Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı 2016-cı ildə aprel döyüşlərində şəhid olmuş Bağırov Emin İmran oğlu haqqındadır.
Emin Bağırov 1996-cı il 15 iyulda Bakı şəhərində anadan olub. idmanın 7 növü ilə məşğul olub: kinqboks, cüdo, sambo, sərbəst və klassik güləş, uşu-sando, boks. Hamısında da, yüksək nailiyyətlər qazanıb, diplomlarla mükafatlandırılıb. Zenit İdman Klubunda, Gilan İdman Klubunda, Binəqədidə uşu-sando üzrə mükafatlar alıb. 2014 cü ildə Emin Uşu- Sanda idman növü üzrə Azərbaycan Birinciliyini qazanıb.
Emin Bağırov 2014-cü ildə Bakıda 182 nömrəli məktəbi bitirib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına sənəd versə də, bu sınaq imtahanından yüksək qiymət ala bilmir. Elə həmin ilin oktyabr ayının 8-də hərbi xidmətə yola düşür. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib. XTQ-in üzvü Emin Bağırov 2016-cı ilin aprel ayının 4-də baş verən döyüşlər zamanı şəhid olur.
Aprelin 6-da isə doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınır.
Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Onun gülərüz simasını, yaşamaq eşqi ilə aşıb daşan baxışlarını çox yerdə görmüşdüm. Avtobus dayanacaqlarında, küçədən keçən müxtəlif markalı maşınların arxa şüşəsində, marketlərin, mağazaların qapılarında, küçəyə baxan şüşələrində...
Hər dəfə onun simasını görəndə, sarsılır, gənc yaşda şəhid getməsinə heyfsilənirdim.
Bəlkə də müharibəyə nifrət etməyimin ən başlıca səbəbi gənc yaşda ömürləri yarıda qırılan insan taleləri idi. Müharibə gənc insanların kütləvi ölümü deməkdir həm də...
Emingilin evinə gecənin bir aləmi çatdım desəm, yəqin ki, doğru olar. İş yoldaşım Eminin vaxtilə yaşadığı evin yerini nişan verəndə uzaqlığı barədə heç bir məlumat verməmişdi. “Binəqədidə olurlar, Gənclikdən rahat gedə bilərsən demişdi”. Əyləşdiyim marşrut isə sanki bu Bakının hansısa qəsəbəsinə, bu dünyaya yox, ünvanı yer kürəsində olmayan bir yerə gedirdi. Binəqədidəki məscidin yanından keçəndə, verilən azan səsi ilə birlikdə üstümə qarışan şər vaxtının ağırlığı, nigarançılığı çökürdü. Nəhayət deyilən ünvana çatıb marşrutdan düşdüm. İlk getdiyim ünvan səhv olduğundan, qəsəbə sakinlərindən birinin bələdçiliyi ilə Emingilin evinə yollandım. Həyət qapısını açıb içəri girəndə, qarşımda pəncərələrindən zəif işıq gələn, yöndəmindən kasıblıq yağan mənzillə rastlaşdım. Eminin anası Sədaqət xanım həyətə qədər düşüb məni qarşıladı. Sonra Eminin əşyaları düzülən otağa apardı. İlk baxışda diqqətimi ailənin kasıb güzəranı çəkdi. Vətən hər zaman kasıbların olub şüarı yadıma düşdü. Divar tərəfdə qoyulmuş masanın üzərinə Eminin əşyaları, paltarları, birdə şəkilləri düzülmüşdü.
Emin haqqında verdiyim “Emin necə uşaq idi?” sualı anasını kövrəltdi. Gözlərində yaş muncuqlayan ana danışa bilmirdi, oğlu isə şəkillərdən gülümsəyirdi. Sualıma şəhidin atası İmran bəy cavab verdi:
- Emil uşaqlıqdan qeyri-adi idi. Biz ona baxanda, bilirdik ki, həyatda müvəffəqiyyət əldə edəcək mütləq. İdmanla da məşğul olduğundan mən hesab edirdim ki, o, olimpiadalar, çempionlar qalibi olacaq. Hündürboy, yaraşıqlı uşaq idi. Məktəbdə oxuyanda bütün tədbirlərə həvəslə qoşulurdu. Hərbiyə də həvəsi vardı. Mən o biri uşaqlarımda görmədiyim işığı onda görürdüm. Bilirdim, hiss edirdim ki, şöhrəti nə zamansa yayılacaq. Həmişə birinci olmağa can atırdı. Bədən Tərbiyə Universitetinə balı çatmadığından əsgərə getməli oldu. Onda da idmanla çox məşğul olduğundan hazırlaşa bilmədi. Əsgərlikdən bir dəfə evə gəldi, boks əlcəklərini özü ilə apardı ki, orda əsgər yoldaşlarına da öyrətsin. Əsgər yoldaşları deyirdilər ki, Emil 5, 10 il hərbidə olan əsgərlər kimi döyüşürdü. Halbuki, Emin orta məktəbi bitirib, ana qucağından getmişdi xidmətə. Elə xidmətdə olanda da , hərb sahəsinə sevgisi yarandı. Bir gün mənə zəng vurub dedi ki, ata, mənə halallıq ver, mən hərbçi olacam. Amma mən etiraz elədim. Çünki Emini özüm kimi bəsləyirdim. Mənimlə bir gündə anadan olmuşdu deyə, ona xüsusi diqqətim vardı. Emin elə bil mənim özüm idim. Allah verdi, sonra da aldı apardı. On doqquz yaşında uşaq Xüsusi təyinatlılarla birgə döyüşə girmək asan məsələ deyil.
Emin aprel döyüşlərindən əvvəl martın 31-də evlərinə gəlməyi planlaşdırır. Əmisi oğlunun ad günü olur. Evə gələn Emin əmisi oğluna da çoxlu hədiyyələr alıb gətirir, şəkillər çəkdirir. Eminin nənəsi xanım albomu vərəqləyərək şəhid nəvəsindən danışır:
- Onun komandiri gəlmişdi bizə deyirdi ki, Eminin atdığı güllənin heç biri boşa getmədi. Öz qisasını özü alırdı. Hər yerdə birinci idi. Onun oxuduğu kursa hər adam düşə bilmirdi. Beş yüz nəfərin içindən seçilən iyirimi nəfərdən biri idi. Məktəbdə də yaxşı oxuyub. Müəllimlər onu danlayırdı ki, hər dəfə əlini sən qaldırma dərsə, qoy, başqa uşaqlar da danışsın. Uşaqlıqdan üzünə bayraq şəkli çəkirdi, hislə qaraldırdı. Deyirdi, mən Xocalının qisasını düşməndən alaram. Xocalı hadisəsi baş verəndə, o, heç anadan olmamışdı.
Emin 2016-cı ilin aprel ayının 2-də ailəsinə zəng vurub danışır, atasına deyir ki, ata, yəqin xəbərin var, müvəffəqiyyət biz tərəfdədir. Ancaq bu sözlərdən sonra ara kəsilir, Eminin səsi gəlmir. Atası nə qədər cəhd etsə də, zəng vursa da, Eminlə yenidən əlaqə yaratmaq mümkün olmur. İmran bəy deyir ki, məhz o zaman hiss edir ki, Eminə nə isə olacaq:
- Ara kəsildi. Eminin səsi batdı. Elə bil onda hiss etdim ki, mən bir də Emini görməyəcəm. Doğrudan da elə oldu. Həmin danışıq son oldu. Mən sonra o nömrəyə nə qədər zəng vururdum, götürürdülər, deyirdim, Eminin atasıyam. Onlar mənim səsimi eşidən kimi susurdular, danışmırdılar. Onda mən bildim ki, Emin yoxdu. Ayın dördündə də Emin şəhid olur. Mən din adamıyam. Neçə dəfə Quran oxuyanda, ixtisar edəndə səhifə açdım, hər dəfə qarşıma şəhid sözü çıxdı.
- Emin sonuncu dəfə evə nə vaxt gəlmişdi?
- Mart ayının əvvəli idi. Suya düşmüşdü, sətəlcəm olmuşdu. Evə gəldi, bircə gün müalicə olundu, iynə dərman elədik. Ertəsi gün dedi, gedirəm. Dedim, bir az qal, tam sağal, gedərsən. Dedi, yox, gedirəm, orda iynələrimi vurduracam. Elə o gedən də getdi. Mən onu saxlaya bilmədim. Aprelin 4-ü, dan yeri ağarmağa başlayanda komandirlər Raquf Orucov, Vüqar Yusifov öndə gedərək, əsgərləri arxaları ilə Talış yüksəkliyinə aparıb, oranı azad etmişdilər. Oradan da düşməni qovub geri oturtmuşdular. Əslində qarşıdan kimsə həmlə gözləmədiyi halda, birdən minaatan mərmisi gəlib Təbriz Əsgərovu və Nicatı vurur. Təbriz Əsgərov elə yerindəcə həlak olmuşdu, Nicat isə yaralanır. Yaxın dostu Təbrizin həlak olduğunu görən Emin onu götürmək üçün özünü qabağa atır. Elə bu vaxt atılan digər mərmi Eminin həyatına son qoyur. Bunu sonradan döyüş dostları ağlaya-ağlaya bizə deyirdilər. Orda da mərmi onun başını, ayağını aparmışdı. Mən nə qədər xahiş elədim, yalvardım ki, heç olmasa, şəklini verin baxım. Dözərəm. İcazə vermədilər, dedilər, olmaz.
Aprel ayının 4-də Emin şəhid olur. Amma ailəsindən heç kim hələ ki, bu haqda məlumatlı olmur. Aprelin 5-də İmran bəyin qardaşı yəqin ki, onun fikrini dağıtmaq üçün qardaşını toya aparır. Deyir, sakitçilikdir, Eminə nə isə olsaydı, indiyə sorağı çıxardı. Toya gedən İmran kişi elə məclisin ortasındaca Özünü pis hiss edir, evə getmək istədiyini deyir:
- Birdən-birə özümü pis hiss etdim. Qardaşıma dedim, evə apar məni. Evə gəldim, sən demə elə Emin də yoldaymış. Onun tabutunu evə gətirirmişlər. Evə gəldim, gördüm həyətdə adamlar var. Dəstəmaz almaq istəyəndə, dayım oğlu dedi, gedək komissarlığa. Vəssalam. Ondan sonra vəziyyəti bildim. Amma ona qədər oğlum Yaquba xəbər veriblər. Yaqub qışqırıb, əli ilə vurub evin şüşələrini qırıb, deyib mənim qardaşım ola bilməz. Ondan sonra aldadıblar ki, səhv bilmişik.
İmran dayı deyir ki, Emin çox şən uşaq olub, heç vaxt qəmgin, kədərli olmayıb. Əksinə kefi olmayanı, dərdi olanı da deyib güldürüb. Çox yaraşıqlı olan Eminin şəkillərini maşınların üzərində gördüyümü deyirəm İmran bəyə. O, da qürur hissi keçirdiyini ifadə edir:
- Mənim üçün Eminin atası olmaq qürurdur, fəxrdi. Mən ona özüm kimi güvənirdim, deyirdim, mənim yerimdə davamçım var. Elə bir məclis, tədbir olmur ki, adamlar, gənclər mənə yaxınlaşmasınlar, şəkil çəkdirməsinlər. İnsanlar Eminə çox hörmət qoyur. Oğlum olduğu üçün demirəm, nə də şişirtmirəm. Amma Eminə Mübariz İbrahimov qədər hörmət qoyur xalq. Xalqımız bizə çox dəyər verir. Bu dəyər bizim ağrımızı azaldır.
- Yuxuda görürsünüz?
Sualıma anası cavab verir:
- Tez-tez yuxuda görürəm. Ən çox da uşaqlıq vaxtlarında olduğu kimi gəlir. O, bizim ailəmizin, nəslimizin başçısı idi. Mənə həm ata, həm ana idi. Həmişə mənə deyirdi ki, mama, mən şəhid olacam, adım yüksəklərdə çəkiləcək, ölümüm elə belə adi ölüm olmayacaq. Mən deyirdim, uşaqdı də. Məktəbdə sinif yoldaşlarına, qızlara da deyirmiş. O, şəhid olanda qızlar gəlib ağlaşırdılar. Düz bir il sərasər onlar bizim qapıya gəldilər. Bir dəfə bir dostu ondan soruşub ki, hərbi xidmətindən razısan? Deyib, şəhid olana qədər razı deyiləm. Onu allah verdi bizə, allah da aldı. Amma anayam axı. Hər gün mən onun axtarıram. Çəkmələrinin səsini eşidirəm. Elə bilirəm ki, qapını açıb içəri girəcək.
Emindən sonra xəstələndim, şəkər xəstəliyinə tutuldum. Ananın yerini balaya heç nə əvəz etməz. Emin çox məhəbbətli uşaq idi. Hamımızı əzizləyirdi. Eminin yeri başqa idi. Həmişə deyirdi ki, mama, hər şeyin yaxşısını sizin üçün mən edəcəm. Biz indi özümüzə gəlirik. Emin şəhid olanda, hər yer və hər şey bizim üçün susmuşdu. Elə bilirdim ki, bu dünyada yaşamıram. Onun şəhid olmasından bir neçə ay sonra küçəyə çıxanda, elə bildim ki, bu dünyada yaşamıram.
Samirə Əşrəf