ABŞ-ın Corciya Universitetinin alimləri müəyyən ediblər ki, yeniyetmələrdə yuxunun keyfiyyəti onların beyninin fəaliyyətinə birbaşa təsir edir.
Lent.az Brain and Behavior (B&B) adlı elmi jurnala istinadən xəbər verir.
Mütəxəssislər 2800 yeniyetmənin iştirak etdiyi eksperiment aparıblar. İki həftə ərzində iştirakçılar yuxunu izləmək üçün fitnes-trekerlər taxıblar. Daha sonra onların beyinləri MRT (maqnit-rezonans tomoqrafiyası) vasitəsilə yoxlanılıb. Bundan əlavə, valideynlər eksperiment dövründə uşaqlarının davranış xüsusiyyətləri haqqında məlumat veriblər.
Tədqiqat göstərib ki, xroniki yuxusuzluq yeniyetmələrdə beynin ön alın payında neyron əlaqələrinin effektivliyini azaldır. Bu beyin nahiyəsi özünüidarə, qərar qəbul etmə və emosiyaların tənzimlənməsi funksiyalarına cavabdehdir. Başqa sözlə, yuxunun keyfiyyəti və müddəti nə qədər aşağı olarsa, beynin əsas bölgələri arasındakı funksional əlaqələr bir o qədər zəifləyir.
Maraqlıdır ki, oğlan uşaqları, böyük yaşlı yeniyetmələr və etnik azlıqların nümayəndələri arasında yuxusuzluq problemləri daha çox müşahidə olunub. Bu isə onlarda ciddi davranış problemlərinə səbəb olub.
Tədqiqatın müəllifi Asaf Oşri qeyd edib ki, yeniyetməlik dövrü beynin formalaşması üçün çox mühüm mərhələdir. Onun sözlərinə görə, xroniki yuxusuzluq uşaqlarda koqnitiv funksiyaların (zehni qabiliyyətlərin) zəifləməsinə gətirib çıxara bilər.
Qeyd edək ki, bundan əvvəl nevroloq da yuxusuzluğun beyinə zərərli təsiri barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, gündə 5 saatdan az yatmaq orqanizmdə güclü stressə səbəb olur.