Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı mayor Məmmədov Murad Yaşar oğlu haqqındadır.
Murad Yaşar oğlu Məmmədov 1986-cı il yanvarın 2-də Bakı şəhərində anadan olub. 278 saylı orta məktəbi bitirib. Atası da hərbçi olan Murad orta məktəbi başa vurandan sonra Milli Təhlükəsizlik Akademiyasına daxil olub. Buranı uğurla bitirib, müxtəlif təlimlərdə iştirak edərək 2010-cu ildən etibarən pilot kimi fəaliyyətə başlayıb. İkinci Qarabağ müharibəsi iştirakçısı olan Murad Məmmədov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Mayor Murad Məmmədov 30 noyabr 2021-ci ildə Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzası zamanı şəhid olub.
Dərd...
Fotoqrafımız İlkin maşını binanın qarşısında saxlayıb, “Samirə düş, bu binadır” deyəndə, tutulub qaldım. Çünki, qarşılaşdığım bina anamgilin binasından yüz metr aralıda yerləşirdi. Maşından düşüb İlkinə əlimlə yeniyetməlik və gənclik illərim keçən binanı göstərdim. Günün dar vaxtı, şər qovuşan məqam ürəyimi sıxdı. Evimizin pəncərələrindən indi zəif işıq gələn o mənzildə mənim gəncliyim, atalı, analı günlərim keçmişdi. Qarşısında dayandığımız binanın yanından isə gündəlik olmasa da, arada-bərədə keçib gedərdim. Heç vaxt ağlıma gəlməzdi ki, nə zamansa bu binaya şəhid sorağı ilə gələcəm.
Heç vaxt rastlaşmadığım, üzünü görmədiyim şəhid mayor Murad Məmmədovun xanımını otaqdakı qarapaltarlı qadınların içərisindən dərhal seçib tapıram. Doğma adamın dərdi də doğma olur. Bu dərd onun anasının, atasının, bacısının, qardaşının, arvadının üzündə, gözlərində, baxışlarında, həmişəlik yapışıb qalır deyə düşünürəm.
Otağa girəndə divar boyu düzülən şəkillər, Muradın müxtəlif illərdə aldığı qırmızı, balaca yastıqcalar üzərinə bərkidilmiş medalları kədərli əhval-ruhiyyə yaradır. Muradın həyat yoldaşı Aysel xanım, qızları və anası Mürvət xanımla söhbətə başlayırıq:
- Mürvət xanım bu ağır və çətin günlərinizdə bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Dərdiniz təzə və ağırdır. Buna baxmayaraq Muradın şərəfli həyatına sizinlə birgə işıq tutmaq istəyirik. Necə uşaq idi Murad?
- Murad mənim ikinci övladımdı. Böyüyü qızım Tamaradı. Murad çox ağıllı, yaxşı oxuyan uşaq idi. Mən onun haqqında dəcəl uşaq olub sözlərini deyə bilmərəm. Orta məktəblə yanaşı Tofiq İsmayılov adına yaradıcılıq sarayını rəssamlıq üzrə bitirib. Çox gözəl rəsmlər çəkirdi, xarici ölkələrə müsabiqələrə də yollayırdı. 1998-ci il aprelin 2-də isə Bakıda fərdi sərgisi oldu.
Rəsmləri görmək istəyirəm. Mürvət xanım oğlunun qızları , bayaqdan, sual, həyəcan dolu baxışlarla bizə baxan nəvələri Lalə ilə Banuya tapşırıq verir. Qızların hər ikisi atalarının adını eşidən kimi bayaqdan sarmaşdıqları analarından aralanırlar, dəhlizə çıxıb bibilərini səsləyirlər. Mürvət xanım isə davam edir:
- Yoldaşım uzun müddət hərbçi olub, düz, 38 il. Atasının təsirindən idi ki, uşaq vaxtı Muraddan nə olacağını soruşanda, deyirdi, mən pilot olacam. Biz düşünürdük ki, bu onun uşaqlıq arzusudur. Ancaq sonralar elə dediyi kimi pilot olmağı seçdi.
Seçim...
Aysel xanım söhbətimizə qoşulub deyir ki, pilot olmağı seçdiyi üçün hətta atası Yaşar bəy oğlundan inciyir:
- Atası ondan inciyir deyir, mən hərbçiyəm, çətinlik çox görmüşəm. İstəmirəm sən də bu əziyyətləri çəkəsən. Amma Murad dediyindən dönmür. Ümumiyyətlə ona nəyisə, istəmədiyi işi məcbur etmək mümkün deyildi. Pilot olmaqla yanaşı, Murad rəssamlığı da davam etdirdi. Amma Muradın hərbçi yoldaşları da bunu təsdiq edərlər ki, o, çox yaxşı hərbçi olub. Heç vaxt öz işinin məsuliyyətindən yayınmayıb. İkinci Qarabağ müharibəsində Murad və onun şəhid olmuş dostları Abbas, Xaliq qəhrəmanlıqlar göstərib. Abbas İkinci Qarabağ müharibəsinin şəhidi olub. Xalid də şəhid oldu. Murad ayağından yaralandı. Ancaq dostlarının, ümumən şəhidlərdən sonra çox sarsıldı. Tez-tez də mənə deyirdi ki, sən hər şeyə hazır olmalısan. Müharibədə yaralansa da, uzun müddət müalicə alsa da, mən çox sevinirdim ki, balam sağ qaldı. Şəhid balalarımıza o qədər yanırdım ki. İstəməzdim heç birinə heç nə olmasın. Qismət, nə deyim...
Muradın atası Yaşar bəy otağa daxil olur. Nəvələri dərhal qaçıb onun qoynuna sığınırlar. Ata indi əlində qalan bu iki canlı təsəllinin hənirində söhbətə qoşulur:
- Mən ona demişdim ki, bu yol çətin yoldur. Mən özüm birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdum. Ağdərədə ağır döyüşlərdə iştirak etmişdim. Ona görə də istəmirdim Murad hərbçi olsun. Özünə də demişdim bunu. Ancaq razı olmadı. Onda ona dedim ki, əgər gedirsənsə, bu yolu axıra kimi davam etdirmək lazımdır. O, da razılaşdı. Biz onunla ata və oğuldan başqa həm də dost idik, amma aramızda pərdə də vardı. Ürək sözlərini isə ən çox anasına deyərdi.
Sevgi
Murad çox qohumcanlı, dostcanlı uşaq idi. Xidmətində və işində ciddi olub. İşini hər şeydən üstün tutub. Hərb sənətini çox sevirdi.
Ortalığa Muradın uşaqlıqdan son günlərinə qədər çəkdiyi şəkillər, natürmortlar gəlir. Aysel xanım deyir ki, Murad sonuncu dəfə keçən il qızları Lalənin şəklini çəkmişdi. İndi qızım Banu da atası kimi şəkillər çəkir. Deyəsən, onun yolunu davam etdirəcək:
- Qızlarını çox sevirdi. Biz Muradla on il idi ki, evli idik. Onunla uzaq qohumuq. Amma ailə qurmağa özümüz qərar vermişdik.
- Muradla necə tanış olmuşdunuz?
- 2008-ci ildə biz Qəbələyə bir yığıncaq vardı, ora getmişdik. Qohum olsaq da, heç kimin müdaxiləsi olmadan bir-birimizlə tanış olduq. İki il biz onunla danışıb, görüşdük. İki ildən sonra isə nişanlanıb ailə qurduq. Murad çox yaxşı həyat yoldaşı idi. O, heç vaxt məni qısqanmazdı. Nə isə geyimimə, harasa getməyimə qarışmazdı. Bizim aramızda qarşılıqlı sevgi və inam vardı. O, çox istəyirdi ki, mən daha gözəl geyinim, görünüm. Mən bu günə qədər də sevgili, nişanlı olan vaxtlar Muradın mənə aldığı bütün hədiyyələri, əşyaları saxlamışam. Getdiyimiz kinoların, qatarların biletlərinə qədər hamısı o qutuda durur.
Mən Muradın ağlamağını heç vaxt görməmişəm. Amma qızımız Lalə anadan olanda o, xəstəxanaya girmişdi. Laləni ona göstərəndə, Murad hönkürtü ilə ağlamışdı. Həmin məqam bu günə qədər də yadımdan çıxmır.
Murad şəhid olan gündən bu yana bizim qapıya kim gəlibsə, mən durmadan onun necə ailə başçısı, ata olduğunu deyirəm. O, həddindən çox ailəcanlı adam idi. Mən bu günə qədər də ətrafımda elə insan, elə ata görməmişəm. Ailəmin, qohumlarımın, rəfiqələrimin heç birinin ailəsində mən Muradın ailəsinə olan yanaşmanı görməmişəm. O, çox həssas yanaşırdı, mənə, uşaqlarımıza qarşı. Uşağın adi bir baxışından məyus olurdu ki, o, niyə kefsizdi, fikirlidi. O, hərbçi idi. Təbii ki, bütün hərbçilər kimi onun da ailəsi ilə keçirməyə vaxtı az olurdu. Amma bəzən dostları onu çağırırdı, amma Murad getmək istəmir, bəhanə axtarırdı. İstəyirdi ki, vaxtını bizimlə keçirsin. Həmişə deyirdi ki, mən işdən çıxıb evinə tələsməyən adamları başa düşmürəm. Murad ciddi təsir bağışlayırdı, amma çox ürəyi yumşaq adam idi. O, nəyəsə etiraz etsə də, o qədər yumşaq edərdi ki, ondan incimək mümkün deyildi. Çox humanist və obyektiv insan idi. Çox nadir hallarda hirslənərdi. Mən onun evdə səsinin ucaldığını xatırlamıram.
Muradın vətənə bağlılığını, vətənpərvərliyini ən çox nə zaman hiss edib, görmüşdünüz sualımı Aysel xanım cavablandırır:
- Zəfər günündən tutmuş bütün əlamətdar günlərdə Muradın ilk etdiyi iş uşaqlarının əlindən tutub Şəhidlər Xiyabanına aparmaq olub.
Ata
Burada Muradın böyük qızı Lalə dillənir:
- 20 yanvarda ata ancaq məni apardı Şəhidlər Xiyabanına. Banu onda evdə qalmışdı. Mən yeriyəndə çox yoruldum. Onda ata məni çiynində apardı.
- Lalə, xiyabanı gəzəndə ata sənə nə deyirdi?
- Deyirdi bax, bunlar bizim şəhidlərimizdir. Onları heç vaxt unutmaq olmaz. Onda ata çoxlu qərənfil də almışdı. O, danışdıqca qərənfillərdən də şəhidlərin üstünə düzürdük (kövrəlir).
Qardaşı qızının sözlərindən qəhərlənən Tamara xanım bayaqdan ayaq üstdə bizi dinləyir. Ondan əyləşib söhbətimizə qoşulmasını istəsəm də, o, başı ilə yox deyir. Onun əvəzinə göz yaşları danışır...
Mürvət xanım da keçən keçmişi xatırlayır:
- Həmişə deyirdi ki, mən də, dostum da, ətrafımdakı insanlar da şəhid ola bilərəm, hər şey ola bilər. Kimsə əsgərə getməyəndə, o, çox pis olurdu. Deyirdi, hamı getməlidir. Deyirdi, gedənlərin nəyindən artıqdılar? Amma heç vaxt inanmazdım ki, o, şəhid ola bilər.
- Sonuncu dəfə oğlunuz yadınızda necə qalıb?
- Sonuncu dəfə burdaydıq hamımız. Bax, elə bu otaqda yığışdıq, şam elədik yatdıq. Səhər yoldaşı onu adi iş günü kimi yola salıb. Axşama da belə indiki kimi heç nədən xəbərsiz oturub yolunu gözləmişik (kövrəlir). Məsafə uzaq olduğuna görə səhərlər tez gedirdi işə. Bəlkə də bu binadan səhər ən tez çıxan adam idi. Mənə yox, amma yoldaşına və atasına deyib ki, təlimimiz var. Muradın şəhid olma xəbərini ən sonuncu mən bildim. Camaat başıma yığışırdı, amma mən hiss etmirdim. Uşaqları dərsdən qarşıladım, yemək verdim, öz işlərimlə məşğul oldum həmin gün. Sonra zəng gəldi ki, belə bir hadisə olub. Amma tam açıq demədilər. Mən də cavab verdim ki, Muradın bu gün uçuşu yox idi. Elə bu xəyalla da oturdum. Mən oğlumun adını televizordan elan ediləndə gördüm. Dedilər ki, Məmmədov Murad Yaşar oğlu helikopter qəzasında həlak olub (ağlayır). Ailəmizdən Murad şəhid olma xəbərini ən tez bilən isə bacısı olmuşdu.
Səssiz göz yaşları...
Çevrilib Aysel xanımın danışıqlarının fonunda Tamara xanıma baxıram. Yenə səssiz-səssiz ağlayır. Göz yaşı yanağı boyu axıb gedir. Bu göz yaşında, səssiz iç çəkmələrdə nələr yoxdur ilahi... Aysel xanımın səsi məni özümə qaytarır:
- Həmin gün səhər biz Muradla mesajlaşmışdıq. Gündəlik hal-əhval tutmuşduq. Heç xəyalıma da gətirməzdim ki, bir neçə saatdan sonra belə qara xəbər alacağıq. Amma televizorda elan olunanda biz hamımız bilirdik, bircə Muradın anasından başqa. Mənə demişdilər ki, həlak olanların siyahısında onun da adı var, mən inanmamışdım. Dedim ki, o siyahı səhv siyahıdır. Çünki mən düşünürdüm ki, ailə bizik və xəbər birinci bizə deyiləcək. Ona görə də internet vasitəsi ilə yayılan hansısa siyahıya inanmadım. Amma televizorda siyahını görəndə inandım, ilk ağlıma gələn sual da bu oldu. Mən uşaqlarıma nə cavab verəcəm?
Biz Muradla uşaqlarımızla bağlı çoxlu planlar qurmuşduq. Murad uşaqlarının onun kimi yaradıcılıqla məşğul olmasına heyran qalırdı. O, həmişə deyirdi ki, rəsmlə məşğul olmaq istəsələr onları heykəltəraşlığa da, rəsmə də qoyacam. İndi fikirləşirəm ki, Murad uşaqlarının yetişməsini necə istəyirdisə, eyni qaydada davam edəcək. Düşürəm ki, nə mən, nə ətrafımdakı adamlar heç vaxt yol vermərik ki, uşaqlarım nə zamansa atam yoxdu deyə belə oldu sözlərini düşünsünlər, işlətsinlər.
Siyahı...
Yaşar bəy həmin günü özü Muradı işə yol salır. Yolüstü söhbət də edirlər. Evdə deməsə də, yolda o, atasına təlimləri olduğunu deyir. Ata ilə oğul sağollaşandan sonra Yaşar bəy evlərinə qayıdır. Bir neçə saat sonra isə məlum xəbəri alır:
- Hadisə baş verəndən sonra mənə zəng gəldi. Gördüm ki, məni yayındırmağa çalışırlar. Onlara dedim ki, axı mən uşaq deyiləm, nə baş veribsə, düzünü deyin. Sonra dedilər saat 3-də gedin xəstəxanaya. Ora da gələndən sonra həqiqəti bildim.
Mürvət xanım keçmişdən qopa bilmir, yenə oğlunun gəncliyini xatırlayır. Hərdən mənə elə gəlir ki, o, sanki bizimlə danışmır. Öz-özünə oğlu ilə bağlı yaddaşında qalanları zikr edir:
- Mənim yadıma gəlir ki, atası Muradı hərb sahəsindən çəkindirməyə çalışanda, o, atasından küsdü. Neçə gün onunla danışmadı. Sonralar mən özüm də Muradla birgə hərbi, hətta hərbçi paltarlarını sevdim.
- Bəs indi münasibətiniz dəyişməyib?
Yox, elə istəyirəm həmin sevgim qalsın. O formanı geyinənlər də mənim, bizim balalarımızdır. Vətənin keşiyində duran övladlarımızdı. Mənim kürəkənim də hərbçidi. İndi mənim balamın şəhid olması da qismət, alın yazısıdı. Üç mindən çox şəhidimiz var. Mən də o şəhid olanların analarından biriyəm. Əlimdən nə gəlir? Kaş ki, olmayaydı. Çünki onlar həm də çox gözəl hərbçi kadrlar idilər. Amma nə etmək olar. Amma bala itkisi ağır olur. Bu itki, nisgil məni yaraladı. Hərbiyə də heç vaxt münasibətim dəyişməz. Bu sahə yenə də mənim üçün müqəddəsdir.
İndi mənim bircə təsəllim var, o da nəvələrimdi. Onları görəndə elə bil balamı görürəm. Biri balam kimi rəssamlığı sevir, şəkillər çəkir, o biri də xasiyyətcə, görünüşcə ona çox oynayır. Balalarına görə məcburam bu itkiyə dözüm. Onların ikisinin də gözü indi bizim üzümüzdədir, hər ikisi həssas uşaqdılar.
Foto: İlkin Nəbiyev
Qeyd: Əlaqə yaratmaqda köməklik göstərdiyinə görə Sahil qəsəbəsi sakini Əli Əsədliyə təşəkkür edirik.