Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə “Şəhid əmanəti” layihəsində növbəti yazı Vətən müharibəsində şəhid olmuş baş leytenant Siyavuş Muradova həsr olunub.
Baş leytenant Muradov Siyavuş Akif oğlu. 1991-ci il avqustun 5-də Beyləqan rayonunda anadan olub. Sonra ailəsi Bakıya köçüb. 192 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Hərbi Dəniz Qüvvələrində xidmətini başa vurandan sonra Daxili Qoşunlarda hərbçi kimi fəaliyyət göstərməyə başlayıb. Sonra Milli Ordu sıralarında zabit kimi xidmət göstərib.
2020-ci il oktyabrın 25-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Beyləqanda, doğulduğu Əmirzeyidli kəndində dəfn olunub.
Qızılgüllər
Əyləşdiyimiz maşın irəlilədikcə yağış bir az da güclənirdi. Qarşımıza çıxan evlərin bir çoxunun darvazasından bayraq asılmışdı. Gedəcəyimiz ünvan Vətən müharibəsində şəhid olan 29 yaşlı baş leytenant Siyavuş Muradovun evi idi. Valideynlərinin həvəslə oğulları üçün nəzərdə tutub tikdirdiyi bu təptəzə, yen təmirdən çıxmış həyət-baca, evinin divarları indi Siyavuşun toyuna yox, yasına şahidlik edirdi. Həmin nisgilli, qəmli-kədərli evə yollanırdıq biz də. Yola nabələd olduğumuzdan növbəti bayraq asılan mənzilin yanında maşını saxlayırıq. Qapının ağzında çöhrəsindən kədər yağan, saqqallı bir kişi dayanıb. Bu mərd baxışlı kişi elə haqqında reportaj hazırlayacağım şəhidimizin atası Akif Muradovdur.
Həyətə girəndə diqqətimi səliqəylə əkilmiş narıncı, xırda qızılgüllər cəlb edir. Yağışın altına islanan güllərin görüntüsü ortamın nisgilini bir az da artırır. Eyvana çıxan qara yaylıqlı, yaslı-yaralı qadınlar bizi görüb, xısınlaşır, iç çəkib kövrəlirlər. Siyavuş haqqında danışmağa, onun bağlı xatirələrinin yazıya köçürülməsinə tələsirlər. Hiss olunurdu ki, hər birinin içində Siyavuşla bağlı bitib-tükənməz xatirələr özünə yer edib. Şəhid anası gendən tanınır. Bu qədər qızın-gəlinin içərisində bir kənarda dayanmış, bət-bənizi ağarmış, söz-söhbəti bitmiş ananı, Siyavuşun anasını tanımaq o qədər də çətin olmur. Söhbətə də elə Ayna xanımla başladıq:
- Siyavuş həmişə narahat idi. İşğalda olan torpaqlarımızı azad etmək, orada döyüşmək onun ən böyük arzusu idi. Mənim oğlum torpağına, vətəninə bağlı oğlan idi. Çox istəyirdi ki, işğal olunmuş torpaqlarımızı azad edib, ora bayrağımızı sancsın. Övladım olduğu üçün demirəm, mərd oğlan idi. Torpağın, vətənin yolunda da getdi, şəhid oldu. Siyavuş hərb sahəsini seçəndə mən buna razı deyildim. Müharibənin, hərbin nə demək olduğunu bilirdim.
Ata və oğul
Ayna xanımın sözlərinin mənasını əvvəl anlamasam da Siyavuşun atası söhbətimizə qoşulanda Akif bəyin birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu bildim. O, 1993-cü ildən 95-ci ilə qədər könüllü olaraq müharibədə iştirak etmiş qazidir. Oğul sarıdan yeganə payını itirsə də, Akif atanın gözlərindəki işıq, baxışlarındakı cəsarət və yenilməz duruşu onun yaşadığı dərdin qarşısında çox çətin mənəvi mübarizə yaşamasından xəbər verirdi. Akif bəyin duruşundakı məğrurluq bütün ortama sirayət edir. O, söhbətə özünün keçdiyi döyüş yolundan başlayır:
- 1993-cü ilin noyabr ayından döyüşlərə yollanmışam. Döyüşdən qayıdanda Siyavuşun dörd yaşı vardı. Evə gələndə avtomatı verirdim, baxırdı. Bir dəfə ehtiyatsızlıq elədim, avtomat onun əlində olanda lüləyi torpağa girdi, silah açıldı...
Siyavuş hələ tələbə olanda deyirdi ki, torpaqlarımız işğaldan azad olunmalıdı. Milli Orduya yazıldı. Həmişə deyirdi ki, heyif, bu cür oğlanlarımız getdi, torpaqlarımız isə hələ də işğal altındadır. General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin ölümü ona çox pis təsir etdi. Polad Həşimovun cənazəsini Siyavuşgil atası evinə qədər çiyinlərində gətirdilər. O hadisədən sonra gördüm, özünə yer tapa bilmir, ancaq getmək istəyir.
Müharibə başlanandan iki gün sonra, sentyabrın 29-da Siyavuş evlərinə zəng vurub, atasından ona çəkmələrini gətirməyi tapşırır. Çəkmələri oğluna təhvil verəndə Akif bəy görür ki, oğlu və onunla birlikdə olanlar könüllü şəkildə müharibəyə yollananlardı:
- Çəkmələri verəndə başa düşdüm ki, hücuma gedirlər. Sonra bir gün gecə mənə zəng vurub dedi ki, ata, indi vaxtilə sən döyüşdüyün yerlərdəyəm, Füzulidəyəm. Aradan bir neçə gün keçəndən sonra gecə mənə zəng gəldi. Siyavuş idi. Dedi, ata, Füzuliyə bayrağı sancdıq. Mən prosesi artıq bilirdim. Bilirdim, o uşaq elədir ki, axıra qədər gedəcək. Ürəyimə dammışdı. Deyirdim, ay bala, özünü gözlə, sən mənim tək oğlumsan. Dedi, ata, mən o gedən oğlanlardan artığam?! Mənə nə olur-olsun, əsgərlərimə heç nə olmasın. O, razı olardı ki, özünə nə isə olsun, amma o biri uşaqlara yox. Əsgərlərinin çəkməsinə qədər özü alıb aparırdı. Bir əsgərin xətrinə dəyməzdi. O qədər vətənpərvər idi ki, hərbidən aldığı maaşın bir manatını da evə gətirməzdi. Hamısını ehtiyacı olan əsgərləri üçün xərcləyirdi. Müharibə gedən günlərdə atam vəfat etdi. Kənddə yasdaydıq. Axşamtərəfi yoldaşları ilə kəndə gəldi. Üst-başları palçığın içindəydi. Bildim ki, hücumdan gəlirlər. Əhvalı o qədər yaxşı idi ki, baxan deməzdi ki, bu müharibənin, odun-alovun içərisindən çıxıb gəlir. Həmin gün getdi. Oktyabrın 26-da zəng gəldi ki, Siyavuş şəhid olub. Siyavuşla birlikdə dörd nəfər olublar. İki nəfər yaralanıb, Siyavuşla bir başqa hərbçi isə şəhid olublar. Xəbəri əvvəlcə qardaşıma deyiblər. O, gedib baxıb, maraqlanmışdı. Sonra mənə dedilər. Getdim, məni Siyavuşun nəşi qoyulan otağa apardılar. Ona son dəfə baxdım. Başından qəlpə dəymişdi...
- Özünüz də hərbçi olmusunuz. Müharibənin yazılmamış qaydalarını bilirsiniz. Oğlunuz cəbhəyə gedəndə onun şəhid ola biləcəyi ehtimalı ağlınıza gəlmişdi?
- O, müharibəyə qoşulandan baş verəcək hər şeyi hiss edirdim, amma heç kimə heç nə demirdim. Onun hər dəqiqəsinin ölüm olduğunu bilirdim. Bunu mən deməyə ehtiyac yox idi. Nə çəkirdimsə, içimdə çəkirdim. Siyavuş elə adam idi ki, özünü odun-alovun içinə mütləq atacaqdı. Bilirdim ki, bu uşaq gedəcək. Onu saxlamaq qeyri-mümkün idi. Mən özüm bu yolu keçmişdim, bilirdim... Düşündüklərim də başıma gəldi. Siyavuş inanclı, savadlı uşaq idi. Onunku düzgünlük idi. Əsgərləri var, hərbi xidməti çoxdan başa vursalar da, Siyavuşun şəhid olma xəbərini eşidib dəhşətli dərəcədə məyus olublar. Müharibə vaxtı onu iki dəfə yuxuda gördüm. Bir dəfə gördüm ki, cəbhə bölgəsindəyəm, Siyavuşgil də döyüşdən gəlib səngərdə yatıblar. İkinci dəfə isə gördüm, bacılarım qışqırırlar ki, Akif, Siyavuşu gətirirlər. Onda qışqırıb yuxudan dik atıldım. Elə Siyavuş həmin vaxt da şəhid olub. İndi də yuxuda görürəm. Yuxuda o qədər canlı görürəm ki, elə bilirəm sağdı. Oğlum torpaq uğrunda getdi. Gedəcəyini də bilirdim, amma həmişə deyirdim ki, bala, sən tək oğulsan.
Generalın ölümü
Siyavuşun yaxınları, doğmaları deyir ki, onu hərbə, müharibəyə aparan əsas səbəblərdən bir həm də General Polad Həşimovun şəhid olması olub. Siyavuş generalın ölümündən bərk sarsılıb, onun qisasının alınmasını arzulayıb və özü bu yolda canından da keçməyə hazır olub. Şəhidimizin bibisi, bayaqdan bir kənarda dayanıb hərdən içini çəkən, kövrələn Nuridə xanım Siyavuşla bağlı son günləri belə xatırlayır:
- Siyavuş torpaqlarımızdan, müharibədən danışanda zarafatla ona deyirdim ki, evlənmək də lazımdır. Polad Həşimovun şəhid olduğu ərəfə idi. Siyavuş dedi ki, bibi, bir ölkənin generalı şəhid olubsa, əsgər niyə şəhid olmasın? Bu sözlərdən sonra biz hamımız bilirdik ki, Siyavuş müharibəyə gedəcək. O, getməyə də bilərdi.
Axırıncı dəfə gələndə atamın yas mərasimi idi. Süfrə açdıq. İnanırsınız, o süfrədən bir tikə də ağzına qoymadı. Dedi, bunları yığın əsgərlərə aparacam. Apardı da. Biz indi eşidirik ki, o, əsgərlərini yedirib-içirər, onların içərisində nişanlı olanı, bir uşaqlı ataları qabağa buraxmırmış. Deyirmiş ki, onların gözü yolda qalanları var. Arzu-kama çatmayıblar. Biz hamımız onu çox istəyirdik. Evimizin toy-bayramı idi. Kənddə toy olanda Siyavuşun gəlişi ilə hər şey dəyişirdi, toy-bayrama çevrilirdi. Toyların yaraşığı idi. Sonuncu dəfə bizə gələndə hamımız onu qucaqladıq, qardaşımın nəvəsi isə qucaqlamağa yer tapmayıb, ayaqlarına sarılmışdı. Uşaq da, böyük də onu çox istəyirdi. Hələ 90-cı illərdə, qardaşım Akif cəbhədə olanda bizim gözümüz yolda qalmışdı. Amma onda cavan idik. Baş verənlərin bəlkə də o qədər fərqində olmamışıq. İndi yaşlanmışıq, hər şeyi daha aydın, daha əzabla anlayırıq. Oğlunun şəhid olmasını qardaşım yuxuda görüb qışqırdı. Ona əyan olmuşdu oğlunun ölümü.
Onunla bağlı arzularımız çox idi. Sevdiyi qız vardı, evləndirmək istəyirdik. Qardaşım bu evi onun üçün tikdirmişdi. Qismət deyilmiş (kövrəlir).
Qara xəbər
Şəkli divarları bəzəyən, şəkilinin ətrafına güllər düzülən Siyavuş, təəssüf ki, ata-anasının arzularını doğrulda bilmir. Özünün ürəyində yuva salan istəklərin, arzuların üzərini vətən sevgisi ilə qapadır. Onun üçün tikilən, həyətində qızılgüllər boy verən bu evdə bəy olmaq, ata kimi yaşamaq, oğul-qız böyütmək ona nəsib olmur. Toy xəbəri gedəcək evlərə, Siyavuşun şəhid olma xəbəri gedib çatır. Nuridə xanıma da qardaşı oğlunun xəbəri belə gözlənilməz, dumanlı payız günlərinin birində yetişir:
- Mənə kiçik qardaşım Şahinin yoldaşı xəbər verdi. Amma demədilər ki, şəhid olub. Siyavuşu yaralı bilib, kəndə getdim. Ürəyimə dammışdı nə isə olduğu. Çünki biz kənddə olanda ora döyüş səsləri gəlirdi. Müsibət idi. Bilirdik ki, qanlı döyüşlər gedir. Kəndə çatanda Şahin dedi, səni aldatmışıq, Siyavuş şəhid olub.
Siyavuşun ana nənəsi Elminaz xanım deyir ki, sonuncu dəfə nəvəsi ilə danışanda ona deyib ki, narahat olmasın, torpaqları alıb, sonra onun yanına qayıdacaq:
- Balam yaxşı uşaq idi. Mənim yanıma da tez-tez gəlirdi, öz evlərində də olurdu. Son dəfə danışanda dedi, nənə, qorxma, düşmənin başın əzirik, torpaqlarımızı alıb yanına gələcəm. Mənim oğlum, nəvələrim də hərbçidilər. Hərəsi indi bir tərəfdədi. Bir-birlərini görə bilmirlər. Müharibə hamını bir-birindən aralı saldı.
Ayna xanım deyir ki, oğlunun 29 yaşı olsa da, onu körpə uşaq kimi qoruyub, qulluğunda durub:
- O, yemək yeyəndə, çay içəndə başının üstündə durub telini sığallayırdım. Həmişə də görürdüm ki, telefonunda şəhid olan insanların videolarına baxır. Polad Həşimov şəhid olandan sonra özünə yer tapa bilmirdi. Onun dəfnindən hazırlanan videoya dəfələrlə baxırdı. Görürdüm pis olur, deyirdim baxma, yeməyini ye, çayını iç. Onun döyüş bölgəsinə getməyindən xəbərim olmadı. Mənə heç nə deməmişdilər. Həmişə deyirdi ki, sən mənə zəng vurma, mən sənə zəng edəcəm, danışarıq. Mənə zəng vuranda da cəbhə bölgəsindən kənarda dayanıb edirmiş ki, bilməyim. Mən onun döyüşdə olduğunu hiss etməmişəm. Ölümündən bir neçə gün əvvəl, babasının yasına gələndə gördüm ki, üst-başı palçığın içindədi. Onda bildim ki, Siyavuş döyüşdədi (ağlayır). Ondan sonra yalvardım ki, getmə döyüşə, amandı! Dedi, yox, ölən oğullardan artıq deyiləm. Getdi. Bir gün evdə oturmuşduq, gördüm qaynımın dostu bizə gəlib. Onu görəndə ürpəndim. Hər dəqiqə gələn adam deyildi. Yoldaşıma dedi ki, Siyavuş yaralanıb. Yığışıb kəndə getdik. Orda hər şey məlum oldu (ağlayır). Mən razıydım ki, onun qolu, ayağı olmasın, gözü görməsin, amma sağ qalsın. Burdan rayona gedənə qədər Allaha yalvardım ki, heç nə olmasın. Amma olan olmuşdu...
Biz bu ev-eşiyi onun üçün tikib, yaratmışdıq. Burda girib yaşamağa qıymırdım, deyirdim, oğlumundu. Qismət olmadı.
Arzular...
Siyavuşun ailədə ən çox ünsiyyətdə olduğu, sirrini, sözünü dediyi insan bacısı Nurlanə olub. Mavi gözlərinin ən dərin yerlərinə kimi nisgilə bürünən Nurlanə indi içindəki kədərlə dərin boşluğun ağuşuna düşüb. Deyir, qardaşından sonra onun gələcəklə, sevdiyi qızla bağlı arzularını düşünmək, xatırlamaq olduqca ağırdı:
- Mənim iki oğlum var. İndi onlara dayılarının necə vətənpərvər biri olduğundan danışıram. Mənimlə çox yaxın idi, dost kimiydik. Həmişə deyirdi ki, mənə nə isə olsa belə, başınızı dik tutun. Sonuncu dəfə gedəndə mənə zəng vurdu ki, bacı, gedirəm, gəl görüm səni. Mənə dedi ki, gedirəm, amma anama heç nə demə. Bu barədə bir mən bildim, bir də atam. Gedəndə onu qucaqlamaq istədim, qoymadı (ağlayır). Dedi, mən qələbə xəbəri ilə gələcəm. Onun sözlərinə inanırdım. Qələbə xəbərlərinə də yarımçıq sevindim, çünki indi qardaşım yoxdu. Onun ən böyük arzusu bu idi ki, torpaqlarımız azad olunsun. Bir qızla dörd ildi bir-birlərini sevirdilər. Onu çox sevirdi qardaşım. Axırıncı dəfə gedəndə Siyavuş dedi ki, bacı gedirəm, gələndə sənə xoş xəbərim olacaq. Amma mənə qismət olmadı həmin xoş xəbəri öyrənmək. Bilmək istərdim ki, görüm onun sürprizi nə idi.
Siyavuşdan sonra ailənin yeganə təsəllisi, işğalda olan torpaqlarımızın azad olunma xəbərləri olur. İgid oğulların, ləyaqətli vətən övladlarının qanı bahasına geri qayıdan torpaqlarımız hər bir şəhid atasının, anasının qürur yerinə çevrilir. Bu qürurdan Siyavuşun ailəsinə də pay düşür. Akif bəy deyir ki, oğlu onun və onun kimi minlərlə atanın başını dik tutub gəzmək üçün şəhid olub, canından keçib.
- Biz Kəlbəcərdəki İstisuyun gözündən su içmişik. O torpaqlar ayrı torpaqlardı. Biz hamımız illərlə o torpaqların həsrəti ilə yaşamışıq. O torpaqların həsrəti ilə ürəyim yenə yanır, oralara getmək istəyirəm.
- Ən çox hansı tərəflər sizi çəkir?
- Döyüşdüyüm yerlər, uşaqlığım keçən yerlər. Ölməsəm, sağ qalsam, oğlumun şəhid olduğu yeri də gedib tapacam, oranı da ziyarət edəcəm. Siyavuşun şəhid olduğu yer indi mənim ən müqəddəs ziyarətgahımdı...