, məni o qədər arxayın salmışdı ki, inanmırdım ona nə isə ola. Amma bilirdim ki, o, geridə qalan, təhlükədən yayınan deyil, əksinə odun alovun üstünə gedəcək. Qubadlı işğaldan azad olunan gün çox rahat oldum. Dedim, daha balama heç nə olmaz.

Yara

Şahgündüzün şəhid olma xəbərini ailədən ilk alan adam isə Ülvi olur:

-Şahgündüz oktyabrın 24-də başından dəyən qəlpə yarasından şəhid olur. Əmim oğlu Elşən zəng vurdu, mənə dedi, Gündüz yaralanıb, dur gəl bizə. Mən anam eşitməsin deyə bayıra çıxdım, dedim, şəhid olubsa, de, məni aldatma, Dedi, yox, yaralıdı. Ora gedəndən sonra bildim ki, şəhid olub...

Simuzər xanım deyir oğlunun ölümünə heç vaxt inanmır. Hətta oğlunun cənazəsi evə gətiriləndə belə bu inamı qoruyub saxlamaq üçün oğlunun üzünü açıb baxmır:

- O biri oğlum gəldi, çox arxayın səslə dedi ki, Gündüz yaralanıb, gedirik xəstəxanaya. Məni də özü ilə götürdü. Heç ağlıma gəlməzdi. Getdik qaynımgilə. Yolboyu içimdə bir ümid vardı. Deyirdim nə yaxşı yaralanıb. Lap qolunun, qılçının biri olmasın, amma sağ olsun. Düşündüm ki, əgər o, şəhid olubsa, evə gətirərlər, məni aparmazlar. Qaynımgilə çatanda da inanmadım, qəbul edə bilmirdim. Ağlayanlara acığım tuturdu. Sonra tabutu qapımıza gətirdilər. Mən yenə inanmadım, dedim, onun üzünü açmayın.

- Niyə

- Ona görə ki, mənə elə gəlirdi ki, ona heç nə olmayıb, açsalar da oradakı Gündüz olmayacaqdı. Özümü aldadırdım... Onun üzünə baxa bilmədiyim üçün mən elə bilirəm ki, Şahgündüz indi haradasa yaşayır. Amma uşaqlarım, yoldaşım onun üzünü açıb baxdılar (kövrəlir). Mən elə bilirdim ki, Şahgündüzdən sonra onun ilinə qədər, bu günə sağ qalmaram. Amma hər dəfə dərd çəkəndə, ağlamaq istəyəndə, Şahgündüz gəlir durur gözümün qabağında. Elə bilirəm ki, ağlayıb, sıtqasam, onun ruhu məndən inciyər.

Həmsöhbətlərimin içərisində Şahgündüz şəhid olanda ən çətin məqamları yaşayan Kamil bəy olur. O, oğlunu itirməklə yanaşı, həm də azadlığını itirmişdi axı. Məhbəsdə o, oğul itkisinin acısını bumbuz, soyuq divarlar arasında təkbaşına qarşılayır. Bu dərdlə başbaşa qalan ata, oğlunun qoxusunu bir də otuz altı gündən sonra onun məzarı üzərində qalalanan torpaqdan alacaqdı. Ağır da olsa, ata həmin günləri yadına salır:

- Oktyabrın 26-da mənə həbsxana işçiləri Şahgündüzün yaralanması barədə xəbər verdilər. Adətən şəhid xəbərlərini onun ailə üzvlərinə yaralı adı ilə deyirlər. Mən bunu bilirdim... Evə zəng vurdum, elə bildiyim də həqiqət oldu. Onun qırxına dörd gün qalmış azadlığa çıxdım. Oğlumun məzarına gəldim. Mən Şahgündüzün şəhid olmasına zərrə qədər də heyfsilənmirəm. Amma bircə şey məni yandırır, ona atalıq edə bilmədim. Ondan başqa heç nəyə təəssüflənmirəm. Vəssalam.

Həsrət

Oğlu vətən üçündür. Mən oğul dərdinə dözürəm. Amma onu atasız qoymağıma, onun bir zamanlar mənim həsrətimlə yaşamasına dözə bilmirəm.

Övlad yarası heç vaxt qaysaq tutmur, bu yaranın qanı həmişə axır. Amma başıaşağı yaşamaqdansa, ağrı ilə yaşamaq daha yaxşıdır. İnanın ki, Şahgündüzün şəhid olma xəbərini eşidəndə, mən allaha şükür etdim ki, Allah bu xalqı başqa millətin övladının ümidinə qoymadı. Bizim oğullarımızı allah yetişdirdi, bu yaşa gətirdi çıxardı, onlar da gedib can bahasına torpaqlarımızı azad etməliydilər.

Bayaqdan biz söhbət etdikcə gözlərinin yaşını yaylığının ucu ilə silən, deyilən sözlərin hamısını başı ilə təsdiq edən yaşlı, nurani sifət qadına müraciət edirəm. Kamil bəyin xalası olan qadın Nübar xala, israrıma rəğmən danışmaq istəmir. Qapıdan çıxıb sağollaşanda, Nübar xala mənə yaxınlaşıb gözlərindəki yaş gilələri ilə bərabər pıçıldayır:

Ağam gəl, ay ağam gəl,

Ölməmişəm, sağam gəl.

Boynumda qəm zənciri,

Yolunda dustağam gəl.   

 

# 20523
avatar

Samirə Əşrəf

Oxşar yazılar