Başınız ağrıyır? Ürəyiniz sancır? Gözünüzdən yaş gəlir? Bəlkə qızdırmanız var? Fərqi yoxdu, uşaq, cavan və ya qoca, insan övladı zaman-zaman səhhətində yaranan fəsadlardan əziyyət çəkir. Xəstələnir, ağrıyır və bu ağrıya qalib gəlir. Hə, məhz ağrıya.
Bəs görəsən ağrıyan nədir? Lent.az çoxlarınızın marağına səbəb olan bir rubrikaya start verir: "Haran ağrıyır?"
***
“Haran ağrıyır?” bu dəfə göz ağrılarından danışacaq. Göz niyə ağrıyır, hansı ağrılar göz ağrısı hesab edirik? Bu sualları Mərkəzi Neftçilər xəstəxanasının həkim-oftalmoloqu Elnarə Cəlilova cavablandıracaq.
- Göz ağrısı tez-tez rast gəlinən şikayətlərdən biridi. Buna gözün üzərində, daha dərin qatlarında problem olanda və ya ciddi oftalmoloji əsası olmayan ağrılar səbəb ola bilər.
Göz ağrısına müxtəlif xəstəliklər təsir göstərə bilir. Göz həssaslığı üçlü sinirlə təmin olunur. İltihab və digər xəstəliklərin fəsadları sayəsində biz heç bir problemi olmayan gözümüzün ağrıdığını düşünürük. Bu əsasən boyun onurğalarındakı sinir xəstəlikləri, miqren tutmaları, sinusit (qaymorit) ağrılarında müşahidə olunur.
Yad cisim, konyuktivit zədələr, göz qapaqlarının spazmşəkilli sıxılması, göz təzyiqi və migren tutmaları da göz ağrılarına səbəb olur.
Hər hansı göz ağrısı mütləq şəkildə həkim tərəfindən müayinə və müalicə olunmalıdı.
Nigar Adil